Xəbər saytları qatillər tərbiyə edir?
“Gecə yarı o, küçədə neynirdi?”, – zorlanma xəbərini eşidən cəmiyyətimizin bəzi nümayəndələri sual edir. Yəni özü günahkardır. “Namuslu qadın gecə evində oturur”. Bu əminlik istisnadan daha çox, bir qaydadır: qadınlar onları zorlayanları müxtəlif yollarla provokasiya edirlər: açıq-saçıq geyinib, kefli olub, barda olub ki, bu da öz-özlüyündə biyabırçılıq və pozğunluq əlamətidir.
Son illərdə Azərbaycanda patriarxal renessans müşahidə olunur. Əslində çoxdan məhv olmalı olan gender stereotipləri möhkəmlənməkdədir, özü də ictimai həyatın ən müxtəlif sahələrində.
Gender zorakılığı haqqında xəbər yazmaq etikası
Bu cür stereotiplər cəmiyyətimizdə yerli KİV tərəfindən yetişdirilir, bəzən də formalaşdırılır.
KİV qadınları əsasən, ya seksual obyekt və hər hansı hadisələrin günahkarları, ya da birinci obrazın əksinə olaraq, qayğıkeş, itaətkar və ərinin vəfalı arvadı kimi göstərirlər. Hər iki obraz həm qadın jurnallarında və hətta reklam çarxlarında olur.
Gender problemlərinə yerli mətbuatda düzgün qiymət vermirlər, həmin səbəbdən baş verən insidentləri isə qeyri-obyektiv və bəzən də açıq-aşkar qərəzli işıqlandırırlar. Necə? Misal üçün, xəbər başlığı: “Qadın sürücü Bakının mərkəzində qəza törətdi”. “Qadın” sözünü ön plana çəkən bu cür başlıq artıq özündə faktın neqativ tərəfini və günahkar qadının iştirakını qabardır.
Gender zorakılığı, o cümlədən də qətllər haqqına materiallar əksər hallarda oxuculara “namus üstündə qətllər” kimi təqdim olunur ki, bu da cinayətkarların hərəkətlərinə rəğbət bəsləyən şəbəkə şərhçiləri tərəfindən bəyənilir.
Namus üstündə qətl ailə üzvünün, həmişə olmasa da əksər vaxtlarda məhz qadının ailəni biyabır etdiyi üçün qohumları tərəfindən törədilən qətlidir. Jurnalist başqa detallara fikir verməsə də, mütləq qeyd edəcək ki, dul ananın iş yoldaşı ilə münasibətləri səbəbindən “ailə haqqında dedi-qodular gəzməyə başlayıb, oğlu da dözməyib, anasını öldürüb”.
BMT-nin Əhali Fondunun məlumatına görə, dünyada hər il 5 minə yaxın namus üstündə qətl törədilir.
Bu da Azərbaycan mətbuatında rast gəlinən bir neçə başlıq:
Misal üçün, “Kişi öz qızını öldürüb” əvəzində “Azərbaycanda namus üstündə qətl: ata əxlaqsız qızını güllələyib”; “Doğma bacısının qatilinə hökm oxunub” əvəzində “Məhkəmə bacısını namus üstündə öldürən qardaşa hökm oxuyub”; “16 yaşlı yeniyetmə öz anasını öldürüb” əvəzində “16 yaşlı Əliyev Maarif 37 yaşlı anası Qurbanova Mədinəni namus üstündə öldürüb”.
Bu başlıqlar bir problemi göstərib, başqa bir problemi yaradırlar. Bir tərəfdən, onlar yalnız Azərbaycan cəmiyyətinin geridə qalmış hissəsinin istənilən situasiyada qadını günahlandırmaq istəyini əks etdirir. Digər tərəfdən də bu geridə qalmışlığı kult halına salaraq, problemi bir az da dərinləşdirirlər.
Necə hərəkət edəcəyini bilməyən qadın intihar etmək qərarına gəlib
Gender zorakılığı haqqında informasiyanın istənilən formada təqdim olunmasına gəlincə. Bir çox yerli jurnalistlər həvəslə məqalə qəhrəmanları olan qadınların əxlaqsızlığı barədə fikirləri ictimai məkanda yayırlar.
