Ukraynadan Rusiyaya keçərək – ukraynalı qaçqınların Gürcüstandakı taleyi
Ukrayna qaçqınları Gürcüstanda
Gürcüstan DİN-in məlumatına əsasən, Ukraynada müharibə başlayandan bəri ölkə 60 mindən çox Ukrayna qaçqınını qəbul edib. Onlardan çoxu Şərqi Ukraynadan – Rusiya tərəfindən işğal olunmuş ərazilərdən gəliblər. Onlar müharibədən qaçaraq Rusiya ərazisinə keçib, oradan da quru yolla Gürcüstana gəlib çıxıblar.
Gürcüstana gəlib çatana qədər onlar filtrasiya düşərgələrindən, işğalçı ölkənin ərazisindən və çox sayda başqa əngəllərdən keçiblər.
Gürcüstan hökuməti bildirir ki, ölkəyə gələn ukraynalı qaçqınlara lazımi hər cür yardım göstərilir – onlar yaşayış yeri, qida və sairə ilə təmin olunurlar.
Amma məlum olur ki, müharibə başlayandan dörd ay keçsə də, Gürcüstanda ukraynalı qaçqınlara yardım üzrə vahid plan və bu prosesin idarə edilməsinə cavabdeh olan konkret qurum yoxdur. Məsələn, artıq dövlət icarə haqqını ödəməyi dayandırdığı üçün otel sahiblərinin ukraynalı ailələrə yardımı davam etdirməkdən imtina etdiyi hallar baş verib.
Bu insanların Gürcüstanda hansı statusla yaşadığı tam aydın deyil.
Ukraynalı qaçqınların Gürcüstana necə gəlib çıxdıqları və burada necə yerləşdikləri haqda danışacağıq. Həmçinin aydınlaşdırmağa çalışacağıq ki, indən belə onlar nə etmək fikrindədirlər – müharibə bitənə qədər Gürcüstanda qalacaqlar, yoxsa başqa ölkəyə gedəcəklər?
İvanın hekayəsi – filtrasiya düşərgəsi və Gürcüstan sərhədindəki problemlər
33 yaşlı İvan həyat yoldaşı və balaca oğlu ilə birlikdə martın 17-də Mariupol Rusiyanın nəzarəti altına keçdikdən sonra şəhəri tərk edib.
Seçim çox olmayıb – şəhərdən ancaq Rusiya tərəfə çıxmaq mümkün olub.
“Xaos idi. Mobil operatorlar işləmirdi, insanlar hara gedə biləcəklərini bir-birindən öyrənirdilər. Mariupoldan Zaporojyeyə keçdik. Qorxurdum, maşınımda səkkiz yaşlı uşaq vardı və mən təsəvvür eləmirdim ki, nələr olacaq. Rəsmən yaşıl dəhliz yox idi. Bizə sadəcə dedilər ki, bizi buraxacaqlar”.
İvanın maşınının qarşısında böyük kolon gedirmiş. Tıxaca düşməmək üçün o, Yalta kəndində (Donetsk vilayətinin Manquş rayonu) valideynlərinə baş çəkmək qərarına gəlib. O deyir ki, məhz bu, onun ailəsini xilas edib – onlardan qabaqda gedən maşın kolonu məhv edilib.
İvan arvadı və oğlu ilə birlikdə bir aya yaxın Yaltada qalıb. Onlar Yalta və Mariupol arasında Manquşun rayon mərkəzində filtrasiyadan keçməli olublar.
Filtrasiya – filtrasiya düşərgələri adlandırılan xüsusi yaradılmış yerlərdə dərin yoxlama prosedurudur. Bu düşərgələr əsasən Rusiya hərbçiləri tərəfindən Donetsk və Luqansk vilayətlərində işğal olunmuş kəndlərdə təşkil olunur. Çox vaxt polis idarələrinin binalarında. İşğal olunmuş şəhərlərdən qaçan ukraynalılar bura düşür.
Filtrasiya düşərgələrində rusiyalılar bütün sənədləri, mobil telefonlardakı foto-video görüntüləri, bədəndəki döymələri yoxlayır, çox sayda sual verirlər. Yoxlamanın məqsədi bu insanların Ukrayna hərbçiləri və dövlət xidmətləri ilə hər hansı əlaqələrinin olub-olmadığını aydınlaşdırmaqdır. Yoxlamalar çox vaxt döyülmə, alçaltma və saxlanılma ilə bitir.
