Ukraynada müharibənin gözlənilməz nəticəsi: Türkiyədə günəbaxan yağı yoxa çıxıb
Türkiyədə iqtisadi problemlər sırasına biri də əlavə olunub. Ukraynada müharibənin bu ölkə vətəndaşları üçün gözlənilməz və nisbətən özünü tez biruzə verən nəticələrindən biri mağaza piştaxtalarından günəbaxan yağının yoxa çıxmasıdır. Mağazalarda bu yağ yoxdur, olanda isə limitlə satılır.
JAMnews bu böhranın səbəblərini aydınlaşdırmağa çalışıb.
- Türkiyədə Ermənistanla sərhədin açılmasını gözləyirlər
- Türkiyə lirəsinin ucuzlaşması: səbəblər iqtisadidir, yoxsa siyasi?
- Ərdoğan hökuməti lirə sınağı qarşısında
İqtisadi böhran davam edir
Uzun müddətdir ki, iqtisadi problemlər yaşayan Türkiyə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra daha da çətin bir vəziyyətlə üzləşib.
2018-ci ildən bəri türk lirəsi fasiləsiz ucuzlaşıb və 4 ildən qısa müddətdə dollar 3 lirədən 15 lirəyə qədər bahalaşıb.
Dövlətin açıqladığı rəsmi göstəriciyə görə 54%, müstəqil araşdırmaçıların açıqladığı statistikaya əsasən isə 123% səviyyəsində olan illik inflyasiya Türkiyə xalqının sosial-iqtisadi durumunu ağırlaşdırıb.
Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə Qərbin tətbiq etdiyi sanksiyalar Türkiyə iqtisadiyyatını daha acınacaqlı vəziyyətə salıb.
Türkiyənin müxtəlif şəhərlərində dincəlmək üçün Ukrayna və Rusiya vətəndaşları tərəfindən sifariş edilən turist paketlərinin əksəriyyəti ləğv edilib. Bu iki ölkədən olan turistlər Türkiyəyə turist axınının 19 faizindən artığını təşkil edir.
Rusiya aviaşirkətlərinə aid təyyarələrin xarici ölkələrə uçuşuna gətirilən qadağa da turist axınına mənfi təsir göstərib. Sığorta risklərinə görə Türkiyə aviaşirkətləri də RF-ə uçuşları dayandırıblar.
ABŞ-ın Rusiya neft və qazına tətbiq etdiyi sanksiyalara görə Dünya bazarında bu enerji daşıyıcılarının qiyməti kəskin bahalaşıb. Bu da neft və qaz idxalçısı olan Türkiyə büdcəsi üçün ağır zərbədir.
Energetika üzrə türkiyəli mütəxəssis Necdət Pamirin “Deutsche Welle” nəşrinə verdiyi açıqlamaya görə, ötən il Türkiyənin enerji idxalına xərclədiyi vəsait 28,8 milyard dollardan 51 milyard dollara qalxmışdı. “Əgər bazarda neftin bu qiyməti davam edərsə, bu il bu xərc 70 milyard dolları ötə bilər. Bu yükə Türkiyə büdcəsi sadəcə dözməyəcək” – Pamir deyib.
Günəbaxan yağı qıtlığı
Bütün bu problemlərdən əlavə, indi Türkiyə sakinləri gözlənilməz problemlə üz-üzə qalıblar. Bütün ölkə üzrə marketlərdə günəbaxan yağı yoxa çıxıb. Qiyməti fantastik həddə çatan bu məhsulu almaq üçün marketlərdə uzun növbələr yaranıb.
Bir çox supermarketlər yaranan izdihama görə, günəbaxan yağının satışına limit tətbiq edir – hər müştərinin sadəcə iki şüşə günəbaxan yağı almaq imkanı var.
Günəbaxan yağı ilə bağlı yayılan xəbərlərlə bağlı ilk açıqlamanı yeni Kənd Təsərrüfatı naziri Vahid Kirişçi verib. Onun sözlərinə görə, Ukrayna və Rusiyanın ixracatı dayandırması səbəbindən Türkiyə bu yağı idxal edə biləcəyi yeni bazarlar axtarır, amma hələ ki, qıtlıq üçün əsas yoxdur. Nazir deyib ki, “Türkiyənin hələ uzun müddətə kifayət edəcək qədər ehtiyatları var”.
Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə münasibət bildirib.
