Vəzifədən gedən ATƏT-in MQ həmsədrinin bəyanatı Ermənistanda qızğın müzakirələrə səbəb olub
Riçard Hoqlandın bəyanatı “Amerikanın Səsi”nin Ermənistan xidmətində səslənəndən dərhal sonra Ermənistanda müzakirə olunmağa başlayıb və hələ də davam edir. Bəyanatın səbəbi Hoqlandın öz vəzifəsində səlahiyyət müddətini avqustun 28-də başa vuracağı və onu bu postda – artıq daimi həmsədr statusunda Endryu Şaferin əvəz edəcəyi haqda məlumat olub.
“O, təcrübəli yüksək rütbəli diplomatdır, son zamanlarda beynəlxalq təşkilatlarda ABŞ missiyasının işində müvəqqəti müvəkkil qismində çalışıb. Onun Kipr və digər münaqişələrin həllində real təcrübəsi var. Hazırkı ABŞ administrasiyası Qarabağ məsələsində öz mövqeyini dəyişmir. Bu məsələdə həmsədrin dəyişməsindən asılı olmayaraq, Amerikanın yanaşması dəyişməzdir”, – Hoqland deyib.
Hoqland nəyi təkrar edib?
Hoqlandın bəyanatında Qarabağ münaqişəsinin nizamlanmasına dair 2009-cu ildən müddəalar əks olunub.
Onlar tam şəkildə təqdim edirik:
- Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun yekun statusunu qarşılıqlı razılaşma və qarşılıqlı öhdəlik yaradan iradə ifadəsi ilə həll etməlidirlər;
- Bakının nəzarət etmədiyi keçmiş DQMV ərazisi ən azından muxtariyyətin təhlükəsizliyini və zəmanətini təmin edəcək müvəqqəti status almalıdır;
- Dağlıq Qarabağ ətrafındakı ərazi Azərbaycanın nəzarəti altına verilməlidir. Bu ərazilərə münasibətdə Azərbaycanın suverenliyi bərpa olunmalıdır;
- Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Bu dəhliz təhlükəsiz hərəkəti təmin etmək üçün yetəri qədər geniş olmalıdır. Amma eyni zamanda bu dəhliz bütün Laçın rayonunu əhatə edə bilməz;
- Uzunmüddətli nizamlama bütün məcburi köçkünlərin və qaçqınların əvvəl yaşadıqları yerlərə qayıtmaq haqqını tanımalıdır;
- Nizamlama özündə sülhməramlı missiyaları da birləşdirən beynəlxalq zəmanətləri əks etdirməlidir.
Ermənistanda Hoqlandın bəyanatında nə görüblər?
Ermənistanın siyasi çevrələrində bəyanatın özünü bir fakt olaraq, həmçinin onun məzmununu şərh etməyi vacib hesab ediblər, üstəlik hamı bildirirdi ki, onun bu dedikləri dəfələrlə səsləndirilib. Ekspertlər vurğulayırdılar: əgər bəyanat münaqişəyə cəlb olunmuş tərəflərin cəmiyyətlərinin necə reaksiya verəcəyini anlamaq üçün səsləndirilibsə, o zaman Ermənistanın reaksiyası ifadə olunmalıdır: torpaqların Azərbaycana verilməsi ilə bağlı müddəa Ermənistan üçün qəbuledilməzdir, xüsusən də 2016-cı ilin aprelində təmas xəttində cəziyyətin eskalasiyasından sonra.
Aşağıda Ermənistanda səsləndirilmiş bəzi şərhləri təqdim edirik.
Styopa Safaryan, politoloq, Ermənistanın Beynəlxalq məsələlər və Təhlükəsizlik İnstitutunun banisi
Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səsləndirdiyi variantErmənistan tərəfi üçün alçaldıcıdır… Bu, stabilliyin pozulmasına aparan yoldur. Müharibəyə zorla cəlb olunmuş və bu müharibənin əsas döyüşünü qazanmış bir ölkəyə belə bir şey təklif eləmək alçaldıcıdır. Bu, belə bir variantı müzakirə etməyə razılaşmış hakimiyyətlərin rüsvayçılığı və faciəsidir. Hakimiyyətlər həmişə düşünürlər ki, verməyə razılaşarıq, amma axı iş o yerə çatmaz, ürəklərinin dərinliyində ümid edirlər ki, hansısa olaylar vədi yerinə yetirməyə mane olar. Təcrübə göstərir ki, hətta əgər Ermənistan razılaşsa da, Azərbaycan razılaşmayacaq. Əliyev öz cəmiyyəti üçün həddən artıq yüksək planka müəyyən edib.