Hüquq müdafiəçisi, Azərbaycan Qadın Krizis Mərkəzinin keçmiş rəhbəri Mətanət Əzizova şərh edir:
“KİV cəmiyyətdə gender stereotiplərinin yaranmasında böyük rol oynayır, məhz onlar “yaxşı” və “pis” qadın stereotiplərini yaradırlar. Məqalələr, müxtəlif süjetlər, teveviziya verilişləri gender stereotipləri ilə doludur. “Qadın belə etməlidir… Qadnı borcludur…” və bütün bu şüarlar KİV-də az qala hər dəqiqə başı yayımlanır. Misal üçün, din adamını qadın hüquqları haqqında verilişə ekspert qismində dəvət edirlər, o da deyir ki, boşanma qərarını verən qadın günah işlədir və bu dini qanunlara ziddidir. Vəssalam. Gender stereotipi hazırdır. “Boşanmış qadın pisdir, günahdır, qadağandır”. KİV həm də nümunəvi ana, itaətkar xanım obrazını təbliğ edir, qadın qəhrəman da bu meyarlara cavab verməyəndə, ictimai qınaq obyektinə çevrilir: “Əri döyüb? Adamı boş yerə döymürlər. Yəqin başqasıyla tutub. Axşam kafedə təhqir ediblər? Qadın axşamlar evində oturmalıdır. Əcəb ediblər”. Məhz bu stereotiplərə görə də qadının adının hallandığı adi bir xəbər ciddi problemlərə gətirib çıxara bilər”.
Onun sözlərinə görə, Krizis Mərkəzinə kömək üçün KİV-dən zərər çəkən qadınlar dəfələrlə müraciət edib.
“Mərkəzimizə kriminal verilişdə göstərilən qadın reabilitasiya üçün gəlirdi. Sifətini göstərib, adını çəkiblər. Onu oğurluqda ittiham edirdilər. Bir müddət keçəndən sonra istintaq onun heç nə oğurlamadığını müəyyən edib. Amma onu öz istəyi olmadan televiziyada göstəriblər. Nə edəcəyini bilməyən qadın intihar etmək qərarına gəlir. Xoşbəxtlikdən onu xilas etmək mümkün olub, amma uzun müddət də psixiatriya xəstəxanasında müalicə olunmalı olub”, – Əzizova danışır.
Əzizovanın fikrincə, məhz gender stereotipləri əksər zorlanmaların cəzasız qalmasının əsas səbəbidir:
“Qızı zorlanan qadınla söhbətimizi xatırlayıram. Cinayətkarı cəzalandırmaq məsləhətinə o rədd cavabı verdi, bunu da onunla izah etdi ki, qızı tək böyüdür və baş verənlər barədə qohum-əqrəba, qonşular xəbər tutsa, qız təklənəcək, hamı onunla ünsiyyətdən qaçacaq, heç kim onunla evlənmək istəməyəcək”.
Saytlar “ŞOK!” üslubunda işləyir
Daha bir problem: özü-özlüyündə stereotiplərin yayılması sanki gender məsələlərinin savadlı şəkildə işıqlandırılmasını “əvəz edir”: gender mövzusu və məişət zorakılığına həsr olunmuş peşəkar materiallar barmaqla sayılası qədərdir.
“2000-ci illərin əvvəllərində yarım il ərzində Azərbaycanı təmsil etdiyim “Yoayrıcısı” proqramı gender məsələlərini işıqlandırırdı. Süjetlər üçün qəhrəmanlar axtarmaq çox çətiniydi, çünki həssas mövzudur və insanlar ürəklərini açmağı sevmirlər. Amma biz bunu anlayışla qarşılayır, qəhrəmanın sifətini gizlədirdik, qurama kadrlar düzəldirdik”, – məşhur jurnalist Kənan Quluzadə danışır.
Onun sözlərinə görə, hazırda KİV-də hər şey fərqli baş verir.
“Bir çox saytlar ümumiyyətlə “ŞOK!” üslubunda işləyirlər. Həm də saytlar bunu hər hansı bir münaqişənin iştirakçılarının istəyindən asılı olmadan edirlər. Demirəm ki, hər şeyi gizlətmək lazımdır. Amma etik normalara riayət olunmalıdır. KİV-in insanların həyatında problem yaratmaması üçün fəndlər, instrumentlər var. Amma reytinq həvəsi sanki mənəvi məhdudiyyətləri aradan qaldırır”.
Daha bir neçə stereotip
Həmişə məhz zorlanma qurbanlarının günahkar olması barədə mif yeganə deyil. Azərbaycan cəmiyyətində başqa stereotiplər də var. [yes_list]
- Ər arvadını döyürsə, bu özəl ailə məsələsidir (kimin başına gəlməyib ki?) və buna qarışmaq olmaz. Maraqlıdır ki, hüquq-mühafizə orqanları işçiləri belə çox vaxt belə düşünür.
- Qadın ailəsini saxlamaq üçün əri tərəfindən döyülməsinə dözməlidir. Çox vaxt qurbanın valideynləri belə bu cür düşünür və zorakılığın qarşısını almaq üçün onun ata evinə qayıtmasına qarşı çıxırlar.
- Gender zorakılığı həmişə fiziki təzahürdür. Psixoloji təzyiq, təhdid və şantaj bunlara aid deyil.
