Verin, yoxsa özümüz götürəcəyik
Abxaziyada özünə mənzil ala bilmək üçün kifayət qədər yaxşı qazananlar var. Amma onlar şübhəsiz ki, azlıq təşkil edir və əsasən ya Rusiya əsilli biznesmenlər ya da həmin biznesmenlərin övladlarıdır.
Yerdə qalanlar öz problemlərini təkbaşına həll etməli olur. Və bacardıqları kimi də həll edirlər.
Problem çox sadə səslənir: onların yaşamağa yeri yoxdur
Əsma və Astan cəmi bir il əvvəl evləniblər. Yarım il Astanın valideynləri ilə birlikdə yaşadılar. Astanın ailəsi böyükdür, özündən başqa iki evli qardaşı var, hamısı da bir evdə yaşayır və gənc ailə üçün demək olar ki, yer yoxdur. Buna görə də Astan və Əsma mənzil kirayələməli oldular.
Əsma işləmir, tibb kollecində təhsil alır. Astan ərzaq mağazasında işləyir, mal götürür, maaşı cəmi 15 min rubl [təxminən $200] təşkil edir. Gənc ailəyə valideynləri də kömək edir: bu maaşa kirayə haqqı ödəmək, yemək və az da olsa paltar almaq çox çətindir.
“Dövlət ölkəmizdə demoqrafik vəziyyəti yaxşılaşdırmağı xahiş edir, bəs onlar gənc ailələrə kömək etmək üçün nə edirlər? Biz indi övlad dünyaya gətirə bilmirik, çünki onu dolandırmaq imkanımız yoxdur, – Əsma deyir.
“Valideynlərimiz o qədər imkanlı deyil ki, bizə mənzil ala bilsinlər. Rusiyada gənc ailələrə normal faizlə ipoteka verirlər. Bizim dövlət isə ancaq nəsə tələb edir, amma heç cür kömək etmək istəmir, – Astan deyir.
Dəqiq statistika olmasa da Suxumda bu cür gənc ailələr xeyli çoxdur.
“Mən niyə mənzil almalıyam axı? Dövlət versin, – 25 yaşlı cəsarətli Dmitri deyir. O dövlətdən ona mənzil verilməsini xahiş yox, tələb edir.
Dmitri bir il əvvəl evlənib, onlar xanımı ilə prinsipial olaraq valideynləri ilə yaşamaq istəmirlər, öz evlərinin olmasını istəyirlər. Buna görə də onların sözlərinə görə, istədiklərinə nail olmaq üçün hər şeyə hazırdırlar.
“Atam müharibədə həlak olub, mənə mənzil verilməlidir. Yaxın zamanda verməsələr, gedib boş mənzillərdən birini tutacam. Gözləməkdən yorulmuşam, – Dmitri deyir.
Abxaziyada mənzillərin tutulması – bu, necə baş verir
“Gedib boş mənzillərdən birini tutacam Dmitrinin atmaq istədiyi bu addım unikal, eyni zamanda da Abxaziya üçün səciyyəvi bir haldır. Nə vaxtsa özlərinə mənzil almaq üçün pul qazanmaq perspektivini görməyən adamlar bu prinsiplə reyder qruplarında birləşir, boş qalan mənzilləri tapıb, orada yaşamağa başlayırlar.
2015-ci il bu hadisələrlə xeyli daha zəngin oldu. Misal üçün, 2015-ci ilin may ayında Suxumda on səkkiz gənc ailə Qumistinskaya küçəsi, 39 ünvanında, Yeni rayonda yerləşən boş çoxmərtəbəli evdə mənzilləri tutmağa gəldilər.
İlk növbədə onlar blok üçün yeni dəmir qapı gətirib quraşdırdılar. Sonra da mənzilləri öz aralarında “bölüşdürdülər.
Hadisə yerinə gələn milis naryadının məlumatına görə, həmin bina Repatriasiya üzrə Abxaziya Dövlət Komitəsi tərəfindən təmir olunur və repatriantların ailələrinə veriləcək. Amma milisin binanı tərk etməklə bağlı tələblərinə “qəsbkarlar aqressiv reaksiya verdilər və inadla onların da mənzil almaq haqqı olduğunu deyirdilər. O zaman evin qarşısında 30 ailə toplaşaraq, protokolda deyildiyinə görə, “ictimai asayişi pozdu.
Nəticədə Tkuarçal şəhər sakini Arsen Lomiya saxlanıldı, blokun dəmir qapıları isə söküldü.
“İtirilmiş nəsil və ya başqaları üçün boş mənzillər
Bu cür reydlər üçün yeni rayon daha cəlbedici görünür – orada yerləşən bir çox evlərdə mənzillər illərlə boş qalır. Bir çox hallarda gənclər mənzilləri açıb, orada məskunlaşmaq istəyir, amma elə həmin günün səhəri evlərin sahibləri peyda olur.
