Türkiyədə uğursuz turizm mövsümü
Türkiyədə turizmdən əldə olunan gəlir xeyli azalma var. Turist axını 40 faiz azalıb ki, bu da son 22 il ərzində ən aşağı göstəricidir. Turistlərin sayı ilə birlikdə gəlir də məhdudlaşıb. Bu haqda məlumatı Türkiyənin “Hurriyet Daily News nəşri paylaşıb.
Nəşrin məlumatına görə, ötən illərlə müqayisədə Türkiyə kurortları demək olar ki, boş qalıb. Dövlət çevrilişi cəhdindən sonra isə turistlərin bir qismi otellərdəki bronlarını ləğv edib.
Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2015-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin ikinci rübünə olan gəlirlər artıq 35,6 faiz azalaraq, 5 milyard dollar təşkil edib. 2016-cı ilin birinci rübündə isə gəlirlər 9 milyard olub, ötən ilin analoji dövründə isə gəlir 12,6 milyard dollar təşkil edib.
Böhrana səbəb kimi, Rusiya ilə pozulmuş münasibətlər, Türkiyədə törədilən partlayışlar və dövlət çevrilişi cəhdi göstərilir.
Rusiyadan gələn turistlərin sayı bu ilin birinci yarısında 87 faiz azalmışdı. İki ölkə arasında münasibətlərin bərpa olunmasına baxmayaraq, türk analitiklərinin fikrincə, bu hazırki kurort mövsümünün gəlirlərinə təsir göstərməyəcək. İqtisadçıların sözlərinə görə, cari ildə turizm sahəsində itki 5 milyard dollar təşkil edəcək ki, bu da ümumi daxili məhsulu 0,5 faiz azaldacaq.
Türkiyənin “BCG Partners şirkətinin baş iqtisadçısı Özgür Altuğ bildirib ki, vəziyyəti dəyişmək artıq gecdir. “Hadisələrin indiki gedişatı ancaq gələcək mövsümlə bağlı ümidlər yaradır. İndi isə biz turizm gəlirlərinin 27 faiz azalacağını gözləyirik, – deyə o bildirib.
Rusiya amilindən başqa Böyük Britaniyanın Avropa İttifaqından çıxmaqla bağlı qərarı (brekzit) da az da olsa Türkiyədə turizmə öz mənfi təsirini göstərib. Britaniyanın “Thomas Cook turizm şirkəti Türkiyəyə turların satışını əvvəlcə brekzitə, sonra da Türkiyənin özündə dövlət çevrilişi cəhdinə görə dayandırıb. Ölkədəki son hadisələr və gərginliyə görə, Thomas Cook, TUI, EasyJet, Air France-KLM, Lufthansa kimi məşhur şirkətlərin işi xeyli çətinləşib.
Rusiya ilə Türkiyə arasında ticari-iqtisadi münasibətlər bərpa olunub
Rusiya-Türkiyə münasibətlərindəki gərginlik 24 noyabr 2015-ci ildə Türkiyə Rusiyanın hərbi vertolyotunu vurandan sonra yarandı. Rusiya Türkiyəyə qarşı ticarət və iqtisadiyyat sahəsində bir sıra sanksiyalar tətbiq etməklə cavab verdi. 2016-cı ilin iyun ayında Rəcəb Tayyib Ərdoğan həlak olan pilotun ailəsinə başsağlığı verdi. Bununla da ikitərəfli münasibətlərdə müəyyən mülayimləşmə yarandı. İyulda Rusiya Türkiyəyə münasibətdə qadağaları aradan götürdü.
- Rəsmi Moskva Rusiyada iş fəaliyyəti hüququna ciddi məhdudiyyətlər qoyulan Türkiyə vətəndaşlarına qarşı qadağaları götürdü. O cümlədən, Rusiya şirkətləri onları işə qəbul edə bilməzdilər.
- Rusiyada işləyən Türkiyə tikinti şirkətlərinə qarşı qadağalar aradan götürülüb. Onlar yeni layihələr başlada bilməzdilər.
- Rusiyadan Türkiyəyə uçuşlar bərpa edilib. Antaliyaya ilk Rusiya avia reysi iyulun 9-da həyata keçirilib.
- Bundan başqa, Rusiyanın Türk məhsuluna qoyduğu embarqo da ləğv olunub. İyulun 1-də baş nazir Dmitri Medvedyevin imzaladığı sənədə əsasən, türk məhsuluna qoyulan embarqo 2017-ci ilin axırına qədər tamamilə aradan götürüləcək.
- Rusiyanın yüksək vəzifəli nümayəndələri iyulun 30-da Qara dənizin dibi ilə çəkilən Rusiya-Türkiyə qaz kəməri layihəsi üzərində işin davam etdirildiyini bəyan etdilər.
Dərc edilib: 04.08.2016