Ukraynadakı müharibə və Ermənistandakı gərginlik fonunda Paşinyan-Putin danışıqları
Novo-Oqaryovoda Paşinyan-Putin danışıqları
Ermənistanın baş nazirinin Moskvaya rəsmi səfəri daxili siyasi gərginlik və həm Ermənistanın sərhədlərində, həm də Dağlıq Qarabağın təmas xəttində yaranmış fövqəladə vəziyyət fonunda baş tutub. Eyni zamanda, erməni ekspertlər problemlərin həllini deyil, Ukraynada davam edən müharibə ilə bağlı Ermənistana əlavə təzyiqlər gözləyirdilər.
Səfər Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edib.
Paşinyanla Putin arasında danışıqların yekununda müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dair 30 bəndlik birgə bəyanat imzalanıb.
“Tərəflər təxirəsalınmaz humanitar vəzifələrin yerinəyetirilməsinin və Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik yollarla tezliklə həllinin vacibliyini vurğulayıblar. Bu kontekstdə biz ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini qeyd etdik”, – bəyanatın 24-cü bəndində deyilir.
Nikol Paşinyanın Rusiyaya gətirdiyi problemlər, Ermənistanın baş naziri və Rusiya prezidentinin danışdıqları mövzular, bu səfər öncəsi Qərb tərəfdaşlarının fəallaşması və Ermənistandakı daxili siyasi gərginlik haqda və həmçinin ekspert rəyi.
- ATƏT-in Minsk Qrupu: Qarabağda vasitəçiliyin şərəfsiz sonu
- Ermənistanın baş naziri: “DQ statusu məqsəd deyil, ermənilərin təhlükəsizliyini təmin etmək vasitəsidir”
- “Qərb Cənubi Qafqazı Rusiyanın maraq zonası hesab etmir”. Bakıdan şərh
Paşinyan-Putin görüşü başlamazdan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki günlük səfər zamanı bütöv sənədlər paketi imzalanacaq, “Rusiya hökuməti səviyyəsində çox intensiv təmaslar” planlaşdırılır. Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan daxildir.
Paşinyanla Putinin Ermənistan-Rusiya strateji və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi yollarını müzakirə edəcəyi də əvvəlcədən elan edilib. Danışıqların gündəliyinə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının icrası daxildir. Söhbət 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlara son qoyan sənəddən və birincinin müddəalarının həyata keçirilməsi üçün yenidən Moskvanın vasitəçiliyi ilə imzalanan ikinci sənəddən gedir.
Paşinyan da, Putin də Dağlıq Qarabağdakı problemlərdən danışıblar
Ermənistanın baş naziri Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını deyib və DQ-də hərbi əməliyyatların dayandırılmasında Putinin rolunu bir daha vurğulayıb. O, həmçinin Rusiyanın Dağlıq Qarabağda yerləşən sülhməramlı missiyasının əhəmiyyətindən danışıb.
Eyni zamanda, Paşinyan qeyd edib ki, sülhməramlıların fəaliyyətini daha səmərəli etmək lazımdır. Onun sözlərinə görə, regionda əsas siyasi məsələ isə Rusiya prezidenti ilə müzakirə etmək niyyətində olduğu Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Putin Dağlıq Qarabağla bağlı bir çox problemlərin qalması ilə razılaşıb:
“Əlbəttə ki, bizim diqqət mərkəzimizdə təhlükəsizlik məsələləri, o cümlədən də Qarabağla bağlı məsələlər olacaq. Sizinlə daim əlaqə saxlayırıq: bilmirəm, hər həftə olmasa da, on gündən bir mütləq telefonla danışırıq və görüşlər müntəzəmdir”.
Rusiya prezidenti qeyd edib ki, Ermənistanla Rusiya arasında əvvəlki illərdə 200 sənəd imzalanıb ki, bu da bütün sahələrdə işləməyə imkan verir:
“Statistikamıza görə, 2021-ci ildə artımımız 12,8 faiz olub. Və bu ilin ilk ayları üçün əlavə olaraq daha 50 faiz. Bu, xüsusilə müasir dövrdə çox yaxşı göstəricidir”.
Danışıqların digər mümkün mövzuları
Azərbaycan Ermənistan ərazisində irəliləyib
Ötən ilin may ayından Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisinə daxil olub və ilkin mövqelərinə geri çəkilməkdən imtina edir. Ermənistan bu məsələdə yardım üçün dəfələrlə strateji müttəfiqi Rusiyaya müraciət etsə də, dəqiq cavab almayıb. Bu, Ermənistanın da daxil olduğu və Rusiyanın himayəsi altında fəaliyyət göstərən KTMT hərbi blokuna da aiddir. Ermənistanda isə həm cəmiyyət, həm də ekspertlər bu məsələyə dair müzakirələr və müəyyən irəliləyiş gözləyirlər.
