Müharibə və mədənlər. Ukraynanın şərqindəki mədən şəhərləri ayaqda qala biləcəkmi?
Şərqi Ukraynada, cəbhə xəttinə yaxın yerləşən şaxtaçı şəhərləri məhv olur. Ukrayna hakimiyyəti mədənlərin çoxunu – gəlir gətirməyənləri ya bağlamaq, ya da satmaq niyyətindədir. Şaxtaçı şəhərciklərinin sakinlərini münaqişə zonasında nə gözləyir və onların gələcəyi varmı? Ukraynanın “Hromadske” teleşirkətinin reportajı.
Materialın tam versiyası “Hromadske”nin saytında
“Ən ukraynalı şəhər”
“Odur orda bizim “Ukrayna” stadionumuz, “Ukrayna” univermağımız, Ukrainsk şəhəri, “Ukrayna” qastronomu, “Ukrayna” mədəni. Bizdə hər şey “Ukrayna” adlandırılıb. Ən ukraynalı şəhər!”
Sergey ezamiyyətə gələn jurnalistlər üçün ekskursiya keçirir. O, pensiyada olan şaxtaçıdır. Əslində Ukrainsk şəhərində hamı şaxtaçıdır. İndi olmasa da keçmiş və ya gələcək. Burada başqa iş sadəcə yoxdur. Hətta şəhərin adı da “Ukrayna” mədəninin adından götürülüb.
Statistikaya əsasən, Ukrainsk əhalisi 11 min nəfərdir.
• Abxaziyada Tkuarçal şəhəri – ayaqda qalmağa çalışan keçmiş kömür paytaxtı
• Gürcüstanın Tkibuli şəhərində partlayış dörd nəfərin ölümünə səbəb olub
1991-ci ildə Sergey Ukraynanın müstəqilliyinə səs versə də, 2013-cü ildə Maydanda etirazçıları dəstəkləsə də, sovet illəri haqda noltalji ilə danışır:
“Mənzil verirdilər, bütün SSRİ-dən insanlar gəlirdi! Atam Belarusdan gəlib, anam Jitomirdən”, – məkanda və zamanda ekskursiyanı davam etdirir.
Amma çiçəklənmə dövrü çoxdan geridə qalıb. Digər şaxtaçı şəhərlərindən fərqli olaraq Ukrainsk hələ 90-cı illərdə depressib olub – insanlar əməkhaqqı ödənən iş axtarışı ilə buranı tərk edirdilər.
Sergey Ukrainskdə qalmaq niyyətində deyil. “Çoxdan gedərdim”, – deyir, – “koronavirus imkan vermədi”.
2020-ci il payızın sonunda o zaman 36 yaşında olan Vitali Neşin Ukrainsk şəhərinin meri olub. dərhal da tam sistem kollapsı ilə qarşılaşıb. Bu gün boşalmış çoxmərtəbəli binalara baxanda, vaxtilə bu şəhərdə vəziyyətin daha betər olduğuna inanmaq çətindir.
Mer vəzifəsində onun ən iddialı addımı Ukrainskə kööçən insanlara tərk edilmiş evlərin bağışlanacağı vədi oldu. Ukrainskdən Donetskə qədər cəmi 60 kilometr məsafə olduğu üçün çoxları vilayət mərkəzində işləyəcəkləri ümidi ilə buna razılaşdı. Minə yaxın ailə həqiqətən də şəhərə köçdü, amma sonra müharibə başladı, onların çoxu şəhəri tərk etdi.
Ukraynada kömür sənayesinin zərərdə qalması kömür hasilatı avadanlıqlarının köhnəlməsi və modernləşməyə az vəsaitin ayrılması ilə bağlıdır. Son dörd ildə bir ton kömürün hasilatına sərf edilən xərc iki dəfə artıb – 2015-ci ildə 2100 qriven olduğu halda 2019-cu ildə 4300 qrivenə yüksəlib [2015 və 2019-cu il məzənnəsi ilə $96 və $166].
“Müəssisə bağlanandan sonra burada sadəcə boş yer qalacaq. Burada həyatlarını başa vurmaq üzrə olan pensiyaçılar qalacaq”, – “Ukrayna” mədəninin direktoru Sergey Vaxula deyir.