Gənclərin bu cür radikal üsullarla həll etməyə çalışdığı problemin miqyası həqiqətən də böyükdür. Abxaziyada əhalinin xüsusi kateqoriyaları üçün büdcə hesabına “sosial mənzillərin verilməsi sistemi mövcuddur və bu cür mənzillərə növbədə hazırda 2 mindən çox insan durur. Bunlar da aşağıdakılardır: Abxaziya xalqının Vətən Müharibəsi əlilləri [1990-cı illər]; bu müharibədə həlak olan və itkin düşənlərin ailələri və yanğından zərər çəkmiş adamlar; İkinci Dünya müharibəsi veteranları; Sovet İttifaqı qəhrəmanları; Abxaziya qəhrəmanları; repatriantlar.
Bu siyahıda gənc ailələr yoxdur, onlar üçün ayrıca proqram da mövcud deyil.
Bununla belə gənc nəsil, 1990-cı illərdə baş verən müharibə zamanı və ya müharibə bitəndən sonra doğulan uşaqlar yeni həyata başlayır. Dəyişikliklər dövründə anadan olan bu gənclər keyfiyyətli təhsil, tərbiyə ala bilmədilər, heç kim onlara müstəqil həyat üçün heç bir start imkanı vermədi.
Onların qazancları çox cüzi və qeyri-sistematikdir. Amma məhz indi onlar ailə qurmaq və övlad dünyaya gətirmək yaşına daxil olublar. Onlar haradasa yaşamalıdırlar.
Digər tərəfdən də Abxaziyada xeyli boş qalan mənzillər var. Suxumun elə həmin Yeni rayonunda gənclər çoxlu sayda boş mənzillər görürlər. Bu, 1990-cı illər müharibəsi zamanı buranı tərk edən gürcü əhalisinin evləri, həm də Abxaziyada yaşamayan diasporanın, biznesmenlərin “hər ehtimala qarşı alıb qoyduğu yeni mənzillərdir.
Beləliklə də nəzəri cəhətdən mənzillər var. Reallıqda isə iyirmi il əvvəl evlərin kütləvi şəkildə ələ keçirilməsi baş tutdu, pulu olanlar da yerdə qalan evləri aldılar və deməli yiyəsiz evlər qalmadı.
“Bizim çıxış yolumuz yoxuydu, heç kim bizə kömək etmək istəmir, – Yeni rayonda baş tutmayan məskunlaşmanın təşkilatçılarından biri olan Amra Kvitsiniya deyir.
“Biz istəmirik ki, övladlarımız da bizim kimi evsizlikdən əziyyət çəksinlər, – bu “aksiyanın daha bir üzvü Lavrenti Fet-oğlu izah edir.
Lavrenti niyə məhz bu evi seçməklərinin səbəbini də başa salır: “Bu, ən köhnə evdir, biz hətta onu təmir etməyə də hazır idik. Buna bu gün kirayə haqqını ödədiyimiz pulu xərcləyərdik.
Bu insanlara qanuna riayət etmək çağırışı ilə müraciət etmək demək olar ki, mənasızdır. Birincisi, bu hüquq mədəniyyəti xaricində böyüyən nəsildir. İkincisi, gənc nəslin gözündə mülkiyyətin müharibədən sonrakı bölgüsü legitim deyil, məlum səbəblər üzündən onlar bu bölgüdə iştirak etməyiblər. İndi də onlar daha bir mülkiyyət bölgüsü keçirməyi təklif edirlər və niyə yaşlı nəslin edə bildiyinin indi onlara qadağan olunduğunu anlamırlar.
Bu gənclərə əlləri ayaqları olduğunu və ev almaq üçün özləri pul qazanmalı olduqlarını demək mənasızdır. Birincisi, bu yalandır, onların qazanc yerləri yoxdur, Abxaziyada əmək bazarı minimal səviyyədədir. İkincisi, belə olan halda dövlət gənclərdən həyatda uğur qazanmaqlarını tələb edə bilməz, çünki onların inkişafları üçün heç nə – nə təhsil, nə də imkan verməyib. Bu, həmin o “itirilmiş nəsildir və bunun hesabını ödəmək lazımdır.
Niyə belə oldu
Müharibədən sonra, artıq 2000-ci illərdə Abxaziyada mənzillərlə bağlı prinsipial olaraq yeni bir vəziyyət yarandı. Çoxlu sayda boş, amma “tutulmuş mənzil və evlər (onların heç də hamısı hətta indi də rəsmi qeydiyyatdan keçməyib) məzənnəsinin artması ümidiylə ehtiyatda saxlanılan valyuta rolunu oynamağa başladı. Hətta ötəri nəzər salmaqla görmək mümkündür ki, Abxaziyada daşınmaz əmlakın satışı barədə elanların sayı alışla bağlı elanların sayından təxminən yüz dəfə çoxdur.
