Türkiyədə prezident və parlament seçkiləri niyə növbədənkənar oldu? İstanbuldan icmal
Tütkiyədə prezident və parlament seçkiləri
Türkiyədə 2023-cü ilin iyun ayında keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərinin 14 may tarixində keçirilməsi qərara alınıb və bununla da seçkilər növbədənkənar elan olunub. Bu haqda keçən həftə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
- “Avropa Parlamenti öz qərarlarına hörmət etmir”. Bakıdan təhlil
- Almaniyadan deportasiya edilən daha bir müxalifətçi Azərbaycanda mühakimə olunub
- Ermənistandan Xankəndiyə alternativ yol varmı? Bakıdan şərh
Rəqəmlərin sehri
Ərdoğanın sözlərinə görə, 1950-ci ildəki seçkilərdən 73 il sonra, eyni gündə xalq yenə öz qərarını verəcək. Ərdoğan bu çıxışı ilə 27 illik tək partiyalı idarəni sonlandıran və mühafizəkar Demokrat Partiyanın Respublikaçı Xalq Partiyasını (CHP) məğlub edərək hakimiyyətə gəldiyi 14 may 1950 seçkilərinə eyham vurub.
Hazırda seçkilərə 4 aydan daha az bir vaxt qalıb. Bəs bu seçkilər haqda nələr bilirik?
2018-ci ildə başlayan, türk lirəsinin hədsiz dəyərsizləşməsi ilə paralel gedən iqtisadi böhrana görə, müxalifət çox uzun müddətdir ki, növbədənkənar seçkilər tələb edirdi. İqtidar isə, qəti şəkildə bu ehtimalı rədd edirdi.
Ancaq bu seçkilərin ən əhəmiyyətli müzakirəsi prezident Ərdoğanın namizədlik müzakirəsi idi. Türkiyə konstitusiyasına görə, bir prezidentin 3-cü dəfə namizədlik vermək haqqı yoxdur. Nəzərə alsaq ki, Ərdoğan 2014-cü və 2018-ci il prezident seçkilərinin qalibi olub, hüquqşünasların əksəriyyəti bu dəfə namizədliyin qeyri-konstitusional olacağını deyirdilər.
AKP-yə yaxın hüquqşünaslar isə, 2017-ci ildə ölkənin parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçdiyini əsas gətirərək 2014-cü ildəki prezidentliyin indiki ilə eyni olmadığını, buna görə, Ərdoğanın namizəd ola biləcəyini iddia edirlər.
Bütün hüquqşünasların eyni fikirdə olduğu bir fakt isə bundan ibarətdir ki, əgər Ərdoğanın 2-ci prezidentlik dövrü dolmadan, yəni 2023-cü il 18 iyundan əvvəl parlamentin qərarı ilə növbədənkənar seçkilər keçirilərsə, onda prezidentin təkrar namizədliyi konstitusional olacaqdı.
Lakin məhz parlament qərarı ilə seçkilərin növbədənkənar keçirilməsi üçün 360 deputatın bunu təsdiqləməsi lazımdır ki, hakim Cümhur İttifaqının belə bir üstünlüyü yoxdur.
Müxalifət isə, yalnız 6 apreldən əvvəl keçiriləcək bir növbədənkənar seçkini parlamentdə dəstəkləyəcəyini bəyan edib.
Niyə 6 aprel?
6 aprel 2022-ci il tarixində Türkiyənin seçki qanunlarında əsaslı dəyişikliklər edilib. Ölkənin konstitusiyasının tələbinə əsasən, əgər qanunda edilən dəyişiklik və əlavələrdən sonra ən az 1 il keçməyibsə, onda seçkilər əvvəlki qaydalarla keçirilməli olur.
Yeni qanuna əsasən, artıq seçkiyə ittifaq halında gedən partiyaların ümumi səsi yox, partiyaların hər birinin səsi %7 səddini keçməlidir ki, onlar parlamentdə təmsil oluna bilsinlər. Bu da 2 böyük, 4 kiçik partiya ilə “Altılı Masa” adlanan müxalifət ittifaqının 4 partiyasının öz adından yox, %7 səddini keçəcəyi dəqiqləşən partiyaların tərkibində seçkidə iştirak etməsinə səbəb olacaq.
Məhz buna görə, müxalifət növbədənkənar seçkiləri yalnız 6 apreldən əvvəl keçirilərsə, dəstəkləyəcəyini elan edib.
Ancaq Türkiyə konstitusiyasına görə, Prezident Ərdoğanın da parlamenti buraxaraq yeni seçkilər təyin etmə haqqı var. Konstitusiya hüquqşünasları isə, bu halda Ərdoğanın namizədliyinin qeyri-konstitusional olacağını deyirlər.