Yoxlamanı uğurla keçənlərə xüsusi kağız verilir. Keçə bilməyənlər saxlanılır. İnsanlar yoxlamanı gözləyərək maşında, ya da düşərgədə – döşəmə və ya karton qutular üzərində gecələyirlər.
Bu yoxlamadan keçmədən ukraynalılar işğal olunmuş əraziləri tərk edə bilmirlər.
Ali Radanın insan haqları üzrə səlahiyyətlisi Lyudmila Denisova dəfələrlə bildirib ki, filtrasiya düşərgələrində ukraynalılara işgəncə verir, onlarla qeyri-insani davranırlar.
İvanı siyahıda 2100-cü adam kimi qeydə alıblar. Yoxlama zaman tələb edir. Bir ay ərzində cəmi 190 ailə filtrasiyadan keçib. İvan anlayırdı ki, hələ çox gözləməli olacaq və rusiyalılara rüşvət verib: “Qədərini deməyəcəm, amma işə yaradı. Tezliklə bizi növbəsiz buraxdılar”.
Filtrasiya düşərgəsinə qədər İvan artıq təxminən bilirdi ki, ona hansı suallar veriləcək, odur ki, hazır idi. O, əvvəlcədən telefondan bütün “şübhəli” şəkilləri, əlaqə nömrələrini və sms-ləri silib. Suallar əsasən onun döyüşüb-döyüşmədiyi, müharibəyə hər hansı aidiyyatının olub-olmadığı haqda olub. Yoxlama 40 dəqiqəyə yaxın çəkib:
“Onlar məni soyundurdular, döymələrimə baxdılar, telefonumu və kompüterimi yoxladılar, barmaq izlərimi götürdülər, şəklimi çəkdilər”.
Nəhayət, aprelin 18-də İvan arvadı və oğlu ilə Yaltanı tərk edib və Rusiya ilə sərhəddə yerləşən Novoazovsk şəhərinə gəlib.
O, növbəti yoxlamadan keçməli idi, bu dəfə Rusiya FTX-də. Rusiya sərhədində beş gecə maşında qalıblar. Sonra yenə standart yoxlama proseduru başlayıb:
“Onlar yenə üstümüzü axtardılar, telefonlarımızı yoxladılar. Burada vəziyyət daha ciddi idi. Döyməm xoşlarına gəlmədi, dizimin üstündə böyük ayı təsviri var. Onlar bildirirdilər ki, ayı Rusiyanın rəmzidir, mən izah elədim ki, bu, sadəcə rəsm əsəridir və Rusiyaya heç bir aidiyyatı yoxdur”.
Nəhayət, yoxlamanı keçə biliblər. Bundan sonra Rostov, Pyatiqorsk və nəhayət, Vladiqafqaz.
Rusiya ərazisində İvanın ailəsi doqquz postdan keçib. Hər birində prosedur eyni olub.
Sonuncu yoxlamadan Gürcüstan sərhədində keçməli idilər. Burada onlara çox sual verilib – kimdilər, haradan gəlirlər, hara gedirlər. Artıq Gürcüstan tərəfdə onlardan bu ölkədə onları qarşılamalı olan şəxsin telefon nömrəsini soruşublar.
“Gürcüstan sim-kartı yoxum idi, Ukrayna növrəsi tutmurdu, odur ki, heç nə təqdim edə bilmədim. Biz Rusiya ilə sərhədə qayıtdıq, internetə qoşulduq və artıq Tbilisiyə gəlmiş tanışların kontaktlarını götürdük”.
Amma sərhədi yenə də keçə bilməyiblər – Gürcüstan sərhədçiləri onlardan xarici pasport tələb ediblər.
“Mənim xarici pasportum vardı, arvadımın isə yox, hərçənd biz bilirdik ki, Gürcüstan ukraynalıları xarici pasportsuz da qəbul edir. Buna görə də narahat deyildik”, – İvan izah edir.
