Azərbaycanda karantin rejimi uzadılacaqmı? Məmurlar hələ qərar verməyib, insanlar isə hətta “Eurovision”a da hazırdır
Aprelin 20-də Azərbaycanda karantin rejiminin ilkin müddəti sona çatır və sonra nə olacağı hələlik məlum deyil. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin rəhbəri Ramin Bayramlı bir tərəfdən bildirib ki, karantin rejimindən birdən yox, tədricən çıxmaq lazımdır, digər tərəfdən isə karantin müddətinin uzadılması ilə bağlı təklif irəli sürüb.
Aprelin 16-ı səhər saatlarına olan rəsmi məlumata əsasən, Azərbaycanda 1253 COVID-19 virusuna yoluxma halı qeydə alınıb. 13 nəfər ölüb, 404 nəfər sağalıb.
Bundan başqa, aprelin 20-də pandemiya səbəbi ilə xaricdə qalan və vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları tədricən qayıda biləcəklər. Daha əvvəl bu proses dayandırılmışdı və ölkə heç kimi qəbul etmirdi. Buna görə də Azərbaycan-Rusiya sərhədində – Dağıstanda izdiham toplandığı üçün problem yaranıb.
Dumanlı karantin perspektivləri
Azərbaycanda gücləndirilmiş karantin rejimi martın 24-dən qüvvədədir – ərzaq mağazaları, aptek, bank və dövlət, yaxud həyati əhəmiyyətli bəzi təşkilat və müəssisələrdən başqa bütün obyektlər bağlıdır.
Aprelin 5-dən insanların hərəkətinə məhdudiyyət tətbiq olunub – evdən çıxmaq üçün ya işdən arayış olmalıdır, ya da hakimiyyətdən sms-lə icazə almaq lazımdır. Bu icazə hər adama sutka ərzində bir dəfə məqsəddən asılı olaraq iki-dörd saatlıq verilir.
Ramin Bayramlı bildirib ki, karantin rejimindən çıxış tədricən baş verəcək və təkrar yoluxma dalğası yaşanmasın deyə bəzi məhdudiyyətlər il ərzində saxlanacaq.
Odur ki, indi ölkə sakinləri hamının bezdiyi karantinin uzadılıb-uzadılmayacağını, uzadılacaqsa nə qədər uzadılacağını öyrənmək istəyir.
Sosial şəbəkə istifadəçiləri yazırlar ki, karantin bitsin deyə hətta əvvəllər qəzəbləndikləri şeylərə də razıdırlar:
“İstəyirlər yarış keçirsinlər, istəyirlər Eurovision keçirsinlər, ürəkləri nə istəyirsə”;
“Əvvəllər getmək istəmədiyim dəhşətli paba da razıyam”.
Sərhəddə problem
Təxminən bir həftə əvvəl çox sayda Azərbaycan vətəndaşı sərhədlərin bağlı olduğunu bilmədikləri üçün Rusiyanın dörd bir yanından gəlib Dağıstana – sərhədə toplaşıb. Pulsuz, evsiz qalan bu insanları məscidə yerləşdiriblər – “РИА Дагестан” xəbər verir. Onlara yemək verilir, dezinfeksiya edilir və Azərbaycan tərəfinin onların vətənə aparılması üçün tədbir görəcəyini gözləyirlər. Azərbaycandan olan bəzi fərdi şəxslər də maddi yardım göstərir.
Aprelin 12-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılara müraciət edib və xahiş edib ki, onlar sərhədi keçməyə cəhd edərək vəziyyəti daha da mürəkkəbləşdirməsinlər. Bunun əvəzində onlara səfirliyə müraciət etmək təklif olunub və imkan olan kimi onların vətənə aparacağına söz verilib. İndi bəlli olduğuna görə, belə bir imkan aprelin 20-dən etibarən yaranacaq – Azərbaycan gün ərzində 300-400 nəfər olmaqla öz vətəndaşlarını ölkəyə qəbul edəcək və ilk növbədə proses Rusiyada qalan vətəndaşlardan başlayacaq.