DQ-də sülhməramlıların məsuliyyət zonasında problemlər
Mart ayında Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin tabeliyində olan əraziləri ələ keçirib. Burada da Ermənistan tərəfi uğursuz şəkildə Azərbaycan bölmələrinin ilkin mövqelərinə qaytarılmasını tələb edir. Ermənistanın baş naziri artıq Putinlə telefon danışığı zamanı “sülhməramlıların hərəkətlərinin və ya hərəkətsizliyinin araşdırılmasının” zəruriliyini bəyan edib. Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə də bu məsələ müzakirə olunub. Sergey Lavrov bildirib ki, vəziyyət tam aydın deyil və dəqiqləşdirilir.
Qərb-Rusiya rəqabəti?
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Yerevana səfəri
Paşinyanın Moskvaya səfəri ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri bir-birinin ardınca Yerevana gəliblər – əvvəlcə Fransadan, sonra ABŞ-dan. Hər ikisi Azərbaycanla sülh danışıqlarını, o cümlədən həmsədrlik formatında aparılmasını dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.
ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılıb. Bu, 2020-ci il müharibəsi başlayana qədər Qarabağ münaqişəsi üzrə danışıqlarda vasitəçilik rolunu yerinə yetirmiş ATƏT-ə üzv dövlətlər qrupudur. Minsk Qrupuna Almaniya, İtaliya, Finlandiya, İsveç, Belarus, Türkiyə, Ermənistan və Azərbaycan daxildir. Rusiya, ABŞ və Fransa həmsədrlərdir.
Ermənistan tərəfi uzun müddət fəaliyyət göstərməməsinə baxmayaraq, Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsində və hətta Azərbaycanla ATƏT-in Minsk Qrupu formatında sülh sazişinin imzalanmasında israr etməkdə davam edir. Azərbaycan hakimiyyəti hesab edir ki, qrup ona həvalə edilmiş missiyanı yerinə yetirməyib və Qarabağ münaqişəsi artıq hərbi yolla həll olunub, ona görə də onun vasitəçiliyinə ehtiyac yoxdur.
Minsk Qrupunun aktivləşməsi Rusiya xarici işlər nazirinin bu formatın digər iki həmsədrinin, yəni ABŞ və Fransanın Rusiya ilə daha bu platformada ünsiyyət qurmaq niyyətində olmadığını açıqlaması ilə bağlıdır. Sergey Lavrov bunu aprelin 8-də Ermənistanın xarici işlər naziri Moskvada işgüzar səfərdə olarkən deyib.
- İlham Əliyev: “Minsk Qrupu 28 il fəaliyyət göstərib. Nəticə göz qabağındadır – sıfır”
- Brüssel görüşünün nəticələri: Bakı və Yerevanın mövqeyi, şərhlər
Qərb tərəfdaşlarının aktivləşməsi ümumilikdə
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb dövlətləri regiona və Ermənistan-Azərbaycan problemlərinə daha çox maraq göstərməyə başlayıblar. Aprelin 6-da Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında ikinci görüş baş tutub.
Aprelin 18-i axşam, Paşinyan Moskvaya getməzdən əvvəl Ermənistanın baş naziri Şarl Mişellə telefon danışığı aparıb.
Bildirilir ki, Brüsseldə əldə olunmuş razılaşmaların icrası prosesi, regiondakı vəziyyət və Ermənistan-Aİ ikitərəfli gündəliyindəki məsələlər müzakirə edilib. O cümlədən, Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının iqtisadi və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard avro vəsaitin ayrılması ilə bağlı sazişin icrası müzakirə edilib. Avropa Şurasının rəhbəri bura daxil olan layihələrin praktiki icrası mərhələsinə başlanmasının zəruriliyini vurğulayıb.
Daxili siyasi problemlər
Müxalifət yenidən küçələrə çıxaraq, hakimiyyət dəyişikliyinə çağırır
Paşinyan-Putin danışıqlarının getdiyi saatlarda Yerevanda müxalifətin yürüşü baş tutub və bu yürüş yenidən hakimiyyət dəyişikliyi uğrunda mübarizənin başladığını açıq şəkildə nümayiş etdirib.
