Vakuum
foto :Aynurə Əliyeva
Marşrut avtobusu ilə Tbilisiyə cəmi 35 dəqiqəlik yoldur. Amma burada yaşayanlar deyirlər ki, öz ölkələrində baş verən hadisələr barədə məlumat al bilmirlər.
Burada müəyyən sayda hər şey var: televiziya, internet, qəzetlər. İki sual yaranır – bu, nə cür mediadır və onları kim oxuya və izləyə bilir?
Gürcüstanın müstəqillik qazanmasından 5, 10, 20, 25 il keçdi. Çox sayda müxtəlif dövlət və qeyri-dövlət layihələri və proqramları, bunlara xərclənən böyük məbləğdə pul – bununla belə, ölkədəki etik azlıqların yaşadığı informasiya vakuumu heç cür aradan qalxmır. Hazırda söhbət Kvemo Kartlidəki azərbaycanlılardan gedir.
Əsas problem elə əvvəlki kimi sadədir – burada kompakt yaşayan və regionun mütləq əksəriyyətini təşkil edən təxminən 200 min azərbaycanlı gürcü dilini bilmir.
İnsanlar bu problemi təkbaşına həll edə bilməz
29 yaşlı Amil Məmmədov Marneuli bələdiyyəsinin Kutliari kəndində yaşayır. Bu kənd Marneuli regional mərkəzindən təxminən 20 kilometr aralıda yerləşir. Rayon mərkəzinə gəlmək üçün ona 15 dəqiqə vaxt lazımdır. Yolu bu yaxınlarda bərpa ediblər – əvvəllər bu 20 kilometr çalalardan ibarət idi ki, onları keçməyə də bir saat vaxt sərf edirdin.
Bu gün yol qaydaya salınıb, bələdiyyə nəqliyyatı qrafik üzrə işləyir, avtobus hər üç saatdan bir çıxır. Amma axşam saat 6-ya qədər. Bununla belə əksər kəndlilər çox razıdır, çünki bu yaxınlara qədər bu da olmayıb.
Amil bir ay əvvəl evlənib. Toydan sonra da birinci növbədə həyat yoldaşının sənədlərini qaydaya salmağa başlayıb. Xanımının əlində sənətinin olmasını istəyir. Özü də həftədə üç dəfə kənddən Marneuliyə “Gürcü dili evinə gedir. Gürcü dilini öyrənmək istəyir.
O, həmişə dövlət dilini bilməyə ehtiyac duyub. Amma oxumaq imkanı heç də həmişə olmayıb. Deyir ki, məktəbdə təhsil səviyyəsi həddən artıq aşağı olub. “Məktəbdə oxuduğumuz bu qədər il ərzində gürcü dili dərslərində keçdiyimiz ancaq əlifba olub, – Amil deyir.
Ətrafın da böyük əhəmiyyəti var. Məktəbdən sonra o, Marneulidəki tibb kollecini bitirib. Bu, çox çətin idi – dərslər əsasən onun bilmədiyi gürcü dilində keçirilirdi, mühazirələr qismən Azərbaycan və rus dillərində oxunutdu. Ali təhsil barədə düşünməyin mənası yoxuydu. O isə çox istəyirdi.
Marneuli şəhəri gürcü regionları arasında öz çoxmillətliliyi ilə seçilir. 73 kənd və 137,314 nəfər əhali, onların 83,1 faizi azərbaycanlılardır. Qalanları gürcülər, ermənilər, yunanlar və ruslardır.
“Məktəbi bitirəndə gürcü dili haqqında heç bir təsəvvürüm yoxuydu. Kiçik qardaşım da məndən sonra eyni yolu keçdi. Məktəbimizdə təhsilin səviyyəsi indi də qalxmayıb. Bu yaxınlarda sənəd üçün dövlət reyestrinə müraciət etməli oldum, konkret nə istədiyimi də başa sala bilmədim, təmiz rüsvayçılıqdır, – Amil Məmmədov deyir.
Azərbaycan telekanalları sağ olsun
Amil öz ailəsi və həmkəndliləri üçün vacib informasiya mənbəyidir, çünki tez-tez Marneuliyə gedir. Hər dəfə evə qayıdandan sonra qonşularına mərkəzlə bağlı aktual xəbərlər haqqında danışır. Hamı da başına yığışıb, qulaq asır, Amil onlar üçün televizor və qəzetləri əvəz edir. Çünki Gürcüstanın milli telekanalları və əsas internet nəşrləri ancaq gürcü dilindədir, buna görə də informasiya mənbəyi kimi yerli sakinlər üçün tam əhəmiyyətsizdir.
Rayonun bütün kəndlərində vəziyyət bu cürdür. Kənd şəhərdən nə qədər uzaqda yerləşirsə bir o qədər də informasiya almaq imkanından məhrumdur.
