Vahid valyuta: medalın iki tərəfi
Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrdə artıq uzun müddətdir ki, vahid valyutanın tətbiqinin məqsədəuyğunluğu müzakirə olunur. Bir qisim iqtisadçılar hesab edir ki, vahid valyuta iştirakçı ölkələrin iqtisadiyyatlarının inkişafına müsbət təsir göstərəcək, o biri hissə iddia edir ki, bu məsələdə tələskənlik birliyin üzvlərinə ancaq zərər yetirə bilər. Bəs kimin arqumentləri daha əsaslıdır.
Vahid valyuta vasitəsiylə Sovet İttifaqına keçid
Ermənistanın siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin eksperti Ruben Meqrabyanın qiymətinə görə, vahid valyutanın yaradılması məsələsi heç də iqtisadi məqsədləri təqib etmir, bu siyasi məsələdir – Putinin AİB-nin Sovet İttifaqına çevrilməsi ideyasıdır:
“Qondarma Avrasiya Birliyi post-sovet ölkələrini udma və onların dövlətçiliyinin məhvi siyasətini aparan Rusiyanın arxasında gizləndiyi vualdır.
Bu, nə dərəcədə realdır
Vahid valyutanın istifadə olunduğu yeganə ərazi olan Avropa İttifaqında bu sistem yarım əsrdən çox müddət ərzində tətbiq olunub. AİB ərazisində vahid valyutaya keçmək üçün də illər lazımdır.
“Avropa İkinci Dünya Müharibəsindən sonra inteqrasiya proseslərinə başlayıb, amma vahid valyutanı ancaq 2000-ci illərdə tətbiq etmək mümkün oldu, çünki bu kifayət qədər mürəkkəb prosesdir, xüsusən də söhbət müxtəlif inkişaf səviyyələrində olan iqtisadiyyatlardan gedirsə, – iqtisadçı Tatul Manaseryan izah edir.
Onun sözlərinə görə, vahid valyuta iqtisadi inteqrasiyanın ali, dördüncü səviyyəsinə çata bilən ölkələrdə var. Bunun üçün onlar ilk növbədə ilk üç səviyyəni: 1. azad ticarət zonasını, 2. gömrük ittifaqını, 3. ümumi bazarı tam formalaşdırmalıdırlar. İqtisadi, sosial və büdcə-vergi siyasəti unifikasiya edilməmiş vahid valyutaya keçid çətin olacaq.
AİB-nin heç də bütün üzv ölkələri vahid valyuta ideyasını dəstəkləmirlər
Rusiyanın “Alfa-bankının əsas iqtisadçısı Natalya Orlova bildirib ki, iki ölkənin vahid valyuta məsələsiylə bağlı şübhələri var. Və bütün üzvləri bu məsələdə razılığa gəlmədən AİB vahid valyutaya keçə bilməyəcək:
“İş orasındadır ki, misal üçün, Qazaxıstan əməkdaşlıq vektorlarını Çin tərəfə yönəldib, Rusiya isə nisbətən müstəqil siyasətə üstünlük verməyə çalışır. Bu baxımdan baxsaq, birlik ərazisində rublun istifadəsi Qazaxıstan üçün maraqlı olmaya bilər.
Hər bir ölkənin özünün AİB çərçivəsində üst-üstə düşməyə biləcək geosiyasi maraqları var. Birlik Sovet İttifaqı iqtisadiyyatının əsaslarından çıxış edərək yaradılmışdır, indi isə reallıq fərqlidir. Buradan da maraqların uyğunsuzluğu yaranır.
Bununla belə, Orlova hesab edir ki, birlik ərazisində vahid valyutanın tətbiqi ölkələr arasında ticarəti asanlaşdıra bilər, çünki onlar valyuta mübadiləsi zamanı pul itirməyəcəklər.
Erməni xalqı vahid valyutanın tətbiqi haqqında nə düşünür
Vahid valyuta haqqında eşidən kimi, insanlar dərhal Sovet İttifaqını xatırlayırlar: “Onda da vahid valyutaydı.
74 yaşlı Anjelika Qriqoryan deyir ki, rublun olduğu sovet dönəmində hər şey daha asanıydı: “Mən rublla bütün dünyanı gəzmişəm, rubla Moskvaya, Leninqrada, Pribaltikaya getmişəm, bütün dünyanı səyahət etmişəm. İndi harasa getmək üçün pulu dəyişmək, qayıtmaq, yenidən valyutanı drama dəyişmək və yenə də valyuta mübadiləsi zamanı böyük məbləğdə pul itirməli olursan.
Vahid valyutanın tətbiq olunub-olunmaması Qayane Manukyanın fikrincə, onun həyatında heç nəyi dəyişməyəcək. 52 yaşlı rəqs müəlliməsi hesab edir ki, ərzağın qiymətinin dəyişməyəcəyi bir halda onun rubl və ya dramla alınmasında heç bir prinsipial fərq yoxdur:
“Adi adamlar üçün fərq yoxdur, rubla, drama yoxsa nəyə almaq… Bu böyük kapital toplayan varlılara güclü təsir edəcək. Yoxsa mənim üçün nə fərqi var, bir kömbə çörəyin pulunu rublla verəcəm, yoxsa dramla? Çörəyin qiyməti dəyişmirsə, əsginasda nəyin yazıldığı və ya çəkildiyi vacib deyil.
Müstəqilliyi itirmək hesabına vahid valyuta
Vahid valyutaya keçmək məsələsi, iqtisadçı, Milli Yığıncağın deputatı Mikael Mekonyanın fikrincə, dərinliyinə qədər müzakirə olunmalıdır, çünki milli valyutadan imtina dövlətçilikdən imtinaya bərabərdir, hər bir ölkənin valyutası onun müstəqilliyinin vacib atributudur:
“Vahid valyutaya keçid üçün ölkənin gələcəyinə baxışda ciddi siyasi transformasiyalara ehtiyac var, indiki zamanda isə buna heç kim hazır deyil, o cümlədən də Rusiya, – deyən Melkonyan öz müstəqilliyimizi qurban verməyə hazır olub-olmadığımız haqqında ciddi düşünməyi məsləhət gördü.
Rəsmi şərh
Milli Yığıncağın Daimi Komissiyasının iqtisadi məsələlər üzrə sədri, hakim respublikaçılar fraksiyasından olan deputat Vardan Ayvazyan qeyd etdi ki, hazırda iştirakçı ölkələr vahid valyutanın tətbiqinə hazır deyillər. Bu zaman o hansısa anda bunun reallığa çevrilə biləcəyini istisna etmədi. Ayvazyan vurğuladı ki, vahid valyutaya keçməzdən əvvəl AİB ölkələri arasında qarşılıqlı hesablaşma metodikası, hesab valyutası işlənib hazırlanmalıdır.
Bizim ikinci siyasi mənbəyimiz Ermənistan Respublikası Mərkəzi bankının prezidentidir. Artur Cavadyan bildirdi ki, AİB çərçivəsində vahid valyutaya keçid məsələsi hələ ki müzakirə olunmur, hazırda söhbət ancaq vahid hesab vahidinin yaradılmasından gedir.
Vahid hesab vahidi nədir? Əməkdaşlıq edən ölkələr bir valyutanı seçir (ABŞ dolları, rubl, dram, avro və ya istənilən başqa valyutanı) və dövlətlərarası hesablamaları bu valyutanın köməyi ilə aparırlar ki, razılaşma, idxal və ya ixracda vaxtaşırı valyutanın konvertasiyası zamanı itirməsinlər.