Xurvaletidə qaçqınlar necə yaşayır
Oktyabrın 8-də Gürcüstanda parlament seçkiləridir. Politoloqlar və siyasətçilər ölkəni dəyişəcəklərini deyirlər. Ölkə isə şəhər və kəndlər, onların əhalisidir. JAMnews onlara keçən seçkilərin həyatlarında nələri dəyişdiyi və oktyabrda parlamentə gələcək deputatlardan nə gözlədikləri barədə danışmaq imkanı verir.
Birinci hekayə 2008-ci ilin avqust ayında Cənubi Osetiyadakı evlərini qoyub, müharibədən qaçmağa məcbur olanların həyatı haqqındadır. Axali Xurvaleti kəndi, Qori rayonu.
Axali Xurvaleti kəndinə döngədə gürcü postu durur. Təhlükəsizlik məqsədiylə burada hamını saxlayır, sənədlərini yoxlayır, məqsədlərini, səfərlərinin nə qədər uzun çəkəcəklərini öyrənirlər. Biz də istisna olmadıq. Dedik ki, jurnalistik və işlə bağlı gəlmişik.
“Axali Xurvaletidə iki kilometr aralıda məftil çəpər var – təhlükəli olun, – polis işçilərindən biri məsləhət görərək, yolumuza davam etməyə icazə verdi və vidalaşarkən dəqiqləşdirdi ki, qaçqınlar qəsəbəsində təhlükəsizliyimizi hüquq müdafiəçiləri qoruyur.
Bu, münaqişə zonasıdır. Axali Xurvaleti kəndi 2009-cu ildə yaranıb. Bu, gürcü hakimiyyəti tərəfindən 2008-ci il avqust müharibəsi zamanı və bundan sonra evlərindən məhrum olan, yaşadıqları yerlərdən məhrum olan insanlar üçün tikilən məskənlərdən biridir.
Axali Xurvaletidə 139 kottec var. Qəsəbə Qoridən 20 kilometr aralıda, Cənubi Osetiya ilə inzibati sərhədin düz yaxınlığında yerləşir.
Günortadır. Sadəcə isti deyil, cəhənnəm istisidir. Avtomobil magistralından bir qədər uzaqlaşırıq. Maşınımız süxur yolla irəliləyərək, ətrafında toz buludları qaldırır.
Bir-birinə bitişik evləri olan qəsəbə uzaqdan görünür. Bütün kotteclər eynidir – bej divarlar və boz damlar.
“Siz yəqin ki, məftil çəpərlərə baxmağa gəlmisiz? – bizi birinci kottecin yanında qarşılayan İza xəbər alır və qəsəbədə bələdçi xidmətlərini təklif edir.
İza Okropidzenin 33 yaşı var. Kəndin dar küçələri ilə gəzişərkən, öz hekayətini danışır. İza peşəkar filoloqdur, ali təhsilini Sxinvalda alıb. Orada çoxlu dostları olub, amma bu gün əlaqələri kəsilib.
2008-ci il müharibəsinə qədər İza Disevi kəndində, böyük ikimərtəbəli evdə yaşayıb. 8 il orada olmayıb.
“Onu bilirəm ki, evim artıq yoxdur. Yandırılıb və qarət edilib. Yaxşı bağım varıydı, çoxlu meyvə ağacları, yaxşı bostanımız. Yəqin hamısı quruyub, çətin kimsə təsərrüfata qulluq etsin, – o deyir.
Müharibə onun həyatını dəyişib. İza indi müxtəlif layihələrdə iştirak edir və Axali Xurvaletidə qaçqınların problemlərinin həlli ilə məşğul olur.
Bizdən bir qədər aralıda dayanan hüquq müdafiəçiləri söhbətlərimizə qulaq asmasalar da, diqqətlə bizi izləyirdilər.
İza deyir ki, polis daimi qəsəbədə keşik çəkir. “Biz artıq onlara alışmışıq. İki kilometr aralıda ruslar durur, bizi kimsə qorumalıdır axı?!
