Uzun sürən ölümə məhkum olanlar
Nubaraşen həbsxanasının ömürlük həbsə məhkum olunan məhbusları etiraz aksiyasının dayandırılması haqqında qərar verdilər. Məhbusları əmin etdilər ki, ömürlük həbs müddətinə məhkum olunanlarla bağlı qanunvericiliyə mümkün dəyişikliklər erməni parlamentində müzakirəyə çıxarılacaq.
Bəs problem nədədir? Niyə məhbuslar aclıq edirdi, onlar hansı dəyişiklikləri tələb edir və nə gözləyirlər?
1991-ci ildə Ermənistanda ölüm hökmünə maratori elan edildi, 2003-cü ildə Avropa Şurasına daxil olandan sonra isə ümumiyyətlə ləğv edildi. Elə həmin ildəcə qəbul edilən Cinayət Məcəlləsinə əsasən, ən böyük cəza tədbiri ömürlük həbs oldu.
2003-cü il avqustun 1-də Ermənistan prezidenti Robert Koçaryan bütün ölümə məhkum olunanların əfvi haqqında fərman imzalayaraq, ölüm hökmlərini ömürlük həbslə əvəz etdi.
Erməni hüquq müdafiəçiləri hesab edirlər ki, keçmiş prezident Robert Koçaryanın qərarı qanuni deyil, çünki dövlət başçısı məhkəmə hökmünü dəyişmək səlahiyyətinə malik deyil.
Ermənistanın Helsinki komitəsinin sədri Avetik İşxanyanın sözlərinə görə, ömürlük həbsə məhkum olunanların cinayət işləri məhkəmə qaydasında təkrar nəzərdən keçirilməliydi. “Cəza tədbirinin dəyişdirilməsi haqqında qərarı ancaq məhkəmə orqanı qəbul edə bilər, – o qeyd etdi.
Hüquq müdafiəçisi istisna etmədi ki, işlərin məhkəmə qaydasında yenidən baxılması vaxtı bir çox ölümə məhkum olunanlara qarşı müxtəlif müddətli cəza tədbiri təyin edilə bilərdi, çünki qanuna görə, cəzanın dəyişdirilməsi zamanı məhkəmələr daha yumşaq qərar çıxarmağa məcbur olacaqdı. Onun sözlərinə görə, əsasında ölüm hökmü çıxarılan Cinayət Məcəlləsində belə bir maddə varıydı ki, “məhkumun bəraət qazanması zamanı ölüm hökmü 15 ilə qədər həbs cəzası ilə əvəz olunur.
İşxanyan hesab edir ki, keçmiş prezident Robert Koçaryanın ölüm hökmünün ömürlük həbslə əvəz edilməsi haqqında fərmanını məhkəməyə çıxarmaq olar.
Ömürlük məhkum olunanın bəraət qazanmasının mümkünlüyünü istisna edən daha bir problem Ermənistanda maddi sübutların məhvidir.
Ermənistanın günahsızlıq layihəsi ictimai təşkilatının sədri, “Hetq.am saytının jurnalisti Zarui Medjlumyan bildirir ki, maddi sübutların DNT analizi məhkumun günahsızlığını sübut etməyə imkan verərdi.
“Avropa ölkələrində ağır cinayət işləri üzrə maddi sübutları 1970-ci ildən saxlamağa başladılar. Misal üçün, ABŞ-da DNT analizin sayəsində 20-30 illik həbs müddətindən sonra 338 məhbus bəraət almışdır, – deyə o qeyd etdi.
Medjlumyan hesab edir ki, dövlət məhkəmə sistemində qaçılmaz olan məhkəmə səhvini etiraf etməyi bacarmalıdır. Cinayət-prosessual məcəllənin yeni layihəsində belə bir maddə təsbit edilib ki, insan həyatına qarşı cinayət işlərinin sübutları məhv edilməməlidir, amma bu layihə qanuni qüvvəyə minməyənə qədər maddi sübutların məhvi davam edəcək.
Jurnalist xanım bildirdi ki, ömürlük həbsə məhkum olunanlar müddətdən əvvəl azad olunmaq və cəmiyyətə qayıtmaq imkanından məhrumdurlar. Onun fikrincə, ömürlük həbsə məhkum olunana 20-25 illik həbs cəzasından sonra cəmiyyətə qayıtmağa ümid etmək imkanı yaratmaq lazımdır.
“Erməni parlamentində 2011-ci ildən ömürlük həbsə məhkum olunanların cəza çəkməsi rejiminin dəyişdirilməsi qaydasını nəzərdə tutan qanun layihəsi var. Qanun layihəsinə əsasən, 15 il ötəndən sonra ömürlük həbsə məhkum olunanı qapalı tipli cəzaçəkmə müəssisəsindən yarıqapalıya keçirirlər, 28 il keçəndən sonra isə cəzaçəkmə rejimini yarıaçıq rejimlə əvəz edirlər, – deyə o izah etdi.
