Uşaq internetdəykən nə etməli? BMT-nin Uşaq Fondunun hesabatı
BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatı – “Dünyada uşaqların vəziyyəti: uşaqlar rəqəmsal aləmdə”.
Hesabata əsasən, hər üçüncü internet istifadəçisi uşaqdır və nə dövlət, nə də doğma ailəsi rəqəmsal aləmin təhlükələrindən onu qoruya bilməz.
Rəqəmsal texnologiyalar uşaqların həyatını necə dəyişib və bununla bağlı gələcəkdə bizi nə gözləyir?
Rəqəmlər və statistika
- İnternetin hər üç istifadəçisindən biri uşaqdır.
- 15-24 arası yaş qrupu internetdə fəal qrupdur.
- Bu yaş qrupuna daxil olanların 72 faizi fəal istifadəçilərdir, bütün dünya əhalisi üçün isə bu göstərici 48 faizdir.
- Bununla belə gənclərin 29 faizi və ya 346 milyon gənc insan üçün internet əlçatmazdır.
İnternet uşaqlar üçün ziyanlıdırmı?
Əksinə. Hesabat müəllifləri hesab edirlər ki, internet bütün uşaqlar üçün əlçatan olmalıdır, çünki müasir dünyada internet təhsil, kommunikasiya və özünüifadə üçün sonsuz imkanlar təqdim edir.
Hesabata əsasən, rəqəmsal texnologiyalar dövrü artıq çatıb və bu geriyə dönüşü olmayan prosesdir, nə dövlət, qeyri-dövlət sektoru, nə də valideynlər buna mane ola bilməz.
Qlobal şəbəkənin uşaqlara xeyri nədir?
İnternetdən doğru istifadə olunduğu zaman irqi, dini, gender və ya milli əlamətinə görə ayrıseçkiliyə uğramış, yoxsul yaşayan, məcburi köçkün olan, məhdud imkanlara sahib, coğrafi cəhətdən ucqar yerlərdə yaşayan uşaqların həyatı əhəmiyyətli dərəcədə dəyişə bilər. Rəqəmsal texnologiyalar sayəsində belə uşaqlar özlərini dünyanın bir hissəsi hiss edə bilərlər.
Yaşıdları ilə internet vasitəsilə ünsiyyət saxlayan serebral iflic diaqnozlu oğlanı təsəvvür edin. İnternet vasitəsilə o, yaşıdları ilə bərabər şərtlər içindədir – onun virtual imkanları real imkanlarını üstələyir.
Və ya müharibədən qaçmış və qaçqın düşərgəsində kompüter istifadə etməyi öyrənən suriyalı qızı təsəvvür edin – onun qarşısında tamamilə başqa dünya açılır.
Yaxud da Kutaisidən olan 13 yaşlı Nino Şalamberidze, o, onlayn rejimdə ispan dilini öyrənir. Ailəsinin repetitor tutmağa imkanı yoxdur, internet isə ona pul ödəmədən xarici dil öyrənmək imkanı verib.
15 yaşı Giorgi üçün isə internet Yunanıstanda yaşayan anası ilə yeganə gündəlik ünsiyyət vasitəsinə çevrilib.
Buna görə də internetdən istifadə imkanına bütün uşaqlar sahib olmalıdır, hesabat müəllifləri belə hesab edir, çünki interneti olmayan uşaqlar qalanları ilə qeyri-bərabər şərtlər altında yaşayırlar.
Məsələn, ailəsinin və ya yaşadığı icmanın adət-ənənəsi internetdən istifadəni qadağan edən qız daha liberal şəraitdə yaşayan yaşıdlarının əldə edə bildiyi xeyli maraqlı məlumatdan məhrum qalır.
Qlobal şəbəkədə uşaqları gözləyən təhlükələr
Çox sayda xeyri ilə yanaşı internet özündə xeyli təhlükələri də birləşdirir, hesabat müəllifləri xəbərdarlıq edir və konkret misallar da gətirirlər:
Video oyunlardan asılı vəziyyətə düşən oğlanın hekayəsi; kiberbullinq qurbanı olaraq intihar edən yeniyetmə; vaxtilə 14 yaşlı qızı çılpaq şəkil çəkdirməyə təhrik edən sevgilisinin daha sonra bu fotoları internetdə yayması; qonşusu tərəfindən seksual əlaqəyə təhrik edilən 8 yaşlı filippinli qız. Yayılmış hesabatda dünyanın dörd bir yanından belə real hekayələr yer alıb.
Kiberbullinq – qlobal şəbəkənin ən qorxulu təhlükələrindən biri
“Məktəbdə bullinq qurbanına çevrilmişdim, amma evə qayıdıb, arxamca qapını bağlayanda əzablarım bitirdi. Bu gün isə evinin içində də bullinq qurbanı olmaq mümkündür. Bu gün bullinq həftədə yeddi gün, sutkada 24 saat davam edə bilər”, – Gürcüstana məhz bu hesabatı təqdim etmək üçün gələn internet təhlükəsizliyi üzrə britaniyalı ekspert Con Kari bildirir.
Canilər internetdə anonim profil vasitəsilə uşaqlarda heç bir şübhə oyandırmadan onlarla asanlıqla əlaqə qururlar. Onlar uşaqları seksual əlaqələrə və ya digər təhlükəli kontakta təhrik edirlər. Çox vaxt uşaqları radikallaşdırmağa və ya qeyri-sağlam və ya təhlükəli əməllərə meyilləndirirlər.