Stepan Qriqoryan, Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri
“Hoqlandın bəyanatını ciddi müzakirə etməyə belə dəyməz. Bunu əvvəl də bəyan edənlər olub, danışıqlar isə mahiyyət etibarilə yoxdur. Hoqlandın təklif etdiyi variant əslində heç mənim də xoşuma gəlmir. Əmin deyiləm ki, hazırda ərazilər haqda danışmağın yeridir. Danışıqların olmadığı bir şəraitdə bunu müzakirə eləmək mənasızdır. Təklif olunmuş “qəlib” hər iki tərəfi maraqlandırmalıdır”.
Qarik İsaqulyan, Ermənistan prezidentinin keçmiş müşaviri, “Milli Təhlükəsizlik” partiyasının sədri
İstisna deyil ki, Hoqlandın son bəyanatı Ermənistan prezidenti Serj Sarqsyanın Rusiya Federasiyası prezidenti Vladimir Putinlə görüşə hesablanıb. [Hoqlandın bəyanatı Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşü baş tutan gün səslənib.] Bu sadəcə xatırlatmadır. Ən azından ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bəyan etmək istəyirlər ki, bu mövzunun müzakirəsi zamanı onların da fikri nəzərə alınıb. Ermənistan Dağlıq Qarabağla bağlı istər Ermənistandakı, istərsə də Dağlıq Qarabağdakı erməni xalqının maraqlarına cavab verməyən heç bir güzəştə getmək niyyətində deyil.
Tevan Poqosyan, politoloq
ATƏT-in MQ-nun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın Qarabağ nizamlaması ilə bağlı bəyanatı Ermənistan gerçəkliyinə yeni gündəmin gətirilməsinə yönəlib. Bunu ABŞ-ın Qarabağla bağlı gələcək siyasətini xarakterizə edən yetərincə özünəməxsus diplomatik fənd kimi dəyərləndirmək olar. ABŞ-dan olan yeni həmsədr artıq müəyyən olunmuş yanaşma ilə gələcək və öz fəaliyyətini bu yanaşmaya uyğun quracaq.
Aram Sarkisyan, Ermənistan Demokratik Partiyasının sədri
Hoqland bu yolla zəmini yoxlamaq və tərəflərin artıq iyirmi ildən çoxdur ki, çürüməkdə olan münaqişənin həlli üçün nə dərəcədə pozitiv və ya neqativ kökləndiyini anlamaq istəyib. Və o öz məqsədinə çatıb. Onun bəyanatına gəlincə, məni daha çox onun səsləndirdiyi müddəalar yox, onlar yeni heç nəyin olmadığını dedikləri zaman Xarici İşlər Nazirliyinin bilavasitə reaksiyası daha çox maraqlandırır. Yəni belə çıxar ki, yeni heç nə yoxdursa, o zaman hazırkı mövqeləri müzakirə etməyə razılaşmısız. Əgər referendum keçirilməsə və Dağlıq Qarabağın müstəqilliyi tanınmasa, hər hansı danışıqların mənası yoxdur.
Bu daqda Dağlıq Qarabağda nə düşünürlər?
Hoqlandın bəyanatını xarici işlər naziri Karen Mirzoyan şərh edib.
“Amerikalı həmsədr Riçard Hoqlandın səsləndirdiyi elemenlər yeni heç nəyi əks etdirmir və Madrid prinsiplərinin dəfələrlə dərc olunmuş parafrazıdır.
Artsaxın belə təkliflərə münasibətdə mövqeyi məlumdur və dəyişməz qalır.
Azərbaycan-Qarabağ münaqişəsinin istənilən nizamlama modeli, əgər stabil və uzunmüddətli sülhü təmin etməyə yönəlibsə, danışıqlar prosesinin bütün mərhələlərində Artsax tərəfinin tam mənalı iştirakı olmadan mümkün deyil və mövcud reallıqları əks etdirə bilməz.
2016-cı ilin aprel müharibəsi reallıqdan uzaq yanaşmaların təhlükəli olduğunu və gözlənilməz proseslər üçün şərait yarada bildiyini əyani şəkildə nümayiş etdirdi.
