Türkiyədə evlilik soyğun vasitəsi kimi
Son illər Türkiyənin demək olar ki, həftəlik kriminal xronikasında “saxta evlilik dəstələrinin” hekayələri əskik olmur.
Ən son belə hadisələrdən biri. Dekabrın 16-da Türkiyənin Bursa vilayətində toy hazırlıqları gedirmiş. Gəlini də Hataydan gətiriblər, amma toya bir gün qalmış gəlin bəyin ona aldığı bütün qır-qızılı və başlıq haqqı olaraq verdiyi pulları götürüb qaçıb.
“Saxta evlilik dəstələri” Türkiyə məişətinin xüsusiyyətlərini, adət-ənənələrini, mentalitetini asan yolla pula çevirən cinayətkar qruplardır.
Bu, necə işləyir
Bu qrupda adətən bir gənc və əksərən gözəl qadın olur. Onu gəlin kimi təqdim edirlər.
Gəlindən başqa dəstədə ata, ana, bacı, qardaş, əmi, dayı və sair qohumlar da olur. Və çox vaxt reallıqda onların bir-biri ilə heç bir bioloji bağlılığı olmur. Gözəl qadını göstərib, evlənmək arzusunda olan kişiləri tora salırlar. Daha sonra el qaydası ilə bütün mərasimlər həyata keçirilir – elçilik, nişan, xına gecəsi, toy, bircə rəsmi nikahdan başqa.
Türkiyədə bütün bu sadalanan mərasimlər oğlan evinin həddən artıq xərc çəkməsilə müşayiət olunur. Məsələn:
Elçilik zamanı oğlan evi qız üçün biçilmiş “başlıq pulunu” ödəyir;
Nişanda nişan üzüyündən başqa gəlinə ən azı 3-4 bilərsik taxılır;
Gəlin başda olmaqla bütün ailə üzvlərinə pal-paltar, hədiyyələr alınır;
Xına gecəsində yenə də bilərziklər, pal-paltar və hədiyyələr.
Sonra toy günü gəlir, həmin gün nəinki oğlan evi, gələn bütün qonaqlar gəlinə və bəyə qızıl və pul hədiyyə edirlər. Yəni prosesin sonuna qədər əməlli-başlı varidat toplanır. Sonra da “gəlin və ailəsi” toplanan zinət əşyaları və pulları götürüb aradan çıxırlar.
Saxta evliliklərdə suriyalı izi
Son bir-iki ildə artıq bu “biznes” geo-siyasi çalarlar alıb. Suriyadakı müharibədən qaçıb Türkiyəyə sığınan işbazlar da bunun gəlirli “biznes” olduğunun fərqinə varıblar.
Məsələn, bir neçə ay öncə Elazığ vilayətində bütünlüklə suriyalılardan ibarət olan və azı on nəfəri evlilik vədilə aldadaraq, soyan böyük bir dəstə ələ keçirilmişdi.
Elə son hadisədə də Hataydan evlənmək üçün gətirilən gəlin suriyalı olub. Gencgazete.net internet portalının verdiyi xəbərə görə, Bursada yaşayan R.A. adlı bir nəfər istintaq getdiyi üçün adları açıqlanmayan şəxslər vasitəsilə Hatayda yaşayan suriyalı bir qadınla tanış olub və evlənmək qərarı veriblər.
“Gəlini” Bursaya gətirib toy tədarükünə başlayıblar. R.A. qadına başlıq pulundan başqa 3 bilərzik, bir cüt sırğa və bir üzük bağışlayıb. Qadın toy günündən əvvəlki gecə yoxa çıxanda isə aldadıldığının fərqinə varıb və jandarmaya məlumat verib.
“Gəlin” onların arasını düzəltmiş kişilərdən ikisi ilə birlikdə Bursadan Konyaya qaçarkən jandarma tərəfindən saxlanılıb. Məhkəmə qərarı ilə “gəlin” və yanındakılardan biri həbs olunsa da, digəri istintaq müddətində sərbəst buraxılıb.
“Saxta gəlinlərin” istismarı
Belə olaylardan ən qalmaqallısı haqda Türkiyənin ATV telekanalının yüksək reytinqli “Müge Anlı ilə Tatlı Sərt” verilişində bəhs olunub
“Müge Anlı ilə Tatlı Sərt” kriminal hadisələri canlı efirdə araşdıran, itkin düşən şəxslərin axtarışı ilə məşğul olan və eyni zamanda sosial məsuliyyət yüklü layihələr həyata keçirən bir televiziya verilişidir.