Bu məftil çəpərlər yerli sakinlərin narahatlığına səbəb olur.
Cənubi Osetiyanın qondarma sərhədini işarələmək üçün Rusiya hərbiçiləri bütün inzibati sərhəd xətti boyu dirəkləri və məftil çəpərlər quraşdırırlar.
Bu proses 2013-cü ildən sonra sürətlənib və inzibati sərhəd boyu yaşayan insanlar üçün əzablıdır. Onlarla gürcü ailəsi sərhədlər qoyulandan sonra əks tərəfdə, Tbilisi tərəfindən nəzarət olunan ərazidən tamamilə təcrid olunmuş oldular. Digərləri isə otlaq və kənd təsərrüfatı sahələrini itirib.
Gürcü KİV-lərdə Gürcüstan vətəndaşlarının sərhədi qanunsuz keçməsinə görə saxlanılması barədə yazılara rast gəlinir, insanları sonra da bir qayda olaraq, Sxinval təcridxanasına köçürürlər.
“Deyək ki, inək məftili keçir və onu qaytarmaq üçün gedirsən. “Sərhədi qanunsuz keçmə buna deyirlər… Onlar yavaş-yavaş bizə yaxınlaşır, bəzən hətta elə gəlir ki, bir gün gəlib, bizi buradan da qovacaqlar, – söhbətə Ksuisi kəndindən olan qaçqın Tamari qoşulur.
Tamari bizə bu qəsəbədəki onlarla belə evə oxşayan üç otaqlı evini göstərir.
“Baxın, hər yer tökülür. Tələsik tikiblər deyə keyfiyyətli alınmayıb, – o, divarlardakı çatları və ayaqlarının altında sınan döşəməni göstərərək deyir.
Tamari qəsəbədəki əksər evlərin bu vəziyyətdə olduğunu deyir.
“Ailədə altı nəfərik, amma faktiki olaraq bir otaqda yaşamağa məcburuq. O biri otaqlarda döşəmə dağılıb. Təmir etməyə söz versələr də, heç kim gəlib eləmir.
Tamarinin ailəsində heç kim işləmir. Qaçqınlara verilən 45 lari həcmində yardım və hakimiyyət tərəfindən ayrılan kiçicik sahələrdə yetişdirdikləri meyvə-tərəvəzin mövsümi satışından aldıqları gəlirlə dolanırlar. 83 yaşlı anası güclə yeriyir, onun dərmanına da çox pul gedir.
“Amma suyumuz olsaydı, məndən bir dənə də olsun şikayət eşitməzdiz. Bağ salıb, öz zəhmətimizlə çətinliklərin öhdəsindən gələrdik… – Tamari deyir.
Su qıtlığı əsas problemdir. Əvvəllər bu diyar meyvə-tərəvəz bolluğu ilə tanınıb. Bu gün isə münaqişə zonası kəndlərində nəinki suvarma, heç içməli su da çatmır.
Hər bir həyətdə insanların su doldurduğu mavi çənlər quraşdırılıb.
“Hər günümüz bu bidonların doldurulmasından başlayır. Bu həyatdır?- Tamari şikayət edir.
Su problemi burada 2008-ci ildən sonra yaranıb. İş orasındadır ki, su kanalı mənbələri Cənubi Osetiya tərəfində yerləşir. Müharibədən sonra onlar bu kanalları bağladılar və Gürcüstan tərəfində qalan onlarla kənd susuz qaldı. Xurvaletidə kövrək və sevincsiz sülh olsa da, həyat yenə də yerində dayanmır.
Müharibədən sonrakı ilk illərdə yerli sakinlər qəsəbəni müvəqqəti hesab etsələr və onun abadlaşdırılması barədə o qədər də narahat olmasalar da, bu gün burada tamamilə fərqli bir mənzərə var.
