İlham Əliyev: “Biz öz torpaqlarımızı qaytarmışıq”
Xankəndidə Azərbaycan bayrağı
Oktyabrın 15-də, ilk dəfə Azərbaycan prezidenti seçilməsinin 20-ci ildönümündə İlham Əliyev sentyabrın 19-20-də keçirilən “antiterror əməliyyatı” nəticəsində Qarabağın Azərbaycan ordusunun nəzarətinə keçən şəhər və kəndlərində olub. O, Azərbaycanın dövlət bayrağını Xankəndinin mərkəzində qaldırıb
- Bakı qalib gəldi, ermənilər Qarabağı tərk edir. Sonra? Bütün münaqişə tərəflərinin baxışı
- Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Bu, nə üçün lazım idi?
- ABŞ və Aİ Cənubi Qafqazda nə istəyir? Bakıdan baxış
Xankəndidə İlham Əliyev xalqa müraciət edib.
“Antiterror əməliyyatının keçirilməsi qaçılmaz idi”
Əliyev öz müraciətində 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatının keçirilmə səbəblərinə toxunub:
“Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik.
On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər.
Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”.
“Niyə biz 10 noyabrda müharibəni dayandırmağa razı olduq?”
Azərbaycan prezidenti 2020-ci il noyabrın 10-da ikinci Qarabağ müharibəsinin dayandırılması mövzusuna da toxunub:
“Vətən müharibəsi cəmi 44 gün çəkdi. Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdim ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq. Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.
Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt – noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da – noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”.
“Azərbaycalılar və ermənilər burada dostluq şəraitində yaşayıblar”
Xankəndidə 30 il müddətində tanınmamış DQR rəhbərliyinin yerləşdiyi inzibati bina qarşısında çıxış edən İlham Əliyev bu binanın ötən əsrin 60-cı illərində Azərbaycan büdcəsi hesabına tikildiyini xatırladıb:
“O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası idi. Buna partkom binası deyirdilər. Bu binada bir çox şəxslər oturub.
Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram…
O ab-havanı mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində təmaslar var idi, birgə işlər görülürdü. Bu gün Sərsəng su anbarının üzərində Azərbaycan Bayrağını qaldırdıq. Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdir. O vaxt nə qədər böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə gördüyünüz binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi”.
“Onlar deyirdilər ki, Bakıya gəlib, çay içəcəklər”
“Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında.
“Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında.
Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim.
Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik”.
Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”, – Azərbaycan prezidenti bildirib.