Türkiyədə Ermənistanla sərhədin açılmasını gözləyirlər
13 illik fasilədən sonra Türkiyə və Ermənistan arasınada münasibətlərin normallaşdırılması üzrə danışıqlar başlayıb. Əldə edilmiş razılığa əsasən danışıqlar ön şərtlər olmadan davam edəcək. Türkiyədə əksəriyyət noormallaşma prosesinə müsbət yanaşır. Ermənistanla sərhədin açılmasını səbirsizliklə gözləyən Türkiyə vətəndaşları da var.
Türkiyə və Ermənistan arasında iqtisadi əlaqələr
1993-cü ildə birinci Qarabağ müharibəsinə görə Türkiyənin Ermənistanla sərhədi bağlamasına baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri dayanmayıb. Mal dövriyyəsi Gürcüstan ərazisi vasitəsilə aparılır.
Türkiyənin Dövlət Statistika İdarəsinin məlumatına əsasən, Ermənistanla ticarət 2020-ci ildə pik zirvəsinə çataraq 4,2 milyon ABŞ dolları təşkil edib. 2021-ci ildə Türkiyə məhsullarının Ermənistana idxalına qoyulan qadağaya rəğmən ölkələr arasında 3,8 milyon dollar həcmində ticarət həyata keçirilib.
Ekspert: “Hər şey göründüyü qədər sadə deyil”
“Eurasia Group”un (qərargahı ABŞ-da olan siyasi konsaltinq strukturu) türk mənşəli London eksperti Emre Pekerin fikrincə, Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması prosesində aparıcı rol Moskvaya aiddir.
- Azərbaycan-Ermənistan sərhədində gərginlik: informasiya və şərhlər
- Türkiyə və Azərbaycanın hərbi ittifaqı Rusiyanın NATO-ya qarşı tələblərinə nə dərəcədə uyğundur? – Bakıdan şərh
- Gürcüstan XİN: Gürcüstan bayrağının “3+3” görüşündə istifadə olunması yolverilməzdir Gürcüstan XİN: Gürcüstan bayrağının “3+3” görüşündə istifadə olunması yolverilməzdir
İki ölkə nümayəndələrinin ilk görüşünün məhz Rusiya paytaxtında keçirilməsi təsadüfi deyil – ekspert vurğulayır.
Peker əmindir ki, tərəflər öz diqqətini təcili nəticələr verə biləcək məsələlərdə cəmləməli və həm Ermənistanda, həm də Türkiyədə ağrılı qəbul olunan məsələlərə toxunmamalıdırlar.
Ekspert yaxın aylarda təmasların davam edəcəyinə əminliyini bildirib, amma hər şey bu qədər sadə deyil. “Əldə olunmuş razılaşmaların uzun müddətli olacağını təsəvvür etmək çətindir. Bunun çox səbəbi var. Onlardan birincisi də hər iki ölkədə daxili siyasi gərginliyin olmasıdır. Əgər danışıqlar mövzusu tarixi məsələlərə toxunsa, tərəflər üçün hər hansı razılığa gəlmək çətin olacaq”, – Emre Peker qeyd edib.
Türkiyədə sadə vətəndaşlar nə düşünür?
Siyasətçi və ekspertlərdən fərqli olaraq Türkiyədə sadə vətəndaşlar ümumilikdəqonşu ölkə ilə münasibətlərin normallaşdırılması prosesinə müsbət yanaşırlar. “Gündem Ortadoğu” nəşrinin apardığı sorğunun nəticələri də bundan xəbər verir.
Tədqiqat nəticələrinə əsasən, respondentlərin 67 faizi Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin başlanmasına müsbət yanaşır. 13 faiz bu məsələ ilə bağlı qərarsızdır, 20 faiz isə hər şeyin olduğu kimi qalmasının tərəfdarıdır.
“Ermənistanla sərhədlərin açılmasını səbirsizliklə gözləyirik”
Akyaka Türkiyənin Qars əyalətində qəsəbədir. Burada yerləşən dəmiryolu vağzalı 1993-cü ildən işləmir. Bura Ermənistana ən yaxın stansiyadır. Bir saatlıq yol getməklə qonşu ölkənin ərazisinə çatmaq mümkündür. Amma artıq 28 ildir ki, bu marşrut üzrə qatarların hərəkəti dayanıb.