[/yes_list]
Qapalı dairə
Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalovun sözlərinə görə, cəmiyyəti pozan jurnalistlər deyil, bu cür yazıları sifariş edən, komplekslərlə dolu cəmiyyətin özüdür.
“Aztirajlı qəzetləri və nadir hallarda baxılan veb-saytları olan KİV oxucuların mentalitetinə təsir etmək imkanına malik deyil. Əlbəttə jurnalistləri qeyri-peşəkarlıqda, səthilikdə ittiham etmək olar (və bəziləri həqiqətən də bu qınağa layiqdir). Amma gəlin, Azərbaycanda populyar olan internet saytlarına baxaq, xəbər toplarını təhlil edək. Elə indi.
Birinci KİV: “qanuni” oğru “strimlyaqa”nı döyüb; “mama Roza” əsgərlərin ərzaqlarını öz evində gizlədib; müğənni xanım oliqarxla barışıb və “Lexus” hədiyyə alıb; Azərbaycanın əməkdar artistinin qızı xariciyə ərə gedir. Bir az da Qarabağ haqqında.
İkinci KİV: mərasim çadırına asfalt yol çəkiblər; məmur qızının toyuna 400 min dollar xərcləyib; oliqarx ailəsi bütün mülkünü satmağa hazırlaşır. Bir az da Qarabağ haqqında.
Üçüncü KİV: hava haqqında məlumat; sığorta şirkətinin filial direktoru başına zərbə ilə qətlə yetirilib. Və bir az da Qarabağ haqqında.
İslamiada, bank sistemində böhran, işsizlik, kənd təsərrüfatının tənəzzülü, boşanmalarının sayının artması və s. kimi aktual problemlərin heç biri xəbər topuna düşməyib, halbuki lentdə bu xəbərlər var. Və düşməyəcək də, çünki onlar orta statistik oxucular üçün kübar xronika və şou-biznes qalmaqallarından xeyli daha maraqsızdır. Statistika hər şeyi göstərir”, – hüquq müdafiəçisi əminliklə deyir.
Onun fikrincə, qadının stereotipdən uzaq istənilən davranışı Azərbaycan cəmiyyətində ajiotaja səbəb olur, qalmaqal axtarışında olan jurnalistlər isə bu cür xəbərləri yayır.
“Məhbus kişi həbsdə olduğu müddətdə bir neçə dəfə ata ola bilər və bu, heç kimi maraqlandırmır. Qadın hamilə qalan kimi isə bu mövzu bir neçə həftə ərzində xəbər topundan çıxmadı”.
Beləliklə, KİV cəmiyyətin “sifarişi”ni yerinə yetirir. İctimai fikir KİV-də yayılan məlumatlar və süjetlərə söykənir. Nəticədə də qapalı dairə alınır.
Nə etməli?
Kənan Quluzadə, jurnalist:
“Qanunlar var, Milli Teleradio Şurası, Mətbuat Şurası var. Jurnalistlər insanın şəxsi həyatına müdaxilə edirsə, o, normativ aktlar və bu təşkilatların köməyiylə onları cəzalandıra bilər. Amma indiki vəziyyətdə bu, azdır. Bu məsələdə proqress ancaq o halda mümkündür ki, informasiya istifadəçisi prioritetlərini dəyişsin. Yəni tələbat olmasa heç kim bu xarab malı almayacaq da”.
Leyla Leysan, jurnalist:
“Ancaq bir çıxış yolu var – mətbuat və reklam haqqında qanunlara dəyişikliklərin edilməsi və KİV-də seksist reklam, süjet və yazıların istifadəsinə görə cərimənin tətbiq edilməsi. Jurnalist fakültəsində etika dərsi keçməyin heç bir mənası yoxdur, çünki bizim mətbuatın əksər işçilərinin xüsusi təhsili yoxdur”.
Eldar Zeynalov, hüquq müdafiəçisi:
“Bir çox KİV bu və ya digər oliqarx tərəfindən maliyyələşdirilməklə sığortalanıb və bunun işə yaramaması inandırıcı deyil. Amma cəhd etməyə dəyər, ən pis halda isə Avropa İnsan Haqları Məhkəməsinə qədər də gedib çıxmaq olar. Axı qəzet və telekanal özəl ola bilər, məhkəmə isə dövlət idarəsidir və əgər o, özəl KİV-ə qarşı şikayətin baxılması zamanı ədalətsiz qərar çıxarıbsa, günahkar dövlətdir”.
Mətanət Əzizova, hüquq müdafiəçisi:
“İnsanlar daha çox maariflənsə, ünsiyyətdə olsa, başqalarına kömək etsə, onların ağrılarını və problemlərini hiss etsə ola bilsin, nəsə dəyişdi. KİV cəmiyyətin istədiyini verir, cəmiyyət isə bu gün qan və şou istəyir”.