Venesiya Komissiyası Azərbaycanın “Media haqqında” qanununu tənqid edib
Avropa Şurası iştirakçısı olan ölkədə belə qanun tətbiq edilə bilməz. Venesiya Komissiyasının Azərbaycanda 2021-ci ildə qəbul edilmiş “Media haqqında” qanunla bağlı verdiyi hüquqi rəyi belə xülasə etmək olar. Bu qanunun qəbul edilməsi Bakıda müstəqil jurnalistlərin kütləvi aksiyaları ilə müayiət olunub. Ekspertin fikrincə, ölkə hələ də işləməyən növbəti ölü doğulmuş sənədin şahidi olub.
- Azərbaycanın quru sərhədləri açılmayacaq
- Azərbaycanda dini hərəkat üzvü polis tərəfindən zorlandığını bildirib
- Reportyor və LGBTI+ fəalı Əvəz Hafizlinin qatilinin məhkəməsi başlayıb
İyunun 17-18-də Venesiya Komissiyasının plenar iclasında Azərbaycanda qəbul olunmuş “Media haqqında” qanun üzrə hüquqi rəy müzakirə olunub. Komissiyanın dörd üzvünün işi nəticəsində 22 səhifəlik sənəd ərsəyə gəlib.
Venesiya Komissiyası (rəsmi Hüquq Vasitəsilə Demokratiya Naminə Avropa Komissiyası) 1990-cı ildə Avropa Şurası yanında yaradılmış konstitusion hüquq üzrə məşvərət orqanıdır.
2002-ci ildən AŞ-a daxil olmayan ölkələr də komissiyada iştirak edə bilir. Sessiyalar Venesiyada keçirilir, komissiyanın qeyri-rəsmi adı da buradan gəlir. Komissiyanın üzvləri Avropa Şurası iştirakçıları olan ölkələr də daxil olmaqla 60 dövlətdən ibarətdir.
“Avropa Şurası iştirakçısı olan ölkədə belə qanun tətbiq edilə bilməz”, – azərbaycanlı hüquqşünas Xalid Ağaliyevin fikrincə, qanunla bağlı ekspertlərin rəyini belə xülasə etmək olar.
“Ötən ilin sonunda tələm-tələsik parlamentə çıxarılıb, qəbul edilən qanun layihəsini elə həmin vaxt mürtəce hesab etmişdik, onun mediamıza töhfə yox, zərbələr vuracağını söyləmişdik. 20-30 səhifəlik təkliflər də hazırlayıb təqdim etmişdik, təəssüf ki, nəzərə alınmamışdı. Tələm-tələsik hazırladığımız təkliflər əsasən, 20-25 maddəyə fokuslanmışdı. VK da öz rəyində həmin müddəaları əsas hədəf alıb. Rəy genişdir, məzmununu aşağıdakı qısaltmalarla ifadə etmək olar”, – hüquqşünas Facebook səhifəsində yazıb.
Venesiya Komissiyasının rəyində nə deyilir?
Xalid Ağaliyev Avropa Şurası komissiyasının qanunla bağlı hüquqi rəyini qısaca olaraq belə ifadə edib:
“Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə malik olacaq.
Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, qanun olduğu kimi tətbiq edilməməlidir.
Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır”, Venesiya Komissiyası “Media haqqında” qanunun ifadə azadlığına başlıca təhdid mənbəyi olan bir çox müddəalarının ləğvini istəyir. Həmin müddəalar əsasən, aşağıdakılardır:
- Qanunun 26-cı maddəsi – KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin;
- Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır;
- akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır;
- məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq;
- jurnalsit qaynaqlarının qorunması ilə bağlı müddəaları dəyişdirmək;
- platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək;
- çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır”.
Azərbaycanda “Media haqqında” qanun 2021-ci il dekabrın 30-da parlamentdə üçüncü oxunuşda qəbul edilib. Elə həmin gün Milli Məclis binası qarşısında müstəqil jurnalistlərin bu sənədə qarşı kütləvi aksiyası baş tutub. 2022-ci il fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev “Media haqqında” qanunu imzalayıb və qanun qüvvəyə minib.
Venesiya Komissiyası qanunun müəyyən etdiyi “jurnalist” anlayışının, gizli çəkilişlərə qoyulan qadağanın qüsurlu olduğunu xüsusi qeyd edib – Xalid Ağaliyev qeyd edib. Bildirilib ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin gərəkli olduğu vurğulanıb.
“Qanun Azərbaycanda media sektoru ilə bağlı demək olar ki, hər şeyi, o cümlədən onlayn medianı tənzimləməyi hədəfləyir. Qanun zatən çox məhdudlaşdırıcı olan qanunvericilik mühitində həddindən artıq tənzimləmənin ən bariz nümunəsidir. Qanunun hər hansı özünütənzimləməyə heç bir yer qoymaması və dolayısı ilə, Media Agentliyinin Media Nazirliyi rolunu öz üzərinə götürməsilə, məsuliyyətli jurnalistikanın var olma potensialını məhdudlaşdırması təəssüf doğurur. Qanun, medianın “ictimai nəzarətçi” rolunu yerinə yetirməsi üçün gərəkli şərtləri təmin etmək yerinə, medianın fəaliyyətlərini məhdudlaşdırmağa hədəflənib”, – Venesiya Komissiyasının rəyində deyilir.
Şərh
Qanun reallıqda hələ də işlək deyil – JAMnews-un Azərbaycan redaksiyasının redaktoru Hüseyn İsmayılbəyli deyir.
“Baxmayaraq ki, “Media haqqında” qanun məxsusi olaraq yeni il ərəfəsində qəbul edildi, prezident onu ancaq 40 gün sonra imzaladı. Buna qədər bir çox beynəlxalq təşkilatlar parlamentin qəbul etdiyi bu sənədi tənqid etdilər, hətta ekspertlər dövlət başçısının qanunu yenidən işlənməsi üçün parlamentə geri qaytaracağını göözləyirdi. Amma bu baş vermədi.
Qanun qüvvəyə minəndən təxminən beş ay sonra biz əslində nə görürük? Düzü, heç nə görmürük. O, reallıqda işlək deyil.
Mən hələ heç kimdən media reyestri, vahid jurnalist vəsiqələri haqda eşitməmişəm. Müstəqil jurnalistlər əvvəl olduğu kimi sakitcə öz işlərini görürlər. yeni qanunla jurnalist olmadıqları üçün heç kim onları qovmur, mühakimə etmir.
Hətta Daxili İşlər Nazirliyiyeni qanun qızğın müzakirə olunduğu ərəfədə küçələrdə sorğuların keçirilməsi ilə bağlı xəbərdarlıq bəyanatı da yaymışdı. Bu da tezliklə unuduldu.
Başqa sözlə, biz növbəti ölü doğulan qanunun şahidi olduq. Qanun faktiki olaraq işləmir.
Venesiya Komissiyasının rəyinə gəlincə, əmin deyiləm ki, kimsə artıq qəbul edilmiş və prezident tərəfindən imzalanmış qanuna dəyişiklik edəcək. Amma qanunun işləyəcəyinə də inanmıram. Belə qeyri-müəyyən, amma bizim reallıq üçün qətiyyən yeni olmayan vəziyyət”, – İsmayılbəyli qeyd edib.