“Vardanyan Rusiyanın layihəsi olsaydı, yol açıq olardı” – Tomas de Vaal
Tomas de Vaalın “Turan”a müsahibəsi
Britaniyalı ekspert Tomas de Vaal Azərbaycanın “Turan” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan 2020-ci il müharibəsinə qədər istədiyi hər şeyin 90 faizinə nail olub. “Şübhəsiz ki, Moskva ilə Bakı arasında bəzi pərdəarxası danışıqlar var”, – o, Laçın yolundakı vəziyyətdən danışarkən qeyd edib. Qarabağ ermənilərinin yeni lideri və onun Kremlin layihəsi olduğu haqda iddialara toxunan de Vaal deyib: “Vardanyan Rusiyanın layihəsi olsaydı, yol açıq olardı”.
- İlham Əliyev: “Bizim üçüncü müharibəni başlatmaq niyyətimiz yoxdur”
- Yerevan və Bakı razılılaşmadan uzaqdır: Paşinyan və Əliyevin son bəyanatları
- Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artıb – ekspertlər narazıdır
Ermənistanın Azatutyun (Azadlıq) radiosuna müsahibəsindən bir neçə gün sonra britaniyalı ekspert, Qafqaz üzrə tədqiqatçı Tomas de Vaal Azərbaycanın “Turan” xəbər agentliyinin suallarını cavablandırıb.
“Paşinyan ən diplomatik lider deyil”
Tomas de Vaalın fikrincə, ötən gün Nikol Paşinyan və İlham Əliyevin demək olar ki, eyni vaxtda mətbuat konfransı keçirmələri düşünməyə vadar edir.
“Nikol Paşinyanın çıxışı onun KTMT və bütövlükdə Rusiya ilə bağlı fikirlərinin davamı idi. Paşinyan özü ən diplomatik lider deyil və nə düşündüyünü açıq deyir. Onun Rusiyaya qarşı incikliyi hiss olunurdu ki, Rusiya tərəfi həm hərbi, həm də siyasi baxımdan etibarsız tərəfdaşdır”.
De Vaal xatırladıb ki, Nikol Paşinyan hələ müxalif siyasətçi olarkən Ermənistanın AAİİ və KTMT-yə üzvlüyünə qarşı çıxıb. “Onun bu çıxışları da şəxsi siyasətinin davamıdır”, – ekspert qeyd edib.
“O başa düşür ki, Rusiya indi Ermənistan üçün məcburi müttəfiqdir və o, Fransa, Avropa ölkələri və ABŞ ilə daha geniş əlaqələr qurmaq istəyir. Amma reallıq başqadır. Rusiya faktiki olaraq Ermənistanın və hazırda Qarabağın erməni əhalisinin yaşadığı hissəsinin təhlükəsizliyini təmin edən yeganə ölkədir”, – deyə britaniyalı tədqiqatçı Ermənistanın baş naziri haqda sözlərinə əlavə edib.
“Qısa perspektivdə heç bir sülhdən söhbət gedə bilməz”
Tomas de Vaal regiona beynəlxalq mandata malik sülhməramlıların dəvət olunması mövzusu ilə bağlı fikirlərini bölüşüb.
“Beynəlxalq sülhməramlıların dəvət olunması perspektivi hazırda ekspert icmasında geniş müzakirə olunur, çünki aydındır ki, Azərbaycanla Ermənistan arasında qısa müddətdə hər hansı sülhdən danışmaq mümkün deyil. 2025-ci ildə isə Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatır”, – o deyir.
“Ona görə də sülhməramlı missiyanı hansısa formada davam etdirmək lazımdır. Amma Ukraynadakı müharibədən sonra Rusiya tərəfi heç kəsi qane etmir. Həm Ermənistanda, həm də Azərbaycanda Rusiyaya inam çox aşağıdır. Bəlkə də Qarabağın özündə bir az yüksək ola bilər, amma hesab edirəm ki, son bir ayda baş verənlərdən sonra Qarabağda da inam azalıb.
Sual yaranır: bu missiyanı hər iki tərəfdə daha çox etimad göstəriləcək beynəlxalq missiya ilə əvəz etmək olarmı? İki əsas oyunçu olan Azərbaycan və Rusiyanın bu ideyanı qəbul edib-etməyəcəyi sual altındadır. Cavab hazırda mənfidir”, – deyə ekspert vurğulayıb.
“Təəssüf ki, dialoq alınmadı”
Qarabağın erməni əhalisinin yaşadığı hissəsinin statusu ilə bağlı Yerevan və Xankəndi arasında mümkün razılaşdırılmış mövqe barədə sualı cavablandıran de Vaal belə düşünmədiyini deyib:
“Mən hesab etmirəm ki, Yerevanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yumşaq, Xankəndinin isə daha sərt mövqeyi bu tərəflər arasında qarşılıqlı razılaşmanın bəhrəsidir. Eyni məsələ ilə bağlı iki fərqli mövqedən söhbət gedir.
