Türkiyədəki böhranın Gürcüstanda əks-sədası
Qonşu ölkələrin misli görünməmiş miqyasda siyasi böhran vəziyyətində olduğunu anlamaq üçün məsələyə səthi baxış belə kifayət edir.
Regionun iki əhəmiyyətli ölkəsi olan Suriya və İraqın böyük hissələri terror təşkilatı tərəfindən idarə olunur, bu da Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük miqrasiya böhranına gətirib çıxardı.
Buna Yəmən və Livanda vətəndaş müharibələri, bu yaxınlarda Misirdə baş verən çevriliş və bütün regionda islamçı təşkilatlarının güclənməsi də əlavə olunur.
Son dövrdə bütün dünyada terror təhlukəsi əməlli-başlı artıb.
Bu, bizim regiondur.
Belə bir şəraitdə hər bir stabil yer xüsusi əhəmiyyət kəsb edir, bunların içində Türkiyə həmişə fərqlənib.
Bu ölkənin Suriya ilə birbaşa sərhədləri var, o Yaxın Şərqdə yeganə NATO üzvü, ən böyük sayda və yaxşı hazırlıqlı ordusu və demokratik yolla seçilmiş hakimiyyəti olan ölkədir. NATO hərbi qüvvələri “İslam dövlətinə məhz Türkiyə ərazisindən hücum ediblər və məhz bu ölkə Suriyadan ən çox sayda qaçqın qəbul edib (bu gün onların sayı 2 milyondan çoxdur).
Buna görə də Türkiyədə stabilliyin və sekulyar demokratik quruluşun qorunub saxlanması region ölkələrinin, o cümlədən də Gürcüstanın kövrək təhlukəsizliyi üçün olduqca vacibdir.
Müstəqillik əldə olunan gündən Gürcüstanın bütün hakimiyyətləri Türkiyənin simasında etibarlı, stabil siyasi və iqtisadi, birlikdə bir neçə uğurlu layihə reallaşdırdığı tərəfdaş qazanıb (bu layihələrdən təkcə Bakı-Tbilisi-Ceyhan neft kəmərini xatırlamaq kifayətdir).
Bu ilin yanvar-may ayına olan məlumata görə, Türkiyə 16 faiz idxal və 11 faiz ixrac payı ilə Gürcüstanın xarici ticarət sahəsində əsas və ən iri tərəfdaşı oldu; 2015-ci ilə olan məlumata görə, Gürcüstana Türkiyədən 1,39 milyon turist gəlib.
Sərfəli iqtisadi münasibətlərindən başqa, Türkiyə Gürcüstan üçün təhlükəsizlik nöqteyi-nəzərindən ən mühüm ölkədir. Bu gün Türkiyədəki istənilən uzun sürən qarşıdurma və hərc-mərclik Gürcüstan üçün təhlukəlidir.
Türkiyənin demokratik inkişaf yolundan çıxması da Gürcüstanın ziyanına işləyə bilər.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın hərbi qiyamın yatırılması bəhanəsiylə siyasi opponentlərinə hücuma keçməsi təhlükəsi də var ki, bu da artıq özünü açıq-aydın göstərir – minlərlə insan həbs olunub, 2004-cü ildə ləğv olunan ölüm hökmünün bərpası haqda söhbətlər gedir, Ərdoğan ABŞ-dan özünün əsas siyasi opponenti olan Fətullah Gülənin ekstradisiyasını tələb edir. Bütün bunlar Türkiyənin Avropa İttifaqı və ABŞ-la münasibətlərini əməlli-başlı korlayacaq, artıq bir çoxları Türkiyə ilə Rusiyanın yaxınlaşması təhlükəsindən danışır ki, bu da Gürcüstanın Avro-Atlantika maraqları ilə tam ziddiyyət təşkil edir.
Türkiyənin Qərbdən uzaqlaşması ilə Gürcüstan hakimiyyətinin NATO və Avropa İttifaqının regionda yeganə strateji tərəfdaş statusundan maksimal istifadə etmək, nəticədə də Avro-Atlantika qurumları ilə daha fəal yaxınlaşmanı tələb etmək şansının yaranacağı ilə bağlı ehtimal da səsləndirildi. Ola bilsin, burada müəyyən məntiq var, reallıqda isə Türkiyənin simasında alyans daxilində mühüm müttəfiq və Gürcüstanın NATO-ya daxil olmasının şəksiz tərəfdaşını itirməklə daha çox şey itirmiş olarıq.
Türkiyədə baş verən hadisələrin Gürcüstan üçün çox vacib olduğunu nəzərə alsaq, Gürcüstan hakimiyyətinin çaşqınlığından xəbər verən birinci reaksiyası müəyyən iz buraxdı.
İlk saatlarda hakimiyyət nümayəndələri Türkiyə ilə sərhədin bağlanmasının mümkünlüyü barədə danışdılar. Xoşbəxtlikdən, sərhədi bağlamasalar da, məlumat bir çoxlarını narahat etdi – Sarpi nəzarət-buraxılış məntəqəsində iyulun 16-da gecə vətəninə qayıtmağa tələsən çoxlu sayda Türkiyə vətəndaşı varıydı.
Bu tələsik bəyanat gürcü biznesinə ziyan vurdu – Acariyada böyük sayda otel və kazinolar boş qaldı. Biznesin bu sektoru Türkiyə ilə yaxın qarşılıqlı münasibətlərdən böyük mənfəət götürür.
Dərc olunub 20.07.2016