Xərçəng artıq son deyil
Ermənistanda xərçəng xəstələrinin və bu mərəzdən ölənlərin sayı artmaqda davam edir: kişilər arasında ağ ciyərlərin xərçəngi, qadınlar arasında isə döş xərçəngi daha çox yayılıb, bundan sonra uşaqlıq yolunun xərçəngi gəlir. Mütəxəssislər bunu erkən mərhələlərdə xəstəliyin diaqnostikasının aşağı səviyyədə olması ilə əlaqələndirirlər. “Xərçəng artıq həyatın sonu deyil, – həkimlər bildirir və ildə azı bir dəfə müayinədən keçməyi tövsiyyə edir.
Ermənistan-Amerika Sağlamlıq Mərkəzinin radioloqu Ani Akopyan deyir: “Qadınlardan həkimə müraciət etmək üçün xərçəngin klinikası üzə çıxana qədər gözləməməyi, hələ sağlam olduqları vaxt gəlməyi xahiş edirəm. Xərçəngi ilkin mərhələdə üzə çıxarmaq çox vacibdir. Bu, döşün kəsilmədən, əksər hallarda kimya və lazer terapiyası olmadan kiçik bir müdaxiləni nəzərdə tutur ki, bu da vaxt və maliyyənin xeyli qənaətinə gətirib çıxarır.
Ekspertlərin sözlərinə görə, adətən Ermənistanda xəstəliyin artıq üçüncü və dördüncü mərhələsində həkimə müraciət edirlər, ancaq son zamanlar insanlar həkimlərə daha erkən müraciət etməyə başlayıb.
Ermənistan-Amerika Sağlamlıq Mərkəzində hər il 43 minə yaxın qadın müayinədən keçir. 19 illik fəaliyyəti ərzində mərkəzdə 243 977 süd vəzisi müayinəsi aparılıb. Süd vəzisinin xərçəngi 9 908 qadında aşkar olunub, onlardan 5 982 nəfərini xilas etmək mümkün olub.
Mərkəzin direktoru Xaçanuş Akopyan deyir ki, 20 il əvvəl gün ərzində iki, ya üç pasient gəlirdi, indi 150-200 nəfər müraciət edir:
“Göstəricilərimiz artıq dörd ildir ki, belədir. Bu da məlumatlandırmanın, KİV-lə işin nəticəsidir. Bir neçə il əvvəl xəstələr birmənalı şəkildə ancaq vəziyyət ağırlaşandan sonra, xəstəlik üçüncü və ya dördüncü mərhələyə çatanda, artıq heç nə etmək mümkün olmayanda gəlirdilər. O vaxt nisbət 40/60-a idi, indi 60/40-dır.
Farancyan adına Milli Onkologiya Mərkəzinin onkoloqu Artur Avetisyan vurğulayır ki, xəstəliyin erkən mərhələdə aşkar olunmasının üstünlüyü onun tam müalicə oluna bilməsindədir:
“Əlbəttə ki, mütəmadi elanlar müəyyən pozitiv dinamikaya səbəb olur, amma 30% pasient hələ də ancaq üçüncü və dördüncü mərhələdə yardım üçün müraciət edir.
37 yaşlı Karine Qasparyan danışır ki, həkimə bir az tez müraciət etsəydi, ya da heç olmasa ildə bir dəfə mamoqrafiyadan keçsəydi, ola bilsin bir çox problemlərdən qaça bilərdi:
“Hər şey dizlərimdə ağrılardan başladı. Sonra onurğamda ağrı hiss etdim, bunun işimlə bağlı olduğunu düşünürdüm. Tərəvəz dükanında işləyirdim, tez-tez ağır yeşiklər qaldırmalı olurdum. Sonra da özümü o qədər pis hiss etdim ki, ayağa dura bilmirdim. Həkimə getdim, məndə süd vəzisinin xərçəngi aşkar olundu, vəziyyətim ağır idi – metastaz artıq bütün sümüklərimə yayılmışdı. Həkimlər müayinənin nəticələrinə baxıb, hələ də sağ qalmağıma inana bilmirdilər. Məni xilas etmək üçün hər iki süd vəzimi və yumurtalıqlarımı kəsib götürdülər. Allaha şükür, sağ qaldım, həkimlər sağ olsun!
