Ukraynada döyüşlər
foto: Reuters
“Novaya qazeta”, Hromadske
Ukraynanın şərqində yanvarın 29-dan aktiv hərbi əməliyyatlar davam etdirilir. Qarşıdurmanın mərkəzi Donetskin yaxınlığında yerləşən kiçik Avdeyevka şəhərciyidir. Amma atışmalar qondarma DXR ilə Ukraynanın bütün sərhəd xətti boyunca davam edir. 10 gün davam edən döyüşlərdə artıq yüzdən çox adam həlak olub
Vəziyyət
Şəhərdə işıq ümumiyyətlə yoxdur, su tez-tez kəsilir. Evlər çox soyuqdur, çünki şəhərin isidilməsini təmin edən koks-kimya zavodu elektrik enerjisiz qalıb. Şəhərdə, küçələrin ortasında isitmə məntəqələri açılıb.
Yanvarın 31-də fövqəladə vəziyyət elan edilib. Avdeyevkanın əhalisi 20 mindən çoxdur. Bununla belə, təklif olunan təxliyəyə əsasən körpə uşaqları olan cəmi 177 ailə razılıq verib.
Avdeyevka Ukrayna ordusunun nəzarəti altındadır və şəhəri DXR-in bölmələri atəşə tutur, bu zaman ağır silahlardan, BM-21 Qrad yaylım atəşli raket sistemləri, 152 və 122 mm-lik artilleriya və tanklardan istifadə olunur.
Bu da Avdeyevkadakı həyat “Novaya qazeta”nın müxbirinin gözləri ilə:
“Küçələrdə əli boş adamlara nadir hallarda rast gəlmək olar. Humanitar yardımı uşaq xizəklərində, arabalarda, velosipedlərdə daşıyırlar. Dövlət və könüllülərin yardımı isə furalarla gəlməkdə davam edir.
Bir gün əvvəl faciənin baş verdiyi iki saylı məktəbin qarşısı qələbəlikdir. Mərminin partladığı yerdə yaranan quyunu bir az qar örtüb, atılan giliz yerdə qalıb, o tərəfə insanlar nəzər yetirməməyə çalışır. Pəncərələrin böyük hissəsi fanerlə bağlanan evlərə yeşik, paket və kisələr daşıyırlar.
Axşam Avdeyevka qaranlığa qərq olur və dinşəyir. Axşam saat ondan sonra ənənəvi atışma başlayır, ikidən sonra daha ağır nələrinsə atıldığı eşidilir. Səhər məlum olur ki, mərmi Sobornaya küçəsindəki evə dəyib, iki mənzil arasındakı divara girib”.
The New Yorker və Financial Times nəşrlərinin fotoqrafı, britaniyalı Kristofer Nunn şüşə parçası ilə yaralanıb, bir gözünü itirib. Könüllülər vaxtında onu xəstəxanaya çatdırıblar, Nunn əməliyyat olunub. Twitter-də “Sağam” sözünü yazıb.
İki versiya
Ukrayna tərəfinin versiyası
Ukrayna hakimiyyətinin versiyasına görə, Avdeyevka rayonunda atəşkəs rejimi qondarma DXR tərəfindən yanvarın 29-da Minsk razılaşmaları tərəfindən qadağa olunan ağır silahın istifadəsi ilə pozulub. Ukrayna ordusunun cavab atəşi açması onunla çətinləşir ki, düşmənin buraxıcı qurğuları yaşayış massivlərində yerləşir.
Keçmiş hərbçi, Avdeyevkada yerləşən Ukrayna Silahlı Qüvvələrinin 122-ci batalyonunun zabiti Masi Naemanın hadisələrin bu cür interpretasiyasını təklif edir:
Düşmənin [DXR nəzərdə tutulur – redaktor qeydi] məqsədi humanitar anbarları məhv etmək olsaydı, onlar bunu çoxsaylı dəqiq zərbələrlə həyata keçirərdilər. Onlarsa bir neçə zərbə endirərək, yaşayış evlərini də hədəfə aldılar. Belə çıxır ki, “DXR” sadəcə yerli sakinləri qorxuya salmaq istəyir. Bu zaman bütün Ukrayna yerli sakinlərə kömək edir, burada, Avdeyevkada demək olar ki, hər şey var: su var, yemək var, insanlar gün ərzində iki-üç dəfə humanitar kömək gətirirlər. Qızınmaq və yemək üçün yerlər var – düzdür, burada hərbi vəziyyət hökm sürsə də, yaşamaq olar.
Biz əlimizdən gələni etməyə çalışırıq ki, yerli sakinlər Rusiya və “DXR”in onlar üçün yaratmağa çalışdığı humanitar böhranı hiss etməsinlər. Amma daha çox hərbçilərin vəziyyəti narahat edir. Onlar artıq neçənci gecədir ki, daimi atəş altındadırlar.