Bu gün hər şeydən əvvəl sülh prosesinin geriyə dönməzliyini və əldə olunmuş razılaşmaların, o cümlədən atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin tətbiqinin həyata keçirilməsini təmin etmək istiqamətində ardıcıl addımlar atılmalıdır. Reallaşdırılmamış razılaşmalar ballasta çevrilir və danışıqlarda müsbət irəliləyişlər imkanına mane olur”.
Danışıqlar prosesində irəliləyiş gözləməyə dəyərmi?
“The Armenian Interest” mərkəzinin rəhbəri, amerikaçı, “Forbes”, “The National Interest” və “Россия в глобальной политике” jurnallarının köşə yazarı Areq Qalstyan çox da nikbin olmayan fikrini yazıb – xüsusi irəliləyiş gözləməyə dəyməz: “Uzun müddət ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri eyni bəyanatları səsləndirirlər: müəyyən əraziləri vermək, qaçqınları geri qaytarmaq lazımdır və sair. Bütün bu bəyanatların heç bir dəyəri yoxdur və onları analiz etməyin heç bir mənası yoxdur”.
Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryan Amerika tərəfinin fəallaşmasını ABŞ administrasiyasındakı dəyişikliklə izah edib və bildirib ki, danışıqlar prosesinin olmaması Hoqlandın bəyanatının mahiyyətini sıfıra endirir:
“Sadəcə danışıqların aparılması üçün imkanların müzakirə olunduğu görüşlər keçirilir. Azərbaycan tərəfi danışıqların başlanması üçün qoşunların çıxarılması şərtini qoyur, Ermənistan tərəfi isə imtina edir”.
ABŞ-ın Ermənistandakı səfirinin şərhi
ABŞ səfiri Riçard Millz təsdiqləyib ki, tutduğu postu tərk edən Hoqland münaqişənin həllinə dair yeni müddəalar təqdim etməyib, amma sosial şəbəkələrin erməni seqmentində cə KİV-də səsləndirilən rəylərə cavab verib:
“Birbaşa deyim ki, bütün bu prinsiplər danışıqlar mövzusudur, biri digərindən vacib deyil, birinin digərindən daha çox reallaşdılılacağı ilə bağlı heç bir əlamət yoxdur. Bütün bunlar bir paketin hissələridir və nizamlama üçün vacib olan həlledici prinsipləri nəzərdən keçirdiyiniz zaman bir prinsip üzərində dayanmaq doğru deyil”.
Səfir Millzin şərhindəki ən vacib məqam bu bəyanat idi: ABŞ Ermənistanla münasibətləri dərinləşdirmək istəyir, amma digər ölkələrlə olan münasibətlərin hesabına yox:
“Ermənistan bütün qonşuları ilə, o cümlədən də Rusiya və İranla, həmçinin ABŞ və Avropa İttifaqı ilə münasibətləri tarazlamaq istiqamətində yaxşı iş aparır. Amma biz yetərincə aydın demişik ki, məqsədimiz Ermənistanın hansı yolu, hansı iqtisadi və siyasi modeli seçməsi ilə bağlı müstəqil qərar verə biləcəyinə əmin olmaqdan ibarətdir”
Biz istəyirik ki, müstəqil qərarların qəbulunu davam etdirmək üçün Ermənistanı alətlərlə təmin edək və əmin olaq ki, Ermənistan onu getmək istəmədiyi istiqamətə sürükləmək niyyəti güdənlərin təsiri altına düşməyəcək. Düşünürəm ki, Ermənistanın öz maraqlarını tarazlaması və ABŞ-la əməkdaşlıq etməsi baxımından yaxşı nümunələrimiz var. Avqustun əvvəlində Gürcüstanda NATO-nun “Layiqli Tərəfdaş” təlimlərində Ermənistanın iştirakı bu nümunələrdəndir. Ermənistan bu təlimlərdə iştirak edən yeganə KTMT üzvü olduğu və bu təlimləri bütün iştirakçı ölkələrə xidmət göstərən tibb xidməti ilə təmin etdiyi üçün qürur duymalıdır. Bu, Ermənistana, təlimlərə, Avropada təhlükəsizliyin təmin olunmasına yardım etdi”.
Məqalədəki terminlər, fikirlər və ideyalar JAMnews və ya onun ayrı-ayrı əməkdaşlarının fikri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəbdən etik olmayan şərhləri silmək hüququnu özündə saxlayır.