UNICEF-in Ermənistan bürosunun rəhbəri casusdur? Ölkədə yeni qalmaqal
Ermənistanda yeni qalmaqal. Bu dəfə media və sosial şəbəkə paylaşımlarının əsas qəhrəmanı BMT-nin Uşaq Fondunun Ermənistan bürosunun rəhbəri Merienn Klark-Haqqinqdir. UNICEF-in Ermənistandakı nümayəndəsinin səlahiyyətləri dayandırılıb, Ermənistan hökuməti onu persona non grata elan edib. O, artıq Ermənistanı tərk edib.
XİN-də Ermənistan tərəfinin bu qərarını Merienn Klark-Hattinqin öz mandatını reallaşdırması və iş metodları ilə bağlı mövcud problemlərlə və bunun əməkdaşlığa mane olması ilə izah edib.
Amma XİN-in izahatından əvvəl Ermənistanın öz mənbələrinə istinad edən Telegram kanallarında Ermənistan hakimiyyətinin BMT əməkdaşının Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluq etdiyindən şübhələndiyi haqda yazıblar.
Məsələ artıq Ermənistanın Baş Prokurorluğuna gedib çıxıb, BMT-nin Uşaq Fondunun Ermənistandakı artıq keçmiş nümayəndəsi tərəfindən casusluq edildiyi haqda bütün dərc olunan materiallar orada tədqiq edilir.
- Müharibədən sonrakı həyat: Ermənistanın sərhədyanı kəndinin gənc nümayəndəsinin müsahibəsi
- Qarabağ üzrə razılaşmanı kim pozur? – Azərbaycan və Ermənistanda rəylər fərqlidir
Qalmaqalın təfərrüatları
Martın 8-də Mediaport Telegram kanalında UNICEF-in Ermənistan bürosunun rəhbəri Merienn Klark Hattinqin Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluqla məşğul olduğu və buna görə də Ermənistanın onu persona non grata elan etdiyi haqda məlumat yayılıb.
“Klark-hattinq artıq əşyalarını toplayır, Ermənistan hakimiyyəti isə bu faktı cəmiyyətdən gizlətmək istəyir”, – kanal müəllifi bildirib.
Daha sonra Ermənistan mediasında Merienn Klark-Hattinqin tələsik Ermənistanı tərk etdiyi haqda xəbər yayılıb. Üstəlik yazılana görə bu tələskənlik Klark-Hattinqin öz missiyasını yerinə yetirərkən yol verdiyi yanlışlarla şərtlənib. Amma söhbətin məhz hansı yanlışlardan və qüsurlardan getdiyi açıqlanmır.
Artıq martın 9-da məsələyə Baş Prokurorluq da müdaxil olub. qurumun mətbuat katibi Arevik Xaçatryan bildirib ki, prokurorluğun əlində Merienn Klark Hattinqin Azərbaycan və Böyük Britaniya lehinə casusluq etdiyi haqda məlumat yoxdur, amma dərc olunan materiallar tədqiq edilir:
“Bu fakt üzrə cinayət işi aparılmır. Əgər məqalə müəllifləri konkret və müəyyən məlumatlara sahibdirlərsə, onları hüquq-mühafizə orqanlarına ötürməyə borcludurlar”.
Merienn Klark-Hattinq cəmi 8 ay əvvəl – 2020-ci ilin iyulunda işləməyə başlayıb. Buna qədər o, Malayziyada işləyib.
UNICEF rəhbərinin həmkarları hər şey haqda mətbuatdan öyrəniblər
“Biz hamımız bu haqda mətbuatda dərc olunanlardan xəbər tutmuşuq”, – UNICEF-in Ermənistan bürosunun kommunikasiya şöbəsinin rəhbəri Zara Sarqsyan deyib.
Azərbaycan və Böyük Britaniya xeyrinə casusluq ehtimalı haqda şayiələri şərh edərkən o bildirib:
“Hazırda biz hamımız XİN-in dərc etdiyinə istinad etməliyik, orada isə mən elə bir söz görmürəm”.
Zara Sarqsyan XİN-in bəyanatında hansı yanlışlardan və qüsurlardan söhbət getdiyi haqda suala dəqiq bir cavab verə bilməyib və izahat üçün həmin quruma müraciət etməyi məsləhət görüb.