“Günəbaxan yağı ilə bağlı heç bir böhran yoxdur” – deyən prezident əlavə edib ki, belə bir böhranın olması ilə bağlı müxalifət yalandan şayiə yayır. O, həmçinin günəbaxan yağını anbarlarda saxlayıb, satışa çıxarmayanlarla bağlı tədbir görüləcəyini deyib.
“Anbarında günəbaxan yağı saxlayan şəxsləri görəndə dərhal polisə xəbər verin”, – prezident kəndlərin muxtarlarına müraciət edib.
Yağ böhranının səbəbləri
Bəs Türkiyə kimi aqrar ölkə niyə tələbata yetərli həcmdə günəbaxan yağı istehsal edə bilmir?
Türkiyədə günəbaxan yağının qiymətinin artması problemi sadəcə Ukrayna müharibəsi ilə bağlı deyil. Ötən il bu yağın bir litrinin qiymətinin 30 lirəyə [2021-ci ilin məzənnəsi ilə təxminən $3] çatmışdı. Hazırda isə, 1 litr günəbaxan yağının qiyməti 40 lirəni [hazırkı məzənnə ilə təxminən $2,8] keçib.
Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin 2021-ci ilə aid statistikasına əsasən, ölkə bütün Dünya üzrə günəbaxan yağının idxalına görə birinci yeri tutur. Belə ki, ötən il bu məhsulun idxalına görə 1,1 milyard dollar xərclənib.
Bu idxalın 65%-i Rusiyadan, 4%-i isə Ukraynadan olub.
Yağ İstehalçıları Dərnəyinin sədri Tahir Böyükhalvaçıgilin sözlərinə görə, Türkiyənin illik günəbaxan yağı istehlakı istehsalını 1 milyon ton, yaxud 60% üstələyir. O deyir ki, bu fərqin aradan qalxması üçün tək çarə dövlətin istehsalçıları dəstəkləməsidir.
Kənd təsərrüfatı həmkarlar ittifaqlarından birinin lideri Baki Rəmzi Suiçməz deyir ki, əgər qısamüddətli siyasət yerinə, dövlət tərəfindən uzunmüddətli kənd təsərrüfatı siyasəti yeridilsə, Türkiyə bu sahədəki istehlakını tam qarşılaya bilər. Onun sözlərinə görə, eyni problem yalnız günəbaxan yağında yox, buğda və qarğıdalı istehsalında da yaşanır.
Suiçməz bildirir ki, məhsul yığımı dövründə gömrük vergisinin azaldılması əkinçini günəbaxan yağı istehsalı mövzusunda ruhdan salır. Əgər bu sahədəki gömrük vergisi artırılsa və yerli istehsalçıya subsidiyalar verilsə, onda bir neçə il sonra idxaldan asılılıq tam aradan qalxa bilər.
Martın 9-da Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi günəbaxan yağının ixracını qadağan edən və iyul ayına qədər bu məhsulun idxalına gömrük vergisini sıfırlayan qərar qəbul edib.
Əlavə olaraq, uzun müddətdir ki, Rusiyada qalan günəbaxan yağı yüklü Türkiyə gəmiləri ölkəyə doğru yola çıxıb.
Avropada vəziyyət necədir?
JAMnews müxtəlif Avropa ölkələrində yaşayan azərbaycanlılardan günəbaxan yağının həmin ölkələrdə bahalaşması ilə bağlı vəziyyəti öyrənib.
“Bu gün supermarketə girdim, piştaxtalar tam boş idi. Günəbaxan yağı yoxdur. Mənim üçün bu, problem deyil, raps yağı aldım”, – Almaniyada yaşayan Çingiz Sultansoy sualımıza cavab olaraq bildirib.
“Problem ancaq Rusiya məhsulları satan mağazalarda hiss olunur. Qalan mağazalarda endirim endirim üstünədir. Amma ümumilikdə ərzaq qiymətləri bahalaşır, əlbəttə”, – Hollandiyada yaşayan Yeganə Nərimanova danışıb.
“Hələlik hər şe var, amma hər şey hər gün bahalaşır. Az əvvələ qədər 650 qramı 7 avro olan farşı dünən artıq 7,45 avroya aldım”, – Fransada yaşayan Aliyə İsmayılzadə qeyd edib.
“Çexiyada hər şey normaldır, amma qiymətlər qorxunc dərəcədə qalxıb”, – Praqadan Mətanət Əzizova bildirib.