Bu proqramda ortaya çıxan sözügedən hadisələrdən biri də bu ilin oktyabrında Samsunda gəlinin döyülməsi ilə sona çatan toy mərasimidir. Bu toyda oğlan və qız ailəsi arasında kütləvi dava düşüb. Hadisə yerinə jandarma gəlib, gəlin də daxil olmaqla 12 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hər iki tərəfi dinləmək üçün studiyaya dəvət ediblər. Gəlin – Dudu atası və əmisi ilə birlikdə gəlib və sadəcə “niyə bütün qızıllar ancaq bəyin üstünə taxılır” sualını verdiyi üçün döyüldüyünü deyib.
[pullquote align=”right”]Söhbət 10 min lirə (təxminən 2600 dollar) başlıq pulu və yarım kilodan çox qızıldan gedir[/pullquote]
Bəy – Bilgin isə bildirib ki, onu ən başdan aldatmağa çalışıblar.
“Bizi çox tələsdirdilər, yenicə tanış olmuşduq ki, elçiliyə getdik. Bunun ardınca da bizə dedilər ki, gəlinin atası ağır xəstədi, ölməmiş qızının toyunu görmək istəyir”, – Bilgin danışıb.
Artıq toyda dava düşəndən sonra məlum olub ki, gəlin daha əvvəl də bir neçə dəfə evlənmək üzrə olub və ən son anda iş pozulub.
Biz də bir söz demədik, toyu elədik. Amma başlıq verilərkən, pal-paltar, qızıllar alınarkən içimizə şübhə düşmüşdü, xırda-xırda aramızda söz-söhbət də olmuşdu, amma biz hər səfərində açıb-ağartmaq istəmədik
“Bizim toyda da davanı qəsdən saldılar ki, gəlini də, qızılları da götürüb qaçsınlar”, – bəy bildirib.
Dudu və ailəsi bütün bu ittihamları rədd edib, daha əvvəl nişan və qeyri-rəsmi nikahın olduğunu etiraf etsələr də, daha əvvəlki ailələrdən aldıqları başlıq pulunu da, qızılları da ayrılıqdan sonra qaytardıqlarını deyiblər.
https://youtu.be/t1x70hr2sY0
Amma bu, hekayənin sonu deyil. Bir müddət Dudu gözlənilmədən mediaya efirdə dediklərindən tamam fərqli şeylər danışıb.
“Bu hadisədə oğlan evinin heç bir günahı yoxdur. Hər şeyi mənim ailəm elədi. Qızılları ala bilmək üçün belə bir plan qurdular. Onların dediklərini eləyim deyə mənə də mütəmadi dərman içirirdilər. Toyda dava salan mənim ailəmdi… Qızıllar da hazırda atamdadır”, – “Hürriyet” qəzeti Duduya istinadən yazır.
Hazırda bu işlə bağlı heç kim həbsdə olmasa da, Dudu qadın sığınma evinə yerləşdirilib və məsələ ilə bağlı istintaq gedir.
“Hər kəndə bir kafe”
Bu cür hadisələr Türkiyədə o qədər çox təkrarlanır ki, Müge Anlı öz verilişi vasitəsilə sosial layihənin başladılması təklifini irəli sürüb. Məşhur tele-aparıcı hesab edir ki, bu cür halların getdikcə artması cəmiyyətin, xüsusən də əyalətlərdəki əhalinin şəxsi həyat, evlilik kimi məsələlərdə çox qapalı olmasından irəli gəlir:
“Qadınlar evdən bayıra çıxmır, bir kişi ilə ünsiyyət qurması qəbahət sayılır. Kişilər də nə vaxt baxsan qəhvəxanalarda otururlar. O qəhvəxanalara da qadınların girib-çıxması qadağandır. Buna görə də ailələr sağlam tanışlıqlar, münasibətlər üzərində qurulmur”, – tanınmış tele-aparıcı deyib.
O bildirib ki, başlıq pulu verib uzaq-uzaq ellərdən heç tanımadıqları qadını gəlin olaraq alıb gətirməkdənsə, hər vilayətin hər bir kəndində kişilərin də, qadınların da rahat gedə biləcəyi kafelər, şirniyyat evləri açmaq lazımdır.
“Başlıq pulu imiş, nə imiş belə şeyləri məişətimizdən çıxarmaq lazımdır. Qadın mal deyil ki, valideynləri onun başına pul qoyub satsın, biri də gəlib o pulu ödəyib alsın”, – Müge Anlı teleekrandan çağırış edib.
Təklif olunmuş sosial layihə əslində çox sadədi: insanlara sosiallaşmaq, tanış olub, evlilik üçün özünə uyğun tərəf müqabili tapmaq üçün şərait yaratmaq. Bununla da prosesdən pul faktorunu çıxarmaq. Belə olrsa, evlənən cütlüklərin üzərindən nə ailələri, nə də saxta evlilik dəllalları gəlir əldə edə bilməz. İndi əsas məsələ cəmiyyətin bu təklifə necə reaksiya verəcəyidir.