“Həyat yoldaşımla qayıtdıq, oturub ağlamağa başladıq. Gürcüstan bizim son ümidimiz idi. Biz Rusiyaya qayıda bilməzdik, bizi bombardman edən yerdə ola bilməzdik. Rusiya vasitəsilə Ukraynaya qayıtmaq şansı da yox idi, bizi buraxmazdılar.
Biz nə edəcəyimizi bilmirdik. Yenə Rusiya ilə sərhədə qayıtdıq. Orada təəccübləndilər ki, hamını buraxırlar, sizə nə olub? Biz indiyə qədər bilmirik ki, bizi niyə buraxmadılar”.
İvan Vladiqafqazda otaq kirayələyib. Bütün mövcud sənədlərini əvvəlcə Ukrayna dilindən ruscaya, sonra ingiliscəyə çevirib və üçüncü dəfə Gürcüstan sərhədinə gəlib:
“Bu dəfə bizi buraxdılar. Biz rahat nəfəs aldıq”.
Gürcüstana çatanda İvan, onun arvadı və 8 yaşlı oğlu Tbilisi meriyası tərəfindən bir mehmanxanaya yerləşdirilib. Həmin vaxtdan onlar Tbilisidə yaşayırlar.
Gürcüstan: ukraynalı qaçqınların qayğısına kim qalır?
Gürcüstana gələn ukraynalıların bir hissəsi dövlətin ayırdığı mehmanxanalarda qalır, bəzilərinə fərdi şəxslər və fərdi otellər yardım edir, çox az qism isə bura tanışlarının və ya qohumlarının yanına gəlir.
Bir qayda olaraq gələnlərin əksəriyyəti Gürcüstanda çox qalmır, daha sonra digər ölkələrə gedirlər.
Amma qaçqınların yerləşdirilməsi prosesini koordinasiya edən vahid bir qurum yoxdur. Tbilisi meriyası paytaxtda qalan və özü yaşamağa yer tapmayanlara kömək edir. Batumidə də bununla şəhər meriyası məşğul olur. Batumi çox sayda ukraynalı qaçqının gəldiyi böyüklüyünə görə ikinci şəhərdir.
Tbilisi meriyasından JAMnews-a bildirildiyinə görə, şəhərdə ukraynalı qaçqınlar üçün ümumilikdə 33 mehmanxana ayrılıb. Bu mehmanxanalarda artıq 2671 nəfər qaçqın, o cümlədən də 636 uşaq yerləşdirilib.
Gürcüstana gəlmiş ukraynalılar meriyadan yaşamağa yer almaq üçün xüsusi yaradılmış qaynar xəttə – 0 322 72 22 22 nömrəsinə zəng vurmalıdırlar.
Prosedur belədir – operator məlumatları qeyd edir (neçə nəfər, cinsləri, yaşları, tələbatları, əlaqə telefonları) və xüsusi şöbəyə ötürür. Bundan sonra bu şöbə həmin konkret vaxtda boş olan yerləri axtarır və qarşılıqlı əlaqə qurur. Mehmanxanada yermləşmək üçün xüsusi sənədlərə ehtiyac yoxdur, əksər hallarda şəxsiyyət vəsiqəsi yetərlidir.
İyunun 30-na olan məlumata əsasən, Tbilisi mehmanxanalarında 100 boş yer və 37 otaq vardı.
Tbilisi meriyası mehmanxanaların icarəsini və qida xərclərini ödəyir. Mehmanxana sahibləri ilə avqustun 1-ə qədər müqavilə imzalanıb, bu isə o deməkdir ki, həmin tarixə qədər heç kim insanları həmin yerlərdən çıxarmayacaq.
“Avqustun 1-dən sonra meriya vəziyyətə görə qərar qəbul edəcək”, – Tbilisi meriyasının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib.
Onların məlumatına əsasən, Tbilisi meriyası artıq 4 561 qaçqını qəbul edib ki, onlardan da 2 027 nəfəri artıq ölkəni tərk edib.
Müharibə başlayandan meriya bu xidmətlərə 9 milyondan çox lari xərcləyib [təxminən $3 mln].
Tbilisi meriyasının qərarı ilə yaşamaq üçün yerdən başqa Gürcüstanda qalan ukraynalılar üçün ictimai nəqliyyatdan istifadə, muzeylərə, qalereyalara və parklara giriş pulsuzdur.