“Kəndimin və doğma evimin yerini heç nə verməyəcək. Onları bir daha görə bilməyəcəyim barədə düşünmək belə istəmirəm, əminəm ki, qayıdacam, amma ona qədər də yaşamaq lazımdır axı… Bəzən evimin burada olması fikrinə alışmağa başlayıram. Uşaqlar böyüyür, onların gələcəyi barədə də düşünmək lazımdır, – qələbəlik olan kottecin yanında Beqlar Zurabişvili sanki özünə bəraət qazandırır. Bəziləri su, bəziləri kərpic daşıyır, üçüncülər sement məhlulu düzəldir. Beqlar kottecə daha bir otaq əlavə etmək istəyir və ona bu işdə qonşuları kömək edir.
Elə oradaca, skamyada kişilər və qadınlar oturub. Yerli birja. Yaxınlaşan seçkilər barədə xəbər alıram. “Hansı seçkilər? – onlar guya təəccüblə xəbər alırlar.
– Əvvəllər heç olmasa hansısa vədlər eşidirdik – bir-iki, amma indi bu da yoxdur, – yaşlı bir kişi deyil.
– Gözlə hələ, oktyabra qədər vaxt var, hələ başımıza papaq hörməyə imkan tapacaqlar, amma onlara kim inanacaq ki. Bu dörd ildə biz heç bir irəliləyiş görmədik. Ancaq daha betər oldu. Evlər elə bu dəqiqə başımıza uçacaq haldadırlar, su yox, kanalizasiya yox, bezmişik, amma kiməsə bu maraqlı deyil, – daha gənc qonşu cavab verir.
Xatırlayırlar ki, ötən seçki kampaniyası zamanı Axali Xurvaletinin bəzi sakinləri müxtəlif partiyalara daxil olaraq, müşahidəçilər qismində və ya seçki məntəqələrində xırda işdə qazanmağa ümid edirdilər.
“İndi də belə olacaq, insanlara iş və maaş lazımdır, yoxsa çox lazımdır onların partiyaları?!
Rusiya-Gürcüstan münasibətləri xüsusiylə qızğın mübahisələrə səbəb oldu.
İza hesab edir ki, Rusiya ilə yaxınlaşma Gürcüstana yaxşı heç nə verməyəcək, çünki Rusiya işğalçıdır, məqsədi də bütün Gürcüstanın işğalıdır.
Cemal Maxniaşvili də onunla razılaşır. “Rusiya düşməndir. Vətəninin düşməni ilə dostluqdan necə danışmaq olar. – o deyir.
“Yox, Avropa ilə Amerika çox kömək edəcək! Rusiya ilə münasibətləri qaydaya salacaq kimsə tapılmasa, Sxinvali heç vaxt suyumuzu açmayacaq, ömrümüzün axırına qədər də belə qalacağız, – Valiko Toliaşvili emosional olaraq söhbətə qoşulur.
Axşam düşür. Hava dəyişir. Deyəsən yağış yağacaq deyə, tələsməyə başlayırıq. Qayıdarkən səliqəli biçilmiş qazonu, çiçək açan qızıl gülləri, balkonun sürahisindən asılan gül dibçəkləri olan qəşəng həyətin yanında dayanırıq – hər yerdə ev xanımının qayğısı hiss olunur.
Burada Violetta Xozaşvili yaşayır. Qonaqpərvərliklə bizi həyətə dəvət edir. Jurnalist olduğumuzu bilir, bizə nəsə demək istəyir:
“67 yaşım var. Pedaqoq işləyirəm. Sızlamağı və şikayət etməyi sevmirəm, amma sizə bir xahişim var – ən çox uşaqlara yazığım gəlir. Və gənclərə. Nə iş yoxdur, nə də əyləncə. Bəlkə hakimiyyətə çatdırasız ki, gənclərin problemləri ilə məşğul olmaq lazımdır. Bəlkə heç olmasa uşaq bağçası açdılar. Qəsəbədə o qədər uşaqlarımız var, onlara yazığım gəlir.
08. 09. 2016