Qarabağ erməniləri 80-ci illərdən Azərbaycandan ayrılmaq istəyiblər və onların mövqeyində heç nə dəyişməyib. Bu həmişə belə olub. Başqa bir şey budur ki, 2020-ci ildən sonra reallıq dəyişdi. Yerevan, təbii ki, bunu daha yaxşı başa düşür.
Bəla ondadır ki, Qarabağ ermənilərinə daha yumşaq yanaşma olsaydı, onlarla dialoqa başlamaq olardı. Ümid edirdim ki, müharibədən sonra Bakı ilə Qarabağ erməniləri arasında bu regionun gələcəyi ilə bağlı razılığa gəlmək imkanı yaranacaq.
Coğrafiyanı dəyişə bilməzsən. Bu rayon Azərbaycan ərazisi daxilində yerləşir. Digər tərəfdən, siz tarixi dəyişdirə bilməzsiniz. Orada münaqişə 20-ci əsrin əvvəllərindən davam edir. Elə inanclar var ki, onları dərhal dəyişdirmək mümkün olmur.
Təəssüf ki, dialoq alınmadı. Bakı Qarabağ ermənilərinə praktiki olaraq heç nə təklif etmir. Müvafiq olaraq Qarabağ erməniləri maksimalist mövqelərini qoruyub saxlayırlar”.
“Öz ölkəsinin vətəndaşlarına qarşı anormal münasibət”
Britaniyalı Qafqaz tədqiqatçısı Tomas de Vaal da Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olması ilə bağlı rəsmi açıqlamalara da münasibət bildirib.
“Bəli, Azərbaycan bəyanatlar verir ki, bu insanlar bizim vətəndaşlarımızdır. Amma son bir ayda gördüyümüz ölkə vətəndaşlarına, yumşaq desək, anormal münasibətdir. İnsanlar hərəkət etmək, yemək, dərman almaq imkanından məhrum olablar. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin bu açıqlamalarına inananlar azdır.
Bu bəyanatlar daha çox xarici auditoriyaya hesablanıb. Hər kəs yaxşı bilir ki, Bakının əsas məqsədi Qarabağ ermənilərini tamamilə özünə tabe etməkdir. Söhbət var ki, Bakı Qarabağı ermənilərsiz görmək istərdi. Məncə bunu çoxları başa düşür.
Həqiqətən də ümid var idi ki, Bakı ilə Qarabağ erməniləri arasında münasibətlərin yeni fəsli başlaya bilər, bütün münaqişənin kökündə də elə bu dayanır.
Azərbaycan 2020-ci il müharibəsinə qədər istədiyi hər şeyin 90 faizinə nail oldu. Bu, Ermənistanın işğalı altında olan nəhəng bir ərazinin azad edilməsidir və kommunikasiyaların açılması imkanı var idi ki, bu da Ermənistan, Azərbaycan və bir çox başqa ölkələr üçün faydalıdır.
Düşünürəm ki, Qarabağ ermənilərinin məsələsini təxirə salıb, digər məsələlərdə irəliləyiş əldə etmək olardı.
Təəssüf edirəm ki, Qarabağ ermənilərinin statusu məsələsinə görə bütün digər böyük məsələlər – kommunikasiyaların açılması, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması arxa plana keçib”, – ekspert qeyd edib.
“Vardanyan Rusiyanın layihəsi olsaydı, yol açıq olardı”
“Müharibə bitəndən sonra həqiqətən də Azərbaycan hakimiyyəti ilə Qarabağda bu yaxınlarda istefa vermiş Vitali Balasanyan kimi şəxslər arasında təmaslar gedirdi. Amma mən düşünmürəm ki, bu təmasların hər hansı ictimai əsası olub. Daha çox pərdəarxası təmaslar idi, nə olduğu bəlli deyil. Ermənilər tərəfdə bunun Stepanakertdəki məmurları satın almaq cəhdi olduğuna dair şübhələr var idi. Təbii ki, mədənlər və yataqlarla bağlı kommersiya xarakterli danışıqlar da gedirdi.
Ruben Vardanyana gəlincə, onun Rusiya layihəsi olması ilə bağlı deyilənlərlə razılaşmıram. Vardanyan Rusiyanın layihəsi olsaydı, yol açıq olardı. Yolun bağlanması və Rusiyanın blokadanın açılmasını aktiv şəkildə tələb etməməsi Vardanyanın etibarını sarsıdır. Moskvanın layihəsi olsaydı, bu, baş verməzdi.
Vardanyanın Britaniya və Amerikada geniş əlaqələri var. Bəli, o, ora Rusiyanın razılığı ilə gedib, amma məncə, onun öz gündəmi var. Gündəmin nədən ibarət olduğunu təxmin etmək çətindir, amma istisna etmək olmaz ki, Vardanyan Qarabağı artıq Yerevanda, Ermənistanın özünün siyasi arenasında öz ambisiyaları üçün siyasi platforma kimi görür.
