Xocalı: hər şey olduğu kimi
Xocalıda nə baş verib? – hər il fevralın 26-da Azərbaycanda 1990-cı illərdə yaşanan Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin qurbanları yad edilir. Britaniyalı jurnalist Tomas de Vaal “Qara bağ” kitabının ayrıca fəslində şahidlərin danışdıqlarını, məhkəmə və ekspertlərin dəyərləndirmələrini analiz edib.
Tomas de Vaalın “Qara Bağ kitabından
1 yanvar 1992-ci ildən başlayaraq, ermənilər Stepanakertin hüdudlarından kənara hərbi hücuma keçməyə başladılar. Onlar şəhərin ətrafındakı Azərbaycan kəndlərini zəbt edərək, orada qalan yüzlərlə azərbaycanlını qovdular. İndi də onların əsas hədəfi Stepanakertdən şimal-şərqə doğru doqquz kilometr aralıda yerləşən və regionda yeganə hava limanı olan Xocalı şəhəri idi. Bir vaxtlar Xocalıda kütləvi şəkildə azərbaycanlı köçkünlər yerləşdirilmişdir. 1991-ci ildə əhalinin sayı 6300 nəfər idi.
1991-ci il oktyabr ayında ermənilən Xocalı ilə Ağdamı birləşdirən yolu bağladılar və şəhərə artıq ancaq vertolyotla gedib çıxmaq mümkün idi: Ağdamdan qısa uçuş, sonra da spiral üzrə eniş. Yanvarda amerikalı reportyor Tomas Qolts bu dəhşətli uçuşu həyata keçirərkən, onun gözlərinin qarşısında soyuq və mühafizəsiz qalan bir şəhər canlandı. “Xocalıda telefonlar işləmirdi, ümumiyyətlə heç nə işləmirdi: nə elektrik enerjisi, nə isitmə, nə də su xəttindən gələn su varıydı, – Qolts yazırdı.
Ətraf dünya ilə yeganə əlaqə vasitəsi vertolyotlar idi və hər bir reys də təhlükəli idi. Xocalıdan vertolyotla son uçuşun həyata keçirildiyi 1992-ci il 13 fevrala qədər oradan orta hesabla hardasa 300-dən az adam təxliyə etdilər. Şəhərdə isə hələ 3000 adam qalırdı. Xocalının müdafiəsini hava limanı OMON-unun komandiri Alif Hacıyev və 160 yüngün silahlanmış yığma qoşun döyüşçüləri təmin edirdi. Sakinlər təşviş içində ermənilərin hücumunu gözləyirdilər.
Hücum fevralın 25-dən 26-na keçən gecə başlandı. Bu gün çox güman ki, dörd il ondan əvvəl Sumqayıtda törədilən erməni qırğınına görə seçilmişdir. Ermənilərə hərbi dəstəyi Sovet Ordusunun 366-cı alayının zirehli texnikası göstərirdi. Onlar Xocalını üç tərəfdən əhatə etdilər, bundan sonra erməni əsgərləri şəhərə daxil olaraq, müdafiəçilərin müqavimətini qırdılar.
Xocalının ancaq bir çıxışı açıq qalırdı. Deyirlər ki, Hacıyev dinc sakinləri Ağdama qaçmağa razı salmağa çalışdı və müdafiə üçün onları düz şəhərə qədər müşayiət edəcək OMON dəstələri qoşmağa söz verdi. Gecə çoxlu sayda adam dizə qədər çatan qarın üstü ilə meşənin içindən keçərək, Qarqar çayının vadisinə doğru düşməyə başladı. Səhər tezdən Xocalı sakinləri az sayda OMON-çuların müşayiəti ilə erməni Naxiçevanik kəndi yaxınlığında düzənliyə çıxdılar.
Burada onları düz düzənliyin üstündəki dağın döşündə gizlənən erməni əsgərləri güllə atəşinə tutdular. Milislər cavab atəşi açdı, amma güclər heç də bərabər deyildi və onların hamısını öldürdülər. Dəhşətli qırğın yerinə qaçqanlar hələ də axıb gəlirdi. Keçmiş Xocalı sakini Hicran Ələkbərova “Hyuman rayts uotç hüquq müdafiəsi təşkilatının nümayəndəsinə bunları danışdı:
“Biz Naxiçevanikə səhər saat doqquza yxın gəlib çıxdıq. Ordakı düzənlikdə çoxlu sayda cəsəd varıydı. Yəqin ki, hardasa yüzə yaxın adamın cəsədi. Mən onları saymağa çalışmırdım. Düzənlikdə məni yaraladılar. Alif Hacəyevi güllə ilə vurdular və mən ona kömək etməyə çalışdım. Güllə qarnıma dəydi. Mən onların hardan atəş açdığını görürdüm. Bu düzənlikdə çoxlu sayda cəsəd gördüm. Onlar elə təzəcə öldürülmüşdü – dərilərinin rəngi heç dəyişməmişdi.
