“Uşağın olmayacaq, əvəzində trombun olacaq” – Ermənistanda COVID-19 vaksinasiyası haqda miflər
Ermənistanda vaksinasiya
Təxminən üç milyon əhalisi olan Ermənistanda avqustun 15-ə qədər koronavirusa qarşı 220 min peyvənd vurulub. Amma bu rəqəm də böyük nikbinlik səbəbi deyil. Peyvənd olunanlar arasında çox sayda əcnəbilər var, vaksinasiyadan keçən xarici və yerli vətəndaşların ayrıca hesabatı isə yalnız iyulun 15-dən aparılmağa başlayıb.
Avqustun ortasına olan məlumata əsasən, Ermənistan əhalisinin 10 faizinə yaxını ən azı bir doza peyvənd vurdurub. Səhiyyə Nazirliyi bununla belə bildirir ki, virusa qarşı kollektiv immunitetin inkişafı üçün əhalinin ən azı 70-80 faizi vaksinasiyadan keçməlidir.
Vaksinasiyadan keçmək istəməməyin səbəbini həkimlər və ekspertlər “peyvənd əleyhdarlarının” populyarlığı və sosial şəbəkələrdə yayılan saxta məlumatlarla əlaqələndirirlər.
Ən populyar feyk – vaksin sonsuzluq yaradır
Vaksin haqda Ermənistan mediasında yayılan və hazırda ən populyar feyk məlumata əsasən, vaksinasiyadan il yarım sonra uşaq sahibi olmaq olmaz, koronavirus peyvəndi özü də sonsuzluq yaradır.
Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin rəisi Svetlana Qriqoryan deyir ki, bunun heç bir sübutu yoxdur.
Üstəlik Ümumdünya Səhiyyə Təşkilatı hamilə qadınları risk qrupuna aid edir və onlara hamiləliyin istənilən müddətində mütləq vaksinasiyadan keçməyi tövsiyə edir.
2021-ci ilin aprelində Ermənistan mediasında fəal şəkildə kiminsə göyərmiş qolunun şəkli paylaşılırdı. Bildirilirdi ki, göyərmənin səbəbi peyvənddir. Amma fotonun mənbəyi və tarixi aydın deyildi.
“Hətta bu, vaksinasiyadan sonra baş veribsə, bu o demək deyil ki, buna peyvənd səbəb olub. Müxtəlif hallar arasında səbəb-nəticə əlaqəsi müəyyən edilməlidir. Bəzi hallarda vaksinasiyadan sonra trombositlərin sayının azalması ola bilər və bu da göyərmələr yarada bilər. Amma belə halların riski çox azdır, buna milyon nəfər vaksinasiyadan keçəndən dördündə rast gəlinir”, – Qriqoryan deyib.
Ümumilikdə koronavirus əleyhinə bütün vaksinlərin mümkün yan təsirləri eynidir: inyeksiya yerində şişmə və ağrı hissi, baş ağrısı, ümumi zəiflik, yorğunluq, əzələ ağrıları, temperaturun yüksəlməsi, oynaqlarda ağrılar, üşütmə və ürəkbulanması.
Yan təsirlər adətən yüngül və ya “qısamüddətli” olur və nadir hallarda yaşlı insanlarda rast gəlinir.
Dəfələrlə ÜST-ün yaydığı informasiyada bildirilib ki, koronavirusa qarşı vaksinasiyaya yalnız bir əks göstəriş var: əvvəlki dozasına və ya bu vaksinin hər hansı komponentinə ciddi alergik reaksiya və ya anafilaksiya. Bu, bədənin səpməsi, hırıltılı tənəffüs, ağız, boğaz şişməsi, nəfəs darlığı, ağır hipotoniya və şok kimi özünü göstərir. Bu hallarda peyvəndin növbəti dozası vurulmur.
“Zaman-zaman vaksinasiyaya əks göstəriş orta ağır və ağır infeksion və ya somatik xəstəliklər göstərilir ki, bu zaman sağalandan dərhal sonra peyvənd vurulur. Xroniki xəstəliklər kəskinləşdiyi zaman vaksinasiya remissiya mərhələsində aparılır, dəstəkləyici terapiya zamanı icazə verilir. Kəskinləşən nevroloji xəstəliklər (kəskinləşən ensefalopatiya, epilepsiyanın idarə olunmayan növləri) zamanı vaksinasiya kliniki halların stabilləşməsi dövründə aparılır”, – Ermənistanın Səhiyyə Nazirliyindən bildirilib.
“Mən hələ də rus dilində qafqazlı ləhcəsilə danışıram, hələ ki, Putinə oxşamağa başlamamışam, heç kim orqanizmimə çip yerləşdirməyib”, – 32 yaşlı Yerevan sakini Naira Saakyan Rusiyanın “Sputnik-V” peyvəndinin ilk dozasını vurdurandan sonra Facebook-da yazdığı statusu bu sözlərlə başlayıb.
O deyir ki, koronavirus peyvəndləri haqda dezinformasiyaların geniş yayılmasına baxmayaraq, vaksinin Ermənistana gətirilməsini səbrsizliklə gözləyib. Vaksinin ikinci dozasını iyun ayında alıb.
Naira Saakyan deyir ki, virusdan sorunmaq lazımdır, onunla mübarizə aparan dərmandan yox və bu haqda Facebook səhifəsində mütəmadi olaraq söhbətlər aparır. “Mən bu yolla dezinformasiya zəncirini qırmağa çalışıram, heç olmasa öz tanışlarım arasında”, – o deyir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi yeddi vaksindən Ermənistanda yalnız ikisi istifadə olunur: İngiltərə-İsveç istehsalı AstraZeneca və Çinin Sinovac-CoronaVac peyvəndi. Onlardan başqa Rusiya istehsalı “Sputnik-V” peyvəndi də var, amma o, hələ ÜST-ün təsdiqlədiyi vaksinlər siyahısında yoxdur.
Bu günə qədər dünyada koronavirusa qarşı hazırlanan 22 vaksindən yalnız yeddisi ÜST-ün yekun dəyərləndirmə statusunu ala bilib:
- Pfizer/BioNtech Comirnaty
- AstraZeneca (İngiltərə-İsveç, Koreya istehsalı)
- Covishield
- Janssen (Johnson & Johnson şirkəti tərəfindən hazırlanıb)
- Moderna
- Sinopharm
- Sinovac-CoronaVac
Bütün bu vaksinlər, əsasən, Avropa İttifaqı ölkələrində, Abş və Kanadada istifadə olunur. Bu siyahıdan kənar preparatlarla vaksinasiya bu ölkələrə girişə mane ola bilər.