Vardanyanın Qarabağda hakimiyyətə gəlişinin Bakının Qarabağ ermənilərinin elitası ilə mümkün razılaşmalar üzrə planlarını pozmasına gəlincə, bu, təbii ki, baş verir”, – de Vaal Bakı ilə Xankəndi arasında potensial təmaslar barədə sualı cavablandırıb.
“Rusiya Laçın yolundakı vəziyyətlə bağlı niyə fəaliyyətsizdir?”
Ekspert əmindir ki, azərbaycanlı fəalların etiraz aksiyasının düz bir aydır davam etdiyi Laçın yolunda mövcud vəziyyətə görə “Moskva ilə Bakı arasında hansısa pərdəarxası danışıqlar gedir”:
“Azərbaycanın Laçın yolunun rejiminin dəyişdirilməsi tələbi var. Oradakı rejimin şəffaf olmadığı, bu yolda kimin və nəyin gedib-gəldiyi bəlli deyil. Amma təbii ki, bunlar Bakının mövcud vəziyyətlə bağlı tələbləri sadəcə bundan ibarət deyil.
Rusiya niyə fəaliyyətsizdir? Çox fərqli versiyalar var və mən kənardan baxan şəxs kimi ancaq onu deyəcəyəm ki, Moskva həmişə olduğu kimi Yerevanla Bakı arasında manevrlər edir. Yolun bağlanması müəyyən mənada Yerevana, Paşinyana təzyiq rıçaqıdır. Bu, şübhəsiz belədir.
Rusiyanın mövqeyi də bir il əvvəlkindən xeyli zəifdir. Buna səbəb Ukraynadakı müharibədir. Bu səbəbdən Rusiya böhran zamanı çox vacib qonşu və cənuba yol olan Azərbaycana qarşı çox ehtiyatlı davranır.
Rusiya Azərbaycanı çox da qıcıqlandırmaq istəmir. Çox güman ki, pərdəarxası danışıqlar gedir. Rusiya o zaman müdaxilə edəcək ki, özünü sülhməramlı, vasitəçi kimi göstərə bilsin. Amma o an hələ gəlməyib”.
“Əliyev bu vəziyyətdən istifadə etmək istəyir”
“İlham Əliyevin dünənki bəyanatlarından danışarkən mən 2022-ci ilə qayıtmaq istərdim. Əliyev ötən il Naxçıvana yolun açılması, sərhədlərin delimitasiyası, bunun da nəticədə Azərbaycan anklavlarının geri qaytarılması, Ermənistanla sülh müqaviləsi imzalanması haqda razılaşlmaların əldə edilməsini istəyirdi. Kifayət qədər ciddi görüşlərin və danışıqların keçirilməsinə, Yerevana hərbi təzyiqlərə baxmayaraq, heç nə baş vermədi.
Əliyev bir daha Ermənistana daha zəif olduğunu və onun səbrinin əbədi olmadığını, lazım gələrsə, güc tətbiq edə biləcəyini xatırladıb.
Düşünürəm ki, burada zaman faktoru var. 2023-cü ilin Ermənistan üçün son şans olmasından danışan Əliyev hesab edir ki, indiki məqam Azərbaycan üçün kifayət qədər münasibdir. Rusiya Ukraynada müharibə ilə məşğuldur, Ərdoğan hələ ki, Türkiyədə hakimiyyətdədir. Bu yay Ankarada hakimiyyət dəyişsə, Azərbaycanla Türkiyə arasında münasibətlərin necə dəyişəcəyi məlum deyil. Bu arada Aİ Azərbaycana etibarlı enerji tərəfdaşı kimi baxır.
Bir ildən sonra nə olacağı bilinmir. Əliyev bu məqamdan istifadə etmək istəyir. O, hesab edir ki, Ermənistan vaxtı uzadır və bəlkə də bunda haqlıdır. Ermənistan da bir ildən sonra mövqelərinin daha sərfəli olacağını düşünə bilər.
Amma tərəflər başa düşməlidirlər ki, yalnız ciddi danışıqlar yolu ilə ciddi nəticəyə nail olmaq olar. Ermənistan Naxçıvana gedən yolu, Azərbaycan da Laçın yolunu bağlaya bilər. Əslində isə heç kim bundan heç nə qazanmır.
Azərbaycan dairələrində çox danışılır ki, əslində Ermənistan Bakı üçün elə də böyük məsələ deyil. Rusiya və İranla düzgün münasibətlər qurmaq daha vacibdir. Mən də hesab edirəm ki, əgər Azərbaycan və Ermənistan ciddi razılaşmalar əldə etsələr, regional kommunikasiyalar açılsa, Ermənistan və Türkiyə arasında sərhədlər açılsa və Rusiyanın Ermənistandakı rolu dərhal zəifləsə, o zaman Azərbaycan strateji resurslarını özü üçün daha vacib məsələlərin həllinə yönləndirə bilər”, – deyə Tomas de Vaal sözlərini yekunlaşdırıb.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube