Və bir daha neft xəstəliyi haqda
Azərbaycanda həm iqtisadiyyat, həm də siyasət əsasən neft amili ilə müəyyən olunur. Son bir il yarım ərzində neft bazarında baş verən kəskin dəyişikliklər iqtisadi vəziyyətə ciddi və neqativ təsir göstərsələr də hələlik dövlət menecmentində dəyişikliklərə gətirib çıxarmadılar.
Neftdən asılı iqtisadiyyatın qısa tarixçəsi
Ölkənin büdcəsi və Neft Fonduna daxil olan neft gəlirlərinin əsas mənbəyi rəsmi açılışı 2006-cı ilin iyul ayında baş tutan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməridir. Bu mənada Bakı demək olar ki, uğurlu lotereya bileti çıxarıb, çünki Avropa üçün neftin hasilatı qəribə şəkildə onun qiymətinin sürətlə qalxması ilə üst-üstə düşdü.
Azərbaycanda ÜDM 2003-cü ildən 2008-ci ilə qədər 2.5 dəfə qalxıb. Və onun ən böyük artımı 2007 və 2008-ci illərə təsadüf edir. Belə ki, 2008-ci ildə Azərbaycan 47,7 milyard dollar həcmində məhsul ixrac edib, bu zaman ixracın 88%-i neft və müvafiq materialların (qaz və az həcmdə mazutun) payına düşür.
Həmin dövr ərzində rəsmi məlumatlara əsasən, yoxsulluq səviyyəsi (yoxsulluq həddində yaşayan insanların sayı) 45%-dən 11%-ə düşüb.
Həmin dövr ərzində Azərbaycanda (qonşu Rusiyada olduğu kimi), büdcədən maaş alan işçilərin sayı artıb. 2014-cü ildə onların sayı 900 mindən çox olub, bu zaman özəl sektorda çalışan insanların rəsmi sayı 600 mindən bir az çox olub.
2012-ci ildə dövlət qulluğunda çalışan insanların orta maaşı 447 manat (təxminən 440 avro) təşkil edib, bəzi nazirliklərin işçiləri isə həm də “zərflərdə əlavə maaş (vergidən kənar nağd verilən pul) alırdılar.
Eyni zamanda nazirlik və idarələrin sayı artır, olanların ştatları böyüyürdü – 2013-cü ilin əvvəlinə olan məlumata görə, dövlət işçilərinin ümumi sayı 29,2 min nəfər təşkil edib (2010-cu ildə 26 min olub), elə həmin il onların orta rəsmi maaşı 464, 2014-cü ildə isə 617,6 manata qədər qalxdı.
Ümumilikdə həmin ilə olan məlumatlara görə, iqtisadi fəal əhalinin 58,6%-i dövlət sektorunda işləyib.
Bütün bu müddət ərzində ta 2014-cü ilin iyul ayına qədər neftin qiyməti baha olaraq qalırdı. İyulda Brent nefti öz maksimumuna çatdı, bir barrelə görə 112 dollar, daha bahalı olan “Azəri Layt isə hətta 130 dollar oldu, bundan sonra isə neftin qiyməti ancaq düşməyə başladı (hər halda orta aylıq göstəricilərdə belə idi).
2015-ci ilin fevral ayında neftin qiyməti özünün həmin vaxt üçün minimumuna çatdı – 54 dollar (sonuncu dəfə bu hədd 2009-cu ildə müşahidə olunub). Elə həmin vaxt da iqtisadçıların hələ yarım il ondan əvvəl (neftin qiymətinin düşməsi tendensiyası hələ yeni yaranan vaxt) xəbər verdiyi kimi, manat ilk dəfə düşməyə başladı.
Əslində Azərbaycanın neftdən asılı iqtisadiyyatı bütün misilsiz inkişafla bağlı sözlərə baxmayaraq, artıq 2010-cu ildə çətinliklə üzləşdi. Bir tərəfdən, Azərbaycanda 2007-ci ildə həqiqətən də ÜDM-nin görünməz artımı oldu, ildə 24%. Amma bu artım tamamilə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə salınması ilə şərtləşirdi.
Və artıq 2010-cu ildə yeni artmağa başlayan hasilat dayandırıldı. 2011-ci ildə isə ÜDM-nin artımı cəmi 01,% təşkil etdi, bu zaman ÜDM-nin dünyada orta artımı 5% idi.
Başqa sözlə desək, Azərbaycan iqtisadiyyatı ümumilikdə digər ölkələrin iqtisadiyyatından daha az inkişaf edirdi.
Böhran
Neft sahəsini nəzərə almasaq, ölkə iqtisadiyyatı əsas iki istiqamətlə xarakterizə olunurdu: xidmət sahəsi və inşaat. Bütün neft dövrü ərzində Azərbaycanda kənd təsərrüfatı (2005-ci ildən başlayaraq, təkcə Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, kənd təsərrüfatında istehsalın düşməsi ötən illə müqayisədə 1% təşkil etdi) və neft və ya inşaatla əlaqəli olmayan digər istehsalat da zəifləyirdi.
Eyni zamanda əhalinin Bakıya görünməz axını baş verdi. Bu zaman maraqlıdır ki, həm əhali sayı, həm də miqrasiya üzrə demoqrafik göstəricilər şübhəsiz ki, həqiqətə uyğun deyil. BMT-nin dövlət mənbələrindən alınan məlumatlarına görə, 2002-ci ildən 2012-ci ilə qədər Bakının əhalisi 1,8 milyondan 2,1 milyona qədər qalxdı.
Bu zaman 2009-cu ildə guya həyata keçirilən əhalinin siyahıya alınması əslində heç olmayıb da, buna sadəcə tanışlarının arasında sorğu aparmaqla əmin olmaq olar: heç kimin evinə sorğu vərəqələri ilə gələn olmayıb.
Hər halda həmin dövrdə əhalinin artımı şəhərdə yaşayış binalarının tikintisinin artması ilə özünü göstərdi ki, bu da əlbəttə ki, etibarlı göstərici sayıla bilməz.
Beləliklə, 2015-ci ilin fevral ayında manat 34,5% ucuzlaşdı və bu, büdcənin gəlirlərinin düşməsi ilə birlikdə iqtisadiyyata ciddi mənfi təsir göstərdi. Ancaq keçən (2015-ci) il ərzində maşınların idxalı 9 dəfə azaldı, ev bazarında tələbat da elə bu qədər düşdü.
Bank sisteminə də böyük ziyan dəydi. 2015-ci ilin ancaq birinci yarımilliyində maliyyə sahəsində hər on adamdan biri işini itirdi. Həmin ilin ilk 9 ayı ərzində problemli kreditlərin (yəni vaxtında borcu ödəyə bilməyən borcluların) sayı 38,7% artdı.
Cari dövr ərzində çoxlu sayda bank ya müflis oldu, ya da rəsmi olaraq aşağı kapitallaşmaya görə lisenziyasını itirdi.
Böhrana reaksiya
2015-ci ilin fevral ayında prezident İlham Əliyev ilk dəfə iqtisadiyyatın şaxələndirilməsi, neft asılılığından azad olunmağın vacibliyindən danışdı. O vaxtdan da prezident Nazirlər Kabinetinin az qala hər iclasında bu fikri səsləndirirdi.
Əslində isə dövlət bütün bu müddət ərzində vəziyyəti nizamlamaq üçün heç bir real addım atmayıb. Əvəzində “kosmetik tədbirlər görülür, onların bəziləri də qısa müddətdən sonra ləğv olunurdu. Belə ki, prezident fərmanı ilə büdcənin doldurulması üçün 1 yanvar 2016-cı ildən istənilən spirtli içkilərin nağd pulla satışı qadağa olunurdu.
Nəticədə Yeni ildə spirtli içkilər mağazalardan yox oldu. Qadağa qüvvəyə minəndən təxminən 12 gün sonra aradan götürüldü.
Böhran başlayan andan müstəqil iqtisadçılar dəfələrlə anti-böhran proqramının yaradılmasının vacibliyi haqda danışırdılar (belə bir proqram bu və ya digər formada öz üstün cəhətləri və qüsurları ilə neftdən asılı olan Rusiya və Qazaxıstanda da var). Və yalnız martın 16-da prezident “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi haqda sərəncam imzalayıb.
