“Xalqa Rusiya yox, Avropa lazımdır” – Gürcüstan prezidentinin parlamentdəki çıxışı
Zurabişvilinin parlamentdəki çıxışı
Gürcüstan parlamentində məruzəsinə başlamazdan əvvəl prezident Salome Zurabişvili deputatları Ukraynanın Buça şəhərində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
“Başlamazdan əvvəl dostumuz Ukrayna ilə həmrəyliyimi bildirmək istəyirəm. Bu gün Buça faciəsinin birinci ildönümüdür və xahiş edirəm, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edin”, – Zurabişvili deyib.
O, aprelin 18-də Avropa Parlamentində çıxış edəcəyini də bildirib.
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sonuncu dəfə 2010-cu il noyabrın 23-də Avropa Parlamentində çıxış edib.
Zurabişvilinin Gürcüstan parlamentində dedikləri:
● Məni nə qədər impiçmentlə, gah Konstitusiya Məhkəməsinə verməklə, gah mənə müəyyən səlahiyyətlər təqdim etməklə hədələsəniz də, xarici səfərlərimə qadağa qoymağa, bölgələrdə yerli hakimiyyət orqanları ilə münasibətlərimi məhdudlaşdırmağa çalışsanız da, mənə və ailəmə böhtan atsanız da, mənim məqsədimi dəyişə bilməyəcəksiz, məni dəyişə bilməyəcəksiz.
● Nə üçün insanların ehtiyaclarını başa düşmürsüz? Onlara Rusiya yox, Avropa lazımdır. Gürcü xalqı sizi dinləmək üçün üç dəfə çıxdı – nə siyasi partiyaların çağırışı ilə, nə əcnəbilərin diktəsi ilə, nə sifarişlə, nə pula, nə dövlət çevrilişinə, nə də sui-qəsdlərə görə, sadəcə onların Avropa gələcəyi naminə.
● Anti-Avropa ritorikasını və tərəfdaşları təhqir etməyi dayandırın.
● 20 iyun 2020-ci ildə xalq sizə Rusiyaya heç bir formada ehtiyac olmadığını açıqladı. 2022-ci il martın 4-də insanlar açıq şəkildə bildirdilər ki, bizim Ukrayna ilə birgə Avropa yolumuzun alternativi yoxdur. 2023-cü il martın 7-8-də nə cür gələcək istədiklərini və Avropa gələcəyinin itirilməsi ilə heç vaxt barışmayacaqlarını açıq şəkildə bildirdilər.
- Qaz və su şırnaqlarına rəğmən Gürcüstanda söz azadlığının müdafiəsinə qalxan bu insanlar kimlərdir? Video
- “Xalqın gücü”: Gürcüstanın hakim partiyasının xidmətində olan Qərb əleyhinə hərəkat
● Gürcü xalqının çağırışı son dərəcə aydındır, dünya bunu çox gözəl eşitdi və gördü. Hakimiyyət başa düşmədi ki, xalqa borcludur və mandatı var, gürcü xalqı öz iradəsini yerinə yetirməyi bu hakimiyyətə etibar edib.
● Müxalifətin vaxtaşırı sonsuz boykot elan etməsində, Brüsselə və Amerikaya böhtan xarakterli mesajlar ötürmək və yerləşdirməklə işi korlamaqda günahkar olması nə dərəcədə doğru olmasından asılı olmayaraq, məsuliyyətin böyük hissəsi yenə də hökumətin üzərinə düşür.
● İnsanları Avropanın milli maraqlarımıza, dəyərlərimizə, hətta sülhə zidd olduğuna inandırmağa nə qədər çalışsanız da, nəticə əldə etməyəcəksiz. Gürcü xalqı bir əsrdən artıqdır ki, Avropanın nə olduğunu, Avropaya niyə ehtiyac olduğunu və Avropa dəyərlərinin gürcü dəyərlərinə tam uyğun olduğunu bilir.
● Tbilisi ilə Moskvanın ikinci cəbhə mövzusunda eyni dildə danışması faktdır. Gürcü xalqı çox yaxşı bilir ki, Avropa İttifaqının yaradılması ideyası müharibəyə deyil, sülhə xidmət edir. Avropa İttifaqı Gürcüstanda Aİ-nin monitorinq missiyası şəklində bilavasitə sülhə xidmət edir.
