"Ailə rejimlərinin “dostluğu”": Türkmənistan Prezidentinin Azərbaycan səfərinə şərh
Türkmənistan Prezidentinin Azərbaycan səfəri
Qurbanqulu Berdımuhəmmədovun Azərbaycana rəsmi səfəri fonetik səviyyədə “dostluq”, protokol səviyyəsində isə enerji əməkdaşlığı kimi təqdim olunsa da, siyasi mahiyyət baxımından da mesajlar daşıyır.
Siyasi şərhçi və III Respublika Platformasının qurucu heyət üzvü Elman Fəttah bu səfəri postsovet avtoritar rejimləri arasında “ideoloji həmrəylik və ailə hakimiyyətinin qarşılıqlı tanınması” kimi xarakterizə edir.
Elman Fəttah: “Bu, sadəcə diplomatiya deyil, rejimlərarası bir manifestdir”

Elman Fəttahın şərhinə görə, səfəri həyata keçirən Qurbanqulu Berdımuhəmmədov sıravi bir sabiq prezident deyil. O, Türkmənistanın real siyasi xəttini müəyyən edən simadır və ölkədə formal hakimiyyətə malik olan oğlu Sərdar Berdımuhəmmədovun arxasındakı əsas gücdür.
“O, qismən formal və qismən rəmzi mövqeyi ilə əslində Türkmənistanın sülalə idarəetmə modelinin simvoludur”, – deyə Fəttah vurğulayır.
Onun fikrincə, bu səfər sadəcə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı deyil, həm də Azərbaycanın özündə hakimiyyətin ailədaxili ötürülməsinə dair siqnallar daşıyır.
“Üstəlik, səfərin protokolu, Heydər Əliyevin məzarına çiçək qoyulması, əlamətdar yerlərin birgə ziyarəti, sadəcə rəsmi nəzakət jestləri deyil, həm də siyasi simvolizm manifestidir”.
“İlham Əliyev oğlu Heydər Əliyevlə hakimiyyəti bölüşmək üçün Arxadağdan nələr əxz edəcək?”, – sualını irəli sürən siyasi şərhçi, bu səfərin təcrübə mübadiləsi funksiyasını da qabardır.
Lider kultları, ailə hakimiyyəti və simvolik protokol

Elman Fəttah bildirir ki, Berdımuhəmmədovun Heydər Əliyevin məzarını ziyarət etməsi sadəcə protokol jesti deyil. Bu, “ailə idarəçiliyi”, “lider kultu” və “tarixi davamlılıq” ideyasının simvolik nümayişidir.
“Bu addımlar həm daxili auditoriyaya, həm də xarici aktorlara mesajdır: “biz eyni sistemin daşıyıcılarıyıq, bir-birimizin legitimliyini tanıyır və gücləndiririk””, – deyə o qeyd edir.
Onun sözlərinə görə, İlham Əliyev atasından miras aldığı rejimi ailədaxili resurslar və kult əsaslı ideoloji çərçivədə yenidən qurur, Berdımuhəmmədov isə oğlu üçün oxşar yolu çoxdan açıb. Hər iki modeldə siyasi qərarlar ailə orbitində formalaşır və digər institutlar sadəcə bu iradəyə tabe olur.
“Dostluq” yatağı: enerji diplomatiyası yoxsa avtoritar konsensus?
Elman Fəttahın məqaləsinin faktoloji hissəsində qeyd olunur ki, səfərin əsas texniki gündəmi Xəzər dənizində yerləşən “Dostluq” yatağıdır. Bu sahə 2021-ci ildən iki ölkə arasında razılaşdırılıb və təxminən 30 milyard m³ qaz, 300 milyon barel neft ehtiyatı ilə strateji əhəmiyyət daşıyır.
2021-ci ildə imzalanmış Anlaşma Memorandumu bu yatağın adını Kapaz/Serdar yox, “Dostluq” kimi rəsmiləşdirmişdi. Bu isə, Elman Fəttahın şərhinə görə, simvolik diplomatiyanın bir nümunəsidir:
“Bu yataq ətrafında aparılan razılaşmalar şəffaf və demokratik institutlar yox, avtoritar ailə rejimlərinin qarşılıqlı etimadına əsaslanır”, – deyə o bildirir.
Eyni zamanda, Transxəzər qaz kəməri layihəsi ilə bu yataq Avropaya enerji çıxışı və Rusiyanın təsirinə alternativ yaratmaq baxımından da əhəmiyyətlidir. Lakin Elman Fəttah bu layihələri “klub diplomatiyası”nın tərkib hissəsi kimi dəyərləndirir.
Avtoritar rejimlərin “klub diplomatiyası”
Siyasi şərhçi hesab edir ki, son illərdə postsovet məkanında formalaşan rejimlərarası münasibətlər sistemi təkcə iqtisadi və təhlükəsizlik çərçivələri ilə izah olunmur. Bu, ideoloji və simvolik həmrəyliyə əsaslanan bir “klub”dur:
“Sülalə idarəçiliyi, lider kultu, media üzərində total nəzarət, müxalifətin sıradan çıxarılması və seçki sisteminin faktiki məhvi kimi xüsusiyyətlər bu klubun giriş biletləridir”.
Fəttah Berdımuhəmmədovun səfəri bu çərçivədə sadəcə diplomatik münasibətlərin inkişafı deyil, həm də rejimlərin bir-birini ideoloji olaraq tanıması və möhkəmləndirməsi kimi qiymətləndirir. Onun fikrincə, Əliyevin onu ölkənin real lideri kimi qarşılaması, Fəxri Xiyabana birgə səfər, bütün bunlar “avtoritar qardaşlığın” simvolik mərasimləridir.
“Bu, siyasi həyatda qalma strategiyasıdır”
Elman Fəttahın qənaətinə görə, bu cür “klub diplomatiyası”nın əsas məqsədləri aşağıdakılardır:
- Xarici təcriddən qorunmaq: rejimlər bir-birinə siyasi arxa kimi dayanır.
- İdeoloji gücləndirmə: hər bir rejim daxili auditoriyasına göstərmək istəyir ki, tək deyil.
- Model ixracı və normallaşdırma: sülalə rejimi uğurlu idarəçilik nümunəsi kimi təqdim olunur.
“Burada enerji yataqları, bayraqlar və protokol elementləri görünən tərəfdir. Görünməyən tərəfdə isə ailə avtoritarizminin dayaqlarının qarşılıqlı şəkildə tanınması və inşası dayanır”, – deyə o nəticə çıxarır.