[heading size=”18″ margin=”50″] Ötən il Böyük Britaniyada aparılan araşdırma göstərib ki, 13-17 yaş arası qızlardan üçdə biri öz yaşıdları olan oğlanlardan seksual xarakterli arzuolunmaz ismarıclar, hər on nəfərdən biri isə zorlanmaq hədəsi alır. Malayziya polisinin məlumatına görə, 2015-ci ildə internet tanışlığı nəticəsində təcavüz edilənlərin 80 faizini 10-18 yaş arası azyaşlılar təşkil edir. [/heading]
Bundan başqa, internetdə uşaqlar asanlıqla onların formalaşmamış psixikasına zərbə vura biləcək materiallara – seksual, pornoqrafik, zorakılıq aktını əks etdirən, arzuolunmaz reklam, irqçi və ya digər diskriminasiya xarakterli bəyanatlar, özünə əzab vermə, anoreksiya və ya hətta intihar səhnələrini əks etdirən fotolara və ya videolara rast gələ bilərlər.
Uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün nələr edilir?
Böyük Britaniyada demək olar ki, azyaşlı uşaq olan hər ailədə valideynlərin xahişi ilə internet təminatçısı olan şirkətlər azyaşlıya ziyan vura biləcək bütün onlayn resursları blok edən xüsusi filtrlər quraşdırır. Böyük Britaniyanın bütün məktəbləri də belə filtrlərdən istifadə edir.
Azyaşlıların mobil telefonları da analoji qaydada müdafiə olunur, sahibləri yetkinlik yaşına çatana qədər sim-kartlar şübhəli resurslardan gələn ismarıclar üçün bloklanır.
Böyük Britaniyada azyaşlılar üçün arzuolunmaz internet resursların siyahısı cəmiyyətdə nüfuz və etimad sahibi olan tanınmış şəxslərdən ibarət komissiya tərəfindən hazırlanır.
Amma bu kimi nizamlamalara baxmayaraq, müəyyən təhlükə və təhdidlər qalır. Məsələn, azyaşlı kansısa internet-kafedə pulsuz servisdən istifadə edə və bloklanmamış arzuolunmaz resursa girə bilər.
Gürcüstanda təhlükəsizliyin təmin olunması üçün nə edilir?
Gürcüstanda kommunikasiya sahəsində istehlakçıların hüquqlarını və qanuni maraqlarını qoruyan reqlament qüvvədədir. Reqlamentə əsasən, internet provayderləri istifadəçiləri “ziyanlı məlumatlardan” qorumalıdır.
Reallıqda isə bu nizamlama faktiki olaraq işləmir. Bu gün Gürcüstanda internetdən istifadə edən uşaqlar qlobal şəbəkədə heç cürə müdafiə olunmayıblar.
Parlamentin Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədr müavini Dmitri Xundadze bildirib ki, parlament internet məkanının təhlükəli informasiyadan müdafiəsinə dair yeni qanun layihəsi hazırlayır:
“Avropada lap çoxdan belə bir praktika mövcuddur – reallıqda qadağan olunan internetdə də qadağan olmalıdır. Biz bu yanaşmadı mənimsəməliyik. Tədqiqatlar göstərir ki, gənclərin 90 faizi pornoqrafiyaya baxır, orda isə zorakılığın nümayişi nadir hal deyil. Qanun qəbul edildikdən sonra provayderlər bu tip informasiyanı bloklamalı və ya məhv etməli olacaq”.
Amma çoxları bu cür nizamlamalara şübhə ilə yanaşır, çünki demokratiyanın zəif olduğu Gürcüstan kimi ölkələrdə belə məhdudiyyətlər söz azadlığının məhdudlaşdırılması, senzura tətbiqi və s. üçün bəhanə ola bilərş Məsələn, Türkiyədə sərt nizamlamalar porno-saytlarla yanaşı Vikipediyaya da tətbiq edildi. Bütün dünyanın tələbələri arasında populyar olan virtual ensiklopediya Türkiyədə bloklanıb, çünki burada yer alan məqalələrin birində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diktator adlandırılıb.
Maka Şerazadaşvili iki azyaşlı uşaq anasıdır. O da, əri də səhərdən axşama qədər işdə olur, buna görə də uşaqları tam nəzarətdə saxlamaq, onların internetdəki maraqlarını izləmək imkanları yoxdur:
“Biz sadəcə evdə interneti bağlamışıq”, – o deyir. İndi Makanın 6-cı sinifdə oxuyan böyük övladı anasının mobil interneti ilə ev tapşırığını eləmək üçün onun işdən qayıtmağını gözləməyə məcburdur – məktəbdə ancaq internettdəki məlumatlardan yararlanmaqla yerinə yetirilməsi mümkün olan tapşırıqları tez-tez verirlər.
Uşaq Fondunun Kommunikasiya Proqramının rəhbəri Maya Kurtsikidze hesab edir ki, dövlət və ailə ilk növbədə uşaqların internetdən doğru istifadəsinin qayğısına qalmalıdır: “Məktəbdə ibtidai siniflərdən rəqəmsal dünya haqda qaydalar tətbiq olunmalıdır, uşaqlar təhlükədən necə uzaq olmağı və onlardan necə qorunmalı olduqlarını bilməlidirlər”, – Kurtsikidze deyir.
Onun sözlərinə görə, azyaşlılar internetdə nə həddən artıq çox, nə də həddən artıq az zaman keçrməlidir: “Bu məsələdə uşağın kompüter qarşısında nə qədər zaman keçirdiyi önəmli deyil, onun nəyə baxdığı, məhz nə ilə məşğul olduğu önəmlidir”.