Üç sinfin şagirdləri bir otaqda. Uşaqlar məmnundur, müəllimlər çaşqınlıq içində
Ermənistanda 1410 məktəb fəaliyyət göstərir, bu məktəblərdə 387 135 şagird təhsil alır və 31 708 müəllim dərs deyir.
Bunların sırasına cəmi 10 nəfərə qədər şagirdin təhsil aldığı kiçik kənd məktəbləri də daxildir. Əvvəlki hakimiyyət zamanı belə məktəblərin 10-dan çoxu bağlanmışdı. O zaman böyük məktəblərə pul xərcləməyi daha məqsədəuyğun görmüşdülər. Qonşu kiçik kəndlərin uşaqlarını isə bu böyük məktəblərə maşınlarla, ya da avtobuslarla gətirirdilər, bu halda xərclər daha az olurdu.
• Susuz qalan Ermənistan kəndləri boşalır
• Ermənistanın məktəb və uşaq bağçalarında elementar gigiyenik vasitələr yoxdur
2018-ci ildə hakimiyyət dəyişəndən sonra yeni təhsil naziri məsələyə yeni çözüm tapmağı vəd etmişdi. Araik Harutunyan bildirib ki, kiçik kəndlərdə məktəblər bağlanmayacaq. Bu məqsədlə onları uşaq bağçaları, kitabxanalar və mədəniyyət evləri ilə bir dam altında birləşdərmək və bununla da ümumi istismar xərclərini azaltmaq planlaşdırılırdı.
Kiçik məktəblər ətrafında yaranan vəziyyətin bütün təfərrüatları.
Müəllimlər şagirdlərdən daha çoxdur
Ermənistanda 10 nəfərə qədər şagirdin təhsil aldığı 35 məktəb var.
Sadəcə bir şagirddən ibarət olan məktəblər də var. Məsələn, Geqarkunik vilayətinin Geğakar kəndində və Şirak vilayətinin Şağik kəndində. Geğakar məktəbinin bir şagirdinə iki müəllim dərs deyir, Şağik kəndinin yeganə şagirdinin isə üç müəllimi var.
Sünik vilayətinin 35 məktəbindən 8-də ən çoxu on şagird təhsil alır. Ən az şagird Aqarak kənd məktəbindədir. Burada iki şagird var və onlara üç müəllim dərs deyir. Amma bu məktbdə daha dörd əməkdaş da var. Yəni bu iki şagirdə görə yeddi nəfər işləyir.
Şirak vilayətinin Aşotsk ibtidai məktəbində vəziyyət daha acınacaqlıdır. Burada iki şagird var və onlara cəmi bir müəllim dərs deyir.
Birləşdirilmiş siniflər və digər problemlər
Yaranmış vəziyyətdən çıxmaq üçün ölkənin bir çox kənd məktəblərində kiçik siniflər birləşdirilir, başqa sözlə desək, “komplektləşdirilir”. Məsələn, beşinci və altıncı siniflərə bir yerdə dərs keçilir.
Kiçik məktəblər müəllimlər üçün cəlbedici deyil, çünki burada onların dərs yükü az olur, müvafiq olaraq onlara kiçik əməkhaqqı ödənir. Buna görə də burada kəskin kadr çatışmazlığı problemi də yaşanır, müllimlər isə bir neçə fənni birdən keçirlər.
Ekspert rəyi
Kiçik məktəblərdə xərclərin optimallaşdırılması üçün siniflər birləşdirilir, amma bu zaman daha böyük şey itirilir – təhsilin keyfiyyəti, təhsil sahəsində ekspert Marina Qalstyan deyir.
O, ibtidai məktəblərdə siniflərin birləşdirilməsini xüsusilə yanlış hesab edir, çünki uşaqlara müstəqil şəkildə tapşırıqları yerinə yetirmək vərdişlərinin aşılandığı ilk siniflər təhsilin təməlini təşkil edir.
Ekspert əmindir ki, siniflərin komplektləşdirilməsi uşaqların təhsil almaq hüququna ziddir:
“Niyə kənd şagirdi onun yaşadığı kənddə onun yaşında başqa uşaqların olmamasının əziyyətini çəkməlidir? Təhsil hüququ nöqteyi-nəzərindən siniflərin “komplektləşdirilməsi” istisna dilməlidir. Əgər sinifdə sadəcə bir uşaq varsa, onunla ayrıca məşğul olmaq lazımdır.
Mən məktəblərin bağlanmasının və uşaqların başqa məktəblərə köçürülməsinin də əleyhinəyəm. Məsələ burasındadır ki, məktəblərin bağlanması bütün kəndə zərbədir. Çünki məktəb yalnız tədris vahidi deyil, həm də kənd üçün müəyyən resursdur. Hətta deyə bilərik ki, məktəb kəndi saxlayır”.
Uşaqlar nə deyir?
“Biz dərslərimizi tez eləyirik ki, oyuncaqlarla oynaya bilək”, – Sevaberd kənd orta məktəbinin ikinci sinif şagirdi Artzrun Vardanyan deyir.
