Türkiyə: nəzarətdən çıxan inflyasiya müxalifətin işinə yarayacaqmı?
Türkiyə inflyasiyada boğulur. Bir çox ekspertlər prosesin nəzarətdən çıxdığını bildirirlər.
Eyni zamanda ölkə martıqn 31-də baş tutacaq mühüm bələdiyyə seçkilərinə hazırlaşır. Və inflyasiya seçkiqabağı kampaniya zamanı müxalifətin iqtidar partiyasına qarşı istifadə etdiyi əsas arqumentlərdən birinə çevrilib.
Bu siyasi oyun anlamına gəlir, yoxsa Türkiyədə köklü dəyişikliklər gözlənilir?
• Türkiyədə iqtisadi böhran – polis çörəyin qiymətini tənzimləyir
• Türkiyədə artıq təkamül nəzəriyyəsi tədris edilmir, onun yerini cihad nəzəriyyəsi alıb
Mənfi liderlik
Bu gün Türkiyə inflyasiya səviyyəsinə görə dünya ölkələri sırasında ön sıralara çıxıb. Bahalaşma artıq əsas qida məhsullarını da əhatə edərək cəmiyyətdə ciddi böhran yaradıb.
“Nə deyirdilər? – “İnflyasiya birrəqəmli səviyyəyə enəcək”. 2004-cü ilin rəqəminə çatdılar… Vətəndaşımız pərişan vəziyyətdədir”, – ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıcdaroğlu bildirib.
Türkiyə Statistika Komitəsinin hesabatına əsasən, 2019-cu ilin yanvar ayında Türkiyədə istehlakçı qiymətləri əvvəlki ayla müqayisədə 1,06 faiz, ötən ilin eyni dövrünə nisbətdə isə 20,35 faiz artıb.
Aylıq ən yüksək artım 6,43 faizlə qida və alkoqolsuz içkilər sektorunda olub.
Sabotaj, yoxsa iqtidarın səriştəsizliyi?
Müxalifət inflyasiyanı iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (ƏİP) səriştəsizliyinə bağlayır. Hakimiyyət isə realda inflyasiyanı inkar edir və qida bahalaşmasının sabotaj nəticəsi olduğunu bildirir.
Sabotaj nədə ifadə olunur?
İqtidar partiyası hesab edir ki, “işbazlar” həm ədalətsiz qazanc əldə etmək, həm də iqtidarı xalqın gözündən salmaq üçün fermerlərdən çox ucuza aldıqları kənd təsərrüfatı məhsullarını piştaxtalara qat-qat bahasına çıxarırlar.
Seçki öncəsi böhranın qarşısını almaq, yenidən xalqın rəğbətini qazana bilmək üçün prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı altında hökumət bir sıra tədbirlər görür. Həmin tədbirlərdən biri də tənzimləyici satış mərkəzlərinin açılmasıdır.
Bu nə deməkdir?
Tənzimləyici satış mərkəzləri
Hazırda meyvə və tərəvəzin market və bazar qiymətlərindən xeyli ucuz satıldığı belə mərkəzlər əsasən Ankara və İstanbulu əhatə edir. Ərdoğan isə bu cür mərkəzləri 81 vilayətin hamısında açacaqlarını bəyan edib.
“Bundan əsasən də şəbəkə marketlər narahat olur… Fermerdən 2-3 (təxminən 0,4 – 0,6 USD) lirəyə alınan məhsul vətəndaşıma 8-10 (təxminən 1,5-1.9 USD) lirəyə gəlib çatır… Partiyamızı təmsil edən bələdiyyələrlə bu işə girək, dedik. Bu addımı atdıq (tənzimləmə satış mərkəzlərinin açılmasını nəzərdə tutur – red.) və qiymətlər yüzdə əlliyə düşdü”, – Ərdoğan deyib.
“Bazarçılar günah keçisi deyil”
İş adamları bu cür yanaşmadan hiddətlənib.
“Ölkənin günah keçisi biz deyilik. Biz çörəyini yuxusundan, ailəsindən, sevdiklərindən, canından çıxarıb, tətil bilmədən hər gün 20 saat işləyən… əməkçilərik… Həll yolu bazar alverçiləri olduğu halda bazarçıları “pis uşaq” kimi göstərməyə çalışırlar. Bu, xalqı aldatmaqdır”, – Ankaranın bazarçıları təmsil edən Söke rayon Meyvə və Tərəvəzçilər Birliyinin rəhbəri Ümit Coşqun vurğulayı.
