Ukraynanın Avropa ilə vizasız rejimə yolu
Ukrayna Avropa Şurasının ona vizasız rejimi təqdim edəcəyini gözləyir. O, bu yolda hansı maneələrdən keçib?
Gözlənti
Ukrayna çətinliklə də olsa Avropa İttifaqının bütün tələblərini yerinə yetirib. Dövlət başçısının sözlərinə görə, onların sayı 140-dan çox idi.
Dekabrın 15-də Avropa Parlamenti Ukrayna və Gürcüstan üçün vizasız rejimi dəstəkləyib. Düzdür, bundan əvvəl orada Aİ ərazisində vətənə qayıtmaq istəməyən ukraynalıların və gürcülərin sayı çox olduğu halda vizasız rejimin mümkün ləğvi barədə normanı qəbul ediblər.
“Vizasız rejim Avropa İttifaqından 50% praktiki xeyir deməkdir, – politoloq Aleksandr Paliy hesab edir. – Vizasız rejimin tətbiqi ilə Ukrayna yaxşı bonus əldə edəcək, bu zaman onun Aİ-yə üzv ölkələrin üzləşdiyi problemləri olmayacaq.
Ukrayna ən azı 10 ildən sonra Avropa İttifaqına üzv olmağa ümid edə bilər. Avropa İttifaqının özü üçün də Ukraynanın bu qurumda üzvlüyü gündəmdə deyil. Bu gün Aİ-nin özü hara getdiyini və necə inkişaf edəcəyini anlamağa çalışır”.
Avropa Parlamenti vizasız rejimi dəstəkləyəndən sonra lap az iş qalır: Avropa İttifaqı Şurasından rəsmi təsdiq almaq. Bunun nə vaxt baş verəcəyi ilə bağlı dəqiq tarixi Avropa məmurlarından heç biri göstərmir.
Qanun-qayda
Ukrayna 2016-cı ildən vizasız gələcəyə doğru fəal addımlar atmağa başlayıb.
Elə o vaxt “viza liberallaşdırılması üzrə fəaliyyət planı” qəbul olunub. Burada Avropa İttifaqının Ukraynanın yerinə yetirməli olduğu konkret tələbləri göstərilib. Həmin tələblərin arasında biometrik pasportlar, sərhədi keçməyin yeni qaydaları, miqrasiyaya nəzarət və hakimiyyətin daha çox problemlə üzləşdiyi korrupsiya ilə mübarizə haqqında qanunlar var idi.
Bütün bu qanun layihələri 2015-ci ilin payızında qəbul olunub, amma bu, hələ onların yerinə yetirilməsindən xəbər vermirdi, əslində onlar Aİ-nin görmək istədiyi şəkildə də qəbul edilməmişdi.
Ukraynada tez-tez belə olur ki, qanunla onun yerinə yetirilməsi arasında uçurum yaranır. Son 2,5 il ərzində Avropa İttifaqının ritorikası bir qədər dəyişib, indi hakimiyyətdən qanunun təkcə qəbulu deyil, həm də ona riayət olunması tələb edilir.
Buna görə də 2015-ci ilin dekabr ayında Avropa İttifaqı Ukraynaya 5 əlavə tələb irəli sürüb:
• 2016-cı ilin birinci rübünün axırına qədər Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun işə düşməsi
• 2016-cı ilin birinci rübünün axırına qədər Milli Korrupsiya ilə Mübarizə Agentliyinin işə başlaması
• rüşvətxorların əmlakının xüsusi müsadirəsi və həbsi haqqında qanuna dəyişikliklərin edilməsi
• yeni yaranan Xüsusi Antikorrupsiya Prokurorluğunun müstəqilliyi üçün prokurorluq haqqında qanuna dəyişikliklərin edilməsi
• antikorrupsiya orqanlarının işi üçün büdcədən əlavə maddələrin daxil edilməsi.
Amma bu da zəmanət vermir ki, antikorrupsiya islahatı tam mənası ilə işləyəcək, – korrupsiya ilə mübarizə mərkəzinin rəhbəri Vitali Şabunin deyir. Onun sözlərinə görə, əsas qurum olan antikorrupsiya məhkəməsi hələ də yaradılmayıb. Aİ liderləri bu haqda dəfələrlə desələr də, Ukrayna qarşısında onu yaratmaq öhdəliyi qoymayıblar.
Antikorrupsiya bürosunun işi məhkəmədə bitir, məhz məhkəmə son qərarı verir və əmlakı müsadirə edir, amma Şabuninin sözlərinə görə, Ukraynanın indiki məhkəmələri antikorrupsiya bürosunun işlərini “basdırır”.
Bundan başqa, onlar istintaqlara mane olur, tez-tez şübhəli şəxsləri buraxırlar. Misal üçün, adamı 500 milyon qrivenin oğurlanmasında günahkar bilirlər, məhkəmə isə onu 6 milyon müqabilində buraxır. Yeni yaranan sistem bu cür məhkəmələrlə normal işləyə bilməyəcək, – Vitali Şabunin hesab edir.
