HRW: "Azərbaycanın xaricdəki tənqidçilərə qarşı repressiya kampaniyası güclənir"
Xaricdəki tənqidçilərə qarşı repressiya
“Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qoqia xəbərdar edir ki, Azərbaycan hakimiyyəti xaricdə yaşayan müstəqil və tənqidi səslərə qarşı kampaniyanı gücləndirib.
“Mart ayından bəri xaricdəki jurnalistlər, blogerlər və siyasi fəallar barəsində siyasi motivli olduğu görünən ittihamlar irəli sürülür, onlara qarşı qiyabi həbs qərarları və istintaqa çağırışlar tətbiq olunur. Bu addımlar Azərbaycan hakimiyyətinin tənqidçi səsləri boğmaq və ifadə azadlığını məhdudlaşdırmaq cəhdlərinin bir hissəsidir”.
HRW qeyd edir ki, hədəfə alınmış şəxslər hökumətin insan hüquqları pozuntularını tənqid etdikləri üçün təqib olunur və onların hər hansı qanunsuz fəaliyyəti sübuta yetirilməyib.
“JAMnews”un bu materialında istifadə olunan terminlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Qiyabi həbs qətimkan tədbirləri və ittihamlar
Azərbaycan hakimiyyəti mühacirətdə yaşayan tənqidçilərinə qarşı hüquqi mexanizmlərdən istifadə edərək onlara təzyiq göstərir. Əsas alət kimi qiyabi həbs qətimkan tədbirləri seçilir. Yəni tənqidçi ölkədə olmadığı üçün məhkəmə onun iştirakı olmadan həbs qərarı verir.
Bu ilin martında Baş Prokurorluq bir neçə mühacir bloger barəsində bir neçə ağır maddə ilə cinayət işləri açıb: onlara qarşı dələduzluq, terrorizmə çağırış, kütləvi iğtişaşlara təhrik, hakimiyyətə tabe olmamağa çağırış və hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış kimi ittihamlar irəli sürülüb.
Hakimiyyət rəsmiləri xəbərdar ediblər ki, həmin şəxslər istintaqa gəlməsələr, onlara qarşı qiyabi məhkəmə prosesləri başlayacaq və nəticədə onları qiyabi şəkildə məhkum etməyə çalışacaqlar.
Sonrakı aylarda məhkəmələr bir sıra mühacir tənqidçilər barəsində qiyabi hökmlər çıxarıb. Məsələn, sentyabrda Fransada yaşayan bloger Məhəmməd Mirzəli “kütləvi iğtişaşlara təhrik” də daxil olmaqla bir neçə ittiham üzrə qiyabi olaraq 6 il yarım həbs cəzasına məhkum edilib.
Son aylarda 24 tənqidçi hədəfə gəlib
Son aylarda Azərbaycan hakimiyyəti xaricdə yaşayan tənqidçilərinə qarşı genişmiqyaslı kampaniya aparır. Təkcə son bir neçə ay ərzində hakimiyyəti tənqid edən 24 nəfər barəsində, əsasən “dövlət əleyhinə açıq çağırışlara təhrik” ittihamı (Cinayət Məcəlləsinin 281.2-ci maddəsi) olmaqla, qiyabi həbs qətimkan tədbirləri seçilib.
Hədəfə alınanlar arasında tanınmış jurnalistlər (məsələn, Sevinc Osmanqızı, Qənimət Zahid), blogerlər (Tural Sadıqlı, Məhəmməd Mirzəli və b.), alimlər (tarixçi Altay Göyüşov), siyasi şərhçilər (Ərəstun Oruclu və digərləri) kimi müxtəlif kateqoriyadan şəxslər var.
Bu şəxslərin bir çoxu uzun illərdir ki, mühacirətdə yaşayıb onlayn platformalarda Azərbaycan hakimiyyətini tənqid edirlər. Repressiya kampaniyasının miqyası onların sayının artması və müxtəlif sahələrdən tənqidçiləri əhatə etməsi ilə özünü göstərir.
“Dövlət əleyhinə çağırış” və digər siyasi motivli ittihamlar
Hakimiyyətin mühacir tənqidçilərə qarşı irəli sürdüyü ittihamlar əsasən siyasi mahiyyətlidir. Ən çox rast gəlinən ittiham “dövlət əleyhinə açıq çağırışlara təhrik” ittihamıdır (281.2-ci maddə).
Bundan əlavə, tez-tez “hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa, kütləvi iğtişaşlara çağırış” (220.2-ci maddə) və “milli, irqi, sosial və ya dini nifrət salmaq” (283.1-ci maddə) kimi maddələr də tətbiq edilir.
HRW qeyd edir ki, bu maddələr illərdir Azərbaycanda ifadə azadlığını boğmaq üçün sui-istifadə edilir və dinc tənqidi ifadələri cinayət kimi qələmə vermək məqsədi daşıyır.