O qeyd edir ki, sağlamlığına dəyən zərərlə yanaşı, ailəsi də müayinə və müalicəsi üçün xeyli xərcə düşüb:
“Təkcə müayinəyə 700-800 min dram ($1460-1670) getdi. Əməliyyatdan əvvəl və sonra kimya-terapiyadan keçdim, hər prosedura görə 300 min dram ($625) ödədik. Dostlarım və yaxınlarım ailəmizə dəstək oldu. Beləliklə də bu sınaqdan çıxa bildik, mən sağ qaldım.
Döş xərçənginin müalicəsinin bir neçə metodu var: cərrahi müdaxilə, dərman preparatları ilə müalicə, kimya terapiyası, molekulyar və şüa terapiyası. Onkoloqlar qeyd edir ki, şişlərin əsas növləri tək bir üsulla müalicə olunmur: adətən onlar qarışıq olur, buna görə də eyni zamanda həm əməliyyat, həm kimya terapiyası, həm də şüa terapiyasına ehtiyac yarana bilər.
“Muratsan universitet xəstəxanasının onkoloqu, terapevt Liana Safaryan qeyd edir ki, həkimlərə də çətindir – xəstələrin maddi cəhətdən öhdəsindən gələ bildiyi müalicə təyin etməli olurlar:
“İnkişaf etmiş ölkələrdə belə bir problem yoxdur. Sığorta var, dövlət də bütün bahalı dərmanların pulunu ödəyir. Ermənistanda isə bu, çox ciddi problemdir, dərmanlar da çox bahadır. Xəstələr bizdən tez-tez soruşurlar: “Evi satıb, dərman alsaq, bu məni xilas edəcək?… Həkim üçün bu, çox böyük məsuliyyətdir, çünki hətta onlar evi satıb, dərman alsalar belə xəstəliyin təkrarlanmayacağına 100% zəmanət yoxdur.
Əlillik qrupu olan xəstələr dövlətdən kimya terapiyası üçün əlavə yardım kimi təxminən 60 min dram ($125) alırlar, amma bu o qədər də böyük məbləğ deyil. Təəssüf ki, hələ dövlətin bütün xərcləri qarşılaması üçün imkan yoxdur.
Əksər xəstələr tez-tez dərmanları qonşu Gürcüstandan alır, çünki burada preparatlar Ermənistandan iki-üç dəfə ucuz başa gəlir. Çoxlarına dərmanları xaricdə yaşayan qohumları və dostları göndərir.
“Bu, bizim səlahiyyətimizə daxil deyil, amma mənə elə gəlir ki, Ermənistana dərman gətirilərkən 20% ƏVD əlavə olunması doğru deyil. Bəzən döş xərçəngi zamanı bu, ciddi problemə çevrilir. Elə dərmanlar var ki, bir kursu 600 min drama ($1250) başa gəlir. İldə 16-17 inyeksiya böyük pul eləyir, – Liana Safaryan deyir.
Çox sayda problemlərdən keçən və döş xərçəngindən müalicə olunan 47 yaşlı Susanna Serobyan deyir ki, müalicəsi iki il çəkib və 70 min dollara başa gəlib.
“Xərçəngin ən pis növlərindən biri ilə üzləşdim, müalicəsi çox bahaydı. Təsəvvür edin ki, bir inyeksiyanın qiyməti 3000 dollara yaxınıydı. Bu, molekulyar terapiya adlanır. Bütün müalicəmi dostlarım, qohumlarım təşkil etdilər. Hər şeyimizi, evimizi satdıq, – üçəmlərin anası, ixtisasca iqtisadçı olan Susanna deyir.
Xəstəliyin ağır müalicə yolunu keçən qadın qeyd edir ki, profilaktika ən ucuz çarədir:
“Əgər dövlət müalicə prosesində iştirak edə bilmir və ya qismən iştirak edirsə, heç olmasa müayinə yolu ilə profilaktika üçün imkan yaratsın ki, xəstəlik tez aşkar olunsun, xüsusən də misal üçün, mədəaltı vəzinin xərçəngi ilə müqayisədə daha asan müalicə olunan döş xərçəngi. Hər bir erməni qadınının ildə bir dəfə təyinat almaq və sahə poliklinikasında pulsuz müayinədən keçməyə haqqı var. Qoy qadınlarımız, xüsusən də risk qrupuna daxil olanlar, bu müayinə paketini 8 mart günü alsınlar.
