“Yalnız təsadüflər üzündən daha çox uşaq ölmür”
Mart ayının sonlarında sosial sahənin işçiləri bütün ölkə üzrə tətil elan etməyi planlaşdırırlar. Onlar sistemli dəyişikliklər tələb edirlər – cəmiyyətin sosial cəhətdən müdafiəsiz təbəqələri üçün effektiv proqramlar və özləri üçün layiqli əmək şəraitinin yaradılmasını istəyirlər.
Yanvarın sonlarında Tbilisidə baş vermiş faciə bütün ölkəni silkələdi. O vaxt sosial cəhətdən müdafiə olunmayan ailədə yaşayan və güman edildiyinə görə, dəfələrlə zorakılıq qurbanı olmuş dörd yaşlı qızcığazı anası döyüb öldürmüşdü. Bundan bir neçə gün öncə eynilə sosial cəhətdən ağır şəraitdə yaşayan 12 yaşlı oğlan metal qırıntısı axtarışına getmişdi. Uşaq quyuya düşmüş, torpaq onun üstünə tökülmüş və o, həlak olmuşdu.
Bu faciələr sosial Agentliyin işi haqqında müzakirələri bir daha aktuallaşdırmış və dövlətin sosial cəhətdən müdafiə olunmayan insanlara real olaraq qayğı göstərib-göstərməməsi məsələsini qaldırmışdı.
Lakin artıq neçə ildir ki, sosial sahənin ekspertləri, psixoloqlar və sosial işçilərin özləri böhrandan danışırlar – onların sözlərinə görə, sistem işləmir.
JAMnews yaranmış vəziyyətdən çıxışla bağlı öz düşüncələri ilə bölüşməyi xahiş edib.
___________________
Keti Xutsişvili, sosial sahənin keçmiş əməkdaşı. Təşəbbüs qrupunun qurucularından biri.
4 yaşlı qızla baş vermiş faciə gözlənilməz deyildi. Qadani-Nadzaladevi rayonundakı servis mərkəzi hələ sentyabr ayında nazirliyə ərizə ilə müraciət etmişdi. Həmin ərizədə məlumat verilirdi ki, sosial işçilər fiziki olaraq işlərini çatdıra bilmirlər və bu rejimdə uzun müddət işi davam etdirə bilməyəcəklər.
Bu ərizəyə heç bir cavab verilməyib. Bəs nə əldə olundu? Uşaq öldü. Vəziyyət dəyişməsə, bu cür hallar təkrarlanacaq və bu, sosial işçilərin günahı olmayacaq. Bugün daha çox uşağın ölməməsi təsadüfdür.
2017-ci ildə mən 7 ay sosial işçi kimi işləmişəm. Belə iş həmişə xoşuma gəlib, motivasiyam çox idi, lakin işləməli olduğum real şəraitlə qarşılaşandan sonra işdən çıxdım, bacarmadım.
İllər boyu sosial sahə yalnız geriyə gedib. Əgər əvvəllər sosial işçinin qayğı sahəsinə yalnız uşaqlar aid idisə, sonradan yaşlı şəxslər, məhdud imkanlılar, zorakılıq qurbanları da daxil edildilər. Sosial xidmət agentliyinə hər gün zorakılıq barədə onlarla məlumat daxil olur. Sistem faktiki olaraq sosial işçiləri onların benefisiarları ilə üz-üzə qoyub.
4 yaşlı uşağın ölümünə görə məsuliyyəti yalnız sosial sahənin işçilərinin üstünə qoydular. Bununla birgə, hamı günahkardır – nazir, Agentliyin rəhbəri, mərkəzlərin rəhbərləri, proqramların direktorları, vəziyyəti lazımınca qiymətləndirməmiş hamı.
Bir sosial işçinin üstünə həftədə 100-dən çox benefisiar “qoyurlarsa”, hansı müsbət nəticədən söhbət gedə bilər? O, bu həcmdə işin öhdəsindən necə gələ bilər? Əgər bu 100 uşaqdan 20-nin şəraitini azacıq düzəltmək mümkün olacaqsa, bu, yerdə qalan 80-nin hesabına baş verəcək. Daha yaxşı nəticəyə bu işçinin sadəcə olaraq fiziki imkanı çatmaz.
Əsas işdən əlavə, sosial işçilər tez-tez elə işləri görməli olurlar ki, bu, onların vəzifə öhdəliklərinə heç cür aid deyil. Məsələn, sosial işçilər “qaynar xətt”ə zənglərə cavab verməlidirlər, əldə olunmuş məlumatı bazaya yerləşdirməli və digər texniki işləri yerinə yetirməlidirlər, çünki başqa sosial kadrlar sadəcə olaraq yoxdur. Etiraz etsən, işini itirəcəksən. Sosial işçilər daim stresdədir. Əksər hallarda onlar hətta hüquqşünas funksiyalarını yerinə yetirməli olurlar. Yenə də kadr çatışmazlığı üzündən.