İttihamların belə xarakter alması, yəni dövlətə qarşı çağırış və ya iğtişaşa təhrik kimi təqdim olunması, onların siyasi motivli olduğuna işarədir. İnsan haqları müdafiəçilərinin fikrincə, bu ittihamlar əsassızdır və yalnız tənqidçiləri susdurmaq üçündür.
Mühacirlərin istintaq və qiyabi məhkəmə prosesləri
Hakimiyyətin strategiyasına görə, hədəfə alınan mühacir fəallar əvvəlcə açıq formada – mətbuat vasitəsilə və ya rəsmi bildirişlə Baş Prokurorluğa istintaqa çağırılır. Onlara cinayət işi açıldığı elan edilir və istintaqda iştirak etmək üçün müəyyən tarixə qədər Azərbaycana gəlmələri “təklif olunur”.
Təbii ki, xaricdə yaşayan bu şəxslər ölkəyə qayıdacaqları halda ədalətsiz həbslə üzləşəcəklərini bildikləri üçün geri dönmürlər. Nəticədə, onların iştirakı olmadan məhkəmə prosesləri keçirilir və qiyabi hökmlər çıxarılır.
Məsələn, noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 8 mühacir blogerin işi üzrə qiyabi məhkəmə prosesi başladığı və onlara qarşı ittiham aktının oxunduğu barədə xəbərlər yayılıb.
Qiyabi məhkəmələr, beynəlxalq hüquq normalarına zidd olaraq, müdafiə tərəfinin iştirakını təmin etmədən həyata keçirilir və öncədən planlaşdırılmış nəticəni – tənqidçini cinayətkar elan etməyi rəsmiləşdirir. Bu proseslər həm də ictimaiyyətə bir mesaj xarakteri daşıyır ki, hakimiyyəti sərt tənqid edənlər harada olurlarsa olsunlar, cəzalandırılacaqlar.
Təqsirləndirilənlərin qanunsuz fəaliyyəti aşkarlanmayıb
Hədəfə alınmış jurnalist və fəalların ortaq cəhəti odur ki, onların heç birinin qanunsuz fəaliyyəti sübuta yetirilməyib. Onlar tənqidçi çıxışlarına, hökumətin siyasətini və hüquq pozuntularını ifşa edən materiallarına görə hədəf seçiliblər.
HRW bildirir ki, irəli sürülən ittihamların faktiki əsası qeyri-müəyyəndir və aydındır ki, bu şəxslər sadəcə hökumətin insan hüquqları pozuntularını açıq tənqid etdiklərinə görə cəzalandırılırlar.
Məsələn, Sevinc Osmanqızı, Qənimət Zahid kimi jurnalistlər və Altay Göyüşov kimi akademik tənqidçilər illərdir “YouTube” kanalları və sosial media vasitəsilə rüşvətxorluğu, seçki saxtakarlıqlarını, insan hüquqları pozuntularını ifşa ediblər.
Azərbaycan hökuməti isə həmin tənqidi fəaliyyəti “cinayət” kimi qələmə verib, guya dövlətin təhlükəsizliyinə təhdid yaratdığını iddia edir. Ancaq indiyədək təqdim olunan materiallarda bu şəxslərin zorakılığa çağırışı, terror fəaliyyəti və ya hər hansı konkret qanunsuz əməli törətməsi barədə etibarlı sübut ortaya qoyulmayıb.
İttihamların sübut olunmaması bu proseslərin siyasi sifariş xarakterli olduğunu göstəricisi hesab edilir.
HRW-nin çağırışı: “Siyasi motivli təqiblərə son qoyulsun”
Beynəlxalq hüquq-müdafiə qurumları Azərbaycan hakimiyyətinin bu addımlarına kəskin reaksiya verib. Xüsusilə “Human Rights Watch” Azərbaycan hakimiyyətinə təcili olaraq bütün siyasi motivli ittihamları ləğv etməyi tələb edir.
Təşkilatın nümayəndəsi Georgi Qoqia vurğulayır ki, hökumət həm ölkə daxilində, həm də xaricdə müstəqil səslərə qarşı amansız təzyiqləri dayandırmalı, ifadə və birləşmə azadlığına dair beynəlxalq öhdəliklərinə əməl etməlidir.
HRW kimi qurumlar açıq şəkildə bildirirlər ki, tənqidçilərin cəzalandırılması ölkənin imicinə və beynəlxalq öhdəliklərinə ziddir.
Onlar qeyd edilər ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində götürdüyü öhdəlikləri xatırlamalı və müstəqil jurnalistlərə, fəallara qarşı cinayət işlərinə son qoymalıdır.
“Əks halda, həm ölkə daxilində, həm də xaricdə ifadə azadlığı boğulmağa davam edəcək ki, bu da demokratik dəyərlərə ziddir”.
Xaricdəki tənqidçilərə qarşı repressiya