“Üçüncü dəvət olmayacaq”. İlham Əliyev Qarabağ ermənilərinin taleyi haqda
Qarabağ ermənilərinin taleyi haqda
“Üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da hadisələr başqa cür inkişaf edəcək”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Qarabağın erməni əhalisinin taleyindən danışarkən deyib. “Həmin bölgədə istənilən əməliyyatı həyata keçirmək üçün hər cür imkanımız var. Ona görə də “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz postlarını tərk etməlidirlər. Yalnız bu halda hər hansı amnistiyadan danışmaq olar”, – deyə o əlavə edib.
- “Paşinyan Kişinyov görüşünə ümid edir”. Bakıdan şərh
- Moskvada Əliyev-Paşinyan dialoqu: sənədlərin imzalanması baş tutmayıb
- Kuir aktivistlər polis bölməsində zorakılığa məruz qaldıqlarını bildiriblər
Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, onlara evlərinin açarlarını təqdim edib.
Əliyevin səfəri ərəfəsində 1992-ci ildə I Qarabağ müharibəsi zamanı işğal olunmuş şəhəri tərk etmiş məcburi köçkünlərin birinci qrupu (20 ailə) Laçına köçüb.
“Ərazi bütövlüyü məsələsi tam həll olunub”
İlham Əliyev laçınlılarla söhbətində bildirib ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsasında sülh müqaviləsi imzalanmalıdır.
Azərbaycan Prezidenti Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində baş verən son hadisələrə də münasibət bildirib:
“Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik.
Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”
“Sülh razılaşması üçün heç bir maneə qalmayıb”
“Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır!
Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik.
Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır.
İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, – sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, – deyə Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsinə toxunub.
“Yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq”
Əliyev Qarabağ ermənilərinin gələcək taleyi ilə bağlı fikirlərini bildirib. O, rəsmi Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə Xocalıda iki dəfə görüş keçirildiyini xatırladıb.
Bundan sonra Azərbaycan hakimiyyəti danışıqları davam etdirmək üçün iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini Bakıya dəvət etsə də, onlar bundan imtina ediblər.
“Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır.
İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq?
Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.”
Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq.
Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, – deyə Əliyev bildirib.
“Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək”
“Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır.
Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək.
Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq”, – Azərbaycan prezidenti əlavə edib.
“Sərhədlərin delimitasiyası bizim şərtlərlə həyata keçirilməlidir”
İlham Əliyev Ermənistanda saxlanılan və həbs edilən Azərbaycan hərbçilərinin geri qaytarılması məsələsinə, o cümlədən də iki qonşu ölkə arasında dövlət sərhədinin delimitasiyası mövzusuna da toxunub:
“Bir müddət bundan əvvəl bizim iki hərbçimiz yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb.
Bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, – çünki bu ehtimal çox böyükdür, xüsusilə qış aylarında, siz özünüz bilirsiniz ki, burada iqlim çox sərtdir, dağlardır, dərələrdir, yolu azmaq olar, – əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır.
Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?
Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə mən bildirdim ki, bu, dözülməzdir. Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz. Dərhal bizim hərbçilərimizi qaytarın. Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər. Nə məhkəmə olub, nə vəkil olub, nə hakim olub, nə də media nümayəndələri. Belə məhkəmə olar? Bu, qanunsuzluqdur.
Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim.
Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir.
Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”.