Onun fikrincə, bu qanun layihəsinin qəbulu insanı 20 illik həbs müddəti bitəndən sonra cəmiyyətə qayıtmasına hazırlaşdırmağa kömək edəcək. Ömürlük həbsə məhkum edilənlərin müddətdən əvvəl azad edilməsi Avropa ölkələrində, misal üçün, İngiltərə və Finlandiyada, adi bir haldır.
Hüquq müdafiəçiləri əmindirlər ki, cəzanın məqsədi məhbusun islah edilməsidir. Onlar hesab edirlər ki, cinayət işlərinin yenidən baxılması və müddətdən əvvəl azad etmə mexanizminin işləmədiyi halda həbsxana divarları arasında uzunsürən ölümə məhkum etmə cəzası bütün mənasını itirir. Bu halda da ölüm hökmünü qaytarmaq daha humanist bir addım olardı.
24.12.2015
Ermənistanda onuncu gündür ki, Nubaraşen həbsxanasında ömürlük həbs cəzasına məhkum olanların kütləvi aclıq aksiyası davam edir. 32 nəfər ömürlük həbs cəzasına məhkum olanlar cinayət işlərinin yenidən baxılmasını tələb edərək, etiraz edirlər.
Dekabrın 14-də 28 ömürlük məhkum olanlar aclıq aksiyasına başladıqlarını elan etdilər. Dekabrın 16-da etiraz edən məhbusların sayı 35-ə qalxdı, amma üç gün keçəndən sonra onlardan üçü səhhətləri ilə bağlı aclığı dayandırdılar. Məhbuslar həm də KİV nümayəndələri ilə görüş tələb edirlər. Onlar kameralarını tərk etməkdən və gəzintiyə çıxmaqdan boyun qaçırırlar.
Qeyd edək ki, bu Nubaraşen həbsxanasındakı ömürlük məhkumların 2015-ci ildə keçirdikləri ilk kütləvi etiraz aksiyası deyil. Ömürlük həbs cəzasına məhkum olanların tək-tək etirazlarını saymasaq, oktyabrın 12-dən 16-dək ömürlük məhkumlar cinayət işlərinə baxılmasına rədd cavabına qarşı etiraz olaraq kütləvi aclıq aksiyası elan etdilər. Onlar həm də qüvvədə olan qanunvericiliyə dəyişikliklər edərək, ömürlük həbs cəzasına məhkum olunanların cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə mexanizmlərini nizamlamağı tələb edirdilər. Oktyabrın 15-də etiraz aksiyasında müxtəlif məlumatlara görə, 50-dən 57-yə qədər adam iştirak edib.
Oktyabrın 22-də erməni məhkəməsi sağlamlıq vəziyyəti ilə əlaqədar ömürlük həbs cəzasına məhkum edilmiş Qarabağ müharibəsi veteranı Soqomon Koçaryanın azad edilməsi haqqında misli görünməmiş bir qərar qəbul etdi. Amma qərar o qədər gec qəbul edildi ki, Koçaryan azadlıqda ancaq 15 gün yaşadı. Noyabrın 8-nə keçən gecə o “Müqəddəs maarifçi Qriqori Yerevan tibb mərkəzində vəfat etdi.
Ümumilikdə Ermənistanın həbsxanalarında 102 məhbus ömürlük həbs cəzası çəkir. Halbuki əhalisi üç milyon adam olan Avropa ölkələrində hüquq müdafiəçilərinin məlumatlarına görə, bu qrup məhbusların sayı 30 nəfərdən çox deyil.
Məhbusların etirazını onların qohumları da dəstəkləyir. Onlar vaxtaşırı olaraq Ermənistan hökumətinin, parlament binasının və prezident iqamətgahının qabağında etiraz aksiyaları keçirirlər. Qohumlar hesab edir ki, dövlət onların yaxınlarını uzunsürən ölümə məhkum edib.
Bu günlərdə, dekabrın 18-də məhbusların qohumları ömürlük məhkumların problemlərinə diqqət vermək tələbiylə yenidən hökumət binasının qarşısına toplaşdılar. Dekabrın 21-də onlar prezident administrasiyasına 13 min vətəndaşın imzasıyla məktub ünvanladılar, burada ömürlük məhkumların problemlərinin həllinə kömək etmək xahiş edilir. Daha bir ömürlük həbs cəzasına məhkum olanların cinayət işlərinin yenidən baxılmasına yardım etmək xahişini əks etdirən məktubu qohumlar baş nazir Ovik Abramyana ünvanladılar.
Parlamentin dövlət və hüquq məsələləri üzrə daimi Komissiyasının rəhbəri Oqanes Saakyan bir qrup məhbus qohumlarını qəbul etdi. O əmin etdi ki, Nubaraşen həbsxanasındakı ömürlük həbs cəzasına məhkum olanlarla görüşüb, onlarla irəli sürülən tələbləri müzakirə edəcək.
JAMnews hadisələrin sonrakı gedişatını izləyəcək.