LGBT müharibədə. Ukraynadan hekayələr
Ukraynanın “Hromadske” teleşirkəti problemi qeyri-adi rakursdan göstərmək – silahlı qüvvələr sırasında və müharibədə olan LGBT nümayəndələrinin hekayələrini nəql etmək qərarına gəlib.
“LGBT də hərbçilər kimi azadlıq uğrunda mübarizə aparır”
Vladislav Miroşniçenko hərbçi
Vladislavın 23 yaşı var, üç ildir Birləşmiş Qüvvələrin Əməliyyatında (ölkənin şərqində aparılan hərbi əməliyyatlar Kiyevdə rəsmən belə adlandırılır) iştirak edir. O, “Pion” artilleriya qurğusunun komandanıdır.
Mən kaminq-aut eləmək qərarına gəldim, çünki açılmaq və özüm olmaq istəyirəm. Özün kimi olan uşaqlarla birlikdə yaşamaq (xidmətdə – red.) və həmişə fərqli olmaq rahat deyil. Anlamırsan ki, kim sənin dostundur, kim sənə pis münasibət göstərib, səni alçalda bilər.
• Nifrətlə əhatəli həyat. LGBT və onların valideynləri Gürcüstanda
Rusiya işğalı başlayanda hər şey dəyişib. Avropayönlü ukraynalıların nə istədiklərini ifadə etmək imkanları yox idi, mübarizə apara bilmirdilər. Mən Ukrayna ordusuna xidmətə getmək qərarına gəldim.
Nəticədə mən hər halda hiss elədim ki, həmfikirlərimin arasındayam. O vaxt hələ LGBT nümayəndəsi olduğumu açıqlamırdım.
Əslində LGBT nümayəndələri arasında hərbçilər çoxdur, amma onlar bunu açıqlamaqdan qorxurlar. Hətta LGBT hərbçilər qrupunda da onlar öz şəklini göndərməkdən və ya açıq şəkildə ünsiyyət saxlamaqdan qorxurlar.
Adi həyatda sadədir: sən öz mənzilinə qapanırsan, vəssalam, səni heç kim alçaltmayacaq. Xidmətdə isə sən homofob olsalar belə bu insanlarla birlikdə yaşamağa məcbursan.
Əslində LGBT nümayəndələri də, digər hərbçilər kimi azadlıq uğrunda mübarizə aparırlar. Biri vətəni, tarixi, haqqı qoruyur, amma o birilər də eyni şeyi edir. İşğal altında olan insanlar anlaya bilərlər ki, düşmənlərin mühasirəsində öz mövqeləri, söz azadlığı, fərqli düşüncəsi uğrunda mübarizə aparmaq nə deməkdir. LGBT nümayəndələri də təzyiq hiss edirlər.
“Orduda” fərqi yoxdur, sən kişisən, ya qadın
Yarina Çornoquz, paramedik
Yarinanın 25 yaşı var. 2019-cu ildən o, könüllülər alayında hərbi həkim işləyir. Hazırda ayrıca dəniz piyadaları alayında xidmət edir.
İdealda gender bərabərliyi yalnız nəzəriyyədə yox, həm də təcrübədə mövcud olduğu orduda cinsiyyət olmur, fərqi yoxdur sən qadınsan, ya kişi. Sən hərbçisən. Sən başqalarının gördüyü işi görürsən, hamı kimi risk edirsən. Mənim üçün də kişi ilə qadın arasında fərq yoxdur. İnsan var.
Biseksuallıq mənim təbiətimə o qədər hakimdir ki, bəzən mənim kimliyimdə bunu xüsusi bir şeymiş kimi qabartmaq qəribə gəlir. Sadəcə var, vəssalam. Müharibədə, ya da məsələn, Qərb nümunəli orduda fərqi yoxdur sən qadınsan, ya kişi.
Seksuallıq baxımdan bərabərlik və demokratiyanın əldə olunduğu ölkələrdə kişi və ya qadın artıq o qədər də müəyyənedici şeylər deyil. Sadəcə sənə uyğun olan tərəfdaş anlayışı var.
Valideynlərim mənim biseksuallığımı çox da dəstəkləmir, buna bir qədər ehtiyatla yanaşırlar. Dostlar, tanışlar üçün isə bu əcaib bir şey deyil.
Biseksuallarla lesbiyanlar arasındakı fərqi anlamayan seqment var. Yarım il əvvəl oğlan sevgilim müharibədə öləndə mənə deyirdilər: “Sənin necə oğlan sevgilin ola bilər, əgər sən biseksualsansa? Ümumiyyətlə biseksualsansa, necə sevə bilərsən?”
Bu, məni çox pis sarsıtdı. Sevginin bütün bunlara dəxli yoxdur.
“Əvvəlcə hamı bunu mənfi, sonra isə normal qarşılayır”
İqor Qriqoraşuk, keçmiş hərbçi
İqor üç il müqavilə ilə orduda xidmət edib, əsasən aşpaz işləyib.
İlk olaraq gey olduğumu rəfiqəmə dedim. O, bunu normal qarşıladı. Amma açıq bəyan etmək – yox, hələ deməmişəm. Maneralarımla da bunu göstərmirəm, maneralı gey deyiləm. Xidmətdə həmkarım bilirdi ki, geyəm. Normal dost münasibətimiz vardı. Elə olurdu ki, bu haqda mənfi fikir bildirirdi, amma ümumilikdə biz dostluq edirdik.
Əvvəlcə hamı bunu mənfi, sonra normal qəbul edir. Başqa çıxış yolu yoxdu, mənim müqaviləm üç illik idi – onlar mənə nə edə bilərdilər?
Bir dəfə görüşdüyüm oğlan anama zəng vurdu və mənim gey olduğumu dedi. Onu atdığım üçün belə elədi. Mənim onda 19 yaşım vardı.
Buna qədər mən valideynlərimlə bunu müzakirə etməmişdim. Anam indiyə qədər düşünür ki, mən evlənəcəm, uşaqlarım doğulacaq və hər şey yaxşı olacaq.
Bunu biləndən sonra məni psixoloqlara, psixiatrlara, kilsəyə apardılar. Atamın bir gecədə saçları ağardı, onlar üçün bu, əlbəttə ki, şok idi. Onlar şüuraltında bilirlər ki, bu artıq sondur, nöqtə. Amma yenə də bir gün mənim ailəm olacaq xülyası ilə özlərini təsəlli edirlər.