SSRİ-də ilk atom bombası Ermənistanda hazırlanıb
MKİ-nin açıqladığı və artıq internetə qoyulmuş məxfi sənədlərdən biri – 1950-ci il 18 yanvar tarixli sənəd – SSRİ-də ilk atom bombasının Ermənistanda hazırlandığını göstərir.
Bu bomba 1949-cu ilin fevralında yığılıb, ilk partlayış isə Şərqi Uralda 1949-cu il iyulun 10-da həyata keçirilib. Partlayış haqda ilk məlumatlar Amerika və Britaniya kəşfiyyatına həmin ilin sentyabr ayında daxil olub.
Lragir.am saytının yazdığına görə, SSRİ-də atom bombasının hazırlanmasına nəzarəti Stalinin tam səlahiyyət verdiyi NKVD-yə rəhbərlik edən Lavrenti Beriya həyata keçirirdi.
Siyasi büro əsir götürülmüş alman alimlərindən, həmçinin ABŞ və Kanadadan əldə edilmiş gizli məlumatlardan istifadə edərək atom silahı hazırlamaq qərarı vermişdi. Atom bombasının istehsal edildiyi zavod altı mağarada yerləşirdi. Bu zavodu alman əsirləri alman mütəxəssislərin planı əsasında tikmişdilər. Avadanlıqların və dəzgahların bir hissəsi yerli zavodlarda hazırlanmış, bir hissəsi isə Almaniyadan gətirilmişdi. Zavodun inşası 1947-ci ildə başlanmışdı.
1948-ci ilin yanvarından Almaniyanın Saksoniya əyalətindən və Çexoslovakiyadan uran gətirməyə başlayıblar.
ABŞ MKİ-nin mətbuat məlumatına əsasən ümumilikdə 13 milyon səhifəlik məxfi sənəd açıqlanıb. Əvvəllər bu sənədləri ancaq Merilend Milli Arxivində əldə etmək mümkün idi.