Bütün bu müzakirələrə baxmayaraq, ana müxalifət partiyası CHP-nin sədri Kılıçdaroğlu bildirib ki, Ərdoğanın hətta qeyri-konstitusional namizədliyinə də mane olmayacaqlar. O deyib ki, əgər buna mane olmaq istəsələr, prezident özünə yeni təzyiq, əzilmə hekayəsi çıxara bilər və bundan istifadə edərək reytinqlərini artıra bilər.
Əsas namizədlər
Prezident seçkiləri ilə bağlı hələlik 2 namizədin adı ictimaiyyətə məlumdur. Hakim Cümhur İttifaqını təşkil edən AKP və MHP-nin dəstəklədiyi Rəcəb Tayyib Ərdoğan və avrasiyaçı, Rusiyaya meylli fikirləri ilə bilinən Vətən Partiyasının sədri Doğu Perinçek.
“Altılı Masa” kimi bilinən müxalifət blokunun namizədi, hələ ki, məlum deyil. Bloka isə aşağıdakı siyasi qüvvələr daxildir:
- CHP – ana müxalifət partiyası;
- İYİ Partiyası – 2017-ci ildə hazırda AKP iqtidar partiyasının əsas müttəfiqi olan MHP-dən ayrılan müxalif, milliyyətçi qüvvə;
- Gələcək Partiyası – keçmiş baş nazir Əhməd Davudoğlunun AKP-dən ayrıldıqdan sonra qurduğu yeni partiya;
- DEVA Partiyası – keçmiş xarici işlər naziri Əli Babacanın AKP-dən ayrıldıqdan sonra qurduğu yeni partiya;
- Demokrat Partiyanın – AKP ilə eyni siyasi kökdən gələn, lakin daha mühafizəkar mövqe tutan Səadət Partiyasının və 1950-ci ildə çox partiyalı sistemə keçiddən bəri ölkənin konservativ hissəsini təmsil edən siyasi qüvvə.
Seçkilərin Ərdoğan və “Altılı Masa”nın vahid namizədi arasında keçəcəyi artıq bütün Türkiyə və dünya ictimaiyyətinə məlumdur.
“Altılı Masa”nın vahid namizədi kim ola bilər?
2022-ci ilin ortasından bəri namizədliklə bağlı ən iddialı görünən şəxs CHP-nin sədri Kamal Kılıçdaroğludur. Lakin onun daha əvvəl bir neçə dəfə Ərdoğana uduzmuş olması, xalqın mühafizəkar hissəsində reytinqinin aşağı olması və “gənc, dinamik, xarizmatik” lider sayılmaması müxaliflərin ona etimadını azaldan faktorlardır.
İYİ Partiyanın sədri Maral Akşenerin reytinqi yüksək olsa da, o daha əvvəl prezidentlik üçün yarışmayacağını, yalnız hakimiyyət dəyişikliyindən sonra parlament üsul-idarəsinə qayıdılanda baş nazirliyə namizəd olacağını bəyan edib.
DEVA Partiyasının sədri Əli Babacan da namizədlik üçün iddia ilə çıxış etsə də, müxalif seçicinin gözündə keçmiş AKP-li nazir olması faktoru onu ən az populyar edən amildir.
Əkrəm İmamoğlu və Mənsur Yavaş
Hazırda müxalifətin vahid namizədi kimi seçicilərin ən çox istədiyi, İYİ Partiyanın açıq-aşkar dəstəyini elan etdiyi şəxs İstanbul meri Əkrəm İmamoğludur.
2019-cu ilin mer seçkilərində AKP-li keçmiş baş nazir Binəli Yıldırımı iki dəfə ardıcıl udması, gənc olması və xalqın mühafizəkarlar və kürdlər də daxil olmaqla bütün tərəfləri ilə kommunikasiya qura bilməsi Əkrəm İmamoğlunu təbii liderə çevirir.
Lakin 2022-ci ilin dekabr ayında məhkəmənin ona daxili işlər nazirini və seçki komissiyası nümayəndələrini təhqir etdiyi ittihamı ilə həbs və siyasi qadağa qərarı verməsi müxalifləri qorxudur.
Qərar hələ yuxarı instansiyalarda təsdiqlənmədiyi üçün qüvvədə olmasa da, namizədliyinin elan edilməsi halında məhkəmələrin işi tezləşdirib, İmamoğlunu həbs edə biləcəyi ehtimal edilir.
