Ukraynaya növbəti humanitar yardım göndəriləndən sonra Azərbaycanda yağ zavodu yanıb
Sumqayıtda “Azərsun Sənaye Parkı” ərazisində böyük yanğın baş verib. Yanğınla mübarizə 13 saat davam edib. Siyasətçi Natiq Cəfərli yanğının Ukraynaya növbəti humanitar yardım göndəriləndən bir gün sonra baş verməsinə diqqət çəkib. Ukraynaya göndərilən ərzağın böyük hissəsi bu zavodda istehsal edilib.
- Azərbaycanın AŞPA-dakı deputatı: “Biz beynəlxalq hüququn inkarı mərhələsindəyik”
- Ukraynada müharibə. Azərbaycan kimin tərəfindədir?
- Minsk Qrupu olmasa, Ermənistanı və Azərbaycanı sülhə kim aparacaq?
Nə baş verib?
Cümə günü, aprelin 29-a keçən gecə Sumqayıtda “Azersun Sənaye Parkı” ərazisində baş verən yanğın səhərə qədər davam edib. Alov 13 saat sonra, səhər saat 8:24-də ram edilə bilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğın 5 min kvadrat-metrlik ərazini əhatə edib.
Hazırda yanğın ərazisində yanmış tikililər sökülür, digər lazımi tədbirlər həyata keçirilir – FHN-in məlumatında deyilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Azərbaycanın Baş Prokurorluğu yanğın faktı ilə bağlı cinayət işi qaldırıb.

İlkin araşdırma göstərib ki, sənaye parkında yanğın plastik tullantıların yığıldığı hissədə başlayıb və daha sonra ərzaq saxlanılan və digər anbarlara keçib.
Şərh
“Dünən Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım, dərman və ərzaq məhsulları göndərilib. Ərzaq məhsulları əsasən konservlərdən ibarət olub, ərzaq konservlərini “Azərsun” şirkəti istehsal edir.
Bu gün isə şirkətin anbarlarında böyük yanğın olub – təsadüfdürmü?! Bilmirəm, ola bilər, amma olmaya da bilər.
Çox ağır zamanda yaşayırıq, hamımız – hökumət də, müxalifət də, sivil toplum və media da daha məsuliyyətli olmalıdır. Dövlət hamımızındır, müstəqillik birgə dəyərimizdir. Müstəqil olmasaq, nə iqtidar, nə müxalif olmağın heç bir önəmi, əhəmiyyəti qalmır”, – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Facebook səhifəsində yazıb.
Ukraynaya humanitar yardım
Azərbaycandan Ukraynaya göndərilən növbəti, yeddinci humanitar yardım partiyası təcilli tibbi yardım üçün dərman preparatlarından və ərzaq məhsullarından ibarət olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, göndərilmiş 3,37 milyon manat [təxminən $2 milyon] dəyərində olan yükün ümumi çəkisi 170 tondan çox olub.