Dövlətdən başqa, ukraynalılar üçün yaşayış yerinin axtarışı ilə özəl sektor da məşğul olur. Bu cür nümunələrdən biri Gürcüstanın ən böyük banklarından biri olan “Bank of Georgia”dır. Bank altı otellə əməkdaşlıq edir, Ukrayna qaçqınları üçün otaqların icarə haqqını ödəyir.
Ukraynalı qaçqınlar bu mehmanxalardan istənilən birinə yerləşmək üçün bu nömrəyə zəng vurmalıdırlar: 0322 444-444. Bank qaçqınlara bir ay müddətinə sığınacaq təklif edir.
Müxalif siyasi partiya “Droa” ukraynalıların Tbilisidə yaşaması üçün iki fərdi ev, bir hostel və bir mehmanxana ayırıb. Partiya mehhmanxananı icarəyə götürüb, tərəfdaşlar isə evləri və hosteli təmənnasız təqdim ediblər.
Müharibə başlayandan bu yaşayış yerlərindən iki minə qədər ukraynalı istifadə edib. Onlardan çoxdu Gürcüstana müvəqqəti gəlib. İndi mehmanxanada 150 nəfərə yaxın qaçqın qalır.
Bu təklifdən yararlanmaq üçün qaçqınlar “Droa For Ukraine” Telegram kanalı vasitəsilə partiya aktivistləri ilə əlaqə saxlamalıdırlar.
Natalyanın hekayəsi – ailənin nasaz maşınla Gürcüstana çətin yolu
46 yaşlı Natalya Balabas fevralın 26—da dostları ilə birlikdə Mariupoldan İstanbula səfər etməyə hazırlaşırdı. Artıq çamadanını toplayırdı ki, dostları ona müharibə başladığını və reyslərin təxirə salındığını xəbər ediblər. Əvvəlcə Natalya müharibənin miqyasını anlamayıb.
“Mariupolda artıq səkkiz ildir ki, müharibə gedir, odur ki, biz təşvişə düşmədik. Biz sadəcə səfərin təxirə düşməyinə məyus olduq”.
Hardasa beş gündən sonra ciddi atışmalar başlayıb. Onlara xəbərdarlıq ediblər ki, komendant saatında pəncərələrdə işıq görünməməlidir, yoxsa onları atəşə tuta bilərlər. Ailə pəncərələri kisələrlə və lövhələrlə bağlayıb:
“Nə qədər ki qazımız var idi, plitəyə böyük su dolu qazan qoyurdum və evi belə qızdırırdım. Sonra mərmi evimizə düşdü və qaz borularını dağıtdı.
Sonra biz ağacları qırmağa və lövhələri toplamağa başladıq. Müharibə hər gün bizə daha da yaxınlaşırdı. Ətrafda mağazalar partlayırdı. Qonşular tədricən azalırdı, onlar gedirdilər. Bir dəfə ukraynalı hərbçilər bizə gəldilər və dedilər ki, təxliyyə vaxtıdır”.
Amma ailə ləngiyir və onları postlardan buraxmırlar.
Onlar yeddi nəfər olublar – Natalya, əri, üç uşaq, anası və oğlunun rəfiqəsi. Geri qayıdıblar.
Martın 8-də sakitlik yaranıb. Martıqn 9-da yenidən atışma başlayanda mərmi qonşu binaya düşüb və bina yanıb.
“Ayın 18-də qızımın sevgilisinin evi gözümüzün qabağında yandı. Biz birlikdə dayanıb evin yanmağına baxırdıq”.
Səhəri gün Natalyanın oğlu Kostyanı və onun sevgilisi Nastyanı əsgər xəbərdar edib ki, gecə ağır atışma olacaq, onların çıxıb getməyi məsləhətdir.
Onların üç saatı olub. Zirzəmidə imişlər və əşyalarını toplayırmışlar, bu zaman onların evinə mərmi düşüb.
“Mən bir neçə dəqiqəlik huşumu itirdim, heç nə eşitmirdim, heç nə görmürdüm. Sonra küçəyə qaçdım və ərimi qan içində gördüm. Bacımın oğlu yerdə uzanıb və boğazından qan fontan vurur. Bacım qanı əli ilə dayandırmağa çalışır. Onun gözləri bağlıdı, nəbzi yoxdur.
