Ukrayna Rusiya ilə danışıqlara hazırdırmı? Bakıdan baxış
Kulebanın Pekinə səfəri
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çin Xalq Respublikasının (ÇXR) xarici əlaqələr departamentinin rəhbəri Vanq Yi ilə Rusiya ilə müharibədə “ədalətli sülhə” nail olmaq yollarına dair danışıqlar aparmaq, habelə Ukrayna-Çin münasibətlərini müzakirə etmək üçün iyulun 23-də Çinə səfər edib.
Kulebanın səfəri Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı və Çinin açıq şəkildə pisləmədiyi genişmiqyaslı müharibədən sonra yüksək səviyyəli Ukrayna rəsmisinin Pekinə ilk səfəridir. Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən bir neçə gün əvvəl Çin Rusiya ilə “məhdudiyyətsiz” tərəfdaşlıq elan etmişdi.
Görüşdən sonra Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib ki, Kuleba Vanq Yi ilə söhbətində Ukraynanın “Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu” bəyan edib.
Bununla belə, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi BBC Ukrayna Xidmətinə bildirib ki, Rusiya mediası Dmitri Kulebanın sözlərini “təhrif edib”.
“Reuters” və Ukrayna mediası Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbərdiyinə görə, Kuleba Çinin xarici işlər naziri Vanq Yiyə bildirib ki, Kiyev “müəyyən mərhələdə, Moskvanın ədalətli danışıqlara hazır olması şərti ilə danışıqlara hazırdır, amma bu, hələ ki, belə deyil”.
- Azərbaycanda minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq
- Bakıda keçmiş diplomat bıçaqlama ittihamı ilə saxlanılıb
- Azərbaycan Milli Mətbuatının ən çox jurnalist həbsi ilə qeyd olunan 149-cu ili
Azərbaycanlı siyasi icmalçılar Kulebanın Pekinə səfərini və Ukrayna-Rusiya müharibəsi kontekstində Ukrayna ilə Çin arasında münasibətlərin perspektivlərini şərh ediblər.
Ukrayna danışıqlara hazırdırmı?
Elxan Şahinoğlu, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri:
«Başlığa çıxarılan sual ona görə aktuallaşıb ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba iki ildən sonra səfər etdiyi Pekində Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu bildirib. Moskvadan dərhal cavab gəlib: “Biz qeyd-şərtsiz danışıqlara hazırıq!”.
Ancaq daha sonra Ukrayna Xarici İşlər Nazirliyi Dmitri Kulebanın açıqlamasına aydınlıq gətirib. Danışıqlar Rusiyanın işğalçı müharibəsinə son qoyması və qoşunlarını Ukrayna ərazisindən çıxarması mövzusu ətrafında aparılmalıdır. Aydındır ki, Kreml Kiyevin bu şərtini qəbul etməyəcək.
Başqa bir sual da aktuallaşıb: Çin Rusiyanın tərəfdaşı olduğu halda Kuleba nədən Pekinə gedib? Aydındır ki, bu səfər Ukrayna Prezidenti Volodimir Zelenski ilə razılaşdırıb. Görünür, Kiyev Pekinin nəbzini yoxlamaq istəyir, Çin hökumətinin sülhlə bağlı Kremlə təsir imkanları öyrənilir.
Rusiya-Ukrayna müharibəsi Qərb ölkələri kimi Çinin də maraqlarına zidd olsa da, Pekin müharibənin dayandırılması üçün kifayət qədər fəallıq nümayiş etdirmir. Kiyev Pekini Rusiya tərəfdaşlığından balanslı mövqeyə keçməsini istəyir. Müharibə aparan ölkənin xarici işlər nazirinin Pekində 3 gün qalması da diqqəti çəkib. Demək, Kuleba Çin rəsmiləri ilə dərin müzakirələr aparmaq istəyib. Kiyev Çin lideri Tsi Cinpinin Ukraynaya səfər etməsinə çalışır.
