Son günlər Xəzərin Abşeron yarımadası sahillərində, Bakının yaxınlığında balıqların kütləvi şəkildə məhv olması barədə sosial şəbəkələrdə xeyli sayda xəbər yayımlanıb. Eyni hadisə Masallı istiqamətində də baş verib. Bunun səbəbi nədir?
Bakının Zuğulba, Buzovna və Mərdəkan çimərliklərində, eyni zamanda ölkənin cənub hissəsində yerləşən Masallı rayonunda dənizdə balıqların kütləvi tələfatına rast gəlinib.
Balıqçıların bildirdiyinə görə, tələf olan balıqların böyük əksəriyyəti kefaldır. Ölü balıqlar bəzi yerlərdə bütün sahil xəttində müşahidə olunur.
“Sahil doludur ölü balıqla. Balıqçılar nə edəcəklərini bilmirlər, balıqlar da qalıb iylənirlər”, – balıqçılardan biri deyir.
Balıq tutmağa gedərkən üzləşdiyi mənzərədən dəhşətə gələn digər balıqçı bildirir ki, bu cür halla ilk dəfədir rastlaşır: “Hər dəfə bura gələndə 10-15 nəfər balıqçı görürdüm. İndi heç kim yoxdur. balıq da yoxdur, hamısı tələf olub”.
Səbəb nədir?
Azərbaycan balıqçılar ittifaqının rəhbəri Əfqan Əliyevin sözlərinə görə, xəzərin bu hissəsində belə hadisələr nadir hal sayılmır və tez-tez baş verir:
“Sahilin bu hissəsində su dayazdır və o qədər də təmiz deyil. Kefal balıqları dayaz yerləri və istiliyi sevirlər, lakin bu hissəyə gəldikdən sonra buradan çıxa bilmirlər, tələf olurlar”.
Zoologiya İnstitutunun mütəxəssisi Süleyman Süleymanovun fikrincə, balıqların kütləvi tələfatına səbəb suyun hər hansı kimyəvi çirklənməsi səbəb olmayıb.
“Külək olmayanda havada olan oksigen suya qarışmır. Bu isə balıqların oksigen çatışmazlığından məhvinə səbəb olur”, – deyə, S.Süleymanov bildirib.
Mütəxəssis onu da əlavə edib ki, balıqların hamısı sahildə məhv olmayıb:
“Digər yerlərdə, dənizin daha içəri hissəlrində tələf olan balıqları da dalğalar sahilə tərəf gətirir və bu cür mənzərə yaranır”.
Dövlət qurumundan şərh
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin direktoru Mehman Axundov yerli ATV telekanalına müsahibəsində deyib ki, yay fəslində dənizdə balıqların tələfatı təbii prosesdir və buna səbəb havaların isti keçməsidir:
“Bakı buxtasında havalar çox isti keçdiyi zaman suyun səviyyəsi və suda həll olmuş oksigenin miqdarı aşağı düşür. Səhərə yaxın bunu daha aydın müşahidə etmək mümkündür. Bu da balıqların təbii ölümünə gətirib çıxarır”.
Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.