Türkiyədə yaxşı qonşu olmaq: suallar mümkün cavablardan çoxdur
Suallar həqiqətən də çoxdur. Həm də suallar məhz yaradıcılıq prosesinin bir hissəsinə çevrildi: “yaxşı qonşu” düsturunun axtarışlarını İstanbuldakı biyennalenin təşkilatçıları əvvəlcədən anket, sonra da plakat və qısa videolar formasına salaraq, şəhərin hər yerində yaydılar.
“Yaxşı qonşu nə deməkdir?” – bu, 40-dan çox cavab alan 40-dan çox sualdan biridir. Bu, özünəməxsus testiydi, onun nəticələri güclə qarşısı alınan kəskin cavablar olmasaydı, incəsənətdən kənar qoyula bilərdi (deyək ki, ictimai rəy sorğusu şəklində).
[youtube youtubeurl=”HaaaLudD4ec” ][/youtube]
İstanbuldakı biyenalle yaxşı qonşular haqqında suallara manevrli cavablar təklif edirdi, onların çoxu da məişət, yumoristik xarakter daşıyır və komfort ideyasına əsaslanırdı. Misal üçün, bu, “Facebook”dakı dostundur”, “ev heyvanları olmayan adamdır”, “səninlə eyni qəzet oxuyandır”, “parolsuz yaxşı wifi-ı olandır”, “xəstələnəndə sənə yemək hazırlayandır”, “sən evdə olmayanda poçtunu götürəndir” və s.
“Sənin qorxmadığın yad adamdır” – yəqin ki, bu, ən aktual və simvolik cavabdır, çünki qorxu bu və ya digər şəkildə müasir dünyada mövcuddur və qeyri-stabil vəziyyətləri müşayiət edir.
Məhz qorxu (əsasən, itki və ya başa düşülməmək və qəbul edilməmək qorxusu) biyennalenin sətirləri arasından sezilirdi.
Bu, deyilməsə də, həm biyennale üçün xüsusi olaraq hazırlanan “Tarix” xatirələr kitabında, həm də iştirakçılarının ayrı-ayrı işlərində nəzərdə tutulurdu.
İstanbuldakı biyennale artıq 15-ci dəfə və kifayət qədər gərgin bir şəraitdə keçirdi. Ötən ilki çevriliş cəhdi, sərhəddəki müharibə, Suriyadan milyonlarla qaçqın axını, terror aktları (təkcə İstanbulda 12 partlayış olub), senzuranın sərtləşdirilməsi – sanki incəsənət üçün çağırışa çevrildi. Bir çox rəssamlar bilmirdi, biyennaledə iştirak etsin ya yox.
“Ötən il çox sayda problemimiz olub, biyennalenin özünün keçirilib-keçirilməyəcəyi ilə bağlı sual dururdu”, – tədbirin əsas təşkilatçısı olan İstanbul Mədəniyyət və İncəsənət Fondunun (IKSV) əlaqələndiricisi Elif Kamişli deyir.
Ötən illərdə biyennale özünü cəsarətli və siyasi suallardan qorxmayan incəsənət üçün meydança kimi təqdim etdi. Misal üçün, 2013-cü ildə onun sloqanı “Ana, məgər mən barbaram?” idi, onu da bilavasitə vətəndaş qarşıdurması ilə bağlayırdılar.
Bu il biyennalenin gözləri şəxsiyyətin daxili dünyasına dikilib. Rahat şəraitdə və sarsıntısız yaşamaq istəyən şəxsiyyətin.
Bu biyennalenin kuratorları Elmgreen & Dragset yaradıcılıq dueti kimi tanınan skandinav rəssamları Maykl Elmqrin və İnqar Draqset idi. Onlar böyük dünyanın mürəkkəb problemlərini götürüb, onları ev, ailə ocağı ideyasında əritməyi üstün tutdular.
Ev, isti ocaq, uşaqlıq qoxuları və xatirələri həlli tapılmayan siyasi problemlər və fəlakətlər arasında xilas kəmərinə çevrilir.