Tbilisidə sosial işçilər 680 lari (təxminən 250 dollar), regionlarda 640 lari (235 dollar) alırlar. Əməkhaqqına bu və ya digər benefisiarın ünvanına çatmaq üçün nəqliyyat xərcləri də daxil edilib. Bir gün ərzində bir neçə benefisiarın ünvanına getmək lazım olursa, maaşın yarısı nəqliyyata gedir. İş vaxtından sonra görülən iş ödənilmir. Bununla birgə gec saatlara qədər işləmək lazım olur, bəzən isə hətta şənbə və bazar günləri də. Sosial işçilərin təhlükəsizliyini heç kim təmin etmir, halbuki, onlar tez-tez “himayələrində olan” ailələrin problemlərinə cəlb olunurlar.
Kadr çatşmazlığı ilə yanaşı, daha bir problem onların ixtisas səviyyələrinin çatışmazlığıdır. Sahədəki xaosa görə təcrübəli kadrlar sistemi tərk edirlər. Yeni kadrların hazırlanması iləsə heç kim məşğul olmur.
Agentliklərin binaları heç bir standartlara cavab vermir. Bir çox yaşlı benefisiarlar fiziki olaraq bizə gələ bilmir, çünki mərkəzlər əlil arabasında hərəkət etmək üçün uyğunlaşdırılmayıb. Bu səbəbdən dəfələrlə olub, gizli şəkildə binadan möhürü çıxarmışıq ki, kimdənsə ərizəni qəbul edək. İş yerlərinin özü də heç bir tənqidə dözmür. Məsələn, mən 4 həmkarımla bir otaqda otururdum və benefisiar gələndə onun hekayəsi hamımıza məlum olurdu, çünki söhbətlər və danışıqlar üçün ayrıca otaqlar nəzərdə tutulmayıb. Bəzən isə heç kütləviləşməli olmayan mövzulara toxunulurdu.
Misal üçün, bir dəfə bir zorlanmış qadın gəldi və məcbur oldu ki, başına gələnləri ancaq bir sosial işçiyə deyil, bütün bizim “qrup”a danışsın. Gizlilik və peşəkar etika haqqında heç kim fikirləşmir.
Bir dəfə İsani-Samqori mərkəzində yaşlı qadın yıxılmışdı və onu elementar olaraq uzatmağa yer yox idi ki, özünə gəlsin. Qadını eləcə soyuq döşəmədə “yerləşdirdilər” – elə buradaca dərmanlarını verdilər və təcili yardım da bu vəziyyətdə ona lazım olan köməyi etdi.
Bir neçə dəfə elə olub ki, sosial cəhətdən müdafisiz ailənin körpəsini yedirməyə heç nəyi olmayıb, lakin qida ilə bağlı məsələni tez həll etmək əvəzinə zəruri bürokratik prosedurların həll olunmasına bir neçə həftə vaxt gedib ki, körpəyə qida çatdırılsın.
Psixoloqların və uşaq psixiatrlarnının çatışmazlığından heç danışmıram. Benefisiarlar uzun növbələr gözləməli olurlar ki, bu cür mütəxəssislərin qəbuluna düşə bilsinlər. İşimin lap əvvəlində mən psixoloqun qəbuluna bir uşağı yazmışdım, mən işi tərk edəndə o uşaq hələ qəbula düşə bilməmişdi – növbəsi çatmamışdı.
Problem ondadır ki, bütün bunların düzgün hesablanması da yoxdur. Harada nəyin nə qədər və niyə lazım olmasını heç kim axıra qədər bilmir. Buna görə də, kadrların necə gəldi qəbulu heç nəyi dəyişməyəcək. Sistemli dəyişikliklər lazımdır.
_____________
Andro Dadiani, “Uşaqlar üçün tərəfdaşlıq” qeyri-hökumət təşkilatının sədri
Mən 2007-ci ildə hələ sosial agentliyin yaradılmasına qədər sosial xidmət sahəsində işləmişəm. Bütün bu sistem gözlərim önündə yaradılıb və inkişaf edib və indi işlərin elə də yaxşı olmamasının səbəbləri əvvəlcədən buraxılmış səhvlərdir.