Bu arada böyük oğlum yerdə sürünür, bütün qan içində və qışqırır ki, mən Kostyanı tapım. Oradaca Kostyanı tapıram, uzanıb, əl barmaqları sallanıb, üzü qan içində, heç nə görmür. Güclə onu həyətdən binanın içinə sürüyüb sala bildim.
“Ana, mən indi öləcəm, Nastyadan muğayat ol, xahiş edirəm”, – mənə deyir. Hər yanından qan axır. Nə etdiyimi xatırlamıram, ümumiyyətlə heç nə xatırlamıram”.
Natalya və bacısı necəsə yaralıların üçünü də – Natalyanın ərini və iki oğlunu maşına mindirə biliblər. Sükan arxasında qonşu oturub, o da yaralı imiş. Şəhər fasiləsiz bombalanırmış. Natalya xəstəxanaya necə gedib çıxdıqlarını xatırlamır.
“Mən qışqıraraq qaça-qaça içəri girdim. Xəstəxanada cərrah yox idi. Nə su, nə dərman vardı. Heç kim əllərini yuya bilmirdi. Mən maşından köhnə dərmanları götürüb tibb bacısına verdim.
Kostyanı soyundurdular. Bütün qan içində idi, şaxtada tamam çılpaq uzanmışdı və əsirdi. Mən ordan deyəsən, ədyal tapdım, başqa xəstənin idi. Mən onu oğurladım və oğlumun üstünə örtdüm.
Üçü də sağ qaldı. Kostyanı əməliyyat etdilər və onu gecə xəstəxanada qoyduq ki, yenidən qanaxma başlamasın. Mən oğlum Vovanı götürdüm, xəstəxanada antibotik də yox idi.
Evdə gecələdik. Bu, həyatımdakı ən qorxunc gecə idi. Bombalar fasiləsiz partlayırdı. Atışma dayanmırdı. Anam və bacım cınqırlarını çıxara bilmir, səssiz oturmuşdular. Bacım oğlunun meyiti çöldə qalmışdı”.
Səhəri gün Natalya yaralıların üçünü də bir maşına, anasını isə başqa maşına mindirib və yola düşüb. Onun maşınının təkəri boşalıb, şüşələri sınıbmış, amma o yenə də yoluna davam edib.
“Bacım qaldı, oğlunun ölüsünü qoyub getmək istəmədi”.
Nasaz maşınla Natalya kiçik qəsəbəyə qədər gəlib, ehtiyat təkər tapmağa çalışıb, amma ərini və oğlunu itirib.
“Təcili yardım maşını dayanmışdı. Mənə dedilər ki, yaralıları aparıblar, mən onları tapa bilmirdim”.
Natalya ərini və oğlunu üç gün axtarıb. Nəhayət, onları müxtəlif xəstəxanalarda tapıb.
“Onların həyatları artıq təhlükədə deyildi, Kostya isə bir gözü ilə görürdü, barmaqlarını tərpədə bilmirdi. Vova gəzə isə bilmirdi. Anladım ki, buradan getmək lazımdır və Gürcüstandakı könüllülərlə əlaqə saxladım. Biz Rostovdan çıxdıq və aprelin 10-da Gürcüstana gəlib çatdıq”.
Natalyanın yeddi ailə üzvü bir həftə bir mehmanxana otağında yaşayıb. Sonra bir nəfər onları Tbilisinin kənarında fərdi evə aparıb.
Kostya əməliyyat olunub. Amma onun bir gözü hələ də görmür. Bir dəfə də əməliyyat olunmalıdır. Həmçinin əlini də əməliyyat etməlidirlər. Vovanın vəziyyəti yaxşıdır, gəzməyə başlayıb.
Ukraynadan Gürcüstana gələnlərin statusu nədir?
Gürcüstana gələn əksər ukraynalılar kimi nə İvan, nə Natalya indiyə qədər rəsmi statusa sahib deyillər.
Öz ölkəsindən qaçan xarici vətəndaşın Gürcüstanda sığınacaq alması üçün o, qaçqın və ya humanitar status üçün müraciət etməlidir.