Artzrun və Tehmineh Drobyan bir parta arxasında otururlar. Onlar ikinci sinif şagirdləridir, onlardan başqa ikinci sinifdə oxuyan yoxdur. Onlar komplektləşdirilmiş sinifdə – birinci və dördüncü sinif uşaqları ilə birlikdə oxuyurlar.
Artzrun məmnundur – sinifdə başqa uşaqlar da var, müəllim də onun üzərində çox dayana bilmir. O həmçinin deyir ki, artıq böyük sinifdə oxumağa öyrəşib və Tehmineh ilə digər uşaqlardan ayrılmaq istəmir. Birləşmiş sinfin bütün şagirdləri yaş fərqlərinə baxmayaraq, dostlaşıblar.
Tehmineh və Artzrun həkim olmaq arzusundadırlar. Amma hələlik onların tək istədiyi oyun oynamaq üçün daha çox vaxtlarının qalmasıdır.
“Əgər mən böyük məktəbdə oxusaydım, daha çox oynaya bilərdim”, – Artzrun nəyə gprəsə belə düşünür.
Sevaberd məktəbində
Məktəbdə 19 şagird və beş sinif var. Burada altıncı və səkkizinci, həmçinin on birinci və on ikinci siniflər birləşdirilib. Yalnız doqquz və onuncu siniflər ayrıca məşğul olur. Məktəbdə üçüncü, beşinci və yeddinci sinif yoxdur.
Məktəb Kotayk vilayətində yerləşir. Əsası 1956-cı ildə qoyulub.
Burada da müəllimlər çatışmır. Buna görə də hər bir mütəxəssis bir neçə fəndən dərs deyir. Məsələn, kimya və bədən tərbiyəsi, texnologiya və ictimai biliklər fənlərini eyni müəllim tədris edir.
Müəllim siniflərin komplektləşdirilməsini “səmərəsiz” hesab edir
Anuş Hovannisyan Tahmineh və Artzrunun oxuduğu həmin sinfə dərs deyir. O, siniflərin birləşdirilməsinə mənfi münasibətini gizlətmir:
“Mən bu vəziyyətdi səmərəsiz kimi xarakterizə edə bilərəm. Şagirdlər birmənalı şəkildə bundan ziyan çəkirlər. Birinci sinifdə mən uşaqlara hırfləri, hərflərin elementlərini öyrədirəm, dördüncü sinif isə imtahan verməlidir, uşaqları imtahanlara hazırlamaq lazımdır.
Mən tamamən çaşqınlıq içindəyəm. İki sinif birləşəndə hələ heç nədir, üç sinif komplektləşdiriləndə, bunun nə olduğunu heç bilmirəm. Mənim özümə də çətindir, robot kimi işləyirəm. Kimə, nə tapşırıq verdiyimi, nə vaxt kimə yaxınlaşmalı olduğumu yadda saxlamaq, heç kimin işsiz qalmamasına nəzarət etmək lazımdır. Üç siniflə birdən işləmək mümkün deyil”.
Müəllimə əmindir ki, ən yaxşı çıxış yolu uşaqlara ayrı-ayrıı siniflərdə təhsil almaq imkanını təmin etməkdir, bu zaman təhsil səviyyəsi də əhəmiyyətli dərəcədə yüksələcək.
Direktorun cavabı
“Məktəbdə şagird az olduğu və maliyyənin də şagirdlərin sayına görə ayrıldığı üçün biz sinifləri birləşdirmədənmüəllimlərə əməkhaqqı ödəyə bilmərik. Məbləğ çox cüzi olacaq.
Tədris o vaxt ideal ola bilər ki, fərdi dərslərdə olduğu kimi bir şagirdlə bir müəllim məşğul olsun. Amma aydın məsələdir ki, məktəbin o cür maliyyə imkanları yoxdur. Mənə elə gəlir ki, əgər müəllim doğru qrup metodlarından istifadə etsə, birləşdirilmiş siniflərdə də dərslərin səmərəliliyinə nail ola bilər”, – Sevaberd kənd orta məktəbinin direktoru Edqar Nikoqosyan deyir.
O həmçinin hesab edir ki, “məktəbi saxlamaqla kəndi qoruyub saxlamaq mümkün olacaq”. Direktor bildirir ki, uşaqlar məmnuniyyətlə məktəbə gəlirlər, axı onların gedəsi başqa yerləri və başqa heç bir məşğuliyyətləri yoxdur.
Şagirdlərə mümkün qədər çox bilik vermək üçün məktəb direktoru digər məktəblərlə əməkdaşlıq etməyi planlaşdırır. O cümlədən də, məsafədən tədris medodlarından istifadə etmək niyyətindədir. Bu o deməkdir ki, Sevaberd məktəbinin şagirdləri digər məktəblərin açıq dərslərində online iştirak edə biləcəklər.
Təhsil Nazirliyində də “distant tədris modelini” dəstəkləyirlər.