Lariyə nə olub?
Lari antirekord vurur. Əslində nə baş verir?
Nə baş verdi?
Noyabrın 30-da larinin dollara nisbətdə məzənnəsi 2.53-ə çatdı. Bu, rekord, daha doğrusu, antirekorddur. 1995-ci ildən, yəni dövriyyə daxil olduğu andan bu günə qədər Gürcüstanın milli valyutası heç vaxt bu dərəcədə ucuzlaşmayıb.
Bu vaxta qədər rekord göstərici 1 dollara 2.50 lari olub, o da bu il yanvarın 28-də qeydə alınıb.
Larinin ucuzlaşması 2013-cü ilin axırlarından başlayıb. O vaxt 1 dollara 1.66 lari verirdilər. Bundan sonra lari daha 51% ucuzlaşdı.
Avqustun axırlarında dolları 2.28 lari məzənnəsi ilə dəyişmək olardı, larinin qiymətdən düşməsinin ikinci dalğası başladı və bu gün də davam edir – 1 dekabra olan məlumata görə, larinin məzənnəsi 1 dollara 2.61 lari təşkil edir.
Larinin məzənnəsi necə formalaşır?
Gürcüstanda lari üzən məzənnə rejimindədir. Yəni məzənnə dövlət və ya milli bank tərəfindən təyin və idarə olunmur.
Larinin dollara münasibətdə məzənnəsini tələb-təklif formalaşdırır. Əhaliyə dövriyyədə olandan daha çox dollar lazım olanda dollar bahalaşır, lari isə ucuzlaşır. Dolların ölkədə həcmi isə nə qədər dolların ölkəyə gətirilməsindən və ya çıxarılmasından asılıdır. Dollara ehtiyac idxal məhsulunun alınması və borcların verilməsi ilə şərtlənir.
Dolların həcminin dəyişmədiyi halda dövriyyədə olan larinin həcminin artması da larinin ucuzlaşmasına gətirib çıxara bilər. Bu o deməkdir ki, əhalinin dollar almaq üçün daha çox larisi olacaq.
Əhalinin məzənnənin dəyişməsinə dair gözləntisi də məzənnəyə böyük təsir göstərə bilər. Misal üçün, əhalidə larinin ucuzlaşacağı və dolların bahalaşacağı fikri yaranırsa, dərhal lazım olandan daha çox dollar almağa başlayır, bununla da larinin ucuzlaşmasına səbəb olur.
Lari niyə ucuzlaşır?
Gürcüstana nə qədər dolların gəlməsi və nə qədər çıxarılması xarici amillərdən də çox asılıdır. Öz növbəsində, dollar axını xarici ticarət (ixrac-idxal), turizm, emiqrantların pul köçürmələri, xarici qrantlar, sərmayə və ssudalarla bağlıdır.
Dolların ölkəyə gətirilməsi və çıxarılmasının tam statistikasını tədiyyə balansı qeydə alır, bu balans da Gürcüstanda ancaq kvartalda bir dəfə, o da 3 ay gecikmə ilə dərc olunur. Misal üçün, biz ölkədə iyunda nə baş verdiyini bu gün bilirik. Noyabrda baş verənləri isə ancaq gələn ilin mart ayının axırında biləcəyik.
Gürcüstan malların xarici ticarətində daha çox dollar itirir. 2014-cü ildə idxal ixracı 4.2 milyard dollar üstələdi, yəni ticarət əməliyyatları nəticəsində ölkədən çıxarılan dollar ölkəyə gətiriləndən 4.3 milyard artıq oldu. 2015-ci ildə mənfi ticarət balansı 4.4 milyard dollara, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində isə 4.5 milyard dollara qədər artdı. 2014-cü illə müqayisədə 2015-ci ildə Gürcüstandan mal ixracı 1.1 milyard dollar azaldı.
Gürcüstanda o vaxta qədər də idxal ixracdan artıq olub və ölkədən milyardlarla dollar çıxıb, amma bu itkilərin yeri başqa mənbələrdən doldurulub. Son 2 il ərzində xaricdən maliyyə köçürmələri təxminən 400 milyon dollar azalıb – bu, ən vacib daxilolmalardan biridir. Eyni zamanda həm ixracın, həm də maliyyə köçürmələrinin azalması Gürcüstanın təxminən 1.5 milyard dollar itirməsinin iki başlıca səbəbidir ki, bu da öz növbəsində, larinin ucuzlaşmasına gətirib çıxardı.
2013-cü illə müqayisədə 2015-2016-cı illərdə Gürcüstanda turistlərin sayı, xarici sərmayə və ssudaların həcmi artıb, amma bu daxilolmalar yuxarıda qeyd olunan itkilərin yerini doldurmayıb və lari ucuzlaşıb.
2016-cı ilin yay ayında lari möhkəmlənməyə başladı və məzənnə dollara münasibətdə 2.13-ə qədər çatdı. Tədiyyə balansı açıqlanandan sonra məlum oldu ki, larinin məzənnəsinin möhkəmlənməsi əsasən xarici borcun artırılması hesabına baş verib. Eyni zamanda da dövriyyədə olan lari məhdudlaşdı, yəni insanlarda dollar almaq üçün larinin miqdarı azaldı.