Gürcüstanın “Qaçqın statusu və humanitar status” haqda qanununa əsasən, qaçqın statusu istənilən əlamətinə görə (irqi, dini, milli, siyasi baxışlarına və s.) təqib qurbanı ola biləcəyi ilə bağlı qorxusu olan və buna görə də öz ölkəsinə qayıtmaq istəməyən şəxslərə verilir.
Əgər şəxs qaçqın statusu meyarlarına uyğun gəlmirsə, amma zorakılıq, işğal, daxili münaqişə və s. səbəblə ölkəni tərk etməli olubsa, ona humanitar status verilməlidir.
Status almağa çalışan insanlar sığınacaq istəyən şəxslər hesab olunurlar. Bu məsələlər Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən tənzimlənir. Müvafiq olaraq status almaq istəyən bu quruma müraciət etməlidir. Qərar altı ay müddətində qəbul edilməlidir.
Gürcüstan DİN-in məlumatına görə, 2022-ci ilin birinci rübündə yalnız 13 ukraynalı humanitar status alıb. Eyni dövrün məlumatına əsasən, sığınacaq istəyən qismində 126 nəfər qeydiyyatdan keçib.
Sığınacaq axtaran şəxslər qeydiyyatdan sonra müvəqqəti dövlət təcridxanasında yerləşdirilirlər. Sığınacaq 150 nəfər üçün nəzərdə tutulub.
Salome Coxadze “Gürcüstan üçün həqiqət” təşkilatının hüquqşünasıdır. O, öz təşkilatının himayədarlığı ilə xarici ölkələrin vətəndaşlarına status almaqda kömək edir. O deyir ki, əksər ukraynalılar status almaq istəmir. Hər halda hazırda təşkilatda belə işlər yoxdur.
Salome bunu bir neçə amillə izah edir: ukraynalılar bir il müddətində Gürcüstanda vizasız qala bilərlər. İndi hərbi əməliyyatlar zamanı onlara onsuz da sığınacaq verilir. Gələnlərin çoxunu artıq kimsə qarşılayır və qalacağı yerlə təmin edir.
Maddi motivasiyaları isə yoxdur, çünki status alan şəxsə dövlət ayda cəmi 45 lari [təxminən $15] ödəyir. Bu isə çox cüzi yardımdır:
“Status illərlə Gürcüstanda qalmaq niyyətində olanlara lazımdır, onların da marağı maddiyatla bağlı deyil, onlara hüquqi status lazımdır. Statusu olan şəxslər bu ölkənin vətəndaşları kimi müxtəlif dövlət xidmətlərindən yararlana bilirlər. Məsələn, məktəbdə təhsilə pul ödəməli olmurlar. Onlara ölkədə uzun müddətli yaşamaq hüququ verilir”, – Coxadze deyir.
İndi müharibəyə görə, ukraynalı uşaqlar üçün uşaq bağçaları pulsuzdur, bəzi məktəblərdə isə ukraynalılar üçün xüsusi sektorlar əlavə edilib.
Buna görə də heç kim ayda 45 larini gözləmək niyyətində deyil. Həm də Gürcüstanda uzun müddət qalmaq istəyənlər də çox deyil. Hər halda qəhrəmanlarımızın hamısı burada müvəqqəti qaldıqlarını, sənədləri düzələn kimi həyat və iş şərtlərinin daha yaxşı olduğu başqa bir ölkəyə gedəcəklərini deyirlər.
Yekaterinanın hekayəsi: Mariupol-Tbilisi
Yekaterina Talalay müharibəyə qədər əri və uşaqları ilə birlikdə Mariupolda yaşayırdı. Martın 19-da onlar qonşuları ilə birlikdə şəhəri tərk edib, yüz kilometr məsafədə yerləşən Nikolski kəndinə gəliblər. Onlar eşidiblər ki buradan adamları avtobuslarla çıxarırlar.
“Buna qədər biz üç həftə zirzəmidə yaşamışıq. 120 nəfər. Raketlər evimizə on bir dəfə düşdü. Amma o yenə də dururdu. Hələ də durur”.
Onlar Nikolskiyə qədər yolun yarısını piyada gəliblər, yolda avtobus onlara çatıb. Orada məktəbdə üç gün qalıblar: “Üç həftə sonra biz ilk dəfə işıq və su gördük”.
