İkinci gündür ki, Azərbaycanda koronavirusa yoluxma hallarının kəskin artımı müşahidə olunur. İyunun 16-da Venesuela prezidenti Nikolas Maduro nümayəndə heyəti ilə birlikdə Bakıya gəlib. Səhəri gün Azərbaycan prezidenti İlham Əliyev qonağı video-konfrans formatında qəbul edib. Rəsmi informasiyaya əsasən, Venesuela nümayəndə heyətinin üzvləri arasında koronavirus aşkarlanıb.
Son həftələr ərzində Azərbaycanda koronavirusa yoluxmada azalma tendensiyası davam edirdi. Sutka ərzində aşkarlanan yeni yoluxma hallarının sayı 10 nəfəri aşmır. Ölüm halları sıfıra bərabərdir.
Amma ölkədə artıq ikinci gündür ki, COVID-19 virusuna yoluxma statistikası kəskin artıb. İyunun 170də verilən məlumata əsasən yeni yoluxma halı 34, bu gün isə 26 olub. Uzun fasilədən sonra bu gün koronavirusdan bir ölüm halı haqda da bildirilib.
İnfeksiyanın qəfil artımının Venesuela prezidenti Nikolas Maduronun başçılığı altında nümayəndə heyətinin Bakıya gəlişi ilə üst-üstə düşməsi diqqət çəkir.
İyunun 16-da Azərbaycanın xəbər saytları Venesuela prezidentinin ölkəyə səfəri haqda məlumat yayıblar.
Azərbaycan prezidenti İlham Əliyev Venesuela prezidenti Nikolas Maduronu video-konfrans formatında qəbul edib. Foto: AzərTac
İyunun 17-də Azərbaycan prezidenti İlham Əliyev Venesuela prezidenti Nikolas Maduronu video-konfrans formatında qəbul edib. Rəsmi mənbələrdən verilən məlumata əsasən, Venesueladan gələn nümayəndə heyətinin üzvləri arasında koronavirusa yoluxma halının aşkarlanması formatın dəyişməsinə səbəb olub.
Hələlik Venesuela nümayəndə heyətində konkret kimin COVID-19 virusuna yoluxduğu, xəstələrin harada müalicə və ya təcrid olunduğu haqda açıqlama verilməyib.
İyunun 17-də Nikolas Maduronun Azərbaycanı tərk etdiyi haqda məlumat yayılıb.
Azərbaycanda koronavirus pandemiyasına görə ölkə daxilində elan olunmuş demək olar ki, bütün qadağalar ləğv olunub. Hazırda vətəndaşlardan sadəcə qapalı məkanlara daxil olan zaman koronavirusa qarşı tam vaksinasiyadan keçdikləri haqda COVID-pasport tələb olunur.
Həmçinin ölkədə xüsusi karantin rejimi davam edir və qonşu dövlətlərlə quru sərhədləri bağlı olaraq qalır. Bu rejim 2022-ci il iyunun 30-a qədər davam etməlidir.