Bu, qeyri-adi bir vəziyyətdir – misal üçün, Moskvada 1930-cu illərdə analoji böhran mənzillərin azlığı ilə bağlı olub, müasir Abxaziya isə əksinə, mənzil bolluğundan əziyyət çəkir.
Nə etməli
2015-ci ildə həmin o böyük miqyaslı “zəbtdən sonra Abxaziya hökuməti ilk dəfə təkcə həvəsləndirmə məqsədiylə repatriantları və ayrı-ayrı şəxsləri deyil, həm də evə ehtiyacı olan sıravi vətəndaşları da pulsuz mənzillərlə təmin etməyin vacibliyi barədə düşünməyə başladı.
İlk nəticələr aşağıdakı kimidir: Nazirlər Kabineti on gənc ailəyə Suxum şəhəri, Krasnomayskaya küçəsi, 92a ünvanında ev verilməsi barədə qərar çıxarıb. Mənzillər repatriantlar üçün nəzərdə tutulmuş dövlət mənzil fondundan götürülüb.
Suxum mənzil idarəsinin rəhbəri Sergey Matosyan deyir ki, bununla belə gənc ailələrin “sosial mənzillərlə təmin olunması ilə bağlı ayrıca proqram yoxdur.
“Həmin on mənzili alan on gəncə görə çox şadam, amma bütün bunlar çoxlu sayda sual ortaya qoyur. Hüquqi baxımdan danışsaq təbii ki, burada çox böyük pozuntuya yol verildiyini deyə bilərik. Digər tərəfdən, həmin gənclər çıxılmaz bir vəziyyətə düşüblər. Amma yenə də əksəriyyətinin heç Suxumda qeydiyyatı belə yoxdur, – Sergey Matosyan deyir.
Matosyan bildirir ki, həmin on ailəyə mənzil veriləndən sonra iş otağının qarşısında həmin o bəxtəvərlərin siyahısına düşmək istəyənlər uzun növbəyə düzülürdü: “Orada baş verənlərin əlindən işə də getmək istəmirdim.
“İndi də sosial mənzillər evləri hərbi əməliyyatlar və ya təbii fəlakət nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşən adamlara verilir, – Matosyan deyir.
“Əlbəttə ki, biz çoxdan dünyada qəbul olunan sistemə keçməliyik və insanlar özləri özlərinə ev almağa görə məsuliyyət daşımalıdırlar. Amma axı bu, çoxlu sayda digər problemlərin həllindən sonra mümkündür. İlk növbədə, bu kiçik maaş və ipoteka kreditlərinin olmamasıdır. Bu vəziyyət nə vaxt dəyişəcək – məlum deyil, – Matosyan deyir.
Başqa dövlətlərin təcrübəsi
İnkişaf etmiş ölkələrdə yaşayış fondunun özəl və sosial sektorlara dəqiq bölgüsü mövcuddur. Bu, mənzil siyasətinin formalaşdırılması üçün strateji vacib məsələdir, çünki sektorların hər birində müxtəlif prioritetlər, mexanizm və qaydalar var.
Büdcə xərclərinin azaldılmasında maraqlı olan hər bir hökumət özəl sektorun artması və mahiyyətcə dotasiya xarakterli olan sosial sektorun azaldılması üçün şərait yaratmağa can atır.
Misal üçün, Böyük Britaniyada özəl sektor mənzil fondunun ümumi həcminin 69 faizini təşkil edir və özəl mülkün inkişafı dövlətin iqtisadi siyasətinin prioritetidir. ABŞ-da özəl sektor bir az da böyükdür – 92 faiz.
Daha bir misal, elə həmin Böyük Britaniyada Rusiyadakı kimi vaxtıykən mənzillərin özəlləşdirilməsi həyata keçirilib. 1,3 milyon ingilis mülkiyyətçi oldu. Dövlətdən böyük endirimlə alınan bu evlər sosial mülkiyyətçilər idarəsində qalır və yeni sahiblərinin şəxsi mülkiyyətində olmasına baxmayaraq, sosial ev hesab olunur.
“Biz heç bir yeni sosial ev tikmirik, çünki büdcədə bu vəsait yoxdur, RF-nın sərmayə proqramı isə belə bir maliyyə dəstəyini nəzərdə tutmur. Buna görə də proqnozlar ürəkaçan deyil. 23 il ərzində dövlət bir metr belə sosial ev tikmədi. Biz insanların ərizələrini qəbul etməkdə davam edirik, amma hələlik kömək etmək imkanımız yoxdur, – Sergey Matosyan deyir.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 11.11.2016