Bundan əlavə elektron deklarasiya hissəsində də problemlər var. Misal üçün, Milli Korrupsiya ilə Mübarizə Agentliyinin rəhbərliyi qanuni aktların nəzərdən keçirilməsinə qarşı çıxır, bu aktlar üzrə deklarasiyalarda yalana yol verənlərin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur, – ekspert əlavə edib.
============================
1991-1994:
1 dekabr 1991-ci ildə Ukraynada ilk prezident seçkiləri və müstəqillik haqqında referendum keçirilib. 2 dekabr 1991-ci ildə Avropa Komissiyası Ukrayna referendumunun demokratik xarakterini tanıyıb. Bir həftə sonra Avropa Şurası “tam suverenləşmə ilə bağlı iradələrini azad və dinc şəkildə ifadə edən” Ukrayna, Belarus və Rusiya ilə qarşılıqlı münasibətləri inkişaf etdirmək istədiyini bildirib.
Ali Radanın 2 iyul 1993-cü il tarixli “Ukraynanın daxili və xarici siyasətinin əsas istiqamətləri haqqında” qətnaməsində Avropa vektoru prioriteti və Avropa İttifaqına daxil olma istəyi bildirilib. 14 iyun 1994-cü ildə Ukrayna və Aİ arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Bu müqavilə 1998-ci ildə qüvvəyə minib və 2008-ci ilə qədər qüvvədə olub.
2002-2003:
2002-ci ildə Ukrayna “xüsusi qonşu statusu” alır ki, bu da miqrasiya rejiminin sadələşdirilməsini nəzərdə tuturdu. 2003-cü ildə prezident Leonid Kuçma bildirib ki, Ukraynanın məqsədi Aİ ilə assosiasiya haqqında saziş imzalamaq idi.
2007-2009:
Viktor Yuşenko “avrointeqrasiya prosesləri”ni bütün xarici siyasətdə prioritet proseslər kimi müəyyən edib. 2005-ci ilin fevral ayında “Ukrayna –Aİ fəaliyyət planı” imzalanıb.
2007-ci ildə Avropa Komissiyası Ukrayna ilə yeni “Ukrayna və Aİ arasında assosiasiyası haqqında” baza müqaviləsi ilə bağlı danışıqlara start verib. 2009-cu ildə “dərin və hərtərəfli azad ticarət zonası” haqqında danışıqlara başlanılıb.
2009-cu ilin may ayında Ukrayna Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Belarusla birlikdə “Şərq tərəfdaşlığı” proqramında iştirak etməyə başlayıb. Əsas məqsəd avrointeqrasiya prosesini sürətləndirməli olan sosial-iqtisadi islahatlar idi.
2010-2013:
2010-cu ilin noyabr ayında baş tutan “Ukrayna – Aİ” sammitində Avropa İttifaqının proqramlarında iştirakın əsas prinsipləri ilə bağlı “Tərəfdaşlıq və əməkdaşlıq” protokolu imzalanıb. 30 mart 2012-ci il tarixində Ukrayna və Avropa İttifaqı nümayəndə heyətlərinin rəhbərləri “Assosiasiya haqqında müqavilə”, 19 iyul 2012-ci il tarixində isə “Dərin və hərtərəfli azad ticarət zonası haqqında müqavilə” imzalayıblar.
10 dekabr 2012-ci ildə Avropa İttifaqının Xarici İşlər Şurası Ukrayna ilə bağlı rəyi dəstəkləyərək, 2013-cü ilin noyabr ayında Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı”nın sammitində Ukrayna ilə Aİ arasında “asosiasiya haqqında saziş”i imzalamağa hazır olduğunu bildirib. Amma bu baş verməyib. 21 noyabr 2013-cü ildə Nazirlər Kabineti Sazişə hazırlığın dayandırıldığını bildirib.
Noyabrın 29-da isə Viktor Yanukoviç deyib ki, Ukrayna sənədin imzalanmasını növbəti sammitə qədər ertələyir. Bundan sonra Ukraynanın hər yerində kütləvi etiraz aksiyaları keçirilib və bu zaman hökumət və dövlət başçısının istefası tələbləri irəli sürülüb. Xalq arasında bu etiraz aksiyaları “Avromaydan” adını alıb və nəticədə Ləyaqət İnqilabına gətirib çıxarıb.
2014-2016:
21 mart 2014-cü il tarixində Aİ nümayəndələri və baş nazir Arseniy Yatsenyuk siyasi müqavilə imzalayıblar. İyunun 27-də prezident Pyotr Poroşenko bunun iqtisadi hissəsini imzalayıb. Sentyabrın 16-da Ali Rada müqaviləni ratifikasiya edib. Müqavilənin qüvvəyə minməsi üçün onu Aİ-yə üzv olan 28 ölkə ratifikasiya etməlidir.
Ukrayna ilə müqaviləni təkcə Niderland hələ ki ratifikasiya etməyib.