Tək duet deyil, həm də cütlük olan Elmqrin və Draqset əmindirlər ki, “qarşılıqlı münasibətlər şəbəkəsi yavaş-yavaş şəxsidən ictimaiyə, sonra da bütün dünyaya uzanan görünməz zəncirin halqaları kimi yaranır”:
Siyasi və hətta vətəndaş mövqeyi ikinci plana keçir, birinci planda isə insan emosiyaları durur.
Məhz bu, daxili dünyaya qaçış müasir böhranı əks etdirir. İnsan insan kimi qalmaq üçün gizlənməlidir.
Bu sığınacaqlar da bəzən əsl andeqraund məkanlarına, bəzən xatirələr, arzular və ya bu xatirələri özündə saxlayan əşyalar kimi üzərində gəzdirilməli səyyar və mobil simvollara çevrilir.
Ailəsi İslam inqilabından sonra vətəni tərk edən iranlı rəssam Mirak Camal uşaqlığında həmişə bir ölkədən başqa ölkəyə köçüb. Qəlbində isə həmişə dağıdılmış, natamam evin obrazı qalıb.
İstanbulun Modern muzeyində onun ilk baxışdan sadəlövh, arxasında müharibə və itkilər qalan bədbəxt uşağın mahiyyətinə çevrilmiş, plastik divara köçən eskizlərin sərgisi keçirildi.
Mərakeşli Lətifə Eçaxç “Yox olan izdiham” installyasiya freskasını (Latifa Echakhch, “Crowd Fade”) təqdim etdi (burada paralel olaraq tikilmiş divarlardan bir-birinə 2013-cü ildə etiraz edən İstanbulun Gezi parkındakı nümayişçilər baxır). Siyasi etirazın bu sönən gerçəkliyi indi artıq fraqmentli davam edir.
Yəni kollektiv akt fərdi hərəkətə çevrilir.
Türk artisti Kandeger Furtun “Hamamda doqquz cüt keramik ayaq” (Candeger Furtun, Nine pairs of ceramic legs in a hammam) yaradıb, burada o, insanın aşağı ətraflarını yanaşı qoyaraq, hamının türk hamamındakı kimi, bərabər və çılpaq olduğunu göstərib.
Əsl hamamda da sərgi olub. İstanbulun Asiya sahilində, Kuçuk Mustafa Paşa hamamında Tugçe Tuna mərasim və ənənələr mövzusunda “Bədənin üzərində damlalar” rəqs perfomansını göstərib.
Kiçik və maraqlı Asmalimescit Neibourhood emalatxanasında evi: qonaq otağını, qabları, ailə xoşbəxtliyinin səslərini dəyişən bircə dənə iş təqdim olunub. Bu qısa video installyasiya absurd zülmətdən başlayır, sonra təsvirin müəyyən hissələri işıqlanır və yenidən qaranlıqda itirdi.
Bu da epizodlara bölünən, qaranlıqda gizlənən və yalnız xatirə və ya illüziya kimi qalan evdir. O, tamaşaçılarda da klaustrofobiya hissini yaradır. Dar, kiçik, qapalı məkan ona nəfəs almaq imkanı vermir.
Misal üçün, avstriyalı Liander Şenveqer “Ailəmiz itib” installyasiyasında (Leander Schonweger «Our Family Lost») sonsuz dəfə biri digərinə keçən və hər dəfə kiçilən otaqları təsvir edib. Onlar o dərəcədə kiçilir ki, axırda həbsxana kamerasına çevrilir. Tikili eyni zamanda həm labirint, həm də dalandır.
Adətən biyennale gələcəyə istiqamətlənən layihədir. Beynəlxalq miqyaslı biyennale təşkil etmək istəyən ölkə öz gələcəyi və imici barədə düşünür.
İstanbuldakı biyennale qonşuluq mövzusunu seçərək, Türkiyə tarixində müəyyən yer tutan ermənilərin və yunanların iştirakını iqnor edib.
