Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi? Bakıdan şərh
Müxtəlif bayramlar və festivallar zamanı Bakı səmasında F-16 qırıcılarının sükanı arxasında türk pilotların nümayiş etdirdiyi yüksək pilotaj azərbaycanlılar üçün adi hal alıb. Türkiyənin ən müasir “Akıncı” pilotsuz uçan aparatı (PUA) bu günlərdə Edirnedən Bakıya uçuş edib. Türkiyə və Azərbaycan arasında qarşılıqlı hərbi yardım haqda saziş imzalanıb. Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi? Siyasi icmalçı Aqşin Kərimovun sözlərinə görə, hər şey bu qədər sadə deyil.
- Türkiyə və Azərbaycanın hərbi ittifaqı Rusiyanın NATO-ya qarşı tələblərinə nə dərəcədə uyğundur? – Bakıdan şərh
- Ermənistan-Türkiyə: yeni imkanlar, yoxsa düşmənliyin davamı? Tomas de Vaal
- Gürcüstan, Azərbaycan və Türkiyə: Üfüqdə yeni hərbi ittifaq var?
Ötən həftə Bakıda “Teknofest-2022” aviasiya, aviakosmik və texnologiya festivalı baş tutub, tədbirdə Türkiyə və Azərbaycan prezidentləri iştirak edib.
Festival çərçivəsində türk pilotlar F-16 qırıcılarında Bakı səmasında yüksək pilotaj nümayəş etdiriblər.
Həmçinin festivalda iştirak üçün Türkiyənin ən müasir “Akıncı” pilotsuz uçan aparatı bu ölkənin qərbindəki Edirne şəhərindən Bakıya qədər 2000 kilometrlik məsafəni uçaraq qət edib.
Türkiyənin hərbi təyyarələrinin Bakı səmalarında süzməsi azərbaycanlılar üçün adi hal alıb. İki qardaş ölkə arasında hərbi əlaqələr inkişaf edir, Türkiyə və Azərbaycan hərbçiləri hər il dəfələrlə birgə təlimlər keçirirlər. 2021-ci ildə Şuşada iki dövlət arasında qarşılıqlı hərbi yardım haqda saziş imzalanıb.
Bununla əlaqədar sual yaranır: Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi?
Şərh
“Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazandıqdan sonra Cənubi Qafqazın geosiyasi həyatında əsaslı dəyişikliklər oldu.
Mənzərədə münaqişəyə yer qalmadı, amma mübahisəli məsələlərin hələ də mövcudluğu özünün yedəyində risklər gətirir.
Risklər geosiyasi orqanizmdə müdafiə immunitetlərini gücləndirmək çağırışları qoyur, Azərbaycan da bu çağırışlar qarşısında hərbi-siyasi tədbirlər görür”, – siyasi icmalçı Aqşin Kərimov bildirib.
Onun sözlərinə görə, Bakı ikitərəfli və çoxtərəfli münasibətlərinin miqyasını Türkiyə ilə strateji müttəfiqlik əlaqələri prizmasında genişləndirir və qarşılıqlı şəkildə birgə maraqları stimullaşdıran addımlar atılır.
“Əlverişli şərait üçün atıla biləcək addımlardan biri də, Türkiyənin Azərbaycanda hərbi baza yaratması olardı.
Hərçənd ki, bir çox ekspert bunun hüquqi cəhətdən mümkünsüzlüyünə diqqət çəkir.
Ancaq belə yanaşma bilgisizlikdən irəli gəlir və məsələ heç də belə deyil. İzahını verməyə çalışaq.
Azərbaycanın hazırda qüvvədə olan Hərbi Doktrinasının 29-cu maddəsinə əsasən, rəsmi Bakı tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir.
Lakin bu cümlənin ardınca gələn cümlədə Azərbaycanın müstəsna hüququ xatırladılır. Həmin cümlə belədir:
“Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.
Sual olunur: Hərbi-siyasi şəraitdə əsaslı dəyişiklik olubmu? Əlbəttə ki, olub, bu barədə yuxarıda yazdıq. Bəli, söhbət Cənubi Qafqazdakı yeni reallıqdan gedir.
Azərbaycan nəzərdə tutulan hərbi-siyasi tədbirlərin planlaşdırılması və hərtərəfli təminatı, onların çevik və operativ həyata keçirilməsi üçün Türkiyənin ordu modelinə müraciət edir.
Bu model artıq tətbiq edilir və gələcəkdə Silahlı Qüvvələr tamamilə həmin modeldə işini quracaq.
Qardaş ölkənin ordu sisteminə inteqrasiyanın sürətlənməsi üçün Azərbaycanda Türkiyənin hərbi bazasına da ehtiyac yarada bilər. Bu, strateji müttəfiqlikdə yeni səhifə aça bilər.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığı mövcuddur”.