“Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri ola bilər”. Bakıdan şərh
Rusiyanın XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun fəaliyyət qabiliyyəti ilə bağlı şübhələrini dilə gətirib. Həmçinin o, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesində təşəbbüsü ələ almaq cəhdilə bağlı narazı tonda fikrini ifadə edib.
Rusiya tərəfinin bəyanatları fonunda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün JAMnews-un Azərbaycan redaksiyası siyasi icmalçı Aqşin Kərimova müraciət edib.
- Brüsseldə Ermənistan-Azərbaycan danışıqları. Avropa İttifaqı Moskvanın önünə keçməyə çalışır?
- Ziddiyyət nöqtəsi. Ermənistan və Azərbaycan üçtərəfli bəyanatın 4-cü bəndini fərqli şərh edir
- Rusiya sülhməramlıları Qarabağdan Ukraynaya gediblərmi? Moskva inkar, Bakı sübut edir
Lavrovun bəyanatı
Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin nizamlanması ilə bağlı mühüm bəyanatlar səsləndirib.
“Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun gələcək taleyinin necə olacağını bilmirəm.
Bizim bu qrup üzrə fransalı və amerikalı tərəfdaşlarımız rusofob çılğınlıq, RF-ə aidiyyatı olan hər şeyi ləğv etmək səyləri içində bildiriblər ki, bu formatda bizimlə ünsiyyətdə olmayacaqlar. Bu, onların seçimidir”, – Lavrov bildirib.
RF-nin xarici işlər naziri həmçinin Avropa İttifaqının sülh danışıqları prosesində təşəbbüsü öz əlinə almaq cəhdini də birmənalı dəyərləndirməyib:
“Mən fikir verdim ki, Brüsseldəki görüşün yekununa dair Aİ-nin bəyanatında Rusiyanın adı bircə dəfə də çəkilmir.
Bu, Aİ rəhbərliyi üçün əldə olunmuşu inkişaf etdirmək və ya Qarabağ mövzusunda da öz rusofob xəttini qeyd etmək üçün yararlanmaq daha önəmlidir”.
Şərh
Siyasi icmalçı Aqşin Kərimovun sözlərinə görə, ATƏT-in Minsk Qrupu 11 üzvdən ibarətdir, onlardan üçü qrupun həmsədrləridir, Lavrov isə həmsədrlər institutunda öz rəqiblərini – Fransa və ABŞ-ı vurur.
“Lavrovun bəyanatı həmsədrlik institutunun ləğvini və ya format olaraq dəyişdirilməsini gündəmə gətirir, hələ Azərbaycan işğal dövründə bu tezisi önə çıxarırdı.
Lavrovunun bəyanatı praktiki olaraq elə də vacib əhəmiyyət daşımır, çünki Azərbaycan onsuz da, həmsədrlərə etibar etmirdi, indi isə Kreml həmsədrliyin “dəfnini” rəsmi şəkildə elan edir.
Azərbaycan indi əsasən həmsədrlik institutundan özünü kənar tutur, mövcud danışıqlarda Rusiya ilə Qərb arasında incə balansı saxlayır.
Türkiyə amili bu prosesdə Azərbaycan üçün çox şeydir. Əgər həmsədrlik institutu ləğv edilməsə, sadəcə onun formatı dəyişsə, Türkiyənin həmsədrlik postuna keçməsi gözlənilir. Minsk Qrupunun formatının dəyişdirilməsinə gəlincə isə, bu ATƏT-in konfransı ilə reallaşa bilər”, – siyasi icmalçı qeyd edib.
Lavrovun Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesində fəal iştirak etmək təşəbbüsü ilə bağlı bəyanını şərh edərkən Kərimov bildirib:
“Azərbaycanın postmünaqişə dövründə manevr imkanları genişlənib. Britaniyanın dəstəyi, Avropa İttifaqının bitərəf statusda xoşməramlı niyyəti, Bakıya beynəlxalq dəstəyin artması, Türkiyə amili, Rusiya ilə münasibətlərin qorunub-saxlanılması Bakının xarici siyasətində manevrlərə yol açır.
Manevrlərin dividendlərini biz indi də görürük, artıq qəbul edilən sənədlərdə həmsədrlərə istinad olunmur, “Dağlıq Qarabağ” ifadəsi işlədilmir.
Azərbaycanı Qərbin tərəzisində ağırlaşdıran digər məqam budur ki, Bakı Avropanın enerji bazarlarında həlledici paya sahiblənir. Bu amillər Bakıya sülh müqaviləsinin hazırlanmasında dəstək qazandıracaq, amma bu dəstəyin qazanılmasına qədər hansısa maneələr də olacaq”.
Aqşin Kərimov Qərb və Rusiyanın bu prosesdə vasitəçilik uğrunda mübarizəsi nəticəsində vəziyyətin dalana dirənməsi ehtimalını da dəyərləndirib.
“Birinci, nəzərə alaq ki, Rusiya Qarabağ münaqişəsinin həll edilməsində təşəbbüsü ələ almışdı – Qərblə çəkişmələr kontekstində. Münaqişə həll edildikdən sonra isə nisbətin dəyişməsi uğrunda Qərb cəhdlərə girişdi, amma Qərb Rusiyanı prosesdən kənarlaşdırmaq potensialını nümayiş etdirə bilmir.
Bu, istər-istəməz sülh danışıqlarında böyük güclərin çəkişmələrini aktuallaşdırır, lakin nəticə Azərbaycanın xeyrinə bitəcək”, – Kərimov fikrini yekunlaşdırıb.