Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib. Niyə və bu nə deməkdir?
Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyə İstanbul Konvensiyasından çıxıb. Beynəlxalq sənəd onu imzalayan ölkələr üzərinə qadınların məişət zorakılığından qorunması üçün sərt tədbirlər görülməsi ilə bağlı öhdəliklər qoyur. Hakimiyyət bildirib ki, bu razılaşma əslində “Türkiyənin cəmiyyət və ailə dəyərlərinə zidd olan homoseksuallığı normallaşdırmağa çalışır”.
Türkiyənin 2011-ci ildə imzaladığı İstanbul Konvensiyasından imtinası ölkədə çoxsaylı etirazlara səbəb olub.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi bəyanatında qeyd olunub ki, bu qərar “dövlətin qadınları qorumaqdan geri çəkildiyi anlamına gəlmir”.
“Türkiyə konvensiyadan çıxsa da, ailədaxili zorakılıqla mübarizədən əsla vaz keçməyəcək”, – bəyanatda deyilir.
- Türkiyə: qadınların qətli və onlara qarşı zorakılıq artır
- LGBT-ə münasibət: ən ağır vəziyyət Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadadır
- Türkiyə – uşaqlara qarşı cinsi zorakılıq
“İstanbul Konvensiyası” nədir?
2011-ci ildə İstanbulda imzalanmaya açılan və buna görə də, “İstanbul Konvensiyası” adı alan “Qadınlara qarşı zorakılıq və ailədaxili zorakılığın qarşısının alınması və bunlarla mübarizəyə dair” Avropa Şurası Konvensiyasını ilk imzalayan ölkə də elə Türkiyə olub.
“İstanbul Konvensiyası” qadınların hər cür zorakılıq və diskriminasiyadan qorunmasını, qadınlarla kişilər arasında bərabərliyin təbliğatını və bu məqsədlər üçün qanunvericiliyin hazırlanmasını hədəfləyir. Konvensiyaya qoşulan ölkələrə qarşı digər mühüm tələb gender bərabərliyi ideyasıdır ki, məhz bu aspekt bütün bu illər boyu Türkiyə cəmiyyətində ziddiyyətli reaksiya doğurur (Azərbaycan və Ermənistan da daxil olmaqla elə bir çox ölkələrdə).
- Ermənistanda qadınlar üzərində zorakılığın aradan qaldırılması haqqında Avropa konvensiyasına qarşı miflər və onların təkzibi
- İstanbul konvensiyası nədir və Azərbaycanın nəyinə lazımdır?
- Gürcüstan: “Əminəylə ikimizin bir ərimiz vardı, amma bir-birimizi bacı kimi sevirdik”
Türkiyənin konvensiyadan imtinası gözənilməz görünə bilər, amma belə deyil. Artıq bir neçə ildir ki, hakimiyyəti də əhatə edən mühafizəkar qüvvələr konvensiyanın “yerli ailə adət-ənənələrinə zidd olmasını və LGBT təbliğatına xidmət etdiyini” əsas gətirərək onun ləğv edilməsini tələb edirdilər.
Qadınlara qarşı yüzlərlə cinayətlə üz-üzə qalan vətəndaş cəmiyyəti nümayəndələri bu bəyanlara etiraz edirdi. Türkiyədə islahatçı mövqeyi ilə tanınan siyasi qüvvələr də onları dəstəkləyirdi.
Qadın Qətllərinin Qarşısını Alacağıq Platformasının hesabatına əsasən:
2020-ci ildə il Türkiyədə 300 qadın qətlə yetirilib, 171 qadının ölümü isə “şübhəli” olaraq qeydə alınıb.
Konvensiyanın ləğvi qərarına etirazlar
Qərarın ardınca bütün Türkiyəni etiraz dalğası bürüyüb. Qadın Cinayətlərini Dayandıracağıq Platforması və Qadın Məclislərinin birgə çağırışı ilə İstanbulun mərkəzində Kadıköy Rıhtım Meydanına minlərlə insan toplaşıb. Qadın hüquqları fəallarına Türkiyənin əsas müxalifət pariyası – Cümhuriyyət Xalq Partiyası (CHP) da dəstək verib.