Hər zaman Rusiyayönümlü olması ilə seçilən iki eks-prezident yenidən hakimiyyətə qayıtmaq niyyətindədir – Robert Köçəryan və Serj Sarkisyan. Hər ikisi Ermənistanda parlamentdə təmsil olunan iki əsas müxalifət qüvvəsinə rəhbərlik edir.
Onlardan biri olan “Şərəfim var” fraksiyası ötən həftənin sonundan küçələrə axışıb. Onun lideri Artur Vanetsyan artıq üçüncü gündür ki, Yerevanın mərkəzində oturaq aksiya keçirir və hazırkı hökumətin istefası tələbi ilə razılaşan hər kəsi qoşulmağa dəvət edir. Maraqlıdır ki, Vanetsyan Moskva səfərindən sonra hərəkətə keçib, baxmayaraq ki, özü bu hadisələr arasında əlaqəni inkar edir. “Şərəfim var” blokuna keçmiş prezident Serj Sarkisyanın partiyası da daxildir.
Eks-prezident Robert Köçəryanla əlaqəsi olan digər müxalifət qruplaşması “Şərəfim var” fraksiyasının aksiyasına qoşulmayıb, onlar öz fəaliyyət planlarının olduğunu və bunun mütləq hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını bəyan ediblər.
Şərh
Hələ görüşün nəticələri ilə bağlı rəsmi məlumat alınmamışdan əvvəl politoloq Robert Gevondyan JAMnews-a bildirib ki, Paşinyan və Putin mütləq Brüssel görüşü barədə danışacaqlar və əvvəllər elan olunmuş gündəmdəki məsələlərə toxunacaqlar: regionda kommunikasiyaların açılması, Azərbaycanla sərhədlərin demarkasiyası və sülh müqaviləsi.
Politoloq Moskva görüşü ərəfəsində baş tutan Mişel-Paşinyan telefon danışığını və bu zaman Ermənistana 2,6 milyard dollar yardım göstərilməsi haqda bildirilməsini təsadüfi hesab etmir:
“Bu qənaətə gəlmək olar ki, Moskvada kifayət qədər mürəkkəb müzakirələr gözlənilir, məncə, bu, ciddi, yekun qərarlara gətirib çıxarmayacaq. Düşünürəm ki, konkret fəaliyyət planı gözləmək lazım deyil”.
Gevondyanın sözlərinə görə, Ermənistanın diplomatik manevrlər üçün imkanları azdır, ona görə də danışıqlarda çevik olmaq lazımdır:
“Ən azından, indiyə qədər Ermənistan buna nail olur. Biz görürük ki, delimitasiya komissiyası [Brüsseldə əldə olunmuş razılaşmalara əsasən aprelin sonuna qədər yaradılmalıdır] formalaşma mərhələsindədir, sülh müqaviləsi hələ də tərtib edilməyib. Baş nazir “barın aşağı salınmasından” danışsa da, hələlik konkret proseslər baş verməyib. Amma həqiqətən “barlar aşağı salınsa”, bu, diplomatiyamızın məğlubiyyəti olacaq”.
Avropa İttifaqı və Rusiyanın vasitəçilik missiyalarından danışan politoloq qeyd edir ki, onlar bəzən birləşir, bəzən isə qarşı-qarşıya durur:
“Vasitəçilər sonda daha çox udmaq, istənilən halda Ermənistanla Azərbaycan arasında formalaşmaqda olan münasibətlərdə öz maraqlarını daha çox təbliğ etmək üçün prosesə müdaxilə dərəcəsini artırmağa çalışırlar”.
Ermənistanda çoxları Moskvanın ittifaq dövlətinə qoşulma məsələsində təzyiqindən qorxur. Bu arada ekspert hesab edir ki, belə bir məsələ Moskvanın gündəmində deyil, “Ukraynada bu dövlətin taleyi həll olunur”.
Gevondyanın fikrincə, Ermənistan indi Rusiya ilə Qərb arasında boşluq rolunu oynayır. Ona görə də Moskva görüşünün gündəliyində “Qərbdən imtina tələbləri” də ola bilməz:
“Rusiyanın sanksiyalara görə tamamilə təcrid olunduğu bir şəraitdə Ermənistan Qərblə həm iqtisadi, həm də müəyyən dərəcədə siyasi, məsələn, ATƏT-in Minsk Qrupu haqqında danışarkən təmasda olan kiçik boşluqdur. Çətin ki, Rusiya onu öz əlləri ilə bağlasın”.
Novo-Oqaryovoda Paşinyan-Putin danışıqları