Layihə çərçivəsində “yerli və xarici ekspertlər, mütəxəssislər, konsaltinq şirkətləri və elmi təşkilatlar cəlb oluna bilər. Sərəncama əsasən, 4 ay ərzində iqtisadiyyatın hər sahəsi üzrə inkişaf layihələri müəyyən edilməlidir.
Görünən budur ki, Azərbaycanda mühüm iqtisadi qərarların qəbul edilməsi prosesinin iki əsas xüsusiyyəti var – qapalılıq və lənglik. Bu qərarlara hansı maraq qruplarının və hansı şəkildə təsir etdiyi aydın deyil. Aydın olan odur ki, onların bəziləri realizəni əməlli-başlı tormozlandırır.
Bununla yanaşı, neft bazarındakı dinamikadan çıxış edərək, əvvəlki vəziyyətin qayıtmasını və neftin qiymətinin 2010-2014-cü il səviyyəsinə qalxmasını gözləmək üçün əsas yoxdur. Hətta ilin axırına qədər də məsələn, Standard & Poor’s bir barrel neftin qiymətinin 50 dollardan baha olmayacağını planlaşdırır.
Bundan əlavə, uzun müddətli perspektivdə avropalı istehlakçı (Azərbaycan neftinin əsas müştərisi) təbii yanacağın (o cümlədən də qazın) istifadəsini azaltmaq tendensiyasına malikdir.
Beləliklə, Azərbaycanın islahatları gecikdirmək üçün heç bir faktiki səbəbi yoxdur. Amma bunun əksini müşahidə etdiyimiz üçün, bu cür güclü ləngimənin səbəbkarı maraq qrupları, ola bilsin iqtisadiyyatın bütöv sahələrini inhisara alan məmurların olduğunu düşünməyə əsas var.
Bunu məmurlar və nüfuzlu biznes nümayəndələrinin son 10 il ərzində misli görünməmiş həbs dalğası təsdiq edir. Belə görünür ki, gəlirin azalması və xərcləri (o cümlədən də büdcə xərclərini) azaltmağın vacibliyi elitanın içində ciddi münaqişəyə gətirib çıxardı. İl ərzində nazirlər və onların köməkçiləri, o cümlədən də Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudov öz vəzifələrini itirdilər. Eldar Mahmudovun müavinləri biznes qurumlarının reketi ittihamı ilə həbsxanaya atıldılar.
Təxminən milyard manatın oğurlanmasınd günahkar bilinən, ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyev də həbs edildi. Ötən ilin may ayında yuxarıda qeyd olunan dövlət layihələrinin demək olar ki, bütün üzvləri – iri biznesmenlər, o cümlədən də müasir Azərbaycanın ən iri və ən iddialı layihəsi olan “Khazar Islandın (gətirilmə yaşıllıqlardan, restoran, otel və əyləncə mərkəzləri şəbəkələrindən ibarət süni adanın) yaradıcısı İbrahim Nehrəmli də həbs edildi.
Layihənin ümumi dəyəri 2 milyard dollar həcmində hesablanırdı və maraqlısı da odur ki, bu layihə (bir çox başqa layihələr kimi) başa çatdırılmadı.
Alınan nəticələr onu göstərir ki, post-neft dövründə qərarların qəbul olunmasına təsir edən aktorlar iqtisadiyyatın xilasından daha çox, onun gəlirli sahələrinin dəyişdirilməsi ilə məşğul olublar. Və hələlik Azərbaycan iqtisadiyyatı vektorunun şaxələnmə və şəffaflığa doğru dəyişəcəyinə ümid etmək üçün heç bir real səbəb yoxdur (dövlət tərəfindən hələlik heç bir tədbir görülməyib).
Material üçün məlumatlar rəsmi mənbələrdən: Azərbaycan Mərkəzi Bankı – cbar.az, Dövlət Statistika Komitəsi – stat.gov.az; və mətbuatdan – 1news.az, trend.az, contact.az, day.az – götürülüb.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 20.05.2016