Avqustdan sonra nə baş verir, niyə lari ucuzlaşmaqda davam edir?
Bu sualın tam cavabı hələ yoxdur. Bununla belə, müəyyən qənaətlər var – məlumdur ki, 2015-ci illə müqayisədə xarici ticarət balansı və xaricdən pul köçürmələri ilə bağlı vəziyyət pisləşməyib. Turist axını da artıb. Bundan çıxış edərək güman etmək olar ki, problem xarici sərmayə və maliyyələşdirmənin (ssudalar, qrantlar) azalmasındadır. Maliyyələşdirmənin azalmasına işarə edən daha bir məqam odur ki, hökumət donorlar tərəfindən büdcənin dəstəklənməsi üçün kredit və qrant şəklində ayrılan 200 milyon dolları istifadə etməyib. Ölkənin büdcəsində 200 milyon dollar həcmində daxilolma kəsiri var, hökumət də bu məbləği daxili borcunu planlaşdırılandan daha çox artırmaqla kompensasiya etmək qərarına gəlib ki, bu da larinin məzənnəsinə öz mənfi təsirini göstərir.
Son 7 ay ərzində dövriyyədə olan larinin həcmi təxminən bir milyard artıb, bu da dollara tələbatın artmasına səbəb olub. Hakimiyyət pul kütləsinin artmasının məzənnəyə mənfi təsir etdiyini bilsə də, başqa yolu yoxdur. Larinin kütləsini artırmasa, iqtisadiyyat da inkişaf etməyəcək, bundan başqa resessiya da mümkündür ki, bu da əhalinin gəlirinin azalmasına və işsizliyin səviyyəsinin artmasına gətirib çıxara bilər.
Vəziyyəti çətinləşdirən həm də odur ki, lariyə paralel olaraq ticarət tərəfdaşlarımız olan ölkələrin də valyutaları ucuzlaşır, bu da Gürcüstan məhsulunun ixracının artmasına gətirib çıxarır və böyük gəlir əldə edilməsinə mane olur.
Larinin dəyərinin düşməsinin nəticələri
Larinin dəyərinin düşməsi bir neçə neqativ nəticəyə gətirib çıxarıb:
1. Ssudanı dollarla götürən, gəliri lari ilə olan insanlara borcunu qaytarmaq daha çətin olacaq;
2. Gürcüstanın xarici borcunun həcmi artır;
3 Məhsulun qiyməti artır;
4. Qeyri-müəyyənlik dərəcəsi artır, ölkədə risk səviyyəsi yüksəlir. Bu da ölkənin inkişafına mane olur.
Gürcüstanda ssudaların 65%-i dollarla verilib. Bu gün kredit və ya borcun hər 100 dollarının qaytarılması üçün fiziki və hüquqi şəxslərə 2013-cü ilin axırları ilə müqayisədə 95 lari daha artıq lazım olacaq.
Gürcüstanın xarici dövlət borcu 4.4 milyard dollar təşkil edir. Bu məbləğ büdcədən ödənilir. Büdcəyə daxilolmalar lari ilə həyata keçirilir, deməli, indi xarici borcun ödənilməsi üçün külli miqdarda lari lazım olacaq.
Həm xarici, həm də yerli ərzağın qiyməti artıb, çünki yerli istehsalatda adətən xarici xammaldan istifadə olunur, ya da istehsalçı ssudanı dollarla götürüb. Son 3 il ərzində Gürcüstanda qiymətlər təxminən 12% qalxıb.
Hökumət nə etməlidir?
Noyabrın 29-da hökumət larinin ucuzlaşması prosesinin qarşısını almalı olan fəaliyyət proqramı təqdim edib. Hökumət aksiz dərəcəsini artırmaqla (tütün məmulatları və neft məhsullarına aksizlər bahalaşacaq) idxalın həcmini və bank kreditlərinin dollarla verilişini məhdudlaşdıracaq. Banklar əhaliyə verilən valyuta kreditlərini lariyə çevirməli olacaq.
Bu addımlar lari məzənnəsinə pozitiv təsir etsə də, ümumilikdə ölkənin iqtisadi inkişafına əngəl törədəcək.
Hökumət ölkənin iqtisadi inkişafının yüksək templərini təmin edə biləcək tədbirlər təklif edə bilmədi ki, larinin məzənnəsinin möhkəmlənməsi məhz bu yolla baş versin.
Hökumət larinin məzənnəsinə iki metodla təsir edə bilər: 1. Dövlət büdcəsi. Balanslaşdırılmış büdcə və ya minimal kəsirli büdcə düzəltmək, cari xərcləri (misal üçün, inzibati xərcləri) azaltmaq və daxili dövlət borcunu artırmamaq lazımdır. 2. Biznes mühitinin yaxşılaşdırılması. Xarici sərmayə həcmlərinin artırılmasına nail olmaq, mal və xidmətlərin ixrac artımını sürətləndirmək lazımdır.
Dərc olunub 1.12.2016