“Ukrayna” və “Toşkovskaya” mədənlərində “DQ” (uzunalovlu-qazlı) markasından olan kömür hasil edilir. Bundan əsasən elektrik enerjisi istehsalı üçün istilik elektrik stansiyalarında istifadə olunur. Ukraynanın enerji balansında bu kömürün payı 30 faizə yaxındır.
2014-cü ildə burada təxminən iki min nəfər insan işləyib, indi idə 1090 nəfər işləyir. Hərçənd, “Ukrayna” artıq bir ildən çoxdur ki, kömür vermir. Bununla belə direktor əmin edir ki, müəssisənin gələcəyi var.
“Mədən perspektivlidir… Bizə kömür hasilatı üçün avadanlıqlara təxminən 350 milyon qriven [12?7 milyon dollar] lazımdır. Bu yatırım bir il müddətdə ödənmiş olacaq”, – o əmindir.
Ekoloji fəsadlar
Mədənlərin qapadılmasının tərəfdarları bu müəssisələrin ekologiyaya ziyanı haqda danışırlar. Amma onların əleyhdarları da əmin edirlər ki, müəssisələrin bağlanması da ekoloji problemlərə səbəb ola bilər.
“Toşkovskaya” şaxtasının direktoru Oleq Avdiyenko Ukrayna kömür sənayesinin niyə fəaliyyətini davam etdirməli olduğu ilə bağlı üç arqument gətirir: Ukraynanın gələcək də də xaricdən ucuz kömür ala biləcəyinin zəmanəti yoxdur; hər bir mədən işçisinin orta hesabla dörd ailə üzvü var və əgər o işini itirsə, onlar dolanışıqsız qalacaqlar; mədənlərin nəzarətdən kənar bağlanması ekoloji problemlərə gətirib çıxaracaq, nəzarət altında isə bu proses çox baha başa gələcək.
Henri Bell adına Fondun “İqlim dəyişikliyi və enerji siyasəti” proqramının koordinatoru Oksana Əliyeva başqa fəkirdədir: “Heç kim üçün sirr deyil ki, kömür hasilatı sağlamlığa necə zərər verir. Üstəlik yalnız şaxtaçıların yox, şəhərin bütün sakinlərinin. Burada respirator xəstəliklərdən, ağciyər xəstəliklərindən əziyyət çəkən insanların sayı olduqca yüksəkdir, insan ömürü isə çox qısadır”.
Bağlamaq, yoxsa özəlləşdirmək?
“Bizim nəzarətimizdə olan ərazidə 33 işlək dövlət mədəni var”, – Ukraynanın enerji nazirinin müavini Maksim Nemçinov danışır. – “Mədənlərin təxminən yarısı bizə elektrik enerjisinin generasiyası üçün lazımdır. İkinci yarısı o qədər də cəlbedici deyil. Amma biz onlara şans verəcəyik, onlar üçün fərdi investorlar axtaracağıq. Əgər investor tapılmasa, bu mədənlər ləğv ediləcək”.
Ukraynanın hazırkı enerji strategiyasına əsasən, 2025-ci ilə qədər bütün rentabelli olmayan mədənlər dövlət tərəfindən bağlanmalı, ya da özəlləşdirilməlidir – ekspert Oksana Əliyeva qeyd edir. Amma o əmin deyil ki, bu baş verəcək.
Almaniya hökuməti Ukraynaya kömür mono-şəhərlərindən (bir müəssisədən asılı olan şəhərlər) birinin tranformasiyasını maliyyələşdirməyi təklif edib. Ukrayna tərəfi istəyir ki, pilot layihə Donbas və Lvov-Volın daşkömür hövzəsində iki şəhərdə həyata keçirilsin.
“Nəzarətimiz altında qalan yalnız dörd mədən rentabellidir. Qalanlarını biz mahiyyət etibarilə büdcədən maliyyələşdiririk”, – Oksana Əliyeva deyir.
O, kömür sektorunun Ukraynada ən korrupsiyalaşmış sahələrdən biri olduğunu deyir.