Nikolskidən martın 22-də axşam çıxıblar. Tanımadıqları yollarla dopdolu avtobusda özləri kimi qaçqınlar kolonu ilə uzun müddət yol gediblər.
Novoazovskda filtrasiyadan keçiblər. Deyirlər ki, onlara zülm etməyiblər: “Sadəcə sənədlərə baxdılar və hər şey qaydasında idi”.
Amma Rusiya sərhədində daha ciddi yoxlamadan keçməli olublar:
“Kişiləri bir tərəfə aparıb, bədənlərində silah izinin olmasını, döymələrini, telefonları, kompüterləri yoxlayırdılar və çox sayda sual verirdilər, əsasən də təxribatçı suallar: döyüşmüsüz, ya yox, müharibə haqda nə düşünürsüz və sairə. Sonra başqa adam gəlirdi, o hətta adamları ayrıca aparırdı və yenə də eyni sualları verirdi – bəlkə kimsə çaşar, başqa cavab verər və ilişər”.
Bir qayda olaraq yeniyetmələr və uşaqlar filtrasiyanı daha rahat keçirlər. Yekaterinanın həmin vaxt 18 yaşı tamam olmuş oğluna isə yetkin kişilərə göstərilən münasibəti göstəriblər:
“Telefonunda hər şeyə baxıblar: sms-lərə, şəkillərə, hər şeyə. Ərimi də, oğlumu da beş saata yaxın yoxlayıblar”.
Sərhədi keçən kimi məlum olub ki, onları Rostov əvəzinə Taqanroqa aparıblar:
“Yaxınlıqda mehmanxana tapdıq. Təsəvvür edin ki, biz üç həftə duşsuz qalmışdıq. Bu bizim çarpayıda yatdığımız, çimdiyimiz ilk gecə idi. Ancaq bu fəlakəti yaşayandan sonra anlayırsan ki, çarpayı, su, işıq kimi xırdalıqlar nə qədər vacibdir”.
Onlar Taqanroqda iki gün qalıblar. Sonra elektriçka ilə Rostova gəliblər. Vağzalda Vladiqafqaza bilet alıblar, oradan da Gürcüstana gəliblər:
“Rusiya sərhədində qadınları rahat buraxırdılar. Kişiləri təkrar-təkrar saxlayırdılar və eyni sualları verirdilər, guya heç nə bilmirlər”.
Yekaterina və ərinin xarici pasportu olub, oğlunun isə xarici pasportunun müddəti bitib. Onlar buna görə qorxublar, amma bəxtləri gətirib:
“Bizimlə birlikdə bir qrup da vardı, onlar Tbilisi təyyarəsinə gecikirdilər. Sərhədçi çaşdı, düşündü ki, oğlum da həmin qrupdandır, oğlumun pasportuna çox da diqqətlə bağmadı və buraxdı, vaxtının keçdiyinə fikir vermədi. Möhür vurandan sonra gördü. Bəxtimiz verdi”.
Yekaterinanın ailəsi Tbilisiyə səhər saat 6-da çatıb. Onlar mehmanxanada otaq tutublar. Sonra öyrəniblər ki, qalmağa yeri pulsuz ala bilərlər. İndi onlar Tbilisi ətrafındakı qəsəbələrin birində, “Ahmeteli” metrostansiyasının yaxınlığında mehmanxanada qalırlar:
“Burda ilk dəfə fişəng səzi eşidəndə təşviş içində çarpayıdan dik atıldım, qışqırdım ki, Putin bura da gəlib çıxıb. Məni güclə sakitləşdirdilər və dedilər ki, bu sadəcə Pasxaya görə atəşfəşanlıqdır. İndi sakitləşdirici içirəm. Psixoloq təyin edib”.
Ukraynalı qaçqınların planları nədir?
Gürcüstanda ukraynalılar üçün yaşayış yeri və qida nə vaxta qədər pulsuz olacaq? – bu gün Gürcüstanda bu sualın cavabı yoxdur.
Mayın sonunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı bildirib ki, Gürcüstan bu ölkəyə gələn ukraynalılara yardım üçün ümumilikdə yeddi milyon dollar ayırıb, ilin sonuna qədər də eyni məbləği ayıracaq.