Əsl qonşular
Rəssam üçün əsas yaradıcılıq materialı onun öz tərcümeyi-halıdır. Təsadüfi deyil ki, son məntəqə (eləcə də başlanğıc məntəqə) travmalı uşaqlıq, ailənin itkisi, immiqrasiya və emiqrasiya olur.
“Yaxşı qonşu” ekspozisiyasında ermənilərin və yunanların işləri yoxuydu və bu, təəccüblüdür, çünki biz qonşu ölkələrik və məhz Türkiyədə Ermənistan və Yunanıstanın izləri daha aydın görünür və onlarla qonşuluq ideyası aktualdır. Sloqan dialoq üçün gözəl səbəbiydi.
Ekspozisiyanın əlaqələndiricisi Elif Kamişli razıdır ki, bu, yaxşı imkanıydı, amma yekun qərar siyasi deyil, bədii nöqteyi-nəzərdən qəbul edilirdi:
“Bəli, bizdə Ermənistandan incəsənət xadimləri yoxdur. Amma kurator olmaq siyahı tərtib etmək demək deyil. Kuratorlarımız bədii dəyər baxımından öz seçimini edib. Əlbəttə, sərgi “Yaxşı qonşu” adlanır, amma bu, o demək deyil ki, bütün qonşu ölkələrdən, Yunanıstan, Bolqarıstan, Ermənistandan rəssamları dəvət etmək lazımdır”.
“Çox vaxt biz siyasi və ya media məkanda böyük mübarizəyə girə bilmirik, amma biz başqalarıyla şəxsi tariximizi bölüşməklə öz izolyasiyamızı yara bilərik. Siyasəti şəxsiyyətlər qurur”, – Elmgreen & Dragset deyir.
İstanbuldakı biyennale insanla dünyanın deyil, insanların şəxsi münasibətlərini ön plana çıxarmaqla nikbin olmağa çalışdı. Amma bir “əmma” ilə: bu insanlar münaqişə etmir, sadəcə ünsiyyət qurur.
“İncəsənət ətrafdakı gerçəkliyi tam əks etdirən güzgü deyil. Kuratorlarımız qızğın siyasi debatlarla bağlı olmayan dili tapdılar, çünki bu, incəsənətə zərər vurur”, – Elif Kamişli biyennalenin konsepsiyasını şərh edir.
Üç ay sürən “Yaxşı qonşu” sərgisinə yarım milyon adam gəlib. Bu, Türkiyə üçün mühüm göstəricidir. Biyennale turist marşrutuna çevrilib və Türkiyəyə beynəlxalq incəsənət xəritəsində özünə yer almağa kömək edir.
Bu il biyennalenin gözləri kövrək, fraqmentli dünyaya yönəlmişdi, daha çox dialoqu (hətta öz daxili dünyanla) deyil, qaçışı xatırladırdı.
Qaçış və sığınacaq axtarışı normal insan tələbatıdır, amma bir sual açıq qaldı: necə dözə və müqavimət göstərə bilərsən? Və nəhayət, travmalı xatirələr və canını sıxan indiki həyatınla necə yaşayasan.
İstanbuldakı biyennale həyatın optimist layını vurğulayır və istənilən halda birlikdə çay içməkdə və xatirələri bölüşməkdə davam etməyi təklif edirdi. Və fərqi yoxdur, harada – xarabalıqların üzərində yoxsa isti mənzilində və rahat şəraitdə.
Bu romantik mesaj universal ünsiyyət düsturu kimi təqdim olunur. Aydındır ki, ağır vaxtlarda insan özünümüdafiə üçün yaxşı zamanlara qədər özündə qapanır. Amma bu, həm də böyük düzgünlük tələb edir. O cümlədən “bu yaxşı zamanlar”ın nə demək olduğunu göstərməyi.
Yaxşı qonşu universal anlayış deyil, ətrafındakılarda əks olunmaqdır. Və səni səhra əhatə edirsə, onda qonşun kim olacaq?