O, hesab edir ki, fermerlərdən məhsulu alıb, bazarlarda və market şəbəkələrində satışı ilə məşğul olan əməkçi qisminin özlərini müdafiə edə bilmələri üçün təkmil təşkilatı olmalıdır.
1 kiloqramlıq kvota ilə satılan ucuz məhsul
Tənzimləmə satış mərkəzlərinin ardınca bəzi market şəbəkələri də qiymətlərdə endirim etməyə başlayıb. Amma tənzimlənən qiymətlərlə satış limitlə həyata keçirilir.
2019-cu il fevralın əvvəlində qiyməti tənzimlənən meyvə-tərəvəzə tətbiq olunan kvota 3 kiloqram idisə, fevralın sonuna doğru artıq 1 kiloqram olub. Yəni normal bazar qiymətlərindən ucuz kartofu, soğanı və ya pomidoru yalnız 1 kiloqram həcmində almaq mümkündür.
Bu kvota üzündən insanlar hər gün satış mərkəzlərinə getməli və uzun növbələrdə saatlarla gözləməli olur.
CXP sədri Kamal Kılıcdaroğlu tənzimləmə satış mərkəzi ideyasını “vətəndaşların ağlını lağa qoymaq” kimi dəyərləndirib və bildirib ki, yalnız iqtisadiyyatı inkişaf etdirməklə inflyasiyanın qarşısını almaq mümkündür.
Daha bir səbəb – dolların məzənnəsi
DW Türkcə nəşrinin bu günlərdə yazdığına görə, bahalaşmanın səbəbi Türkiyənin kənd təsərrüfatının xarici bazardan asılı olmasıdır.
Məntiq belədir:
Türkiyəyə yanacaq, elektrik, gübrə, yem kimi istifadə olunan yağlı toxumlar və qarğıdalı kimi məhsullar xaricdən gətirilir. Dolların bahalaşması nəticəsində idxal olunan hər şey bahalaşdıqca, fermerin xərcləri də artır.
Digər yandan yüksək qiymətləri endirmək üçün hakimiyyət idxal vergilərində güzəştlər tətbiq edir, hətta bəzən vergini sıfırlayır. Amma ekspertlər hesab edirlər ki, bu yolla qiymət artımını kökdən çözmək mümkün deyil.
Beynəlxalq təşkilatdan nə deyirlər?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Türkiyə təmsilçisinin müavini Ayşəgül Selışık hesab edir ki? istehsalçı təşkilatlarının gücsüzlüyü Türkiyədə kənd təsərrüfatı sektorunun ən mühüm probleml’rind’n biridir.
Əslində Selışık da kənd təsərrüfatı məhsullarının fermerlərdən piştaxtalara gəlib çatana qədər çox bahalaşdığını bildirir. Amma onun fikrincə, arada yaranan fərq dövlətin süni tənzimləməsi ilə yox, təbii inkişaf prosesi ilə öz həllini tapmalıdır.
Beynəlxaq təşkilat nümayəndəsi hesab edir ki, Türkiyədə kənd təsərrüfatı sektorunun inkişafı üçün müvafiq qanunvericilik də mövcuddur. Onun fikrincə, xırda fermerlər dövlət tərəfindən dəstəklənərsə, onların birbaşa bazara çıxışı təmin edilərsə, qiymətlər də sabitləşəcək.
Ekspertlər nə deyir?
Bahalaşma və bunun qarşısını almaq üçün yaradılmış tənzimləyici satış mərkəzləri sosial şəbəkələrdə də fəal müzakirə olunur.
Məsələn, “tənzimləmə” prosesini kommunizmə bənzədən Liberal Demokrat Partiyasının keçmiş sədri Cem Toker şəxsi Twitter hesabında bunları qeyd edib:
“Nəticədə bir müddət sonra məhsulunu vergi ödəyərək və gəlir götürmək məqsədilə satışa çıxaran istehsalçı tamamilə məhv olacaq və artıq ucuz və məhdud məhsullar alternativ yox, məcburiyyət halına gələcək”.
Məşhur iqtisadçı ekspert Özgür Demirtaş isə Twitter hesabında bunları yazıb:
“Dövlət müdaxiləsi ilə inflyasiyanın qarşısını almağa çalışmaq qırıq ayağın ağrısını ağrıkəsici ilə sağaltmaq cəhdinə bənzəyir”.