Müharibənin əvvəlindən fərqli olaraq Gürcüstanda Ukraynaya yardımın fəallığı bir qədər azalıb – Ukraynaya və qaçqınlara yardım üçün xeyriyyə marafonları təşkil edənlərin, ev və iş axtarışında kömək göstərənlərin sayı azalıb.
Ukraynalıların bəziləri az maaşlı gündəlik iş tapa biliblər.
İvan arvadı ilə birlikdə səhər saat 8-dən axşam 8-ə qədər istixanada işləyirlər və bir növbəyə görə 40 lari [təxminən $13] qazanırlar. İvan deyir ki, əgər yaşadıqları yer və yeməkləri pulsuz olmasaydı, bu maaşla dolana bilməzdilər. İvan anlamır ki, insanlar burada bu gəlirlə necə yaşayırlar və yaxşı maşınlara, ayfonlara pulu haradan tapırlar.
Natalya əri ilə birlikdə onlara sığınacaq verən özəl mehmanxanada işləyirlər:
“Mən yemək bişirirəm, yığışdırıram, paltar yuyuram, çörək bişirirəm. Ərim tikintidə işləyir. Biz əlimizdən gələni edirik”.
Yekaterinanın ailəsi iş axtarmır. İvan və Natalya kimi Yekayterina da gürcülərə minnətdardır:
“Mənə elə gəlir ki, öz evimdəyəm. Anam Polşadadır. Sonuncu dəfə o, Tbilizsidə 1979-cu ildə olub. Mən ona Tblisinin indiki halı və gürcülərin bizim qardaşlarımız olduğu haqda danışıram. Bizi heç kim gürcülər qədər başa düşmür. Biz çox minnətdarıq və böyük dəstək hiss edirik”, – Yekaterina deyir.
“Biz havayı qalırıq, havayı yeyirik, ictimai nəqliyyat da bizim üçün havayıdır. Muzeylər, teatrlar, zoopark – hamısı havayıdır. Yad adamlar paltar gətirdilər, taksi sürücüləri çox vaxt Mariupoldan gələnlərdən pul almırlar. Könüllülər də böyük iş görürlər. Onlar bizə çox kömək ediblər”, – İvan deyir.
Amma onlardan heç biri gələcəyini Gürcüstanla bağlamır. Hər üç ailə Kanadaya getməyi planlaşdırır və bunun üçün sənədlərini toplayır.
“Geriyə heç baxmaq da istəmirəm. Mən nəhəng binada yaşayırdım, 30 bloku vardı. İndi ancaq üç blokun xarabalıqları qalıb”, – Natalya deyir.
“Əlimdə qalan ancaq maşınımdır, bir də bank hesabımda bir az pul. İndi Kanadadakı qohumum mənə kömək edir: o, əvvəlcə bizim üçün ev tutacaq, həm də biletlərimizi alacaq. Ən əsası viza almaqdır. Sonra baxarıq nə olacaq. Bəlkə nə vaxtsa biz evə qayıdarıq”, – İvan deyir.
Yekaterina əri ilə birlikdə artıq Kanadaya bilet alıb. Əri orda işə də düzəlib:
“O, pəncərə montajında işləyəcək. Mən də bir iş taparam. Oğlum bir müddət sonra qonşularımızla birlikdə gələcək. Burada birlikdə idik, orada da birlikdə olacağıq. Nəsə olacaq”, – hələ də bombardmansız və partlayışsız keçən günlərə təəccüblənən Yekaterina deyir.
“İnsanlar salonlara və mağazalara gedirlər. Onların gündəlik iş həyatı var. Vətənində hər dəqiqə insanların öldürüldüyünü bilərək bütün bunlara alışmaq qəribə idi. Ümid edirəm ki, nə vaxtsa bu sarsıntının və qorxunun öhdəsindən gələcəm və biz yeni həyata başlayacağıq”, – o əlavə edir.
İvanın və Natalyanın ailələri də yeni həyata başalamaq ümidi ilə Tbilisidə keçirdikləri günləri sayırlar. Amma onlar da Gürcüstanda qalmaq niyyətində deyillər.
“Mediaşəbəkə”nin dəstəyilə