“Hər gün səhər və axşam Ermənistandan bura qatar gəlirdi. Qonşu ölkədən gələn ailələr burada düşürdülər, ya da Qarsa qədər yollarına davam edirdilər. Onlar mal alıb, növbəti reyslə evlərinə qayıdırdılar.
Burada yaşayan türklər də belə edirdi. Ermənistana gedirdilər, lazımi malları alıb, evlərinə qayıdırdılar. Ticarət çox qızğın idi. Amma Ermənistan qardaş Azərbaycanın ərazisinə soxulduqdan sonra sərhədlər bağlandı”, – yazıçı Vedat Akçayox xatırlayır.
Yerli sakinlərin sözlərinə görə, Akyaka qəsəbəsinin sakinləri Ermənistanla sərhəd bağlanandan xeyli azalıb. Səbələr haqda yerli sahibkarların həmkarlar ittifaqının rəhbəri Engin Yıldırım danışıb:
“Burada qəsəbədən başqa 27 kənd var. 1993-cü ildə burada 17-18 min insan yaşayırdı. Hazırda əhalinin sayı 10 minə qədər azalıb. Başqa sözlə, əhalinin azalması 70-80 faiz təşkil edir.
Səbəb birdir: bura Türkiyənin son nöqtəsidir. Ermənistanla sərhəd bağlanandan sonra qəsəbə “qara dəliyə” çevrilib. İnvestisiya yoxdur, burada keçib harasa getmək mümkün deyil. Bax əgər sərhəd açılsa, qəsəbə dərhal dirçələcək”.
“Ermənistana gedən dəmiryolu xətti və avtomobil yolu var. Amma biz onlarla ticarət apara bilmirik, çanki sərhəd bağlıdır. Qarabağ məsələsinin həlli bizi ümidləndirib. Ermənistanla danışıqların nəticələrini həyəcanla gözləyirik”, – Akyaka qəsəbəsində otel sahibi deyir.
“Kim ticarətin inkişafını, gəlirin çoxalmasını istəmir? Şəxsən mən çox istəyirəm. Qoy gəlsinlər bizdən alsınlar, biz də gedib orada alış-veriş edək.
Uzaq Avropa ölkələri ilə ticarət aparırıq axı. Burada isə lap yaxınnda ölkə var. Cəmi bir saatlıq yol. Təsəvvür edin, qatarla bir saata ordasınız. Səhər getdin, axşam qayıtdın”, – sərhədin açılmasını səbirsizliklə gözləyən qarslı pendir istehsalçısı Hüseyn Kanık deyir.
Jurnalistlərin məlumatı həmişə olduğu kimi daha çoxdur. Yerli “Serhat TV” kanalının sahibi Əlican Əlibəyğolunun sözlərinə görə, əhali Türkiyə ilə Azərbaycanı birləşdirən yolların açılmasını gözləyir:
“2020-ci ildə Azərbaycan və Ermənistan arasında müharibə başlayana qədər biz yerli əhali arasında sorğu keçirmişdik. O zaman mütləq əksəriyyət sərhədin bağlanması qərarını dəstəkləyirdi.
Amma Qarabağ məsələsinin həlli ilə münasibət kəskin dəyişib. İndi demək olar ki, hamı Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ikitərəfli danışıqlarından müsbət nəticələr gözləyir”.
“Hazırda Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər yoxdur. Rəsmən belədir. Amma diplomatlar razılığa gələn kimi ilk gündəcə bizim nümayəndə heyətimiz Ermənistana səfər edəcək.
Bizim regiondan olan bütün məhsul ixracatçıları Yerevana gedəcəklər. Ümid edirəm ki, ticarət münasibətlərinin bərpa olunması çox qısa müddət çəkəcək. Bu mənim arzumdur. Müsbət qərarlar gözləyirik”, – Şərqi Anadolu İxracatçıları Birliyinin rəhbəri Ethem Tanrıver bildirib.