Digər bir populyar namizəd isə, Ankaranın meri Mənsur Yavaşdır. İYİ Partiya daha əvvəl İmamoğlu ola bilməyəcəksə, Yavaşın namizədliyinin ən uğurlu variant olduğunu elan edib.
Onunla bağlı problem kimi görülən şey isə, daha əvvəl MHP-də təmsil olunduğu üçün kürd seçicilərdən səs ala bilməməsi ehtimalıdır.
Bundan əlavə, başlıca müxalif koalisiyaya dəvət edilməsə də, %10-12 arası çox ciddi və həlledici ola biləcək dəstəyi olan kürd partiyası HDP-nin də öz ittifaqı ilə prezident namizədi çıxara biləcəyi deyilir.
Kürd partiyasının problemləri
İşçi Partiyası, Əmək Partiyası və digər solçu partiya və təşkilatlarla “Əmək və Azadlıq İttifaqı”nı quran HDP-nin daha əvvəl müxalifətin vahid namizədinə dəstək olacağı gözlənilirdi.
Ancaq son vaxtlar milliyyətçi İYİ Partiya ilə aralarında olan bəzi problemlər və “Altılı Masa”ya dəvət edilməməsinə görə təcrid edildiyi fikirləri HDP-nin öz namizədini çıxarma ehtimalını gücləndirir.
Lakin bir vacib məqam var. Hazırda HDP-nin terror qruplaşması kimi bilinən PKK ilə əlaqələrinə görə qadağan edilməsi ilə bağlı iş konstitusiya məhkəməsində olduğu üçün seçkilərə qədər nə baş verə biləcəyi, hələ ki, məlum deyil.
Bundan əlavə, partiyanın və ümumi kürd siyasi hərəkatının ən populyar və xarizmatik nümayəndəsi sayılan Səlahəddin Demirtaşın artıq 7-ci ildə həbsdə olması onları prezident namizədi kimi göstərə biləcəkləri bir simadan da məhrum edir.
Sorğu nəticələri nə göstərir?
Sorğularda, xüsusilə, 2020-ci ildəki pandemiyadan sonra çox aşağı səviyyələrə düşən Ərdoğanın reytinqlərinin də son aylarda atdığı bəzi addımlarla yüksəldiyi görünür.
Minimal əməkhaqqının radikal bir qərarla 8500 TL-yə (təxminən 455 ABŞ dolları) yüksəldilməsi, təqaüdə çıxmaq istəyən orta yaşlı şəxslərə təqaüd imkanının verilməsi, ümumi əfv vədi və xarici dövlətlərlə konfliktlərin AKP-nin səslərini yüksəltdityi deyilir.
Son olaraq “TEAM”in (İctimai Təsir Araşdırma Mərkəzi) açıqladığı bir sorğuya görə, AKP və MHP-nin ümumi səsləri %44-ə çatıb, əsas müxalif partiyalar CHP və İYİ Partiyanın ümumi səsi isə, %37,7-dir. HDP-nin səsi %11,1 olaraq müəyyənləşib.
Bu nəticələri şərh edən siyasi analitik Emrah Gülsunar deyib ki, bu vəziyyətin və günün sonunda Ərdoğanın potensial qələbəsinin əsas günahkarı CHP sədri Kılıçdaroğlu və digər müxalif partiya sədrləridir. O iddia edir ki, əgər əvvəldən bəri qızğın müzakirələr yerinə ən populyar lider olan İmamoğlunun namizədliyi elan edilsə idi, seçkinin taleyi artıq müxalifətin lehinə bəlli olardı.
Yaxın Şərq Texniki Universitetinin (ODTÜ) akademiki İhsan Dağı da eyni fikirdədir. Dağı bildirib ki, vəziyyətin günahkarı artıq seçkiləri udubmuş fikrinə qapılıb, yalnız növbəti prezidentliyin üstündə bir-birilə dava edən müxalifət liderləridir.
Türkiyə İşçi Partiyasının deputatı Ahmet Şık araşdırmanın nəticələrini şərh edəndə xatırladıb ki, yeni seçki qanununa görə, hakim Cümhur İttifaqı sadəcə %41 səslə də parlamentin çoxluğunu qazana bilər. Belə bir vəziyyətdə prezident seçkilərinin ikinci tura qalması parlament-prezident böhranından çəkinən seçiciləri Ərdoğana yönləndirə bilər. O deyib ki, bunun qarşısını almaq üçün müxalifət parlament seçkilərində deputat namizədlərini çox yaxşı müəyyənləşdirməli və prezidentliklə bağlı da birinci turda qazanmağı hədəf seçməlidir.