Bura bir neçə gün sonra gəlib çıxan jurnalistlər və müstəntiqlər dəhşətli qanlı qırğın səhnəsinin şahidi oldular. Hər yanda, donmuş torpağın üstündə parçalanmış cəsədlər uzanmışdı. Londonun “Tayms qəzetindən olan Anatol Liven yazır ki, “onların bəzilərinin, o cümlədən də balaca bir qızın üzərində dəhşətli yaralar varıydı.
Onun ancaq sifəti salamat qalmışdı. Azərbaycanlı prokuror Yusif Ağayev güllənin giriş yerinin ətrafında barıt izləri aşkar etdi, bundan da belə bir nəticə çıxardı ki, qurbanların çoxuna yaxından atəş açılmışdı: “Onları çox yaxın məsafədən vurublar. Biz hadisələrin baş verdiyi əraziyə gəldik. Mən bir mütəxəssis kimi dərhal hər şeyi anladım.
Güllə yarası alanlardn başqa, onlarla insan meşələrdə soyuqdan və donmadan öldü. Xocalının mindən çox sakini, onlarla birlikdə də Orta Asiyadan qaçan onlara məshəti türkü əsir götürüldü.
Xocalı və onun ətrafında qətlə yetirilən azərbaycanlıların müxtəlif sayı göstərilir. Yəqin ki, həqiqətə ən yaxın olan rəqəm Azərbaycan parlamenti tərəfindən həyata keçirilən rəsmi istintaq zamanı əldə olunan rəqəmdir. Bu məlumatlara görə, həlak olanların sayı 485 nəfərdir. Hətta nəzərə alsaq ki, burada ancaq atışma zamanı qətlə yetirilən deyil, həm də donvurmadan ölənlər də hesablanıb, bu böyük rəqəm Dağlıq Qarabağ müharibəsinin bütün tarixi boyu olan itkilər haqqında məlumatı kölgədə qoyur.
Azərbaycanlıların açdığı cavab atəşi zəif idi və heç bir vəchlə açıq düzənlikdə yüzlərlə köməksiz dinc sakinlərin, o cümlədən də uşaqların soyuqqanlıqla qətlə yetirilməsinə bəraət qazandıra bilməz.
Yavaş-yavaş Xocalıdakı qətliam haqqında xəbərlər ictimaiyyətə də gəlib çatdı. Əvvəlcə bir çoxları buna inanmaq istəmirdilər, çünki o vaxta qədər münaqişəni işıqlandıran dünya kütləvi informasiya vasitələri erməniləri əsasən təcavüzkar kimi deyil, münaqişənin qurbanları kimi qələmə verirdi.
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov tərəfindən özünə bəraət üçün verilən müsahibə kömək etmədi. Şəhərin müdafiəsiz qalmasında öz günahını azaltmağa çalışan Mütəllibov Xocalıdakı qırğına görə bütün məsuliyyəti Xalq Cəəbhəsi rəhbərliyinin boynuna qoydu. Onun müsahibəsinə Ermənistanda dəfələrlə istinad edilib.
Bununla belə ermənilər Xocalını tərk edən zaman çoxlu sayda dinc azərbaycanlı əhalisinin qətlə yetirildiyini artıq inkar etmirlər. Bəziləri güya ki, özbaşına hərəkət edən erməni yığma qoşunlarının əsgərlərini ittiham edirlər. Erməli polisinin əməkdaşı, mayor Valeri Babayan hesab edir ki, həmin hadisələrin əsas motivi şəxsi qisas almaq istəyi idi. O, amerikalı jurnalist Pol Kuinn-Djadja bildirdi ki, Xocalıya hücumda iştirak edənlərin əksəriyyəti “əslən Sumqayıtlı və başqa bu kimi yerlərdən olublar.
Erməni sərkərdəsi Serj Sarkisyandan Xocalının alınması haqqında danışmağı xahiş edəndə, o ehtiyatla cavab verdi: “Biz bu haqda ucadan danışmamağa çalışırıq. Qurbanların sayı məsələsinə gəlincə, onun sözlərinə görə, “çox şeylər şişirdilib, həm də qaçan azərbaycanlılar da silahlı müqavimət göstəriblər. Amma baş verən hadisələrlə bağlı Sarkisyan daha dürüst və daha qəddarcasına danışdı:
“Amma mən hesab edirəm ki, burada əsas məsələ başqa idi. Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə oyun oynamaq olar, onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Bu stereotipi sındıra bildik. Bax, baş verən bu oldu. Həm də nəzərə almaq lazımdır ki, ordakı oğlanların arasında Bakı və Sumqayıtdan qaçanlar varıydı.
Sarkisyanın qiyməti Qarabağ müharibəsinin ən qəddar qırğınına başqa bucaqdan baxmağa vadar edir. İstisna deyil ki, bu kütləvi qırğınlar qismən də olsa qəsdən qorxutma istəyindən baş verib.