Qondarma Donetsk xalq Respublikasının versiyası:
Qondarma DXR hakimiyyətinin versiyasına görə, məhz Ukrayna silahlı qüvvələri yanvarın 29-da Avdeyevka rayonunda tərəflərin bütün təmas xətti boyu hücuma keçiblər:
DXR silahlı qüvvələrinin mətbuat xidmətinin rəhbəri Daniil Bezsonovun şəhri:
– Təkcə bu gecə DXR-in 28 yaşayış məntəqəsi atəş altında qaldı. Dağılmış evlərin sayını indiyə qədər hesablayırıq. Yanvarın 29-dan və dünənə qədər onların sayı 40 idi, indi xeyli daha çoxdur. Bu gecə ərzində ilkin məlumatlara görə, iki dinc sakin ölüb, 15-dən çox yaralı var. Dəqiq məlumatlarımız hələ ki yoxdur, insanlar xəstəxanalara müraciət etməkdə davam edir. Bu gün ərzində ümumilikdə ona yaxın adam ölüb, 20-dən çox yaralanıb.
Xarici vəziyyət
Bir çox beynəlxalq kütləvi informasiya vasitələri xüsusiylə qeyd edir ki, Donbasda vəziyyətin yenidən kəskin şəkildə gərginləşməsi Rusiya ilə ABŞ prezidentlərinin yanvarın 28-dən 29-na keçən gecə baş tutan telefon danışığından dərhal sonra baş verib.
Belə bir fərziyyə irəli sürülür ki, Ukrayna iki iri dövlətin münasibətlərində qurban keçisi ola bilər
Düzdür, hələ ki, hadisələr bu proqnozları doğrultmur. BMT-nin Təhlükəsizlik Şurasının 4 fevral 2017-ci ildə baş tutan son iclasında bu təşkilatda ABŞ-ın yeni nümayəndəsi Rusiyanın Ukraynanın cənub-şərqində və Krımda əməliyyatlarını sərt tənqid edib və bu zaman eynən əvvəlki administrasiyanın ritorikasında istifadə edib.
Nikki Heyli iclasda çıxış edərkən bildirib: “ABŞ RF-nın əməllərini pisləyir, Krım Ukraynanın nəzarəti altına keçənə qədər də sanksiyalar yerində qalacaq”.
Avropa İttifaqı isə öz növbəsində daha yarım il müddətində Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətində olduğunu bildirib.
Bununla belə, məşhur şərhçi Andrey Piontkovski (Rusiyadan mühacirət etməyə məcbur olub) hesab edir ki, Ukrayna ətrafında xarici vəziyyətin dəyişməsi ilə bağlı fərziyyələr özünü doğrulda bilər. Piontkovskinin fikrincə, Tramp Putinin qiymətini bilir və onun ünvanına səsləndirilən ən sərt fikirləri bölüşür, amma eyni zamanda da onu mühüm müttəfiq hesab edir.
Məşhur rusiyalı politoloq Liliya Şevtsova ö növbəsində bildirir ki, Rusiya hakimiyyətinin Trampın prezidentliyi ilə bağladığı ümidlər tez bir zamanda puça çıxa bilər – yəni Putinlə əməkdaşlığın Trampa nailiyyətdən daha çox risk vəd etdiyi üzə çıxan kimi.
“Tramp işbazdır. Onun fəlsəfəsi sadədir: “Qalib hər şeyə sahib olur”, deyə o öz bloqunda bildirir.
foto: “Novaya qazeta”, Hromadske, Reuters, "Ria-novosti"
- Ukraynanın Donetsk və Luqansk vilayətlərində silahlı münaqişə 2014-cü ilin yayında başlayıb.
- Ukrayna hakimiyyətinin versiyasına görə, orada Rusiya tərəfindən dəstəklənən, kriminal ünsürlərdən ibarət olan terror qruplaşmaları fəaliyyət göstərir, onlara qarşı əks-terror əməliyyatı həyata keçirilir.
- Qondarma DXR və LXR hakimiyyətləri özlərinin dəstələrini könüllü yığma qoşunlar adlandırır.
- Münaqişə zamanı 3 milyondan çox yerli sakin qaçqın olub, 10 mindən çox Ukrayna hərbçisi həlak olub.Dinc sakinlər arasında qurbanların sayı ilə bağlı dəqiq statistika yoxdur, amma minlərlə insanın öldürüldüyü bildirilir.
- BMT-yə üzv ölkələrin əksəriyyəti Rusiyanın əməllərini pisləyən və təcavüz hesab edən qətnaməni dəstəkləyiblər.