XİN: bizim səbrimizin həddi var
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin hesab edir ki, Gürcüstanda, xüsusən də rəsmi səviyyədə Rusiyaya qarşı ritorika güclənir. “İki ölkə arasındakı münsibətləri yaxşılaşdırmaq lazımdır, alternativ ancaq konfrontasiyaya qayıdış ola bilər, – o gürcü jurnalistlərinə Gürcüstan baş nazirinin Rusiya Federasiyası ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Praqada baş tutan görüşündən sonra bildirib.
“Gürcüstanın müdafiə naziri Tunatin Xidaşeli hətta bütün dünyanı Rusiyaya qarşı səyləri birləşdirməyə çağırır. Normal cəmiyyətdə adətən heç kim bu cür bəyanatları bağışlamır. Biz hələ ki, susuruq, amma qorxuram ki, bizim səbrimizin də bir həddi var. Ya biz konfrontasiyaya qayıdacağıq, ya da qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirəcəyik, – deyə Karasin bildirib.
“İndi əsas təhlükə Gürcüstanda yaxınlaşmaqda olan parlament seçkiləri və beynəlxalq arenada, ictimai simalar tərəfindən səsləndirilən və Rusiyaya qarşı yönələn provokasiya xarakterli ritorikanın artmasıdır. Ən xoşagəlməz odur ki, bu ritorika Gürcüstanın rəsmi şəxsələri, siyasətçilər, nazirlər və hətta prezident tərəfindən də səsləndirilir. Sözsüz ki, biz buna fikir veririk, hər şeyə cavab verməməyə çalışsaq da, özümüz üçün nəticə çıxarırıq. İndi də vəziyyət belədir: ya biz yenidən aramızda mübahisə yaradacaq süjetlərin axtarışı ilə konfrontasiyaya qayıdır, ya da normal, qarşılıqlı hörmətə əsaslanan münasibətləri tənzimləyirik, – deyə Karasin bildirib.
Nazir müavini bu mərhələdə Gürcüstan və Rusiyanın birinci şəxslərinin bir qədər əvvəl baş verəcəyi bildirilən görüşünün keçirilməsinin mümkünsüz olduğunu deyib.
“Gürcüstanın əksər siyasətçiləri Rusiyanı bütün günahlarda suçladığı bir halda necə görüş keçirilə bilər? Bu mərhələdə görüşdən necə söhbət gedə bilər? Bu, gülməlidir. Bu cür görüşlər üçün hazırlıq lazımdır, Gürcüstan tərəfindən gərginliyin olduğu bir vəziyyətdə görüş baş tuta bilməz, – Karasin deyib.
Bundan başqa, Karasin qeyd edib ki, Rusiya tərəfi Gürcüstan vətəndaşlarını RF-na dəvət edə biləcək insanların dairəsini genişləndirmək qərarını verib, amma hələ ki, vizanın ləğvindən söhbət getmir.
“Gürcüstan RF vətəndaşları üçün viza rejimini ləğv etdi, bu onun suveren hüququdur. Biz bunu bir sıra səbəbdən edə bilmərik, ilk növbədə də təhlükəsizlik baxımından… Buna doğru getmək lazımdır (viza rejiminin ləğvinə), amma hazırda bu haqda söhbət belə gedə bilməz.
Tbilisidə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin bəyanatını “tamamilə qeyri-diplomatik, “aqressiv və “Gürcüstanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirirlər. Gürcüstan parlamentinin deputatları tərəfindən məhz bu cür şərhlər səsləndirilib.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hesab edir ki, Rusiya “öz yanaşmalarına diqqət yetirsə daha yaxşı olar.
“Rusiyalı siyasətçilər Gürcüstanda olan meyllərdən danışanda, öz yanaşmalarına da diqqət yetirməlidirlər. Ancaq ərazi bütövlüyü və suverenlik üzərində qurulan münasibətlərdən sonra əlaqənin tamamilə normallaşması baş verə bilər. Biz maksimal dərəcədə gərginliyin azaldılması üzərində çalışmalıyıq, amma təbii ki, bizim xarici siyasi vektorumuz və ərazi bütövlüyü hesabına deyil. Və problemlərin həlli barədə danışmağa imkan verən rejimə keçməliyik, – deyə Kvirikaşvili bildirib.
- Hazırda rusiyalılar Gürcüstana vizasız səfər edə bilərlər, halbuki Gürcüstan vətəndaşları Rusiyaya səfər etmək üçün viza almalıdırlar.
- 2015-ci ilin dekabr ayında Rusiya Xarici İşlər Nazirliyi bildirdi ki, RF dekabrın 23-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejimini sadələşdirir və gələcəkdə qarşılıqlı vizasız rejimin tətbiqini istisna etmir.
- Gürcüstan Moskva tərəfindən 2008-ci ilin avqust ayında Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına cavab olaraq, RF ilə diplomatik münasibətləri kəsdi. 2012-ci il oktyabr ayında baş tutan seçkilərin nəticəsində hakimiyyətə gələn Gürcüstanın yeni hökumət nümayəndələri xarici siyasətin əsas prioritetlərindən biri kimi RF ilə münasibətlərin normallaşdırılmasını göstərdi.
- Hazırda Rusiya ilə Gürcüstan arasındakı dialoq Cenevrə diskusiyaları və Abaşidze ilə Karasin arasında Praqada baş tutan mütəmadi görüşlər çərçivəsində baş verir. Görüşlərin formatı siyasi məsələlərin müzakirəsini nəzərdə tutmur, bu görüşlər zamanı ticarət, nəqliyyat əlaqəsi, mədəni və humanitar əməkdaşlıqla bağlı konkret məsələlər həll olunur. Son görüş Praqada ötən ilin noyabr ayında keçirilib.