“Kəndin mərkəzində bircə mağazamız var. Kişilər orada “birjada yığışır və başqalarından eşitdiklərini müzakirə edirlər. Bütün seçkiqabağı dövrü də namizədləri, partiyaları bu cür müzakirə ediblər. Əlavə məlumatı da Azərbaycan telekanallarından alırıq. Sağ olsunlar – seçkiqabağı dövrdə onlar Gürcüstan haqqında çoxlu reportaj verdilər, – Amil deyir.
Çayxana informasiya mənbəyi kimi
“Gürcü jurnalistləri azərbaycanlı icmasını unudub. Redaktorlar da həmin dəqiqə başlayır ki: “nə etməliyik axı, onlar gürcü dilini bilmir… Amma bu, informasiyanı gizlətmək üçün uydurulan bəhanədən başqa bir şey deyil, – ekspert Zviad Koridze deyir.
“Siyasi partiyalar onların səslərini seçkilərdə qazanmaq istəyəndə vəziyyəti rahatca həll edə bildilər – bütün reklam materiallarını və bukletlərini Azərbaycan və erməni dillərinə tərcümə etdilər. Media da bunu edə bilər, onlar reallıqdan çıxış etməyə borcludur.
Amma bunu etmədilər. Buna görə də onların əvəzində Marneulidə çayxanalar işləyir. Şəhərdə çoxlu sayda olan bu çayxanalar kişilərin əsas görüş və söhbət yeridir.
Marneulinin populyar çayxanalarından birində domino oynayır və keçmiş seçkiləri müzakirə edirlər.
Ağ köynəkli orta yaşlı kişi eyni vaxtda həm domino oynayır, həm də çay içir. Bu, çayxanaya tez-tez gələn Süleyman Çobanovdur. Bir neçə il bundan əvvəl Çobanovun özü çayxana müştəriləri üçün informasiya mənbəyi olub, o vaxtlar Azərbaycan dilli “Zəka qəzetinin redaktoru işləyirdi.
Amma qəzet artıq neçə ildir ki, çıxmır və indi o çayxananı deyil, çayxana onu məlumatlandırır. Elə başqa yerli sakinləri də. “Regionda Azərbaycan dilində bir dənə də olsun qəzet yoxdur. Ümummilli kanallara baxmıram, çünki gürcü dilində heç nə başa düşmürəm. Çayxanada eşitdiklərimə inanmağa məcburam. Burada da hər kəs məlumatı başa düşdüyü kimi çatdırır. Hərə özündən nəsə uydurur, – Çobanov deyir.
“Çayxana bizin yeganə informasiya mənbəyimizdir, – masa arxasında oturan qırmızı idman paltarlı cavan oğlan söhbətə qoşulur.
Marneulinin özünün yerli televiziya şirkəti var, “Marneuli TV adlanır. Hər axşam studiyanın kiçik montaj otağında əməkdaşlar gürcü və Azərbaycan dillərində 15 dəqiqəlik xəbər buraxılışı hazırlayır. Televiziya ofisinin birinci mərtəbəsində də onların “newsroomu yerləşir, bu da çayxanadır.
“Biz rəqəmsal yayımdayıq, əhalinin hamısı isə satellit yayımdan istifadə edir. Ona görə də tamaşaçımız azdır. Satellit yayımına da keçə bilmirik, maddi imkanımız yoxdur, – “Marneuli TVnin direktoru, doqquz uşaq atası ağ saçlı Şalva Şubladze deyir.
Qadınlar və xəbərlər
Marneulidə qadınlar çayxanaya getmir. Bu, yazılmamış bir qanundur – qadınlara çayxanaya getmək qadağandır. Bu, tək kişilər üçün deyil, elə qadınların özləri üçün də qəbuledilməzdir.
46 yaşlı Gültəkin Abbasova mağazada satıcı işləyir. Bütün suallara təbəssümlə cavab verir. Mağaza sahibi onun üçün balaca televizor qoyub. Bütün günü Azərbaycanın ATV telekanalına baxır.
“Bütün günü ancaq Azərbaycan telekanallarına baxıram. Gürcüstanda baş verənləri isə axşam yoldaşım danışır, çayxanadan xəbər gətirir, – Gültəkin deyir.
Bu yaxınlarda daha bir imkan – “Marneuli icma radiosu yarandı. İnternetdən Azərbaycan dilində yayımlanır. Radioda 10 nəfər çalışır. Direktor gənc xanım Kamilə Məmmədovadır.
“Radioda azərbaycanlı və gürcü jurnalistlər işləyir. Problemlər barədə də danışırıq, həyati hekayələrdən də söhbət açırıq. Misal üçün, Marneulidə artıq 40 ildir ki, dondurma satan bir kişi yaşayır. Onun haqqında Marneuli sakinləri ilk dəfə bizim efirdən eşitdilər. Radionun verilişlərinin 90 faizi icmamıza həsr olunub, – Kamilə Məmmədova deyir.
Deməli, gənc nəsil müəyyən dəyişikliklər etməyə, Kvemo Kartlini Gürcüstanın qalan hissəsinə “birləşdirməyə çalışır. Amma imkanları hələ çox azdır. Buna görə də yaxın zamanlarda çətin ki, nəsə dəyişsin.