Ukrayna kəşfiyyatı: Rusiya Gürcüstanla reeksport üzrə danışıqlar aparır. Tbilisi bunu təkzib edir
Ukrayna kəşfiyyatının Gürcüstana qarşı ittihamları
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi mayın 1-də bildirib ki, Rusiya öz məhsullarının beynəlxalq bazara təkrar ixracı üçün Gürcüstan, Ermənistan və Azərbaycanla danışıqlar aparır.
Gürcüstan bu bəyanata cavab verib – mayın 2-də rəsmi Tbilisi Ukraynadan izahat tələb edib və səfir səlahiyyətlərinin icraçsı XİN-ə dəvət edilib.
- Ukraynaya növbəti humanitar yardım göndəriləndən sonra Azərbaycanda yağ zavodu yanıb
- Azərbaycanın AŞPA-dakı deputatı: “Biz beynəlxalq hüququn inkarı mərhələsindəyik”
- NATO-nun Ukraynaya dərhal kömək etmək üçün ata biləcəyi 5 addım
Ukrayna kəşfiyyatının məlumatında deyilir ki, Rusiya Gürcüstan, Ermənistan və Azərbaycan adı altında məhsul istehsal etməyi, sonra isə üçüncü ölkələrə ixrac etməyi planlaşdırır. Kəşfiyyat xidmətinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri sadalanan ölkələrdə bu məqsədlə 200-dən çox şirkət qeydiyyatdan keçib:
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Moskva KTMT ölkələrindən (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan) Rusiya ordusu üçün hərbi məhsullar və idxal komponentləri tələb edən ikili təyinatlı məhsulların istehsalı üçün istifadə etmək niyyətindədir. Beləliklə, Rusiya bu ölkələrin hər zaman Rusiyanın maraqlarına cavab verən Kremldən iqtisadi asılılığını artıracaq.
“Rusiya ilk növbədə informasiya texnologiyaları sahəsində Rusiyanın biznes şirkətləri üçün əlverişli şərait yaradır. Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bəri 85 minə yaxın Rusiya vətəndaşı və 113 İT şirkəti Ermənistana köçüb. Rusiya vətəndaşları Ermənistanda minə qədər özəl müəssisə və 250-dən çox məhdud məsuliyyətli cəmiyyət yaradıblar ki, onlar iki ölkənin – Ermənistan və Rusiyanın büdcələrinə vergi ödəyəcəklər”, – kəşfiyyat hesabatında deyilir.
Gürcüstanın maliyyə naziri Laşa Xutişvili Ukrayna kəşfiyyatının bəyanatını anlaşılmaz adlandırıb. Nazir aydınlaşdırıb ki, Gürcüstanın mövqeyi bəllidir – ölkənin sanksiyalardan yayınma məkanına çevrilməsinə imkan verməmək. Bu həm maliyyə, həm də əmtəə sanksiyalarına aiddir:
“Təbii ki, çoxlu sayda malların daşınmasından danışarkən bütün sanksiyaları ətraflı izah etmək vacibdir. Bu, maliyyə sektorunda vahid sistemdir, Gürcüstanın maliyyə sektoru da bu sistemə bağlıdır. Milli Bankın təmsil etdiyi maliyyə sektorunun möhkəm və etibarlı tənzimləyicisi var və biz bununla bağlı hər hansı çətinlik gözləmirik”, – deyə Laşa Xutişvili bildirib.
Ticarət dövriyyəsinə gəlincə, nazirin sözlərinə görə, sanksiyalara məruz qalan malların siyahısı var və burada səhvlər də istisna olunur:
“Buna görə də tərəfdaşlarımız tərəfindən bu sanksiyaların icrası ilə bağlı heç bir sualı la bilməz. Mən bir çox həmkarlarım, tənzimləyici orqanlar, bilavasitə sanksiyalar tətbiq edən ölkələrlə şəxsən görüşmüşəm və onlar Gürcüstanın gördüyü işlər barədə tam məlumatlıdırlar”.
Ukrayna kəşfiyyatı aprel ayında Gürcüstanla bağlı oxşar məlumat yayıb. Kəşfiyyat agentliyi aprelin 4-də yaydığı bəyanatda bildirib ki, Rusiya Gürcüstan ərazisindən qaçaqmalçılıq marşrutu qurur.
Laşa Xutişvili deyir ki, Gürcüstan dövlət səviyyəsində nəyin əsasında belə bəyanatlar verildiyinə dair aydınlaşdırma tələb edir.
Bu bəyanatla əlaqədar Ukraynanın müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
“Gürcüstanın Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkilindən Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin təqdim etdiyi məlumatlarla bağlı vaxtında faktiki dəqiqləşdirmələr və sübutlar təqdim etməyi xahiş edib”, – XİN-in bəyanatında deyilir.
Qurumun məlumatına görə, ukraynalı diplomat Xarici İşlər Nazirliyində keçirilən görüşdə indiki mərhələdə Ukrayna kəşfiyyatının bəyanatına konkret cavabının olmadığını bildirib və Kiyevə müvafiq mesaj göndərəcəyini qeyd edib.
Nazirliyin bəyanatında həmçinin bildirilir ki, görüşdə nazir müavini Teymuraz Cancalia Gürcüstan tərəfinin bu qəbildən olan bəyanatlardan narazılığını bir daha bildirib.
“Təsdiqlənməmiş faktlara əsaslanan məlumatların yayılması iki ölkə arasında tərəfdaşlığa xələl gətirir”, – bəyanatda deyilir.