Ukraynada övladları ilə birlikdə həbsxanada saxlanılan qadınlar haqqında foto-layihə
Foto: Mişa Fridman
Mətnin orijinalı Ukraynanın “Hromadskoye” telekanalının saytındadır
Amerikalı fotoqraf Mişa Fridman övladları ilə birlikdə həbsxanaya düşən qadınlarla foto-layihə hazırlamaq üçün Ukraynadakı on bir qadın koloniyası və istintaq təcridxanasında olub.
“Uşaqlar üç yaşlarına qədər onların yanında qalır”, – Fridman danışır. “Sonra uşağın və ananın taleyi fərqli olur – hərəsi bir cür, hökmdən asılı olaraq”.
Fotoqrafçı deyir ki, onların taleyi bu gün Ukraynanın penitensiar sistemi müəssisələrində baş verənləri hər şeydən daha yaxşı əks etdirir. Buna görə də o, özünün yeni sənədli layihəsinin əsas qəhrəmanları kimi məhz onları seçib.
“Hər bir istintaq təcridxanasında (Ukraynada) bir “uşaq” kamerası olmalıdır, buna görə də hər yerdə özlərinin “know how”sunu fikirləşib tapırlar – anaları uşaqları ilə birlikdə necə təcrid etmək olar”, – amerikalı fotoqraf Mişa Fridman danışır.
Ukrayna qanunlarına əsasən, məhkum olunmuş qadınlar üç yaşlarına qədər olan uşaqları ilə birlikdə koloniyada yaşaya bilər. Üç yaşına çatandan sonra uşaqları ya qohumları aparır, ya da onları uşaq evlərinə verirlər.
Üç yaşına qədər uşaqları olan qadınlara, onlar özlərini yaxşı apararsa, koloniyadan kənarda yaşamağa icazə verə bilərlər. Bununla belə, hökumət bildirir ki, bu hüquqdan hələ heç kim istifadə etməyib. Güman edilir ki, bu, məhkum qadınların özünü və övladını azadlıqda dolandırmaq üçün pulunun olmaması ilə bağlıdır.
Fridman deyir ki, bütün məhbuslar arasında bir ana xüsusilə yadında qaldı – o, qadını çox yaxından çəkirdi və qadın uşağın portretini çəkməyi xahiş etdi.
“Səbəbini xəbər aldım. O da dedi ki, uşağın tezliklə üç yaşı olacaq, onu aparacaqlar, özü isə hələ doqquz il burada olacaq. O, (təxminlərə görə – red.) qətl üstündə həbs edilib”.
Fotoqraf deyir ki, onu ən çox təəccübləndirən qadınlara heç kimin baş çəkməməsi oldu:
“Kişi həbsxanaları və təcridxanalarına baş çəkmələr qadınlara baş çəkmələrlə müqayisə olunmazdır. Qadınları atırlar. Həm də fərqi yoxdur, qadın birinci dəfə həbsxanaya düşüb yoxsa residivistdir, həbsxanada qadın daha böyük tabu və ailə üçün rüsvayçılıqdır, o, “atılmış əşyadır”.
“İşgəncəsiz Ukrayna” ictimai təşkilatının rəhbəri Aleksandr Qatiyatullin deyir ki, bu fenomeni izah etmək çətindir. “Cəmiyyətin mentallığı budur”, – o deyir.
“Məhkim kişinin beş ildə beş dəfə boşanıb evləndiyini bilirəm. Qadınların vəziyyəti daha çətindir. Ola bilsin, ayrıca dövlət proqramları olmalıdır, dövlət qadınların resosiallaşması üçün şərait yaratmalı, ailənin saxlanması hüququnu təmin etməlidir. Koloniyanın müdiriyyəti onun xarici dünya ilə əlaqələrinə kömək etməlidir”.