● Əvvəlki hakimiyyətin istifadə etdiyi, Rusiya və separatçıların mesajlarına şübhə ilə uyğun gələn bu simulyasiya ssenarilərini insanlara nə qədər sırımağa çalışsanız da, nəticə əldə etməyəcəksiz.
● Avropa və milli maraqlarımızın bir-birinə zidd göründüyünü sübut etməyə nə qədər çalışsanız da, reallıqdan qaça bilməyəcəksiniz.
- Gürcüstan prezidenti Saakaşvilini əfv edəcəkmi? Hamı ona müraciət edir: kim lehinə, kim əleyhinədir?
- “Biz bütün dostlarımızı itirmişik, təcrid olunmaq təhlükəsi ilə üz-üzəyik” – Gürcüstan prezidentinin brifinqi
● Ərazinin qorunması, işğaldan azad edilməsi, müdafiənin gücləndirilməsi, əhalinin təhlükəsizliyi, iqtisadiyyatın və təhsilin inkişafı – bütün bunlar bizim tərəfdaşlarımızla əməkdaşlıq etmədən ağlasığmaz və qeyri-mümkündür.
● Ukraynaya gəlincə, biz nə diplomatiya, nə də kəşfiyyat nümayiş etdirmişik – bəli, biz BMT-nin qətnamələrinə qoşuluruq, lakin mənəvi və siyasi həmrəyliyin bütün digər təzahürlərindən qaçırıq. Fevralın 25-də tamamilə yersiz yerdə bəyan edirik ki, biz sanksiyalara qoşulmuruq, biz deyə bilərdik ki, öz milli sanksiyalarımızı tətbiq edə bilmərik və etməyəcəyik, amma beynəlxalq sanksiyalara qoşuluruq – heç kim nə bizdən, nə də Moldovadab bundan artıq heç nə istəmirdi.
● Bütün Avropa Belarusdan ayrılmağı zəruri hesab edəndə biz Avropa İttifaqının qoyduğu məhdudiyyətlərə qoşulmadıq. Belarus prezidenti bizimlə maraqlanmadığı, ərazi bütövlüyümüzün qayğısına qalmadığı halda.
● Siz son iki ildəki ritorika və hərəkətlərinizlə doqquz illik səltənətinizin gedişatını sildiniz və dəyişdirdiniz, xalqınızın və seçicilərinizin iradəsindən yayındınız. Bütün bunların nəticəsində 2022-ci il iyunun 17-də Gürcüstan [Aİ-yə üzv olmaq üçün] namizəd statusu almadı.
● Konstitusiyanın maddəsini xatırlatmaq istərdim – konstitusiya orqanları Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görməlidirlər.
● Demokratiyanın təməl daşı – institutlar əvəzinə təkpartiyalı sistem güclənir. Siz iqtidar partiyası yekdilliklə Avropa yolunu sivilizasiya seçimi adlandırdınız. Odur ki, mən sizdən soruşmaya bilmirəm – harda dayanırsız və niyə? İndiyə qədər açıq şəkildə yerinə yetirdiyiniz xalqın iradəsindən, onlardan aldığınız mandatdan niyə uzaqlaşdınız?
● Bir tərəfdən, yalnız [Aİ]-nin 12 tövsiyəsini rəsmi şəkildə yerinə yetirməklə və xalqın dəstəyi olmadan hökumət nəticə əldə edə bilməyəcək. Digər tərəfdən, yalnız vətəndaş sektoru və ya siyasi partiyalar nəticə əldə etməyəcək. Real iş görmədən, onu düzgün formada təqdim etmədən, təyinat yerinə çatdırmadan xalqın iradəsini yerinə yetirə bilməyəcəyik.
● Avropalı tərəfdaşlarımız qarşısında Gürcüstanın Avropa mövqeyini və imicini qorumaq mümkün olmadığından, mən bu prosesdə fəal iştirak etmək, birgə və konsolidasiya edilmiş işi təşviq etmək və birlikdə real nəticə əldə etmək qərarına gəldim ki, bu da bizə Aİ-yə namizəd statusu kimi real nəticələr verəcəkdir.
● Mən hamının prezidenti olduğum üçün bu və ya digər tərəfi yox, yalnız Gürcüstan xalqını təmsil etdiyim üçün bu məsuliyyəti qəbul edirəm. Biz şansımızı əldən verməməliyik və kim bunu bacarsa, sabah deyəcək: “Bu gün gürcü xalqının iradəsi yerinə yetirildi”.