Aksiyada “Qərarı geri çək, konvensiyanı tətbiq et” yazılmış plakat açılıb, “Qadın qətlləri siyasidir”, “Əsla tək yürüməyəcəksən” şüarları səsləndirilib, son zamanlarda qətlə yetirilən qadınların adları bir-bir sadalanıb.
“Bezmərik, yorulmarıq. Neçə haqqımızı bu meydanda qazandıq. Bərabərlik və ədalət qadınlara gələcək. Bir gecə yarısı çıxardığı qərarı geri çəkdirəcəyik. Biz qadınlar yaşamaqla yanaşı, daha bərabər və azad yaşamağı istəyirik. Bərabərliyə düşmən, azadlığa düşmən olanlar İstanbul Konvensiyasını ləğv edə biləcəyini düşünür. Bir qərarla bu haqdan əsla vaz keçməyəcəyik”, – Qadın Məclisləri təmsilçisi Fidan Ataselim deyib.
İstanbul Konvensiyasının Türkiyədə ratifikasiyasının ləğvinə qarşı Türkiyənin digər şəhərlərində, o cümlədən İzmir, Manisa, Muğla, Bodrum, Bursa və Eskişehirdə də izdihamlı etiraz aksiyaları təşkil olunub. Bələdiyyə seçkilərində CHP təmsilçilərinin qalib gəldiyi şəhərlərin merləri də prezidentin bu qərarına yazılı etiraz bildirib.
“Prezident parlamentin qərarını dəyişə bilməz” – müxalif siyasətçi Dərya Şəntürk JAMnews-a müsahibəsində deyib
“İstanbul Konvensiyası Konstitusiyamızın 90-cı maddəsinə uyğun olaraq qanunla təsdiq edilib. Prezidentin fərmanı ilə ləğv edilə bilməz. Türkiyə Böyük Millət Məclisinin qanunverici hüququ qəsb edilib. Türkiyə Böyük Millət Məclisi yeni bir qanun qəbul etməyincə qüvvədə qalmalıdır.
Keçirilən sorğularda konvensiyanı istəməyənlər sadəcə 17 faizdir. Mən əminəm ki, konvensiyanın məzmununu bilsə, bu 17 faiz də fikrini dəyişəcək.
Bu tətbiq cəmiyyətə rəğmən mürtəce bir addımdır, demokratiyaya ağır zərbədir. Bu səbəbdən də sadəcə qadınların deyil, bütün cəmiyyətin problemdir. Həm siyasətçi, həm də qadın haqları aktivisti olaraq biz haqlarımız üçün mübarizə apardıq, bədəllər ödədik və qazandıq. İndi haqsız, hüquqsuz olaraq əlimizdən alınmasına göz yummayacağıq, İstanbul Konvensiyasından vaz keçməyəcəyik. Dirənməsək əsl qaranlıq indi başlayacaq”.
Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu
Prezidentin qərarı Türkiyədə sosial şəbəkələrdə də ən çox müzakirə olunan mövzudur. İnsanlar #İstanbulSözleşmesiYaşatır (İstanbulKonvensiyasıYaşadır) heşteqi ilə fikirlərini böyüşürlər. Onlardan bir neçəsi:
“Haqqında uzaqlaşdırma çıxarılmış Mustafa Yıldız tərəfindən bıçaqlanan Hatice Yıldız Antalyada həyatını itirib. Konvensiyanı və Qanunu doğru-dürüst tətbiq edib qətllərin qarşısını almaq yerinə günahı Konvensiyanın üzərinə atıb qılıf tapmağa çalışanlar xoşbəxtdir?”
“Qadınlar yaşamaq istəyir. Eşidirsizmi?”
“1934 qadına seçmə və seçilmə haqqı verildi.
2021 qadının yaşama haqqı alındı!”