Vaşinqton Kulebanın Çinə səfərini diqqətlə izləyib. Kiyev kimi Vaşinqton da Pekinin Moskvaya təsir etməsini istəyir. Ancaq buna nail ola bilmir. Çünki, Vaşinqtonla Pekin arasında başqa mövzularda dərin fikir ayrılıqları var. Pekin Vaşinqtonun Tayvan siyasətini sərt tənqid edir, Vaşinqton isə Pekinin bu adanı ələ keçirmək istəyinə qarşıdır. İki ölkə arasında başqa problem də yaranıb.
“Bloomberg” agentliyinin xəbərinə görə, Pentaqonun yeni hesabatında ABŞ Çin və Rusiyanın Akrtikaya artan marağını nəzərə alınaraq Arktikada hərbi hazırlığını və nəzarətini genişləndirəcək. ABŞ Müdafiə Nazirliyinin 2024-cü il üçün Arktika Strategiyasına əsasən, buzların əriməsi regionu iqtisadi və hərbi baxımdan daha əlçatan etdiyi üçün “Arktikanın strateji kor nöqtəyə çevrilməməsi üçün” tədbirlərə ehtiyac var”.
“Ukraynanın Çinin təsirini şişirtməsi Kiyevin qorxusunu ifadə edir”
Siyasi icmalçı Aqşin Kərimov Çin-Ukrayna danışıqları ilə bağlı tezislərini və proqnozlarını bölüşüb:
Siyasi icmalçı Aqşin Kərimov Çin-Ukrayna danışıqları ilə bağlı tezislərini və proqnozlarını bölüşüb:
“Tezislərim
- Çinin xarici işlər naziri Vanq Yi ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında keçirilən görüş NATO-nun müharibənin həllindəki roluna alternativ yaradır.
Əlamətlər:
– Nazirlərin müzakirəsi zamanı may ayında hazırlanan Çin-Braziliya 6 bəndlik sülh planı barədə dərin fikir mübadiləsi aparılıb,
– Bu, NATO-ya qarşı BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) formatının Ukraynadakı müharibənin həllində canlanmasını təşviq edən platformanın ştrixlərini göstərir.
- Ukraynadakı müharibə qlobal və regional aktorların Çin ilə ümumi dil tapa bilmək üçün cəhdlərini vurğulayır. Ukrayna da artıq Çinin həlledici geosiyasi rollarını başa düşməkdədir.
- Pekin-Kiyev danışıqları Ukraynanın Çin vasitəsilə Rusiya ilə müzakirə masasına əyləşməsi arzularını ifadə edir.
- Müzakirələr NATO-nun Ukraynadakı müharibədə Rusiyaya qarşı çəkindirmə gücünün effektiv olmadığını nümayiş etdirir və Qərbin özündə də Çin mərkəzli sülh planına azca da olsa ümidlərin mövcudluğunu göstərir.
- Ancaq Çinin Ukrayna böhranının həllindən danışarkən onun mövqeyi yalnız döyüş meydanının genişləndirilməməsi prinsipinə əsaslanır. Çin bu zamana qədər Rusiya qoşunlarının Ukraynadan çıxmasını sülhün şərti kimi önə çəkməyib.
- Ukraynanın Çin nüfuzunu qabartması Kiyevin ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gələ biləcəyindən qorxularını bildirir.
Proqnozlar:
- Çinin moderotorluğu müharibənin dialoq və danışıqlar yolu ilə ilkin mərhələdə məhdud situativ həllini nəzərdə tutacaq. Bu, döyüş əməliyyatlarının müvəqqəti dayandırılması üçün bir neçə günlük atəşkəs razılaşması ilə mümkündür.
- Çin bu istəyinə çatsa, ikinci mərhələdə Rusiya ilə Ukrayna arasında yüksəksəviyyəli danışıqların təşkilinə can atacaq”.