Susanna Serobyan dünyanın 47 ölkəsində və artıq iki ildir ki, Ermənistanda da fəaliyyət göstərən Europa Donna Armenia pasientləri təşkilatının üzvüdür. Təşkilatın missiyası xəstəliyin gec diaqnostikasının sayını azaltmaqdır ki, bu sayədə Ermənistanda da bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, döş xərçəngi ilkin mərhələdə aşkarlana və xəstələr müalicə vaxtı 100%-lik nəticə ala bilsin.
Susanna qeyd edir ki, pasient təşkilatlarının rolunu həm də lobbiçilikdə görür. Onun sözlərinə görə, həkimlər və xəstələr birləşib, onları narahat edən problemləri qaldırsalar, təzyiq göstərmək və səhiyyə nazirini məsələnin həllinə cəlb etmək mümkün olacaq.
Onkoloq Artur Avetisyan inkişaf etmiş və hətta inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Ermənistanda da döş xərçənginin dövlət skrininqinin tətbiq edilməsi üçün ictimai tələbatın formalaşmasının vacibliyini qeyd edir:
“Yaxşı olardı ki, dövlət və xeyriyyə fondları, ola bilsin həm də Dünya Bankı birləşib, bunu Ermənistanda tətbiq etsinlər – mütəmadi olaraq, cədvəl üzrə risk qrupuna daxil olan qadınlar mammoqrafiyaya dəvət olunsun. Bizdə mütəşəkkil dövlət skrininqi təşkil olunanda, hamı müayinədən keçəcək. Bu da sözsüz ki, xəstəliyin göstəricilərini artıracaq – daha çox sayda xəstəlik aşkar olunacaq, amma ölüm halları azalacaq.
Səhiyyə Nazirliyi uşaqlıq yolu xərçənginin erkən mərhələdə aşkar olunması üçün pulsuz skrininq proqramını həyata keçirir ki, bunun da məqsədi xəstəliyin erkən aşkar olunması və profilaktikasıdır. Bu proqramla bağlı mütəxəssislər qeyd edirlər ki, Ermənistanda qadınlar müayinəyə ürəksiz gedir, halbuki ölkə üzrə xəstəliyin göstəriciləri çox yüksək səviyyədədir. Milli Onkologiya Mərkəzinin məlumatına görə, Ermənistanda uşaqlıq yolunun xərçənginin 57%-i üçüncü və dördüncü mərhələdə aşkar olunur.
Döş xərçənginin erkən aşkar olunmasına yönələn skrininq 30 min dram ($62), sonoqrafiya isə 10 min dramdır ($20), əsasən 35-40 yaşlı qadınların keçdiyi mamoqrafiyanın qiyməti isə 20 min dramdır ($40), Ermənistanda heç də hər qadının buna imkanı yoxdur.
Ermənistan-Amerika Sağlamlıq Mərkəzinin direktoru Xaçanuş Akopyan qeyd edir ki, təşkilat vəziyyətin yaxşılaşmasına kömək etməyə çalışır və tez-tez pulsuz müayinələr keçirmək üçün Ermənistanın regionlarına və Qarabağa gedir:
“Bu yaxınlarda biz Artsaxa mədəaltı və süd vəzilərinin müayinəsi üçün getdik. Müayinədən 250 nəfər keçdi. Bir neçə nəfərdə xərçəng aşkar etdik. Ən əsası da süd verən anada xərçəng aşkar etdik, onu Yerevana gətirdik, əməliyyat etdik, qadın xilas oldu. O, xərçəng öncəsi mərhələdə idi. Bu, böyük bir nailiyyətdir. Biz kənd əhalisinin şəhərə gəlib, müayinədən keçməyə imkanı olmadığını nəzərə alaraq, ölkənin müxtəlif rayonlarına gedirik, onlar ağır sosial şəraitdə yaşayırlar.
Dərc olunub: 14.12.2016