İlk və əsas səhv ondan ibarət idi ki, sosial işçiyə elə ilk gündən qəribə iş şəraiti yaradıldı. Məsələn, benefiasiarın ünvanına getmək üçün məbləğ nəzərdə tutulmamışdı. Bunu belə izah etdilər ki, sosial işçilərə nəzarət etmək çətin idi. İndiyə kimi də sosial işçilər öz pullarını xərcləyərək benefisiarlara baş çəkirlər. Rayonlarda xüsusilə çətindir – təsəvvür edin ki, Çitaurdakı sosial işçi hansısa kəndə çatmaq üçün ancaq yola maaşının dörddə birini xərcləməlidir! Buna görə də, təcrübəli kadrlar sistemi tərk edirlər.
İkinci problem ondan ibarətdir ki, problemin həllinə deyil, cəzalandırmaya yönəlmiş sistem qurublar. Sistem ağır vəziyyətdə olan benefisiarı inandırmağa da çalışmır ki, onda hər şey alınacaq, problemləri həll olunacaq. Bunun əvəzində, sistem benefisiarın qorxudulması və cəzalandırılması ilə məşğuldur.
Götürək elə övladlığa uşaq verilmiş ailələrdə tərbiyə sistemini.
[Gürcüstanda problemli ailədən uşağın müvəqqəti olaraq onu övladlığa götürən ailəyə tərbiyəyə verilməsini nəzərdə tutan tərbiyə sistemi tətbiq olunur. Bu zaman uşağı övladlığa götürən ailə dövlətdən müəyyən məbləğdə pul alır – JAMnews]
Təxminən iki ay əvvəl belə övladlığa götürənlərdən biri ilə söhbət etmək imkanı oldu. O, uşaqları müvəqqəti tərbiyəyə götürmüşdü. Hamı bir-birinə alışandan sonra sosial işçi gəlib və uşaqları geriyə – bioloji ailələrinə aparıb. Həmin o ailəyə ki, oradan daimi zorakılıq və digər ağır problemlər üzündən uşaqları güclə çıxarmışdılar. Arqument də odur ki, bioloji ailədə vəziyyət yaxşılaşıb. Lakin konkret heç nə göstərilmir – məhz nə yaxşılaşıb?
Əslində isə uşaqları heç kim düşünmür. Bu, sistemli sifarişdir. Qeyri-formal olaraq sosial işçilərə uşaqları müvəqqəti övladlığa vermək qadağan edilir – onları ya oğulluğa-qızlığa götürməlidirlər, ya da bioloji ailəyə qaytarmalıdırlar. Dövlətin özü qeyri-rəsmi olaraq övladlığa götürən ailə sisteminə qarşıdır, çünki bu, baha başa gəlir – axı belə ailələrə pul vermək lazımdır. Bəs sosial işçilər nə etsin? Onlar bu gizli vəzifəni yerinə yetirirlər, yoxsa cavab verməli olacaqlar.
Hələ 2006-cı ildə bilirdik ki, Gürcüstanda ən azı 450 sosial işçi var və bu yalnız uşaq sahəsində idi. İndi isə cəmi 250 sosial işçi var və bütün öhdəliklər onların üzərinə düşür – həm uşaqlar, həm yaşlı adamlar, həm də məhdud imkanlı şəxslər. Özü də eyni işçi həm uaqlarla, həm qocalarla, həm də məhdud imkanlı şəxslərlə işləyir və s. Heç bir ixtisaslaşma yoxdur!
Belə yanaşma göstərir ki, dövlət daim sosial proqramlarda qənaət etmək istəyir. Həm də belə ki, heç bir son nəticə nəzərdə tutulmur. Bu sistem işləməli olduğu dəyərləri nəzərə alaraq işləmir.
Gürcüstanda ən vacib sosial proqramlar donorlar tərəfindən maliyyələşdirilir. Donorlar Gürcüstanda 2002-ci ildən işləyirlər. Bu illər ərzində görülmüş ən yaxşı işlər – islahat, sistemin yaradılması, əsas etibarilə onların köməyi sayəsində mümkün olub. Lakin indi maliyyələşdirmə nəzərə çarpacaq dərəcədə azalıb. Donorlar sual qoyur: dövlətin öz vətəndaşlarının məsuliyyətini boynuna götürəcəyi zaman nə vaxt yetişəcək?
Bununla birgə, ciddi maliyyə problemləri yoxdur, əksinə, vəsaitlərə qənaət etmək də mümkün olur. Problem yanlış inzibatçılıqda və idarəetmədədir. Səhiyyə Nazirliyində axına qarşı üzməyə cəhd edənlərin hamısı işdən qovulub. Yalnız o adamlar qalıb ki, onlar böhran vəziyyətində işi hazırkı şəraitdə qeyri-ordinar hərəkətlər tələb edən sistemli tərəqqidən üstün tuturlar.
Büdcə öyrənilərsə, prioritet qətiyyən yoxdur. Vəsaitlər heç zaman uzunmüddətli perspektivdə nəticə verə biləcək istiqamətlərə yatırılmır.