Uşaqların kütləvi şəkildə sudan zəhərlənməsi Azərbaycan sakinlərini həyəcanlandırıb
Paylaşmaq
Paylaşmaq
Sumqayıt şəhəri və ətraf ərazilərdə uşaqların kütləvi zəhərlənməsi ötən isturahət günlərində Azərbaycanın sosial şəbəkələrində müzakirə olunan bir nömrəli mövzu oldu.
4 gün ərzində Sumqayıt şəhər uşaq xəstəxanasına qusma, mədə pozuntusu simptomları ilə 139 nəfər gətirilib ki, onlardan da 119-u 2-7 yaş arası uşaqlardır.
Bir çox valideynlər zəhərlənmə səbəbinin uşaqların küçədə oynayarkən su kranından içdikləri çiy su ilə bağlı olduğunu ehtimal ediblər. Bir qadın Sumqayıt və ətraf əraziləri su ilə təchiz edən su anbarının zəhərləndiyi haqda video-müraciət hazırlayıb. Bu müraciət Whatsapp şəbəkəsi ilə yayılıb, bəzi müxalif nəşrlər də bu videonu paylaşıb.
Sumqayıtda uşaqların kütləvi zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerlışdirilməsi haqda xəbər Bakı və Sumqayıt əhalisi arasında təlaş yaradıb. Qısa zamanda sosial şəbəkələrdə zəhərli su, məlum olmayan infeksiya haqda şayiələr yayılıb və insanları su kranından çiy su işməməyə çağırırlar. Təlaş o yerə gətirib çıxarıb ki, adamlar mağazalardan qablaşdırılmış su almağa axışıblar.
İyunun 12-də Səhiyyə Nazirliyinin mətbuat xidməti laboratoriya analizlərinin nəticələrini elan edib. Nəticələrə əsasən kütləvi zəhərlənmənin səbəbi çox vaxt yanlış olaraq “bağırsaq qripi” adlandırılan rotavirus infeksiyasıdır.
Məlumatda həmçnin bildirilir ki, hazırda 46 uşaq stasionar şəraitdə müalicə olunur: “Onların vəziyyəti kafidir və yaxın günlərdə evə buraxılacaqlar”.
Su təchizatına görə cavabdeh olan dövlət qurumu “Azərsu” ASC-nın mətbuat katibi Anar Cəbrayıllı içməli su anbarının zəhərlənməsi ehtimalını təkzib edib. Onun sözlərinə görə, “Azərsu”nun su rezervuarlarından nümunə götürülüb. Analiz nəticəsində heç bir çirklənmə və ya zəhərlənmə aşkarlanmayıb. “Üç gün ərzində su nümunələri analiz edilib. Suyun analizinin nəticələri sübut edir ki, təlaş üçün heç bir səbəb yoxdur. Hazırda “Azərsu” mütəxəssisləri xəstəxanaya müraciət edən adamların evlərində suyun analizini aparır. Eyni su anbarından Bakıya da su verilir. Əgər zəhərlənmə su ilə bağlı olsaydı, belə hallar Bakıda da qeyd olunardı”, – APA agentliyi Cəbrayıllıya istinadən yazır.
Ekoloji Proqnozlaşdırma Milli Mərkəzinin prezidenti Telman Zeynalov çirkab sularının içməli su ilə qarışdığını ehtimal edib. Onun sözlərinə görə, kanalizasiya və su boruları sovet dövründən indiyə qədər yerin altında paralel və yanaşı uzanır. Zamanla borular paslanır, deşilir, sızır və bir-birinə qarışır.